İsveçrənin Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri tanımaması barədə
sənəd Azərbaycan tərəfinə təqdim edilib
Martın
19-da Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə
səfərdə olan İsveçrə dövlət katibinin
müavini, Federal Xarici İşlər Departamentinin siyasi
direktor müavini Corc Martinlə görüşüb.
AZƏRTAC
xəbər verir ki, ölkələrimizin müxtəlif
istiqamətlərdəki əməkdaşlığından
danışan Bahar Muradova Azərbaycanla İsveçrənin
münasibətlərinin dostluq, tərəfdaşlıq və
qarşılıqlı yardıma əsaslandığını
söyləyib.
Milli
Məclis sədrinin müavini ölkələrimizin
dünyanı narahat edən məsələlərin həlli
istiqamətində beynəlxalq qurumlardakı birgə fəaliyyətini,
İsveçrənin ATƏT-ə sədrliyi dövründə
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə
töhfə vermək istəyini qeyd edib. Diqqətə
çatdırılıb ki, İsveçrə beynəlxalq
hüquq prinsiplərinə müvafiq olaraq ölkələrin
ərazi bütövlüyü və suverenliyinə hörmətlə
yanaşır.
Corc
Martin ölkələrimiz arasında ikitərəfli və
çoxtərəfli güclü əlaqələrin
qurulduğunu vurğulayaraq, müxtəlif istiqamətlərdə
əməkdaşlığı genişləndirmək
üçün yaxşı imkanların olduğunu söyləyib.
Qonaq ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması məsələsində maraqlı olduğunu
bildirib. Qeyd edib ki, bu gün dünyada mövcud olan
bütün münaqişələrin həllinə diqqət
yetirilməlidir, heç bir münaqişə “dondurulmuş”
adlandırılmamalıdır.
C.
Martin İsveçrənin Federal Xarici İşlər
Departamentinin bu ölkənin Dağlıq Qarabağda
keçiriləcək qondarma parlament seçkilərini
tanımadığı barədə sənədi Bahar
Muradovaya təqdim edib. Sənəddə deyilir ki, beynəlxalq
hüququn prinsiplərinə müvafiq olaraq və Azərbaycanın
ərazi bütövlüyünə və suverenliyinə tam
hörmət edərək İsveçrənin Federal Xarici
İşlər Departamenti 2015-ci il mayın 3-də Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsində
keçiriləcək “seçkiləri” etibarsız hesab edir.
İsveçrənin Federal Xarici İşlər Departamenti
bir daha vurğulayır ki, departament həll edilməmiş
Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən
xəbərdardır və müəyyən olunmuş
formatlar çərçivəsində bu münaqişənin
həlli üçün ATƏT-in Minsk qrupunun səylərini
dəstəkləməkdə davam edir.
Qonaq
Bakıda olduğu müddətdə şəhərin tarixi,
mədəni yerləri, eləcə də dünya ölkələri
üçün nümunə sayıla bilən “ASAN xidmət”in
fəaliyyəti ilə yaxından tanış olduğunu və
bunu yüksək qiymətləndirdiyini diqqətə
çatdırıb.
Görüşdə
parlamentlərarası münasibətlərin genişləndirilməsi
və qarşılıqlı maraq doğuran məsələlər
barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2015.- 20 mart.- S.3.