Ömrünün 103-cü Novruzunu yaşayır

 

Artıq havaların şaxı sınıb. Elimiz-obamız allı-güllü baharı gözləyir. Günəş dağların arxasından boylanan kimi zərrin şüaları yamaclara, qar yorğanını atmış zəmilərə, budaqlarda tumurcuqları çırtlayan bağlara, çılpaq meşələrə düşür. Soyuqdan, çovğundan gizlənmiş sərçələr evlərin çardaqlarında civildəşir. Qayalardan xınalı kəkliklərin qaqqıltısı, dağlardan axan suların şırıltısı, sürünü otlağa yayan çobanın tütək səsi ürəklərə rahatlıq gətirir.

Lerikə bahar azca gecikib. Səbəbi bir ay əvvəl dağ kəndlərinə yağan bir metrə yaxın qar olub. Ağsaqqallar deyirlər ki, quzeylərin qarının əriməsi yazın ortalarına çəkər. Amma bu, xeyirliyədir - su bol olacaq, torpağa xeyir-bərəkət gələcək, zəmilərin, bağların barı artacaq.

Novruz bayramı ərəfəsində səfərimiz rayon mərkəzindən 18 kilometr aralı Soru kəndinədir. Noda-Şingədulan yolunun üstündəki abad obaya bildir dövlət başçısının sərəncamı ilə asfalt yol çəkilib, dağ çayı üstündə körpü salınıb. Odur ki, 15-20 dəqiqədən sonra mənzil başına rahat çatırıq. Kəndə dağ yamacı arxa durur. Evlər ağardılıb, ağaclar budanıb, torpaq əkinə hazırlanıb. Bu gün-sabah şuma toxum səpiləcək.

Kəndin girəcəyində qədim qəbiristanlıq səliqə ilə hasara alınıb. Burdakı qoç heykəlləri, qutu qəbirlər, nil və palıd ağacları Sorunun qədim insan məskəni olduğundan xəbər verir. Hər daş, hər saxsı parçası qorunur.

İkimərtəbəli evin astanasında orta yaşlı kişiylə görüşürük. 103 yaşlı Arəstə nənənin kürəkəni Alim Cəfərli bizi qonaq otağına dəvət edir. İçəri keçirik. Ağbirçək də bu evdədir. Yerindən qalxıb əl uzadıb: “Xoş gəlibsiz, bəyəndiyiniz yerdə əyləşin” deyir. Xalça üstə bardaş qurub otururuq. Pəncərələrin qabağına düzülmüş səmənilər, güllər, xonçalarda alyanaq almalar, boyanmış yumurtalar, halva, qovurğa, rəngbərəng şamlar göz oxşayır.

Çay süfrəsi açılır. Söhbət Novruz bayramından düşür. Arəstə nənə asta-asta danışır:

- Ömrümün 103-cü Novruzudur. Cavanlığımda bayramı şadyanalıqla keçirərdik. Oğlanlar at çapardılar, qurşaq tutub güləşərdilər, evləri gəzib yumurta döyüşdürərdilər. Qızlar da bekar durmazdılar, ağaclardan hulumçaq asıb yellənərdilər. Toran düşən kimi tonqallar yandırılardı, çal-çağır başlanardı, qocalı- cavanlı hamı əl-ələ tutubHalay” gedərdi. 17 yaşa təzəcə girmişdim. Axır çərşənbədə qulaq falına çıxdım. Qonşumuzun qapısını pusdum. İçəridən xoş sözlər eşidib qayıtdım. Elə həmin axşam bizim evə dəsmal atdılar. Birinin ucu düyünlənmişdi. Görən kimi tanıdım. Məni gözaltı eləyən oğlanın idi. Götürüb açmaq istəyəndə anam gördü, məsələdən hali oldu. Dəsmalı qoluma bağladı, məsələni ertəsi gün atama çatdırdı. Məni yayda nişanladılar, payızda toyum oldu.

Ağbirçək söhbətinə ara verib bir-iki qurtum çay içdi. Xəyal onu yenə ötən illərə apardı. Çarğatının ucu ilə üzünün tərini silib sözünə davam etdi:

- 7 ildən sonra, Novruz bayramına bir ay qalmış qızım oldu. Adını Balanaz qoyduq. Körpə səsindən ürəyimiz dağa döndü. Ancaq sevincimiz uzun sürmədi. Ərimi cəbhəyə apardılar. 2 ildən sonra qara kağızı gəldi. Ata evinə qayıdıb qızımı böyütdüm. Öz zəhmətimlə dolandım. Payızda əkinçi oldum, yayda biçinçi.

Ağbirçək sonrakı taleyindən də danışdı. Dedi ki, sonralar əmisi oğlu Cankişi ilə ailə həyatı qurub. Bu izdivacdan Aynagül və İstəgül adlı qızları dünyaya gəlib. Övladlarını gəlin köçürüb, nəvələrinin beşiyi başında layla çalıb.

Arəstə nənə kəndin Novruz ənənələrindən danışmağı da unutmadı. Söylədi ki, yaz təhvil olan günü Günəş gündoğandan boylanan kimi qız-gəlinlər sübh çağı üz tuturlar bulaqlara. Bayram suyu ilə yuyunub bardaqları, səhəngləri doldururlar. Ev-eşiyə çiləyirlər ki, qada-bala uzaq olsun. Yuxudan gec ayılanların üzünə su səpib oyadırlar. Bir bayatını da dilinə gətirdi:

 

Qış yolunu yaz kəsdi,

Qaranı bəyaz kəsdi,

Gecə durdum qapıda

Əlimi ayaz kəsdi.

 

Bu kənddə bayram günü qocalar da, cavanlar da geyinib keçinirlər. Ağsaqqallar evbəev gəzib bişirilən səməni halvasından dadırlar. İmkansız ailələrə, xəstələrə iki-üç gün əvvəl pay göndərirlər. Küsülülər barışır, hamı can deyib, can eşidir, dünyasını dəyişənlər anılır. Borcu olanlar axşam düşənə qədər qaytarırlar.

Ötən Novruzdan bəri kənd xeyli abadlaşıb. Təzə evlər tikilib, mənzillər qapılarını açıb. Arəstə Polad qızının bir nəvəsi ali məktəbə daxil olub. Sorudan Bakıya hər gün avtobus işləyir. Ailələrdə 29 uşaq dünyaya gəlib.

Arəstə nənə gümrahdır. Eldar həkim ayda bir-iki dəfə ona baş çəkir, səhhəti ilə maraqlanır. Onun dediyinə görə, ürəyi sağlamdır. Hər gün soyuq suda dəstəmaz alır. Əli işdən, ürəyi arzudan soyumayıb. Bağ-bağça becərir, toyuq-cücə saxlayır, həyətdə tərəvəz əkir.

Böyük bir nəslin ağbirçəyinin 14 nəvəsi, 61 nəticəsi, 8 kötükcəsi var. Onlardan Bakıda, Sumqayıtda, Lənkəranda yaşayanlar da var, kənddə qalanlar da. Amma hər Novruz nənəyə baş çəkib baba yurdunu ziyarət etməyi unutmurlar.

El anası beləcə Tanrının verdiyi ömrü yaşayır. Dövlətdən təqaüd alır, yerli təşkilatlardan qayğı görür. Ondan Novruz arzularını soruşandaAllah bu bolluğu, bu əmin-amanlığı bizə çox görməsin” - dedi.

 

Həmzə VƏLİMƏMMƏDOV,

əməkdar jurnalist

Azərbaycan.-2015.- 19 mart.- S.14.