“Axirətdən gələn zəng”in əks-sədası

 

Çağdaş Azərbaycan ədəbiyyatı nümunəsi sayılan daha bir kitab işıq üzü gördü. Əsərləri  yaş fərqindən və sosial mənşəyindən asılı olmayaraq oxucular  tərəfindən sevilə-sevilə oxunan  tanınmış yazıçı-dramaturq  Hüseynbala Mirələmovun  “Axirətdən gələn zəng kitabının Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda  imza günü keçirildi.

Tədbiri  ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir açaraq müəllifin yaradıcılığının çoxşaxəliliyi və özəllikləri barədə qısa məlumat verdikdən sonra AYB-nin sədri, xalq yazıçısı Anar ədəbi aləmin tanınmış imzalarından biri kimi tanınan Hüseynbala Mirələmovun yeni işıq üzü görmüş kitabı barədə fikirlərini  bildirdi.

Tədbirdə nasirin əsərlərinin hər birinin ədəbi hadisə kimi qəbul  edilməsi çıxışların əsas qayəsini təşkil etdi. O da bildirildi ki, yazıçının “Xəcalət”, “Dağlarda atılan güllə”, “Ləyaqət”... kimi əsərlərini birlikdə “Qarabağnamə”, daha böyük miqyasda isə “Azərbaycannamə” adlandırmaq olar.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, tənqidçi, ədəbiyyatşünas alim Vaqif Yusifli, Avrasiya Sənət və Kültür, Ədəbiyyat Dərnəyinin beynəlxalq nümayəndəsi Raifə Sərxanqızı, AYB-nin Qarabağ bölməsinin sədri Ənvər Əhməd, Elçin Hüseynbəyli,  Balayar Sadiq, Oqtay Rza, tarixçi alim Yaqub Babayev və digərləri yeni kitabın qayəsi, mənəvi-əxlaqi dəyərlərə burada üstünlük verilməsi haqqında ətraflı söz açdılar.

AYB-nin mətbuat attaşesi, gənc şair Xəyal RzaaybKitab” layihəsi barədə məlumat verərək bildirdi ki, məhz bu yolla biz Azərbaycan ədəbi aləmində tanınan gənc yazıçı və şairlərin əsərlərini  nəşr etdirmək məqsədindəyik: “Hər orta nəslə mənsub yazıçı və şairin  bir əsərini nəşr edib, onun satışından əldə olunan gəlirlə gənclərimizin yaradıcılıq laboratoriyası və auditoriyası ilə tanışlıq yaratmaqdır”.

Sonda yazıçı-dramaturq H. Mirələmov  təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirdi, yeni kitabını  imzalayaraq oxucularına hədiyyə etdi.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 19 mart.- S.10.