Əbülfəs Qarayev: Turizm emosiyalar əsasında təşkil edilir

 

“Azərbaycanın adının dünya turizm xəritəsinə daxil olması nisbətən yaxın vaxta təsadüf edir. İqtisadiyyatın və iqtisadi fəaliyyətin alternativ formalarının şaxələndirilməsi sahəsində turizm Azərbaycan üçün prioritet istiqamətdir və Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə şəxsən özü nəzarət edir”.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri Moskvada prestijliConde Nast Traveller Luxury Travel Fair” sərgisində ölkəmizin turizm potensialının təqdimat mərasimində deyib. Nazir qeyd edib ki, son beş ildə Azərbaycanda turistlər üçün yaşayış yerlərinin sayı ikiqat artırılıb, dünya turizminin lüks brendlərinin demək olar ki, hamısının təmsil olunduğu bu ölkədə yeni infrastruktur yaradılıb.

Ə.Qarayev vurğulayıb: “Bu gün azərbaycandakı beş beynəlxalq aeroportdan MoskvaSankt-Peterburqla yanaşı Yekaterinburqa, Çelyabinskə, Nijni Novqoroda da uçuşlar həyata keçirilir. Biz turizm məhsullarını şaxələndirməyə çalışırıq, yüksək səviyyəli dağ-xizək kurortları, habelə dəniz sahilində kurortlar yaradırıq. Sevindirici haldır ki, Azərbaycan tarixən bizə yaxın olan Rusiya bazarı üçün öz qapılarını açmağa hazırdır. Rusiyanın turizm agentlikləri ilə, dövlət orqanları ilə sıx əlaqə saxlayırıq. Zənnimcə, bugünkü baza münasibətləri gələcəkdə imkanlarımızı və əlaqələrimizi daha da genişləndirməyə əsas verir”.

Turizmin emosiyalar əsasında qurulduğunu vurğulayan Ə.Qarayev deyib: “Ölkənin insanları bizə xoş təsir bağışlayanda, bizdə yaxşı ölkə haqqında təəssürat yaranır; şəhərin küçələri bizə xoş təsir bağışlayanda, bizdə yaxşı şəhər haqqında təəssürat yaranır; xalqın mətbəxi bizə xoş təsir bağışlayanda, bu xalqın tarixinə və mədəniyyətinə hörmətlə yanaşırıq. Belə komponentlər çox olanda isə emosiyalarımız aşıb-daşır, xoşladığımız yerlərə dəfələrlə, dönə-dönə getmək istəyirik”.

Nazir əmin olduğunu bildirib ki, Azərbaycana gələn hər kəs bu emosiyaları tam şəkildə hiss edəcək. O qeyd edib ki, Azərbaycan və Rusiya peşəkar turizm bazarının formalaşmasında bir-birinə kömək etməlidirlər. Birgə tədbirlər, sərgilər, kurslar, nəzəri və praktiki məqamların öyrənilməsi turizm xidmətini ən yüksək səviyyəyə çatdırmağa imkan verir. Azərbaycan beynəlxalq səviyyəli kadrlar yetişdirilməsinə dair xidmətlər təqdim etməyə hazırdır və RF Mədəniyyət Nazirliyi ilə birlikdə mədəni turizmi genişləndirməyə maraq göstərir. “Rusiyalı turistin Azərbaycanda dil baryeri, viza baryeri hiss etməməsi və istirahətdən xoş təəssürat alması üçün biz hər cür şərait yaratmağa hazırıq. Sizi Azərbaycana səyahətə dəvət edirik”, - deyən Azərbaycan mədəniyyət və turizm naziri ümidvar olduğunu bildirib ki, yaxın illərdə Bakıda da bu cür sərgi təşkil ediləcək.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdimat mərasiminə toplaşanları Azərbaycana gəlməyə və ölkəmizdə baş verən bütün yenilikləri öz gözləri ilə görməyə dəvət edib.

“Condå Nast Traveller” jurnalının vitse-prezidenti və kommersiya direktoru Anita Qiqovskaya Azərbaycan nümayəındə heyətinin sərgidə iştirakına görə təşəkkürünü bildirib və gələcək səmərəli əməkdaşlığa ümidvar olmasını vurğulayıb.

Təqdimat mərasimi rusiyalı məşhur müğənni Sergey Lazarevin iştirak etdiyi möhtəşəm konsert proqramı ilə başa çatıb. Qonaqlar ənənəvi Azərbaycan şirniyyatlarını - paxlava və şəkərburanı dadıblar.

Qeyd edək ki, “Condóå Nast Traveller” nəşriyyat evinin təşkilati dəstəyi ilə Moskvadakı “Metropol” otelində keçirilən “Conde Nast Traveller Luxury Travel Fair” sərgisi premial turizm sahəsində dünyada ilk ixtisaslaşdırılmış sərgi idi. Burada Rusiyanın və Şərqi Avropa ölkələrinin turizm xidmətləri təqdim edən ən yaxşı şirkətlər iştirak edib.

 

 

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2015.- 19 mart.- S.9.