Novruz bayramı tarix boyunca

 

Azərbaycan xalqının mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan bir sıra adət-ənənələr, mərasim və bayramlar arasında Novruz xüsusi yer tutur. Əsrlər boyu bir çox Şərq ölkələri kimi Azərbaycan salnaməsi də Novruz bayramından başlamış, yeni il yazın gəlişi ilə hesab edilmiş və onun ilk günü bayram sayılmışdır. Novruza aid xalq arasında yaşamaqda olan saysız etiqad və əfsanələr sübut edir ki, bu bayramın kökü qədim insanın təbiətin ölüb-dirilməsi haqqındakı ibtidai animistik görüşləri ilə bağlı olmuş, əkinçilik təsərrüfatı meydana gəlincə bu bayram öz məzmununu bütünlüklə olmasa da əsaslı şəkildə dəyişməyə başlamışdır.

Özünün erkən əkinçilik, maldarlıq təsəvvürlərini, ibtidai dünyagörüşünü müxtəlif ayin, etiqad, ənənə və mərasimlərdə ifadə edən əcdadlarımızın bu mədəni-mənəvi irsi rəngarəng bayramlar, nəğmələr, rəqslər, oyunlar, lətifələr, meydan tamaşaları, və s. şəklində əsrlərin süzgəcindən keçmiş, müxtəlif tarixi dövrlərdə dəyişikliklərə, təcavüzlərə, qadağalara məruz qalsa da öz ilkin məzmununu-yaz bayramı, yeni ilin-günün başlanması bayramını - saxlamışdır.

Novruz haqqında məlumat verən ən mötəbər qədim mənbələrdən sayılan “Avesta”da Novruz xalqın bolluğa, qüdsiyyətə sitayiş bayramı, həmçinin əkinçilik bayramı hesab olunmuş, sağlamlığın, firavanlığın başlanğıcı sayılmışdır. “Avesta”da zərdüştilərin Novruzla bağlı bir çox adət, ənənə, ayin və etiqadları bütöv bir halda saxlanılmışdır. Lakin məlumdur ki, istər Azərbaycanda, istərsə də Novruzu bayram edən başqa xalqlar arasında onun yaranması ilə bağlı müxtəlif rəvayətlər, miflər, əfsanələr mövcuddur. Zərdüştilikdən və islamdan çox-çox əvvəlki dövrlərlə bağlı olan rəvayətlərdə Novruz müxtəlif tarixi faktlar və hadisələrlə əlaqələndirilir.

Novruzun bayram edilməsi zaman keçdikcə İran və Turan övladı Siyavuşun, yaxud qışdan qorxan Oğuz oğlu, qurd balası və s. bu kimi mifoloji anlamlardan real zəminə köçürülmüşdür. Bu bayramı xalq arasında sabitləşdirmək üçün müxtəlif təriqətlər və dinlər, şahlar və hökmdarlar müxtəlif cəhdlər etmiş, zərdüştilər Novruzu öz adət və ənənələrinə aid etməyə çalışmış, sonralar Novruzu İran hökmdarlarının adı ilə bağlayan rəvayətlər yaradılmışdır.

Novruz bayramının meydana gəlməsi və onun hansı köklər üzərində yaranması barədə yazılı mənbələrdə də müxtəlif fikirlər mövcuddur. Belə mənbələrin çoxu onu İranın qədim şahlarının taxta çıxan günləri ilə əlaqələndirmişlər. Məsələn, Novruz bayramını əfsanəvi İran şahı Kəyumərsin adına bağlayan əfsanələr vardır ki, burada Kəyumərs insanlara maddi və mədəni nemətlər bəxş edən ilk insan kimi qiymətləndirilir. Lakin mənbələrin əksəriyyətində bu bayram əfsanəvi hökmdar Cəmşidin adı ilə əlaqələndirilir. İbn Məskəviyyənin, İbn əl-Bəlxinin əsərlərində Novruz bayramını Cəmşidin yaratdığı qeyd olunur. Məşhur şair və alim Ömər Xəyyamın “Novruznamə” əsəri qədim tarixə malik olan Novruz bayramının bərpa edilməsi və sabitləşməsi dövründə yazıldığı üçün Novruza dair ən başlıca mənbələrdən hesab edilir. Ömər Xəyyam “Yeni Avesta təqvimi”ni bərpa edənlərdən biri kimi Novruz bayramının tarixindən xüsusi olaraq söhbət açmış və özündən əvvəlki müəlliflərə və astronomik tədqiqatlara əsaslanaraq göstərmişdir ki, qədim yeni il bayramının yaranması günəş təqvimi ilə bağlıdır.

Novruzun yaranma tarixindən bəhs edən digər yazılı mənbələrdə də bu bayram Cəmşidlə əlaqələndirilir. İbn-Əl Bəlxi, Biruni, Nizami, Xaqani, Qətran Təbrizi, Sahib Təbrizi və başqa görkəmli ədiblərin əsərlərində, habelə orta əsr tarixi əfsanə, rəvayət və dastanlardan Novruz bayramının qədim bir tarixə malik olduğu aydın görünür.

Burada maraqlı bir haşiyəyə çıxaq ki, Novruzun bayram edilməsi tarixinin Cəmşid adı ilə bağlanması bu bayramın meydana gəldiyi yerin aydınlaşdırılması məsələsində mühüm əhəmiyyət kəsb edir. Onun məhz Azərbaycan mühitində meydana gəlməsi, burada yaşayan adamların həyat tərzi, məişəti ilə bağlı olması baxımından Gəmşid dastanı xüsusi diqqətə layiqdir.

Orta əsr Şərqinin böyük filosofu, məşhur xorəzmli alim Biruni də bu əfsanənin Azərbaycanla əlaqəsini qeyd etmiş və özünün “Keçmiş nəsillərin yadigarı” əsərində yazmışdır ki, “Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət Azərbaycana gələndə taxta çıxdı və camaat onu çiyinlərində apardı. Günəş o taxta düşdü, camaat bu şöləni görüb o günü bayram etdi”.

Başqa bir tarixi mənbədə - “Bürhane-Qate”də deyilir ki, əfsanəvi hökmdar Cəmşid şah bir çox yerlərə səyahət etdikdən sonra qızıl taxtına əyləşərək adamların çiynində Azərbaycana gəlir. Günəşin şüaları taxta düşdüyü zaman hər tərəf nura qərq olur və bu mənzərə camaatı çox həyəcanlandırdığı üçün həmin günü Novruz - yeni gün adlandırıb bayram edirlər.

Qədim azərbaycanlıların Novruz bayramını hələ eramızdan əvvəl qeyd etdiyini Nizami Gəncəvi də özünün “İskəndərnamə” əsərində təsdiq edir.

Maraqlıdır ki, Azərbaycan elmi ədəbiyyatında Novruz bayramının qeyd olunmasının ayrı-ayrı əfsanəvi hökmdarlara aid edilməsi məsələsini araşdıran alimlər bunu geniş xalq kütlələri arasında “ədalətli şah” arzusundan doğan və orta əsrlərdə Şərq ədəbiyyatında mövcud olan “ədalətli şah” problemindən irəli gələn bir amil kimi səciyyələndirir, tarixdə Kəyumərsin insanlara nemət gətirən, Cəmşidin isə mədəniyyəti təbliğ etməklə yanaşı, xəstəliklərin qarşısını alan bir hökmdar kimi tanındıqlarını buna misal göstərirlər.

Zaman keçdikcə Azərbaycanda hakim olan müxtəlif dinlər və hökumətlər Novruzu öz siyasətlərinə və təriqətlərinə uyğunlaşdırmaq, yaxud tamamilə xalqın ictimai həyatından çıxarmaq üçün müxtəlif cəhdlər etmişlər. Bu növ təsir və təzyiqlər sırasında ilk növbədə orta əsrlərdə Novruz bayramının islami dəyişikliyə uğraması qeyd edilməlidir. İslamiyyət uzun müddət Novruz bayramını unutdurmağa çalışmış, lakin buna muvəffəq ola bilməyəcəyini başa düşdükdə onu öz tarixi ilə əlaqələndirməyə, hətta dördüncü xəlifənin - Əlinin xilafəti ilə bağlamağa cəhd etmişdir. İslam dininin Yaxın Şərq və Orta Asiya ölkələrində, o cümlədən Azərbaycanda hakim mövqe qazandıqdan sonra bu ölkələrdəki xalqların milli adət-ənənələrinə, o cümlədən xalq bayramlarına qarşı mübarizəyə başladığı, ərəb xilafətinin bir sıra el bayramlarını aradan qaldırdığı, lakin bunu türk və qeyri-türk xalqların ortaq sevimli bayramı Novruz üçün etmək istərkən məqsədinə çata bilmədiyi kimi fikirlərlər mövcuddur. Maraqlıdır ki, Novruz bayramı mövzusunda ən ciddi azərbaycanlı tədqiqatçılardan sayılan M.Hatəmi, bunun səbəbini Novruz bayramının öz mahiyyətində deyil, İranın şiə ruhaniliyinin siyasətində görür. “...İranın şiəməslək millətsevər ideoloqları bayramı islamın xətasından qurtarmaq üçün çox ağıllı tərpənirlər. Onlar təhlükənin önünə keçərək, bayramı “qədiri-xumm” (hut ayının 29-da Məhəmməd Peyğəmbərin Əlini öz yerinə canişin təyin etməsi) və Əlinin rəsmi olaraq xilafətə culus etməsi günü kimi qələmə verib ona islami boya, məzmun aşılayırlar”. Alimin fikrincə həmin 2 hadisənin təsadüfən məhz Novruz bayramı ərəfəsində və bayram gününə düşməsindən istifadə edən İran şiə ruhaniliyinin Novruzu islamiləşdirmək təşəbbüsü bu bayramın yaşayaraq tarixdə qalmasına səbəb olmuşdur. Qeyd edilməlidir ki, M.Hatəminin Novruz bayramının ari-fars mənşəli deyil, məhz türk köklü bir bayram olduğunu ehtimal edən maraqlı fərziyyələri də vardır.

Beləliklə, hər hansı səbəblərdən asılı olmayaraq Novruz bayramının heç bir dini - nə zərdüştilik, nə də islam təsirinin altına düşməyərək özünün humanist mahiyyətini yaşatdığı, bu gün də onu bayram edən xalqların təsəvvüründə bütün dinlərdən və təriqətlərdən uzaq ümumxalq bayramı kimi yaşadığı aydındır.

Lakin, tarixin sonrakı inkişafında Azərbaycan xalqı Novruzla bağlı başqa sınaqlara məruz qalır. XIX əsrin əvvəllərində İran-Rusiya müharibələrindən sonra 13 Azərbaycan xanlığının Rusiya imperiyası tərkibinə daxil olması ilə öz torpaqlarında kompakt halda yaşayan azərbaycanlıların iki yerə parçalanması baş verir. Xristian mənşəli, tamamilə fərqli mədəni-mənəvi-dini köklərə malik olan Rusiya hökuməti yeni təbəələrini öz üsuli-idarəsinə uyğun qanunlarla idarə etməyə başlayır, bu dövlətin bir sıra bayramları ilə yanaşı, onun əsas tutduğu təqvim - xristian miladi təqvimi azərbaycanlıların həyatına daxil olur. Beləliklə, uzun əsrlər boyu birgə yaşadıqları İran xalqları və öz cənublu həmvətənlərindən fərqli olaraq Rusiya təbəəliyinə keçmiş azərbaycanlıların həyatında Novruz artıq rəsmi təqvimi yeni ilin başlanğıcı kimi deyil, yalnız el bayramı kimi qeyd olunmağa başlanır.

Burada vurğulamaq lazımdır ki, işğal etdiyi yeni ərazilərdə öz idarəçiliyini tətbiq edən Rusiya hökuməti həmin xalqların həyatına bir sıra əsaslı siyasi-sosial və mənəvi-mədəni dəyişikliklər gətirsə də yerli xalqların milli-dini ənənələrinə dözümlülük nümayiş etdirir. Çar Rusiyası imperiyasının daxilində yaşadığı 100 ildən artıq dövr ərzində Novruz azərbaycanlıların ən çox sevdikləri və geniş qeyd etdikləri bayram olaraq qalır. Qafqazda yaşayan xalqların həyat, təsərrüfat və məişət tərzini, həmçinin adət və ənənələrini öyrənmək məqsədilə rus ziyalıları və çinovnikləri Azərbaycanın ayrı-ayrı əyalət və qəzalarına ekspedisiyalar təşkil edir, görüb eşitdiklərini və öyrəndiklərini müxtəlif məqalələr, toplular şəklində dərc etməyə başlayırlar. Bu növ yazılarda Novruz haqqında da məlumatlar verilir. Məsələn, Tiflisdə çıxan “Qafqaz” qəzetinin 1859-cu il 30-cu nömrəsində “Novruz” haqqında geniş yazı dərc edilib. Bayramın əsasən İranın şah sarayında necə qeyd olunduğuna həsr edilən həmin yazıda onun tarixi kökləri açıqlanır və “islamın İranda təsirinin nə qədər güclü olmasına və xalq arasında başqa çoxsaylı bayramlar haqqında xatirələrin qalmadığına baxmayaraq, qədim tarixə malik olan Novruzun indiyə qədər davam gətirdiyi” qeyd olunur.

Uzun müddət Qafqazda istər rus, istər Azərbaycan dilində dərc olunan elmi yazılarda və mətbuat səhifələrində Novruza həsr edilmiş məqalələr sırf tarixi məzmun daşıyır, Novruza aid rəvayət və hekayətlər nəql edilir, xalqların bu bayramla bağlı oyun və mərasimləri təsvir edilir. 1883-cü ildə Azərbaycan dilində çıxan “Kəşkül” məcmuəsində dərc olunan “Novruz haqqında bir söz” adlı məqalədə Novruzun artıq Azərbaycanla bağlılığı önə çəkilir.

“Novruz” bayramının azərbaycanlıların milli bayramı olması haqqında yazılara XIX əsrin ortalarından başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin Tiflisdə nəşr etdiyi “Qafqaz ərazilərinin və tayfalarının təsviri üçün materiallar toplusu” adlı məcmuələrdə də rast gəlinir. Məsələn, 1900-cu ildə buraxılmış XXVII topluda İrəvan quberniyası Naxçıvan qəzasının Nehrəm kəndinə həsr edilmiş ətraflı yazıda bu kəndin əhalisinin dini mərasimləri və bayramları haqqında məlumat verilir və Novruzun xalq bayramı olduğu qeyd edilir. Məqalə müəllifi Nehrəm məktəbinin müəllimi Kərim bəy İsmayılov kənd camaatının bu bayramla bağlı keçirdiyi mərasimləri təsvir edir.

Bütün sonrakı illərdə də hər yaz bayramı qarşısında Qafqazda çıxan bütün rus və Azərbaycan dilli mətbuatda Novruza aid yazılar dərc olunur, bu bayramın Qafqaz müsəlmanları arasında necə qeyd edildiyi, həmin münasibətlə harada və nə vaxt şənlik mərasimlərinin keçirildiyi bildirilirdi. Qafqazın ən mötəbər rus dilli qəzetlərindən sayılan “Kaspi” qəzeti özünün 1913-cü il 8-9 mart tarixli (köhnə təqvimlə) nömrələrində Teymur bəy Bayrambəyovun “Novruz bayramı” adlı böyük məqaləsini dərc etməklə yanaşı, Bakının müxtəlif tədris müəssisələrində Novruzla əlaqədar keçirilən tədbirlər, ayrı-ayrı müsəlman xeyriyyə cəmiyyətlərinin, o cümlədən “Nəşre-maarif”in bu münasibətlə təşkil etdiyi Novruz bayramı təntənələri haqqında məlumat verir, Novruzla bağlı şəhərdə geniş miqyasda bayram ticarətinin başlanması haqda elanlar dərc edib.

Novruz bayramının XIX əsrin sonları-XX əsrin əvvəllərində Qafqazın azərbaycanlılar yaşayan müxtəlif şəhər və kəndlərində ən geniş şəkildə bayram edildiyini həmin dövrə aid xatirə ədəbiyyatında da görmək olar. Ü.Hacıbəyovun məşhur “Leyli və Məcnun” operasında Məcnunun ilk və 40 ilə yaxın yeganə ifaçısı olan Hüseynqulu Sarabskinin “Köhnə Bakı” adlı kitabı bu baxımdan Bakının həmin dövr ictimai-mədəni həyatı, Bakı camaatı tərəfindən milli bayram və dini mərasimlərin necə qeyd edildiyi və digər bu kimi məsələləri öyrənmək üçün ən qiymətli mənbələrdən hesab oluna bilər. Novruzun keçirilmə mərasiminin günbəgün bütün detalları ilə geniş təsvirini verən H.Sarabskinin bu şəhadəti bir daha sübüt edir ki, artıq neçə onilliklər Rusiya imperiyası daxilində yaşadıqlarına baxmayaraq azərbaycanlılar öz milli bayramları olan Novruzu tam məzmunu - bütün adət və ənənələri, mərasim, oyun, nəğmələri ilə birgə qoruyub saxlamış və rəsmi dövlət səviyyəsində olmasa da azad surətdə və geniş qeyd etmişlər.

1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların bütün siyasi-sosial-iqtisadi və mədəni həyatında bir daha köklü dəyişikliklər baş verir. Kommunist ideologiyasına əsaslanan yeni hökumət öz qayda-qanunları ilə birgə yeni məzminlu bayramlarını da gətirir. Lakin, Azərbaycanın əsasən ruslar, ermənilər və qismən azərbaycanlılardan ibarət olan bolşevik hökuməti ilk gündən dinin dövlətdən ayrıldığını elan edib bir çox dini müəssisələri, o cümlədən şəriət məhkəmələrini ləğv etsə də mövcud şəraiti nəzərə alaraq əhalinin, xüsusilə müsəlman əhalisinin dini görüşlərinə və həmçinin dini bayramlarına müəyyən mənada dözümlülük nümayiş etdirməyə məcbur olur. Odur ki, “inqilabi” bayramlar adlanan yeni bayramlarla yanaşı bir müddət yerli əhalinin - istər müsəlman, istər xristian, qriqorian, katolik və s. milli və dini bayramları hökumət səviyyəsində saxlanılır və rəsmi olaraq istirahət günləri kimi təqvimə salınır. Belə ki, 1920-ci ildə Azərbaycan SSR-in Əmək Xalq Komissarlığı - Qurban, Ramazan, Novruz bayramlarını və Aşura gününü istirahət günləri elan edir.

Gənc sovet respublikalarında istirahət və bayramların müəyyənləşməsi işi tam kamil olmadığından demək olar ki, hər il bu məsələ dövlət və partiya orqanları tərəfindən müzakirə olunur və müvafiq qərarlar çıxarılırdı. 1924-cü ildə əvvəllər 2 gün bayram edilən Novruz və Ramazan bayramlarının hərəsinin bir gün qeyd edilməsi haqda yeni qərar qəbul edilir.

1925-ci ildə həmin məsələyə bir də baxan Azərbaycanın Əmək Xalq Komissarlığı və Azərb.K(b)P rəyasət heyətinin 1925-ci il 14 mart tarixli qərarı ilə Azərbaycanda 10 inqilabi və hər dini qrup üçün (müsəlman, xristian, erməni-qriqorian) 6 dini bayram günü təsdiq edirdi. Lakin Zaqafqaziya Əmək Komissarlığı bu qərarı qəbul etməyərək bayram günlərinin 14 gündən artıq olmaması və bu səbəbdən 8 inqilabi, 6 dini bayram günü təyin edilməsini məqbul sayır. Türklər üçün nəzərdə tutulan bu bayramların siyahısına Novruz bayramı - 21 mart, orucluq bayramı 25 aprel, qurban bayramı - 2 iyul, aşura günü - 31 iyul, Bist-Haştun - 17 sentyabr, Mövlude Nəbi - 30 sentyabr günlərinin istirahət günü olması təklif edilir.

Rusiya Kommunist (bolşeviklər) Partiyasının Zaqafqaziya Vilayət Komitəsi rəyasət heyəti 1925-ci il 27 mart tarixli iclasında bayramlarla bağlı istirahət günləri məsələsini müzakirə edərkən hər Qafqaz respublikası üçün ümumdövlət bayramlarından başqa 2 inqilabi bayram - (26 Bakı Komissarlarının xatirəsi və hər respublikanın sovetləşdirilməsi günü) və “Əmək haqqında Qanunlar Kodeksinin III maddəsinə” əsasən 6 bayram - hər respublikanın milli-dini tərkibi və məişət şəraiti ilə bağlı bayramlarla əlaqədar istirahət günlərinin elan edilməsi qərarını təsdiq edir. Həmin qərarda bu bayramların inzibati qaydada vətəndaş və ya inqilabi bayramlarla əvəz edilməsinə yol verilmədiyi xüsusi vurğulanır və Azərbaycan hökumətinə respublikada bu günlərlə bağlı yeni istirahət günlərini müəyyənləşdirmək tapşırılır.

Qeyd olunmalıdır ki, yuxarı orqan sayılan RK(b)P ZVK-nin dini bayramların inzibati qaydada vətəndaş bayramı ilə əvəz edilməsinin yolverilməz olduğu barədə xəbərdarlığına baxmayaraq həmin qərarı müzakirə edən Az.K(b)P Mərkəzi Komitəsi 1925-ci il 1 aprel tarixli iclasında Əmək Xalq Komissarlığının verdiyi təqdimata əsasən türk (Azərbaycan), rus və erməni əhalisi üçün bayram-istirahət günlərini müəyyənləşdirərkən hər dini qrupun bir dini bayramını - türklər üçün “Bist-Həştun” gününü, rus və ermənilərin “Voznesenie” gününü ləğv edir, rus və erməni pasxa günlərini isə birləşdirir. Hər milli qrupun dini bayramlarından qalan bir gün isə 2 may tarixdə vətəndaş bayramı kimi istirahət günü elan edilir.

Bu sənədlərdən aydın olur ki, Novruz türklərin istirahət-bayram günləri siyahısında birinci göstərilsə də bu bayram müsəlman əhalisinin dini bayramları sırasına daxil edilirdi. Bir müddət sonra bu məqam Novruzun rəsmi bayram kimi keçirilməsinə öz mənfi təsirini göstərir.

Zaman keçdikcə kommunist ideologiyasının ayrılmaz tərkib hissəsi olan ateist dünyagörüşü öz mövqeyini möhkəmlədir və rəsmi dövlət siyasəti formasında həyata keçirilir. 1920-ci ilin ortalarından güc toplayan ateist təbliğat din əleyhinə fəal və məqsədyönlü mübarizəyə çevrilir. Bu məqsədlə 1925-ci ildə ölkədə “Allahsızlar İttifaqı” adlı ictimai cəmiyyət yaradılır, 1929-1930-cu illərdə bu cəmiyyət artıq “Mübariz Allahsızlar İttifaqı” adlanmağa başlanır, hətta Azərbaycanın ən məşhur satirik jurnalının - “Molla Nəsrəddin” məcəlləsinin, onun əvəzsiz naşiri və redaktoru Cəlil Məmmədquluzadənin iradəsinin xilafına olaraq, adı dəyişdirilir və jurnal bu İttifaqın mətbu orqanı kimi “Allahsız” adı ilə buraxılır.

Din əleyhinə başlanan və bir qədər üstüörtülü, yumşaq şəkildə aparılan bu mübarizə 1929-cu ildən açıq və kəskin şəkil alır. Sırf islam dini mərasimlərinə, ilk növbədə məhərrəmliyə qarşı elan edilmiş müharibə digər dini bayramlara və bu bayramlar sırasına salınmış Novruza da şamil edilir. 1929-cu ildə AK(b)P-nin Bakı komitəsinin 13 fevral tarixli iclasında “Ramazan və Novruz bayramlarına qarşı Kampaniyanın keçirilməsi” adı ilə qəbul edilən sənəd Novruzun rəsmi şəkildə hər hansı formada qeyd olunmasına qadağa qoyur. 6 fevraldan 23 marta qədər keçirilməsi nəzərdə tutulan bu tədbirlər planında 7-14 mart günləri “zərbəçi” həftə elan edilərək bütün istehsalat sahələrində, fəhlə və digər klublarda, “Allahsızlar ittifaqının” yerli özəklərində, mətbuatda, məktəblərdə, kitabxana və qiraətxanalarda tədbirlər keçirmək, dinin, o cümlədən islam dininin “sosializm quruculuğu yolunda maneə olduğunu izah etmək, islamın və onun bayramlarının sinfi, “irticaçı” mahiyyətini ifşa etmək, onların mənşəyini və zərərli mahiyyətini göstərmək” zəruri sayılır. Geniş zəhmətkeş kütlələrin, xüsusilə türk qadınlarının “Allahsuzlar İttifaqına” cəlb olunması, çadraların atılması və s. kimi ümumi vəzifələr irəli sürülən bu kampaniyanın əsas şüarları arasında artıq Ramazan və Novruz bayramlarının istirahət günündən adi iş gününə çevrilməsi tələbi, həmin bayram günlərində türk məktəblərində tam tədris məşğələlərinin keçirilməsinə nəzarət kimi dəqiq və konkret tapşırıqlar var idi.

Bütün bunlar sovet Azərbaycanının partiya və hökumət orqanlarının dinlə mübarizə adı altında ardıcıl şəkildə Azərbaycan xalqının bütün milli bayramlarını da tədriclə onun həyat və məişətindən çıxarmaq, onları xalqın həyatına zorla tətbiq edilən yeni inqilabi və sosialist ruhlu bayramlarla əvəz etmək siyasəti yeritdiyini göstərirdi. Təsadüfi deyil ki, bu siyasətin nəticəsində artıq 1930-cu illərdən başlayaraq Novruz bayramı nəinki rəsmi şəkildə, dövlət səviyyəsində qeyd olunmur, hətta bu barədə bayramqabağı ölkə mətbuatında hər hansı şəkildə müsbət xarakterli yazılar dərc etmək təcrübəsinə son qoyulur.

Lakin Novruza qarşı rəsmi surətdə, hökumət səviyyəsində son dərəcə mənfi münasibətə və onun açıq qeyd edilməsinə qoyulan qadağalara baxmayaraq bu bayram Azərbaycan xalqı arasında yaşamaqda və öz məzmununu saxlamaqda davam edirdi. Sırf məişət zəminində bayram edilən Novruzun bir sıra ayrılmaz atributları - axır çərşənbələrin keçirilməsi, səməni qoyulması, tonqallar qalanması, evlərdə bayram süfrələri açılması, insanların bayram günlərində bir-birinə qonaq getməsi öz əhəmiyyətini saxlayır, bu bayramla bağlı mərasimlər, şeirlər, nəğmələr və s. isə artıq “Novruz” deyil, “Bahar bayramı”, “Yaz bayramı” adı ilə bu və ya digər səviyyədə Azərbaycan ədəbiyyatında, məktəb dərsliklərində əks etdirilir.

1950-ci illərin ortalarından başlayaraq Stalinin ölümündən sonra ölkədə yaranan yeni siyasi-ictimai şəraitdə bütün Sovet İttifaqında olduğu kimi Azərbaycanda da milli xarakterli bir sıra məsələlərlə - dil, tarix, ədəbiyyat və s. - yanaşı milli bayramlar, o cümlədən Novruz mövzusu da gündəmə gəlir.

Ölkədə siyasi-ictimai iqlimin yumşalmasından istifadə edən Azərbaycan ziyalıları ehtiyatla olsa da yenidən Novruz bayramı mövzusunda mətbuat səhifələrində müxtəlif söhbətlər açır, bu sahədə elmi araşdırmalara başlayırlar. Məcburi olaraq marksizm-leninizm metodologiyası çərçivəsində yazılan Azərbaycan xalqının adət və ənənələri, bayram və mərasimlərinin tarixinə həsr edilən elmi ədəbiyyatda tədricən bahar bayramının məhz Novruz adı ilə xalqa qaytarılması məsələsi qoyulmağa başlayır.

Burada bir haşiyəyə çıxaq ki, Orta Asiyanın Sovet respublikalarında Novruz bayramının qeyd edilməyə başlamasını bu ölkələrin tarixçiləri 1960-cı ildə Sovet dövlətinin o zamankı rəhbəri N.S.Xruşovun Hindistana səfəri ilə bağlayırlar. Bu ölkənin baş naziri Cəvahirləl Nehru ilə görüşündə Nehru N.S.Xruşova SSRİ-nin müsəlman respublikalarında Novruz bayramının qeyd edilib-edilmədiyi barədə sual verir. N.S.Xruşov, bu bayram haqqında məlumatı olmadığından sovet nümayəndə heyətinin tərkibində olan Özbəkistan KP MK-nın birinci katibi Ş.Rəşidovu çağırır və onu bu söhbətə cəlb edir. Bayramın tarixi və mahiyyəti haqda qısa məlumat aldıqdan sonra həmin səfərdən qayıdan ölkə rəhbərinin razılığı ilə Mərkəzi Asiya respublikalarında Novruz şənliklərinin keçirilməsinə rəvac verilir.

Beləliklə, bir tərəfdən bütün SSRİ məkanında siyasi-ictimai mühitin yumşalması, digər tərəfdən məhz bu şəraitin nəticəsi olaraq 1950-cı illərin sonlarında Azərbaycan rəhbərliyinə milli ruhlu, açıq düşüncəli adamların gəlməsi respublikanın bütün siyasi-ideoloji və mənəvi həyatında əsaslı bir dönüş yaradır və milli oyanış, milli dirçəliş prosesinin başlangıcını qoyur.

1966-cı ildə Ə.Məmmədov və H.Quliyevin “Xalq adətləri və yeni sovet mərasimlərinin mədəni-maarif müəssisələrində təbliği” çərçivəsində yazdıqları “Azərbaycan adət və ənənələri” kitabı nəşr olunur və Azərbaycan xalqının qədim adət və bayramları arasında Novruza xüsusi diqqət verilir. Müəlliflər bu bayramın “adamlarda bir sıra gözəl insani hisslər aşıladığı üçün böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu” və bu səbəbdən onu “daha yaxşı və təntənəli qeyd etmək məqsədi ilə yeni tədbirlər görməyin vaxtı çatdığını” qeyd edirlər. Bu zaman həmin məsələnin qonşu sovet respublikalarında artıq həll edildiyi nəzərə çatdırılır, bu işdə “Orta Asiya respublikalarının və RSFSR-in təcrübəsindən istifadə etmək” məsləhət görülür. Moskva şəhərində 1957-ci ildən “Maslennitsa” adı ilə yazın qarşılanması münasibətilə çoxgünlü bayram təntənələri, Daşkənddə 1964-cü ildən başlayaraq “Yaz bayramı” kimi Novruz bayramının keçirildiyini vurğulayan alimlər “bu bayramların öz məzmunu və mərasimləri etibarı ilə azərilərin novruz bayramını xatırlandığını” bildirirlər.

Aydındır ki, Azərbaycanın partiya və hökumət orqanlarının razılığı olmadan bu ruhda hər hansı yazıların və xüsusilə kitabların nəşrinə icazə verilməzdi. Mətbuatda, elmi ədəbiyyatda Novruzla bağlı yazılar, tədqiqatlar geniş yer almağa başlayır, əhali bu bayramı artıq çəkinmədən rahat qeyd edir və bu proses 1967-ci ildə Novruzun yarırəsmi şəkildə bütün respublika miqyasında bayram təntənələri kimi keçirilməsi ilə özünün ən yüksək mərhələsinə çatır.

Lakin bu mərasimin əhali arasında doğurduğu son dərəcə ruh yüksəkliyi bir tərəfdən, ölkənin dəyişməkdə olan siyasi ab-havası, digər tərəfdən mərkəzi hökuməti qayğılandırır, “beynəlmiləlçilik” və sosialist ideyaları yenidən ön plana çəkilərək hər hansı milli hisslərin, düşüncələrin, bayramların və ümumən milli siyasətin yüksəlişinin qarşısı bütün vasitələrlə alınır. Novruz bayramı yenidən əhalinin məişət səviyyəsində qeyd edilən bayramına çevrilir və 1990-cı illərin əvvəlinə - Azərbaycan öz müstəqilliyini bərpa edənə qədər belə davam edir.

1991-ci ildən başlayaraq Novruz müstəqil Azərbaycan Respublikasında yenidən rəsmi dövlət bayramları cərgəsinə daxil edilmişdir və hər il bir neçə istirahət günü kimi geniş qeyd edilir. Həmin günlər Azərbaycanın bütün şəhər və rayonlarında istər rəsmi, istər qeyri-rəsmi şəkildə kütləvi Novruz mərasimləri keçirilir. Azərbaycan Respulikasının Prezidenti xalqı rəsmi şəkildə Novruz bayramı münasibətilə təbrik edir, sonra dövlət adamları, tanınmış ziyalılar ilə birlikdə xalq arasında gəzintiyə çıxır, bayram şənliklərinə tamaşa edir. Uzun əsrlərdən bəri bütün maneə və qadağalara baxmayaraq Novruz ənənələrini qorumuş və yaşatmış Azəraycan xalqı bu gün yenə də Novruzu el adəti üzrə böyük sevinc, fərəh və məhəbbətlə bayram edir.

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

tarix elmləri doktoru, professor

Azərbaycan.-2015.- 20 mart.- S.5-7.