Azərbaycan Prezidenti İlham Əliyev
Novruz bayramı
münasibətilə ümumxalq
şənliyində iştirak edib
Martın
19-da Bakıda Azərbaycan xalqının milli bayramı -
Novruz münasibətilə ümumxalq şənliyi
keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, dövlət və hökumət nümayəndələri şənlikdə iştirak ediblər.
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.
Milli geyimli qızlar və oğlanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər.
Bahar qız dövlətimizin başçısına səməni təqdim etdi.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Milli geyimli qızlar və oğlanlar meydanda rəqs edirdilər. Musiqi sədası ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
Prezident İlham
Əliyevin nitqi
- Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Hər bir Azərbaycan vətəndaşına yeni uğurlar, xoşbəxtlik arzulayıram.
Novruz bizim əziz, sevimli bayramımızdır, milli sərvətimizdir. Xalqımız əsrlər boyu Novruzu əziz bayram kimi qeyd edir. Ancaq müstəqillik dövründə biz bu bayramı rəsmi bayram kimi qeyd etməyə başlamışıq və sabahdan 9 gün istirahət günüdür. Bizim müstəqilliyimiz də milli dəyərlər, ənənələr üzərində qurulubdur. Müstəqilliyimizin möhkəmləndirilməsi üçün çox böyük işlər görülübdür. İyirmi dörd ilə yaxındır ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir.
Müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş qarşıdurması, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi və siyasi böhran əlbəttə ki, müstəqilliyimizə çox böyük zərbə vurmuşdu. Ancaq ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra vəziyyət sabitləşdi. Azərbaycanda siyasi və iqtisadi islahatlar aparılmağa başlanmış və ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur. O vaxtdan – 1990-cı illərin ortalarından bu günə qədər 20 il ərzində Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, müstəqilliyimiz möhkəmlənir, güclənir və Azərbaycan bu gün dünya miqyasında çox dəyərli ölkə, tərəfdaş kimi tanınır.
Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir. İlk növbədə, biz milli dəyərlərimizi, bayramlarımızı, ədəbiyyatımızı, incəsənətimizi, doğma ana dilimizi, xalq kimi özümüzü qoruya bilmişik. Bu gün isə biz azadıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu günün reallıqları göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız yüksək zirvələrə çata bilər. Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür. Biz bundan sonra da müstəqil həyatımızı təmin edəcəyik. Xalqımızın rahat yaşamasını təmin edəcəyik. Ancaq o da təbiidir ki, Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu kampaniya əslində heç vaxt dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl – 2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti buna inanmır. Azərbaycan xalqı hər şeyi öz gözü ilə görür. Son illərin inkişafı, şəhərlərimizin abadlaşdırılması, ölkəmizin iqtisadi, sosial inkişafı, beynəlxalq nüfuzumuzun artırılması göz qabağındadır. Eyni zamanda, bizim işlərimiz dünya ictimaiyyəti üçün də artıq sirr deyil. Çoxsaylı tədbirlər, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır.
Ancaq buna baxmayaraq, biz görürük ki, dırnaqarası ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan etmişlər. Bir daha demək istəyirəm ki, bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin.
Azərbaycanda bütün azadlıqlar təmin
edilib. Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər
kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə
heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst
toplaşmaq azadlığı təmin edilib. Vicdan, din
azadlığı bəzi ölkələrdən fərqli
olaraq tam şəkildə təmin edilibdir. Ancaq bizi ittiham etmək
istəyən dairələrin öz ölkələrindəki
vəziyyətə baxın. Bax elə dünən
Avropanın mərkəzində yüzlərlə
nümayişçi döyülərək, söyülərək
həbs edilibdir. Başqa yerlərdə insanlar boğularaq,
güllələnərək öldürülürlər.
Heç kim də buna görə məsuliyyət
daşımır. Haradadır o qeyri-hökumət təşkilatları
ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini
ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər?
Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar
siyasətidir?!
Yəqin ki, hər ikisidir. Nə
üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar,
vermirlər? Nə üçün qətnamələr
qəbul edilmir? Bax bu suallara cavab almaq
çox çətindir. Mən həm
xarici həmkarlarımla, həm beynəlxalq təşkilatların
rəhbərləri ilə çoxsaylı görüşlərimdə
bu sualları açıq şəkildə onların üzünə
deyərək verirəm. Bəlkə buna
görə də Azərbaycana qarşı təzyiqlər
daha da kəskinləşir. Əfsuslar
olsun ki, bu gün dünya siyasətində beynəlxalq
hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik,
irqçilik, islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona
görə, biz buna hazır olmalıyıq və biz
hazırıq. Biz ölkəmizi gücləndiririk,
ölkəmizi inkişaf etdiririk. Bir daha
demək istəyirəm ki, Azərbaycanda bütün
azadlıqlar mövcuddur – siyasi azadlıqlar, vicdan
azadlıqları, iqtisadi sərbəstlik. Bu
gün Azərbaycan istər iqtisadi inkişaf, istər dinlərarası
dialoq baxımından nümunəvi bir ölkədir.
Bu gün hər tərəf alovlanır, Yaxın Şərq,
Avropa, MDB məkanı, ya qanlı toqquşmalar, yaxud da ki,
etnik, dini zəmində qarşıdurmalar,
qarşılıqlı ittihamlar. Baxın, Azərbaycanda
bütün millətlərin, dinlərin nümayəndələri
bir ailə kimi yaşayır. Bu, bizim siyasətimizdir,
xalqın da sifarişidir. Azərbaycan bu
gün dünya üçün əhəmiyyətli ölkəyə
çevrilibdir. Bizi beynəlxalq aləmdə
dəstəkləyən ölkələrin sayı durmadan artır.
Dünyanın ən mötəbər qurumu olan
BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi
ilə seçilmişik. Qoy bizi ittiham etməyə
çalışan ölkələr 155 ölkənin dəstəyi
ilə seçilsinlər, görək necə seçilirlər.
Bax budur reallıq. Ona görə,
əlbəttə ki, Azərbaycan xalqını bu ədalətsizlik,
ikili standartlar siyasəti, riyakarlıq və siyasi mədəniyyətsizlik
üzür. Ancaq bu, bizim iradəmizə
heç vaxt təsir edə bilməz.
Avropa Oyunları isə sadəcə olaraq bir bəhanədir. Sanki bəzi
xarici qüvvələr var ki, bunu bizə çox
görürlər. Baxmayaraq ki, biz öz
üzərimizə böyük məsuliyyət
götürmüşük. Yəni, bu Oyunları iki il yarım ərzində hazırlamaq çox
çətin məsələdir. Bu Oyunlar Olimpiya
Oyunlarının səviyyəsində keçiriləcək.
Olimpiya Oyunlarını keçirmək üçün yeddi il vaxt verilir. Biz isə cəmi iki il yarıma bunu edirik və ən
aşağı büdcə ilə bunu edirik. Dünən
Avropanın mərkəzində nümayişçilərin
etirazına səbəb bir binanın inşası olmuşdur.
Bizim bütün Avropa Oyunlarına
hazırlıq işlərinə xərclədiyimiz vəsait
bir binaya xərclənib. Bəs
haradadır “Transparency International”? Niyə bu işlərdə
öz sözünü demir? Avropada nəqliyyatla
bağlı bir infrastruktur obyekti var. On
ildir inşa edilir. Bizim Avropa
Oyunlarının hazırlanmasına xərclədiyimizin
ikiqatı qədər oraya pul xərclənib, hələ ki,
tikintisi qurtarmayıb. Bəs niyə bu barədə
danışmırlar? Niyə bu barədə
yazmırlar? Bu, ritorik suallardır. Ancaq biz bu sualları verməliyik və veririk. Çünki biz ədalətin tərəfdarıyıq.
Hər yerdə ədalət olmalıdır - cəmiyyətdə,
ailədə, beynəlxalq münasibətlərdə. Ədalət pozulduqda hər şey pozulur, inam
pozulur. Sanki dünyada yeni bir dəyərlər
sistemi formalaşır. Ədalət əvəzinə
qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə
qeyri-bərabərlik, düzgünlük əvəzinə
riyakarlıq, yalan. Bax, biz buna qarşı
mübarizə aparırıq. Əlbəttə,
Azərbaycan böyük dövlət deyil, amma bizim də
kifayət qədər gücümüz var ki, öz
sözümüzü deyək, bölgədə və qitədə
gedən proseslərə təsir edək.
Bizim əsas problemimiz - Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ problemi əfsuslar olsun ki, həll
olunmur.
Keçən il vasitəçilər tərəfindən
səylər göstərilmişdir. Bilirsiniz
ki, avqust, sentyabr, oktyabr aylarında Minsk qrupuna həmsədrlik
edən ölkələrin başçıları, yüksək
vəzifəli şəxslər səylər göstərmişdilər,
üç görüş keçirilmişdir. Sonuncu görüş Parisdə hər iki tərəfin
fikrinə görə uğurlu keçmişdir. Ancaq o görüşdən bir həftə
keçməmiş Ermənistan növbəti təxribata əl
atdı. Ağdamda, işğal edilmiş
torpaqlarda genişmiqyaslı hərbi təlimlərə
başladı ki, bizi yenə də təxribata çəksin.
Biz təxribata getmək istəmirdik. Çünki öz beynəlxalq öhdəliklərimizə
sadiqik. Bir daha bildirmək istəyirəm
ki, oktyabrın sonunda Parisdə keçirilən
görüşdə demişik ki, biz gərək təmas xəttindəki
gərginliyi azaldaq, sülh danışıqlarının
mahiyyətinə daha da çox fikir verək. Ona görə çox təmkinlə
özümüzü aparmışıq. Amma
düşmən bizim bu davranışımızı
başqa cür yozub və mövqelərimizə hücum
çəkib. Belə olan halda təbii ki,
Azərbaycan əsgəri rəşadət göstərərək
düşmənin vertolyotunu məhv edib. Ondan
sonra bizdən qisas almağa çalışmağa
başlamışlar. Hətta Ermənistanın
ən yüksək rütbəli, vəzifəli şəxsləri
demişlər ki, biz qisas alacağıq. O faşist
ideologiyasının nəticəsində onlarla erməni əsgəri
təmas xəttində həlak olmuşdu. Mən
demişəm və bir daha demək istəyirəm ki, ölmək
istəmirsinizsə Ağdama, Füzuliyə getməyin, oturun
öz yerinizdə. Qisasa gəldikdə isə
qisası biz almalıyıq və alırıq da. Biz Xocalı qurbanlarının qisasını
alırıq və alacağıq. Şəhidlərimizin
qanı yerdə qalmamalıdır və qalmır.
Bu gün bizim ordumuz təmas xəttində vəziyyətə
tam şəkildə nəzarət edir. Bizim əsgərlərimiz
Vətəni ləyaqətlə qoruyurlar. Biz
tam üstünlüyü əldə etmişik. Mən tam əminəm ki, biz istədiyimizə nail
olacağıq, tarixi ədaləti, ərazi
bütövlüyümüzü bərpa edəcəyik.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq
birlik tərəfindən tanınan ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar
əlbəttə ki, bütün qədim torpaqlarımıza
qayıdacağıq - İrəvana da, Göyçəyə,
Zəngəzur mahalına da. Bütün
bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim
torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil
Azərbaycan torpaqları deyil. Biz o
torpaqlara da qayıtmalıyıq və qayıdacağıq.
Biz hər gün çalışmalıyıq
ki, o günü yaxınlaşdıraq.
Ona görə biz daha da güclü olmalıyıq. Daha da
güclü orduya sahib olmalıyıq. Ordu
quruculuğu bizim üçün indi əsas vəzifədir.
Ona görə bu məqsədlər
üçün nə qədər lazımdırsa, o qədər
də vəsait ayrılır. Bu gün Azərbaycan
Ordusu həm hazırlıq, texniki təchizat, silah
baxımından dünya miqyasında, dünyanın ən
qabaqcıl orduları sırasındadır. Bunu biz yaratmışıq. Çünki
başqa cür mümkün deyil.
Bu gün dünyada beynəlxalq hüquq işləmir,
beynəlxalq müqavilələr sadəcə olaraq
kağız parçasıdır, heç bir dəyəri
yoxdur. Kimin gücü var o müqavilələrə məhəl
qoymur. Yəni, dünyada yeni bir dövr
başlayıbdır, bunu biz bilməliyik. Bu
dövrü biz başlamamışıq. Biz
həmişə beynəlxalq hüquqa əsaslanmışıq
və bütün siyasətimizi belə qurmuşuq. Öz səsimizi ucaltmışıq ki, nə
üçün BMT Təhlükəsizlik Şurasının
qətnamələri icra edilmir. Orada
birbaşa yazılıb ki, Azərbaycan torpaqları
işğaldan qeyd-şərtsiz və dərhal azad edilməlidir.
Yəni, beynəlxalq hüquq sadəcə olaraq
güclü dövlətlər üçün bir alətdir
ki, güclü olmayan dövlətləri nəyə isə məcbur
etsin. Amma onların özləri
üçün beynəlxalq hüquq heç bir şeydir.
Bunu biz görürük, bunu görməyən
yoxdur. Dünyanın bütün yerlərində biz bunu
görürük, kim güclüdür o
da haqlıdır. Bu nəyi göstərir?
Onu göstərir ki, güclü olmaq
lazımdır. Biz də bunu çoxdan
başlamışıq: güclü ordu, güclü
iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə
ki, düşünülmüş siyasət və sosial ədalət.
Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir,
xalqla iqtidar arasında birlik möhkəmdir. Bizim
islahatlarımız, siyasi addımlarımız, beynəlxalq səviyyədə
apardığımız işlər xalq tərəfindən
dəstəklənir və bugünkü Azərbaycan
reallıqları bunu göstərir. Son illər
ərzində Azərbaycan kimi sürətlə inkişaf edən
ikinci ölkə olmamışdır.
Bax, bu yaxınlarda - iki gün bundan əvvəl biz qədim
türk torpağı olan Qars şəhərində TANAP layihəsinə
start verdik. Yəni, bu, tarixi layihədir. TANAP
layihəsi “Cənub” qaz dəhlizinin bir hissəsidir, önəmli
hissəsidir. Amma “Cənub” qaz dəhlizi dörd hissədən
ibarətdir: “Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri,
TANAP və TAP. Azərbaycan bütün bu layihələrdə
fəal iştirakçıdır və bu gün biz yeni
reallığı yaradırıq. Çünki
enerji təhlükəsizliyi bu gün milli təhlükəsizlik
qədər önəmlidir. Heç bir
ölkə öz milli təhlükəsizliyini enerji təhlükəsizliyini
təmin etmədən sığortalaya bilməz. Azərbaycan öz enerji təhlükəsizliyini təmin
edib. Görün, Azərbaycan qazı bu
gün Avropa üçün, Avrasiya üçün, bu
bölgə üçün nə qədər böyük əhəmiyyət
daşıyır. Yəni, yeni enerji xəritəsi
yaradılır. Bunu biz yaradırıq,
öz tərəfdaşlarımızla birlikdə. Ona görə təbii ki, görülən bu
işlər Azərbaycanın geosiyasi əhəmiyyətini
artıracaq və bizim gücümüzü də
artıracaq, təsir imkanlarımız da artacaq. Bu gün də kifayət qədər
güclüdür. Bu gün bölgədə
nə iqtisadi, nə siyasi, nə başqa sahələrdə
heç bir layihə bizim razılığımız olmadan
icra edilə bilməz. Bunu yaxın tarix
göstərib.
Azərbaycan bu gün bölgənin aparıcı
ölkələrindən biridir və bizim siyasət ədalətli
siyasətdir.
Biz bütün ölkələrlə bərabərhüquqlu,
qonşularla mehriban münasibətlərin tərəfdarıyıq.
Biz bərabərliyin tərəfdarıyıq.
Biz hesab edirik ki, dünyada
böyük-kiçik ölkə anlayışı
olmamalıdır. Bütün ölkələr
bərabər hüquqa malikdir. Ona görə
biz bütün ölkələrlə öz siyasətimizi bu
prinsiplər əsasında qururuq. Heç
bir ölkə qarşısında öhdəlik götürməmişik
və bu, mümkün deyil. Beynəlxalq təşkilatlarda
ki, biz üzvük, o öhdəlikləri biz yerinə
yetiririk, onlara hörmətlə yanaşırıq, vəssalam.
Bizim başqa heç bir öhdəliyimiz yoxdur.
Əgər kimsə hesab edir ki, Azərbaycanı
nəyə isə təhrik etmək, sövq etmək, məcbur
etmək mümkündür, səhv edir və bu səhv siyasətindən
əl çəkməlidir. Son illərin
tarixi bunu göstərir. Biz öz yolumuzla
gedirik. Bu yol tərəqqi, inkişaf
yoludur. Bu yol azadlıq-müstəqillik
yoludur və biz bu uğurları bu yolda əldə etmişik.
Bizim şəhərlərimiz abadlaşır,
insanların rifah halı yaxşılaşır. Azərbaycan
bu gün dünya miqyasında nümunəvi ölkə kimi
tanınır. Bakımız gözəlləşir.
Bakı dünyanın ən gözəl şəhərlərindən
biridir. Bakının qədim tarixi, bizim
milli sərvətimiz olan Qız qalası, Şirvanşahlar
sarayı, İçərişəhər - bu, dünya
miqyaslı sərvətdir. Eyni zamanda, Bakının yeni
simvolları, yeni rəmzləri yaradılır - Bayraq
Meydanı, Heydər Əliyev Mərkəzi, Alov qüllələri,
Ağ şəhər, Xalça Muzeyi, bu yaxınlarda
açılan bulvar. Onun uzunluğu artıq 16
kilometrə çatır. Yəni, budur bu
gün bizim ölkəmiz. Azərbaycana gələn
hər bir qonaq əgər o, qərəzli deyilsə, bunu
görür, etiraf edir. Dostlarımız
sevinir, düşmənlərimiz peşman olurlar.
Biz öz yolumuzla gedəcəyik, Azərbaycan
xalqının xoşbəxt gələcəyini təmin edəcəyik
və ölkəmizi daha da gücləndirəcəyik.
Bayramınız
mübarək olsun!
X X X
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə
üzvləri Dənizkənarı Milli Parka gəldilər.
Burada Azərbaycanın müxtəlif bölgələrindən
gələn özfəaliyyət dərnəklərinin
üzvləri, rəqs və mahnı qrupları
çıxış edirdilər.
Dövlətimizin başçısını və
xanımını Novruz bayramının əsas personajları
olan Kosa və Keçəl qarşıladılar.
Kosa və Keçəl Prezidenti və ailə üzvlərini
bayram münasibətilə təbrik etdilər, dövlətimizin
başçısı ilə yumurta
döyüşdürdülər.
Xalqımızın qədim ənənələrini, dəyərlərini,
mətbəxini, məişətini əks etdirən stendlər
Milli Parkda təşkil olunan bayram şənliyinə
xüsusi çalar qatırdı. Burada ölkəmizin
müxtəlif bölgələrini təmsil edən özfəaliyyət
kollektivlərinin çıxışları və
hazırlanmış sənətkarlıq nümunələri
maraqla qarşılandı. Bir tərəfdə
isə gənc pəhləvanlar qurşaq tutur,
idmançılar məharətlərini göstərirdilər.
Dövlətimizin
başçısı və ailə üzvləri bərəkətli
Azərbaycan torpağında yetişdirilən məhsulların
bayram şənliyi çərçivəsində təşkil
edilmiş sərgisi ilə tanış
oldular. Müxtəlif rayonlardan gətirilmiş
Novruz mətbəxinin nümunələri şənlik
iştirakçılarında maraq doğururdu.
Ulu babalarımızdan bugünkü nəslə yadigar
qalan qədim el sənətlərinin nümayiş olunduğu
şənlikdə, həmçinin Novruz bayramının rəmzi
olan müxtəlif şirniyyat nümunələri də yer
almışdı.
Xatırladaq ki, 2010-cu ildə BMT-nin qərarı ilə
martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. Bu,
böyük bir arealda yaşayan 200 milyondan çox insanın
milli mənəvi yaddaşına dünyanın ən mötəbər
qurumu səviyyəsində verilən dəyərin təzahürüdür.
Qədim tarixə malik Novruz həm də əcdadlarımızın
bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və
məfkurəsinin formalaşmasında, insanların yüksək
əxlaqi dəyər və normalar çərçivəsində
yaşamasında böyük rol oynayan Novruz bayramı
özündə paklığı, mühüm insani dəyərləri
tərənnüm edir. Varlığın
yenidən canlanmasını müjdələyən Novruz əsrlər
boyu həm də insanlarımızı işıqlı
sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram insanlar arasında birlik və
mehribanlığın möhkəmləndirilməsi,
onların bir-birinə mərhəmət və diqqət
göstərməsi kimi sağlam təməllər
yaradıb.
Prezident İlham Əliyev və ailə üzvləri pəhləvanların,
güləşçilərin
çıxışlarını izlədilər,
aşıqların ifalarını dinlədilər.
Burada çay süfrəsinə qonaq olan dövlətimizin
başçısı və ailə üzvləri daha sonra Azərbaycan
xalçalarının nümunələrinə və kəlağayılara
baxdılar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
bayram hədiyyəsi edildi.
İndi Azərbaycan dünya idman tarixində
mühüm hadisə kimi qalacaq ilk Avropa Oyunlarına
hazırlaşır. Bununla bağlı builki Novruz mərasiminin
təşkil olunduğu Dənizkənarı Milli Parkda
xüsusi guşələr yaradılıb.
Burada Prezident İlham Əliyevə birinci Avropa
Oyunlarına ilk onlayn bilet təqdim olundu.
Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət imicdən qaynaqlanır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə sədr təyin olunması ölkəmizin bu sınaqdan da uğurla çıxacağına əminlik yaradır. Təbii ki, Avropa idman ailəsinin bu qərarı Azərbaycandakı ictimai-siyasi sabitlikdən, son illərdə əldə olunan yüksək iqtisadi nailiyyətlərdən irəli gəlir. Digər tərəfdən, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, coğrafi mövqeyi, güclü idman infrastrukturu, ən başlıcası beynəlxalq yarışları keçirmək təcrübəsi Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasında olub.
Ötən dövrdə Təşkilat Komitəsi fəal iş aparıb. Avropa Oyunlarının Koordinasiya Komissiyasının müxtəlif vaxtlarda keçirilən iclasları da hazırlıq işlərinin yüksək səviyyədə aparılmasına geniş imkanlar açıb, infrastruktur layihələrinin icrası təmin olunub. İlk Avropa Oyunlarının keçiriləcəyi əsas arenada - Bakı Olimpiya Stadionunda artıq tikinti işləri başa çatıb və Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olub. İlk Avropa Oyunlarının xaricdə təbliğinə də xüsusi əhəmiyyət verilir. Bununla bağlı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Avropanın iri şəhərlərində təntənəli təqdimat mərasimləri təşkil olunub. İyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunları 20 idman növünü əhatə edəcək. Buraya Olimpiya və qeyri-olimpiya idman növləri daxildir. 6 mindən çox idmançının mübarizə aparacağı ilk Avropa Oyunlarının əhəmiyyətini artıran mühüm amil onun 8 idman növü üzrə Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır. Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Heç şübhəsiz ki, bu mötəbər idman yarışı Azərbaycan idmançılarının parlaq qələbəsi ilə yadda qalacaq və ölkəmizin idman tarixinə şanlı səhifə kimi həkk olunacaq.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram şənliyində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını izlədilər.
“Bakı-2015” birinci Avropa Oyunlarının rəmzləri olan “Ceyran” və “Nar” dövlətimizin başçısına və xanımına hədiyyələr təqdim etdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk Avropa Oyunlarının könüllüləri ilə xatirə şəkli çəkdirdilər.
Bayram şənliyi incəsənət
ustalarının, el sənətkarlarının ifasında rəngarəng
konsert proqramı ilə davam etdi.
Azərbaycan.-2015.- 20 mart.- S.1-2.