“ÜNS” teatrının səhnəsində
“Qaya” adlı həyat”
kitabının təqdimatı olub
Bakıda
“ÜNS” teatrının səhnəsində “Qaya” adlı həyat”
kitabının təqdimatı və “Qaya” Dövlət
Ansamblının əfsanəvi solisti və indiki bədii rəhbəri,
Azərbaycanın Xalq Artisti Rauf Babayevin
yaradıcılığına həsr olunmuş gecə
keçirilib.
“UNS”
teatrında AZƏRTAC-a bildiriblər ki, Rauf Babayevin jurnalist
Nazim Məmmədovla birlikdə hazırladığı bu
kitab “ÜNS” teatrının rəhbəri, M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, AMEA-nın müxbir üzvü,
professor Nərgiz Paşayevanın köməyi, Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
və onun sədri Hicran Hüseynovanın maliyyə dəstəyi
sayəsində nəşr olunub.
“Qaya” adlı həyat” kitabında əfsanəvi “Qaya” kvartetinin yaranması, formalaşması prosesi, onun yaradıcılıq fəaliyyəti təsvir edilir. Burada kvartetin, sonra isə dövlət ansamblının yaranma mərhələləri xronoloji ardıcıllıqla verilib. Müəllif SSRİ-nin süqutundan sonra ansamblın dağılması prosesini ürək ağrısı ilə təsvir etsə də, “Bəri bax” uşaq ansamblı üzvlərinin simasında bu musiqi kollektivinin yenidən dirçəlməsindən nikbinlik və məhəbbət hissi ilə söhbət açır. Məlum olduğu kimi, həmin uşaq ansamblı sonradan Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində “Qaya” Dövlət Ansamblı adına layiq görülüb.
Bu kitab “Qaya” adlandırılmış və ölkəmizdə, keçmiş sovet məkanında bir çox nəsillərin yaddaşına həkk olunmuş bir ansambl haqqında gözəl hekayədir.
“ÜNS” teatrının foyesində “Qaya” kvartetindən bəhs edən fotosərgi təşkil olunub.
Gecə rejissor Cavid İmamverdiyevin “Ey həyat, sən nə qəribəsən” adlı sənədli filmindən bir parça ilə başlanıb. Filmdə Gennadi Xazanov, Polad Bülbüloğlu, Larisa Dolina, Yuli Qusman, Vaxtanq Kikabidze və başqaları “Qaya” kvartetindən danışırlar.
Gecəni professor Nərgiz Paşayeva açıb.
Nərgiz
Paşayeva “Qaya” kvartetinin Azərbaycan estrada sənətinə misilsiz töhfəsindən,
habelə “Qaya” ilə bağlı təəssüratlarından, Rauf
Babayevlə tanışlığından
və əməkdaşlığından
danışıb, kitabın
buraxılışına kömək
göstərdiyinə görə
Hicran Hüseynovaya minnətdarlığını bildirib.
Nərgiz
xanım Rauf Babayevi səhnəyə dəvət edərək ondan yalnız bir şeyi xahiş
edib: yardım üçün heç kəsə təşəkkür
etmək lazım deyil, çünki bu, Rauf müəllimin
və “Qaya” ansamblının mədəniyyətimizə
verdiyi töhfəyə
göstərilən ehtiramdır.
Lakin Rauf Babayev tanışlığının və əməkdaşlığının ilk günlərindən “Qaya” ansamblının bütün təşəbbüslərinə və layihələrinə əvəzsiz kömək göstərmiş bir insana təşəkkür etməyə bilməzdi. O, həmçinin “ÜNS” teatrının gözəl kollektivinə minnətdarlığını bildirib, onun yüksək peşəkarlığını xüsusi vurğulayıb.
Nazim Məmmədov öz çıxışında bu kitabın yaradılması ilə bağlı Rauf Babayev ilə birgə yaradıcılığından bəhs edib. O bildirib ki, peşəkar musiqişünas olmadığına görə bu kitab üzərində işə başlamağa ehtiyat edirdi, lakin Rauf Babayevlə tanış olduqdan sonra bütün qorxular arxada qaldı. N.Məmmədov ümidvar olduğunu bildirib ki, kitab oxucuların xoşuna gələcək.
Rəsmi hissə başa çatdıqdan sonra qonaqlara “Qaya” ansamblının yeni kollektivinin iştirakı ilə kiçik konsert proqramı təqdim edilib. Konsert zamanı əfsanəvi kvartetin ifasında mahnılar səsləndirilib.
Gecədə Rauf Babayevin gənc şagirdləri – Kamran Məmmədov və Elvin Salmanov da çıxış ediblər. Proqram rejissor Cavid İmamverdiyev tərəfindən hazırlanıb.
“ÜNS” teatrının kiçik, lakin çox rahat zalında toplaşmış tamaşaçılar sanki keçən əsrin unudulmaz 60-cı illərinə qayıtmışdılar. Onlar gənc artistləri və onların müəllimlərini uzun müddət alqışlayıblar.
“Qaya” adlı həyat”
kitabının buraxılması və “ÜNS” teatrında keçirilmiş gecə Novruz
bayramı ərəfəsində bütün
bakılılara gözəl hədiyyə olub.
Azərbaycan.-2015.- 20 mart.- S.5.