Düşündürən komediyalar müəllifi

 

Sabit Rəhman-105

 

Müasir Azərbaycan ədəbiyyatının, incəsənətinin, ümumən mədəniyyətinin parlaq simalarından biri olan Sabit Rəhman haqqında söhbətə 1945-ci ildə istehsal olunmuş “Arşın mal alan” musiqili kinokomediyasının yaranma tarixçəsi ilə başlamaq istəyirəm.

1940-cı il oktyabrın 15-də gənc yazıçı İmran Qasımov Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasova məktub yazıb xahiş edir ki, “Arşın mal alan” mövzusunun plana daxil edilməsi ilə əlaqədar ssenarinin hazırlanması ona tapşırılsın. Söz verir ki, 1941-ci ilin əvvəli üçün ssenarini yazıb kinostudiyaya təhvil verəcək. Həmin il noyabrın 14-də SSRİ Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri Komitəsinin razılığını alandan sonra İ.Qasımov işə başlayır. Lakin bir ay keçməmiş ssenari yazıçıdan alınıb, həmin il dekabrın 8-də dramaturq Sabit Rəhmana verilir və bu barədə həmin tarixdə Moskvaya teleqram vurulur. O vaxtkı ssenari şöbəsinin rəisi, yazıçı Əbülhəsən dəyişikliyin səbəbini Moskva Kino Komitəsi ssenari şöbəsinin rəisi Astaxova yazdığı məktubda belə izah edir: “İmran Qasımovun namizədliyini uğursuz hesab edirik. Çünki yoldaş İ.Qasımov Azərbaycan ədəbi dilini və Azərbaycan məişətini bilmir. Yoldaş Sabit Rəhman isə dramaturqdur, canlı dili ilə seçilən, Azərbaycanda populyar olan “Toy” komediyasının müəllifidir, kinematoqrafiya ilə tanışlığı var. Moskvada ssenari akademiyasında təhsil alıb və onun “Arşın mal alan” filminin ssenarisinin yazılmasına cəlb edilməsi əhəmiyyətli olacaqdır”. Hətta Moskvanın etiraz etdiyini görüb Azərbaycan Yazıçılar İttifaqının Rəyasət Heyəti də bu işə qarışır və öz razılığını ikincinin xeyrinə bildirir.

Dramaturq Sabit Rəhman ssenarinin birinci variantını yazıb başa çatdırır. Moskvalı yazıçı Anatoli Qlebov ssenari üzrə məsləhətçi təyin olunur. Nəhayət, bir sıra əngəl və maneələrdən sonra “Arşın mal alan” ekranlara buraxılır. Hətta SSRİ Dövlət mükafatına layiq görülür.

Sabit Rəhman “Azərbaycan kinematoqrafiyasının təntənəsi” məqaləsində yazmışdır: “Üzeyir Hacıbəyovun məşhur “Arşın mal alan” musiqili komediyası şəklin (filmin) müvəffəqiyyətində ilk səbəblərdən biridir. Otuz ildən artıq dünyanın hər tərəfində iyirmidən çox dildə oynanılan bu komediya qüvvətli bir dramaturjiyə, gözəl dilə, ağıllı məzhəkəyə, şən bir musiqiyə malikdir. Şəklin ssenarisi yazılarkən “Arşın mal alan” musiqili komediyasının bütün bu məziyyətləri əsas götürülmüşdür. Yaradıcı əməkdaşlıq isə bu əsərin üzərində məhəbbət və istedadla çalışmışdır”.

Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasında “100 sevimli film” seçilmişdir. Həmin filmlər üç hissəyə - Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş “Arşın mal alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı”ya daxil edilmişdir.

S.Rəhmanın incəsənətə, ədəbiyyata gəlişi də təsadüfi deyildi. Bunu dramaturqun tərcümeyi-halından da aydın görmək olar.

Sabit Kərim oğlu Mahmudov 1910-cu il martın 26-da Nuxa (indi Şəki) şəhərində dünyaya göz açmışdır. Sabitin iki yaşı olanda atası Kərim kişi balaca bir royal alır. Ailənin altı uşağından yalnız biri - Sabit royalda notsuz çalmağı öyrənmişdi. Qardaşı isə tarda çalırdı. Deyilənə görə, Üzeyir Hacıbəyov Sabitin klassik muğamları, xalq musiqisini royalda necə gözəl ifa etməsinə heyran qalmışdı. Musiqini gözəl bilsə də, o özünə başqa yol seçir. 1926-cı ildə Bakı Müəllimlər Seminariyasını, 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. Kinoya olan maraq onu Moskvaya aparır. Gənc yazıçı 1936-1937-ci illərdə Dövlət Kinematoqrafiya İnstitutunun ssenari kurslarında oxuyur. Moskvadan qayıdandan sonra o, Bakı kinostudiyasında ssenari şöbəsinin müdiri işləyir. O dövrlərdə, repressiyaların Azərbaycanda tüğyan etdiyi 1937-1938-ci illərdə kinostudiyada “Dəcəl dəstə”, “Bakılılar”, “Hazır ol”, “Kəndlilər” bədii, “Dağlıq Qarabağda”, “Xəzər dənizinin dibi”, “Neft keşikçiləri”, “Şuşa kurort və istirahət mərkəzidir”, “Zaqatalada”, “Azərbaycan aşıqları”, “Komsomol nəsli”, “Qanköçürmə”, “Malyariya”, “Ordenli Azərbaycan”, “Pambıq”, “Yaşasın Azərbaycan artistləri”, “Yeni muzey” və s. sənədli, elmi-kütləvi filmlər istehsal olunmuşdur. Bundan sonra - 1945-1946-cı illərdə Sabit Rəhmanın Bakı kinostudiyasının direktoru, Azərbaycan kinematoqrafiya nazirinin müavini vəzifələrində çalışır.

Sabit Rəhman ədəbi fəaliyyətə 1926-1927-ci illərdə məşhur “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi felyetonlarla və tənqidi məqalələrlə başlamışdır. İstər bu jurnalla əlaqə saxlaması, istərsə də klassik yazıçıların, xüsusilə M.F.Axundovun və Cəfər Cabbarlının əsərlərini mütəmadi oxuması onun yaradıcılığına müsbət təsir göstərmiş, bir ədib kimi formalaşmasında mühüm rol oynamışdır. Onun hekayələrində (“Dizi yamaqlı”, “Şlyapa”, “Qudurğan”, “Pozğun”, “Şirin bülbül”, “Vəfasız”, “Mir Qasımın macəraları”, “Qohumlar”, “Sevinc yaşları”), pyeslərində (“Qurbağalar”, “Aşnalar”, “Yalan”, “Versal ekspromtu”, “Xoşbəxtlər”, “Tanışlar”, “Nişanlı qız”, “Əliqulu evlənir” və s.) xalqın ağır güzəranı, keçmişin qalıqları ilə mübarizə, insanlar arasındakı mürəkkəb münasibətlər, cəmiyyətimizdə mövcud olan sosial problemlər, ailə-məişət məsələləri təsvir olunmuşdur. Onun “Son faciə” povesti və “Nina” romanı da var.

Jurnalist Azad Şərif “Komediya ustası” məqaləsində yazır: “C.Cabbarlının əsərləri gənc Sabitə daha çox təsir etmişdi. Sabit yazırdı ki, “Aydın” tamaşası başlayarkən mən sanki başqa bir dünyaya düşürdüm.

Bu, yeni bir dramaturgiya və teatr dünyası idi. Və bu dünyaya S.Rəhman C.Cabbarlının köməyi ilə daxil olmuşdu. O zaman C.Cabbarlı gənc nasirin teatrın ədəbiyyat bölməsinə müdir vəzifəsinə irəli çəkilməsini təklif etmişdi”.

S.Rəhman əsl komedioqraf idi. O yazırdı: “Səhnədə, ədəbiyyatda və həyatda həddən ziyadə çatışmazlıqlar var və onlarla mübarizədə yumor və satira çox böyük rola malikdir. Geridə qalmışlığı, tüfeyliliyi mən elə bu insanlar vasitəsilə göstərir və onlara gülürəm”.

Klassik dramaturgiyanın gözəl nümunəsi olan “Arşın mal alan” kimi, “O olmasın, bu olsun” operettası da 1956-cı ildə ekranlaşdırılarkən filmin ssenarisini yazmaq Sabit Rəhmana tapşırıldı. Sabit Rəhman ssenari üzərində işlərkən operettanın nəinki süjet planını, həm də onun ideyasını, obrazlar sisteminin zənginliyini, klassik əsərin özünəməxsus üslubunu qoruyub saxlamışdır.

Yaradıcı qrupun bütün üzvlərinin bir məqsədi var idi: ədəbi mənbəyə sadiq qalmaq, əsərə müasir baxımdan yanaşmaq, onu ekranda canlandırmaq üçün müvafiq kinematoqrafik vasitələr axtarıb tapmaq. Elə buna görə də onlar çəkiliş prosesində film-tamaşa yaratmaqdan, xüsusilə interyerlərin həlli prinsipində və səhnə mizanlarının quruluşunda teatrallıqdan uzaqlaşmağa müvəffəq olmuşlar.

Filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə kino əsərinin yaranması ilə bağlı müsahibələrinin birində demişdir: “Bütün dövrlərdə, bütün millətlərin sənət tarixində meydana çıxmış komediyalar kimi “O olmasın, bu olsun” komediyası da mənalı gülüş, sosioloji konflikt əsasında yaranmışdır. Burada “vəziyyətlər komediyası”ndan gələn priyomlar müəllif tərəfindən böyük ustalıqla işlənmişdir. Realizm, yenə də realizm əsərin mayasındadır.

Məşədi İbad, Həsənqulu bəy, Rüstəm bəy, Rza bəy, Qoçu Əsgər, hələ üstəlik, hambal... Hər birisi tamamlanmış, qrotesk boyalarla çəkilmiş portretdir. Söz yox ki, həyatı belə realistcəsinə qələmə almaq yalnız böyük dramaturqların hünəridir.

İndi təsəvvür edin ki, qarşımda necə məsuliyyətli vəzifə durmuşdu. Əvvəla, səhnə üçün yazılmış əsəri kinematoqrafın “dilinə” çevirmək, ikincisi, şarja yol verməyib ciddi film çəkmək.

Sabit Rəhman ssenarist kimi birinci vəzifənin öhdəsindən gəlmişdi. Komediyanın ilkin dramaturji quruluşunu əsas götürərək, ona kinematoqrafik xüsusiyyət vermişdi. Mən də öz növbəmdə bu xüsusiyyəti aktyor oyununda, mizanlarda, filmin montajında gözləməyə çalışmışam”.

Bu musiqili komediya Daşkənddə keçirilən Asiya və Afrika ölkələrinin beynəlxalq kinofestivalında (1958) göstərilmiş, istər festival iştirakçıları, istərsə də mətbuat filmi yüksək qiymətləndirmişdir.

Film xarici ölkə ekranlarında böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi H.Seyidbəyliyə göndərdiyi 7 dekabr 1970-ci il tarixli məktubunda yazmışdır: “Hüseyn Əli oğlu Seyidzadənin “O olmasın, bu olsun” filmi 40 ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılmışdır”. Sonralar isə filmin daha 10 ölkəyə satılması barədə məlumat verildi.

Film İranın eyni zamanda bir neçə şəhərində də göstərilmiş, Təbrizdə nümayişi misli görünməmiş bir hadisəyə çevrilmişdi.

Film Bakıda ekranlara buraxılandan sonra respublika mətbuatında “Müvəffəqiyyətsiz film” resenziyası dərc edilmişdi. Resenziyada deyilirdi: “...Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər... Eybəcər oyunbazlıqlar... Gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar...”

Digər qəzetdə dərc edilmiş məqalədə isə oxuyuruq: “O olmasın, bu olsun” filmində tamaşaçıların etirazına səbəb olan qüsur... kinokomediyada olmayan, sonra əlavə edilən primitiv əhvalatlar - bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnələr və s. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır...”

Lakin nə resenziyalar, nə də ayrı-ayrı oxucuların, tamaşaçıların, mütəxəssislərin orijinalın ekran variantına qısqanclıqla yanaşmaları filmin gələcək uğurlarına təsir edə bildi. Film ekranlara buraxılandan bir il sonra “Sovetski ekran” jurnalı “Ne ta, tak eto” başlıqlı redaksiya məqaləsində yazmışdır: “Göründüyü kimi, bu filmin süjeti heç də mürəkkəb deyil, həm də məlum dərəcədə ənənəvidir. Lakin əlbəttə, süjet sxemi ənənəvidir. İnqilabdan əvvəlki Bakının həyatı, personajların təravətli, koloritli obrazları canlandırılmış, kinokomediyanın məzmunu isə parlaq milli özünəməxsusluğu, əsl komik şənliyi və kəskinliyi ilə seçilir.

Ssenari müəllifi və quruluşçu rejissor Azərbaycan klassikinin yaradıcılığına ehtiyatla yanaşmış, teatr üçün yazılmış bu musiqili komediyanın ən yaxşı və əhəmiyyətli səhnələrini ekrana çıxarmışlar. Bununla belə, qarşımızdakı film-tamaşa deyil, kino sənətinin orijinal əsəridir. Bu kino əsərində səhnənin dar çərçivəsi cəsarətlə genişləndirilmiş və tamaşaçıların gözü önündə həyatın, məişətin, adətlərin geniş mənzərəsi açılmışdır”.

Göründüyü kimi, istər “Arşın mal alan”, istərsə də “O olmasın, bu olsun” filmlərinin xalq kinosuna çevrilməsində Sabit Rəhmanın da zəhməti az olmamışdır.

Rejissor H.Seyidzadə tapdanmış yolla getməyi sevməzdi, çətin mövzuları işləməkdən çəkinməzdi. Hələ 1960-cı ildə “Koroğlu” kimi qəhrəmanlıq dastanını ssenari müəllifi Sabit Rəhmanla ekrana çıxarmaq, eyni zamanda, Azərbaycan bədii kinosunda ilk genişekranlı film yaratmaq Seyidzadə cəsarətinin təzahürü idi.

Sabit Rəhman “Koroğlu” qəhrəmanlıq kino dastanının ssenarisini əfsanəvi qəhrəman Koroğlu haqqında eyni adlı məşhur xalq dastanının motivləri əsasında yazmışdır. Ssenaridə Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizə öz əksini tapmışdır.

Kinodastan quruluşçu rejissorun yaradıcılıq imkanlarından aşağı səviyyədə çəkilsə də, film H.Seyidzadəyə və ssenari müəllifi Sabit Rəhmana və bütün yaradıcı qrupa uğur qazandırdı. Axı, oxucular və tamaşaçılar Koroğlunu ekranda görmək arzusunda idilər. Film istər keçmiş Sovetlər İttifaqında, istərsə də bir sıra xarici ölkələrdə nümayiş etdirildi. “Pravda” qəzeti filmlə bağlı yazırdı: “Koroğlu” filmi ikinci həftədir ki, Tehranın ən iri kinoteatrlarında ağzı dolu zallarda nümayiş etdirilir. Bu film Azərbaycan xalq eposunun kino həvəskarları arasında təbliğ olunmasına və populyarlaşmasına kömək edir”.

Film ekranlarda nümayiş etdirilən dövrdə kinorejissor H.İsmayılov dərc etdirdiyi “Xalqın əfsanəvi qəhrəmanı haqqında film” məqaləsində kino əsəri barəsində fikirlərini tamaşaçılarla bölüşərək belə bir qənaətə gəlmişdir: “Filmin müəllifləri bir çox dastan və qəhrəmannamələrin ekranlaşdırılma nümunələrinin ardınca getməmiş, Koroğlu haqqında geniş materialı dərindən öyrənmiş, bunu yaradıcılıq süzgəcindən keçirərək, nağıl, fantaziya deyil, realistik əsər yaratmışlar. Lakin onlar bu işi axıradək davam etdirə bilməmişlər. Bəzən film bir qədər müxtəlif üslublu olur, real qəhrəmanlar özlərini bir qədər sadəlövh aparırlar...

... Müəlliflər filmdə bilərəkdən lirik xəttin əvəzinə düzgün olaraq, qəhrəmanlıq xəttə üstünlük vermişlər. Koroğlu hər şeydən əvvəl, xalq kütlələrinin başçısıdır. Təəssüf ki, onun yürüşləri və döyüş səhnələri istənilən səviyyədə alınmamışdır. Zənnimizcə, bunun əsas səbəbi iri və orta planların olmamasıdır. Rejissor döyüşçüləri tamaşaçılara yaxınlaşdırmadığına görə, kütlə nəzərə çarpır, biz döyüşçülərin əhval-ruhiyyəsini hiss etmirik...”

O vaxtlar Moskvadan alınan məlumata görə, “Koroğlu” filmi 58 ölkəyə satılmışdır. Bunlar ADR, AFR, Bolqarıstan, Polşa, İsrail, Fransa, İtaliya, İraq, Sudan, Hindistan, Kanada və s. ölkələrdir.

Sabit Rəhmanın kinoda son işi “Əhməd haradadır?” musiqili kinokomediya üçün yazdığı orijinal ssenaridir. Bu ssenari müasir həyatımızdan bəhs edir. Burada gənclərin - Əhməd və Leylanın köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından danışılır. Filmdə həyatımızda, məişətimizdə hələ də mövcud olan köhnəliklərin qalıqları tənqid edilir.

Kinodramaturqun ssenarisi əsasında rejissor A.İsgəndərovun 1963-cü ildə çəkdiyi “Əhməd haradadır?” filmində Sabit Rəhmanın yaradıcılığına xas incə yumor, satirik lövhələr kino əsərini baxımlı etmişdir. Hətta burada elə ifadələr var ki, xalq arasında deyimlərə çevrilmişdir: “Qəməndir çağırır”, “Zülümov dedi, qurtardı!”, “Rəis məşğuldur, mən də məşğulam”, “Sən hələ Nərgiz xalanı yaxşı tanımırsan!”, “Qəmisiyyədir? Deputatdır?”, “Pa atannan kolxozçu da deputat kimi danışır”, “Buna da bir quş qoyaq”, “Aparatda yoldaş Zülümovdur”, “Sükanı belə saxla!”

Azərbaycanın görkəmli sənətkarı, əməkdar incəsənət xadimi, dramaturq, yazıçı, ssenarist, teatr və kino xadimi Sabit Rəhmanın milli teatr və kinomuzun inkişafındakı xidmətləri əvəzsizdir. Onun adı Azərbaycan kino və teatr tarixinə əbədi həkk olunmuşdur.

 

Aydın KAZIMZADƏ,

əməkdar incəsənət xadimi

Azərbaycan.-2015.- 19 mart.- S.14.