Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə
qaldıran alim
Bu gün mart ayının 20-də, xalqımızın Novruzu qarşıladığı bahar təravətli əlamətdar bir gündə görkəmli alim, tanınmış ictimai xadim, riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun anadan olmasının 85 ili tamam olur. Adı Azərbaycanın elmi və ictimai fikir tarixinə əbədi həkk olunmuş akademik Fəraməz Maqsudovun elmi, elmi-təşkilati, pedaqoji, ictimai və mədəni istiqamətləri özündə birləşdirən geniş fəaliyyəti bütövlükdə XX əsrin sonunda - müstəqillik uğrunda xalqımızın mübarizə meydanlarına atıldığı mürəkkəb bir tarixi şəraitdə Azərbaycan elmi və ictimai düşüncəsinin inkişafında müstəsna rol oynamışdır.
Elmi fikir tariximizin XX əsr mərhələsi özündə neçə-neçə parlaq simaları, məşhur ad və imzaları birləşdirir. Onların sırasında akademik Fəraməz Maqsudovun xüsusi yeri var. Bu mövqeyin müstəsnalığı ilk növbədə onunla şərtlənir ki, riyaziyyat elmi sahəsində görkəmli alim olan akademik Fəraməz Maqsudov həm də öz sanballı ziyalı sözü, prinsipial vətəndaş mövqeyi ilə ictimai-siyasi hadisələrin gedişinə təsir edə bilən bir vətəndaş - ziyalı, sözün əsl mənasında şəxsiyyət idi.
Onu akademiklik zirvəsinə aparan yol olduqca zəngindir.
Fəraməz
Maqsudov 1930-cu il martın 20-də
Naxçıvan şəhərində fəhlə ailəsində
dünyaya göz açmışdır. Uşaqlıq
illərindən elmə həvəsi,
çalışqanlığı, həmçinin
yaşına görə qeyri-adi müstəqilliyi, məntiqi
düşüncəsi onu yaşıdlarından fərqləndirmiş,
riyaziyyat və fizika kimi dəqiq elmlərlə yanaşı,
tarixə, ədəbiyyata, poeziyaya böyük marağı
onda zəngin dünyagörüşün
formalaşmasında mühüm rol oynamışdır.
O, 1948-ci
ildə Naxçıvan şəhər orta məktəbini,
1954-cü ildə Azərbaycan Dövlət Universitetinin
Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə
fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti
bitirəndən sonra funksional analiz ixtisası üzrə Azərbaycan
EA-nın Fizika və Riyaziyyat İnstitutunun aspiranturasına qəbul
olunmuşdur. Əmək fəaliyyətinə
başladığı dövrdən AMEA-nın prezidenti vəzifəsinə
seçilənə qədər Riyaziyyat və Mexanika
İnstitutunda işləmişdir. 1957-ci ildə,
aspiranturanı bitirdikdən sonra Fəraməz Maqsudov institutun
riyaziyyat bölməsinə kiçik elmi işçi vəzifəsinə
qəbul edilir. 1959-cu ilin may ayında
“Özü-özünə qoşma olmayan diferensial
operatorların məxsusi və qoşma funksiyalarının
spektrinin diskretlik və tamlıq kriteriyaları” mövzusunda
namizədlik dissertasiyasını müdafiə edir, bir il sonra Riyaziyyat və Mexanika İnstitutunun
Funksional analiz şöbəsinin böyük elmi
işçisi vəzifəsinə təyin edilir.
1964-cü ildə Fəraməz Maqsudov Riyaziyyat və
Mexanika İnstitutunun direktorunun elmi işlər üzrə
müavini, 1974-cü ildə institutun direktoru vəzifəsinin
icraçısı təyin edilir. 1976-cı ildə Azərbaycan
SSR EA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin
ümumi yığıncağının qərarına əsasən
o, institutun direktoru vəzifəsinə təsdiq olunur.
Gərgin elmi axtarışların, əldə olunan zəngin
elmi uğurların nəticəsi olaraq alim 1976-cı ildə
Azərbaycan Elmlər Akademiyasının müxbir
üzvü, 1980-ci ildə həqiqi üzvü seçilir.
1974-cü
ildən ömrünün sonuna qədər Fəraməz
Maqsudov Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik
etmiş, respublikada riyazi elmlərin və onların tətbiqinin
təşkili sahəsində xeyli iş
görmüşdür. İnstitut kollektivinin əldə
etdiyi nəzəri nəticələrin istehsalata tətbiqi
üzrə işlərə daha fəal cəlb edilməsinə
xüsusi diqqət yetirərək elm ocağının
qazandığı uğurlara sanballı töhfə
vermişdir.
Fəraməz Maqsudovun aldığı bir sıra
mühüm elmi nəticələr SSRİ EA Rəyasət
Heyətinin və SSRİ EA-nın Riyaziyyat Bölməsinin
hesabatlarında dəfələrlə qeyd edilmişdir. Riyaziyyatın
və mexanikanın bir sıra sahələrində əldə
etdiyi fundamental nəticələr onu təkcə ölkəmizdə
deyil, beynəlxalq aləmdə də yaxşı
tanıtmışdı.
1981-ci ildən
Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat və
Texnika Elmləri Bölməsinə, 1997-ci ildən isə Azərbaycan
Elmlər Akademiyasına rəhbərlik edən akademik Fəraməz
Maqsudov özünü bacarıqlı elm təşkilatçısı
kimi göstərmiş və akademiyanın institutları ilə
ölkənin və dünyanın bir çox elm mərkəzləri
arasında çoxşaxəli elmi əlaqələrin
yaranmasında, elmi-tədqiqat institutlarının strukturunun təkmilləşməsində
və müasirləşməsində, onların fundamental tədqiqatlarla
yanaşı, tətbiqi əhəmiyyətli problemlərin həllində
fəal iştirakının təşkilində böyük
rol oynamışdır.
Həmin illərdə Riyaziyyat və Mexanika
İnstitutunda Azərbaycan üçün artıq
çoxdan ənənəvi hesab olunan funksional analiz,
diferensial tənliklər və funksiyalar nəzəriyyəsi
sahəsində bir sıra yüksək səviyyəli elmi nəticələr
əldə olunmuşdur. Bütöv mühit mexanikası sahəsində
institutun əldə etdiyi nailiyyətlər isə hətta ən
optimist mexaniklər və riyaziyyatçılar
üçün də gözlənilməz olmuş, nisbətən
qısa müddət ərzində institutda mexaniklərdən
ibarət güclü kollektiv yaranmış və həmin
kollektiv mexanikanın aktual nəzəri və tətbiqi sahələrinin
problemlərini həll etmişdir. Təsadüfi
deyil ki, 1983-cü ildə Fəraməz Maqsudovun rəhbərliyi
altında mexaniklərin bir qrupunun nəhəng energetika sistemlərinin
dözümlüyünün tədqiqi üçün
işləyib hazırladıqları metod həmin
dövrün ən yüksək mükafatlarından biri olan
SSRİ Nazirlər Sovetinin mükafatına layiq
görülmüşdür.
Diferensial tənliklər nəzəriyyəsi sahəsində
olan işlər Fəraməz Maqsudovun
yaradıcılığında xüsusi yer tutur. Hilbert fəzasında
operator-diferensial tənliklərin həlli üçün
verdiyi incə metodun köməyi ilə, xüsusi halda, azalan əmsallı
Şredinger operatorunun məxsusi ədədlərinin
yoxluğu üçün yeni kriteriya vermişdir ki, bu da,
T.Katonun kriteriyasından fərqli olaraq, daha geniş sinif məsələlərin
tədqiqində tətbiq olunur. Onun təklif
etdiyi metodun köməyi ilə ikinci tərtib operator-diferensial
tənliklər üçün qoyulmuş Koşi məsələsinin
həllinin energetik qiymətləndirmələri
alınmış və bunlar geniş sinif evolyusiya tənlikləri
və xüsusi törəməli tənliklər sistemi
üçün qoyulmuş başlanğıc-sərhəd məsələsinin
həllini asimptotik tədqiq etməyə imkan vermişdir.
1999-cu ildə
akademik Fəraməz Maqsudovun ingilis dilində müasir qeyri-xətti
analiz və qeyri-xətti diferensial tənliklər nəzəriyyəsinə
həsr edilmiş “Abstracts of Mathematics. Selected topics”
(“Riyaziyyatda abstraksiya və seçilmiş məsələlər”)
və akademik Akif Hacıyevlə birlikdə yazdığı
“Sferik ayrılışın rəqs edən
multiplikatorları” monoqrafiyaları nəşr edilmişdir.
Fəraməz Maqsudovun bütöv mühit
mexanikasının riyazi problemlərinə həsr olunmuş
bir sıra işlərində elastiklik və xətti
özlü-elastiklik xassələrinə malik olan cisimlər və
qeyri-stasionar dinamik məsələlərin həllərinin
orijinalları üçün ilk dəfə olaraq
“uyğunluq prinsipi” ideyası irəli
sürülmüşdür. Onun və tələbələrinin
bu sahədə təklif etdikləri orijinal həll
üsulları Laplas çevirməsi və kontur inteqralı nəzəriyyələrinə
bir sıra əhəmiyyətli yeniliklər gətirmişdir.
Akademik Fəraməz Maqsudov ömrü boyu gənclərə
böyük qayğı göstərmiş, elmə gənc,
istedadlı tədqiqatçıların gəlməsini daim
diqqətdə saxlamışdır. Onun elmi rəhbərliyi
altında 100-dən artıq namizədlik və doktorluq
dissertasiyası müdafiə olunmuşdur.
O, 300-dən
çox elmi əsərin, 11 monoqrafiya və dərsliyin müəllifidir.
Alim elmi nəticələrini bir çox mötəbər
elmi seminarlarda, beynəlxalq konfrans və simpoziumlarda müvəffəqiyyətlə
məruzə etmişdir.
Fəraməz Maqsudov həm də elmin yorulmaz təbliğatçısı
idi. Onun bilavasitə rəhbərliyi və fəal
iştirakı ilə məktəblərdə riyaziyyat üzrə
olimpiadalar keçirilirdi, Azərbaycan dilində elmi-kütləvi
ədəbiyyat buraxılırdı, məktəblilər və
tələbələrlə görüşlər və
televiziya verilişləri təşkil olunurdu.
O,
1986-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı
ilə yüksəkixtisaslı kadrlar
hazırladığına və elmdə böyük nailiyyətlərinə
görə “Xalqlar dostluğu” ordeni ilə təltif
olunmuşdur. Bir sıra tətbiqi əhəmiyyəti olan məsələlərin
həllinə görə ona 1994-cü ildə Hacı
Zeynalabdin Tağıyev adına mükafat
verilmişdir. O, Azərbaycanın “İstiqlal” ordeni ilə də
təltif olunmuşdur.
Fəraməz Maqsudov təmənnasız və qeyri-adi
xeyirxah bir insan olması ilə də fərqlənirdi. Azərbaycanın müstəqilliyinin
bərpasından sonrakı ilk illərdə, ölkəmizdə
siyasi və iqtisadi sabitliyin pozulduğu, elmin və alimlərin
sosial vəziyyətlərinin çətin olduğu dövrdə
Türkiyə Cümhuriyyətinin ali məktəblərinin
rektorları ilə yaxından əlaqə saxlayır,
nüfuzlu Azərbaycan alimlərinin qardaş ölkənin ali
məktəblərində onlar üçün əlverişli
olan vəzifələrdə çalışmalarına hər
cür şərait yaradırdı. Həmin
alimlərin əksəriyyəti ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışından və
iqtisadi tərəqqi dövründən başlayaraq vətənə
döndü. Bəziləri isə indi də
xarici ölkələrdə fəaliyyətlərini uğurla
davam etdirirlər.
Fəraməz
Maqsudov 1995-ci ildə Milli Məclisin üzvü, 1997-ci ildə
Azərbaycan-Amerika Mədəniyyət, Elm və
İqtisadiyyat Mərkəzinin həmsədri, İslam
Akademiyasının həqiqi üzvü və Azərbaycan
Elmlər Akademiyasının prezidenti seçilmişdir.
O, Elmlər
Akademiyasına mürəkkəb bir dövrdə rəhbərlik
etməyə başlamışdır. Bu elə
bir dövr idi ki, cəmiyyətin bütün
sferalarını əhatə etmiş xaos Azərbaycan elminə
də təsirsiz ötüşməmişdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində
baş verən proseslər, yeni transformasiyalar müstəqil
Azərbaycanın yeni doktrinasını, prioritetlərini
müəyyənləşdirmək zərurətini ortaya
çıxarmışdı. Müstəqil
Azərbaycanın həm ideoloji, həm siyasi, həm də
iqtisadi sferalarında mövcud problemlərini müəyyənləşdirmək
və həlli yollarını göstərmək ilk növbədə
elmin vəzifəsi idi. Təəssüf
ki, həmin illərdə Azərbaycan elminin
düşdüyü ağır vəziyyət bu
funksiyanı yerinə yetirməyə imkan vermirdi. Həmin dövrdə ölkədə
yaranmış böhranla əlaqədar dövlətin
elmi-texniki fəaliyyəti maliyyələşdirə bilməməsi
Azərbaycan elmində yaranmış problemləri daha da dərinləşdirmişdir.
Elmi kadrların hazırlanması və istifadəsi,
elmi əməyin bazar iqtisadiyyatının tələblərinə
uyğun olaraq qiymətləndirilməsi, elmi nəticələrin
tətbiqi, nəşriyyat fəaliyyətinin pozulması elmi
potensialın zəifləməsinə səbəb olmuşdu.
Belə
bir mürəkkəb şəraitdə xalqın təkidi ilə
Azərbaycanda hakimiyyətə qayıdan ümummilli lider Heydər
Əliyevin birbaşa səyi sayəsində həyata
keçirilən tədbirlər nəticəsində tez bir
zamanda elmdə tənəzzül prosesinin
dayandırılmasına nail olundu və tədricən Azərbaycan
Milli Elmlər Akademiyası yeni inkişaf mərhələsinə
qədəm qoydu.
Ötən əsrin 90-cı illərinin əvvəllərində
bəziləri Azərbaycanın intellektual beyin mərkəzi,
müqəddəs elm məbədi olan akademiyanı
bağlamaq istəyirdilər. Məhz ümummilli
lider Heydər Əliyevin sayəsində milli intellektual
potensial darmadağın olmaqdan qurtula bildi. Belə bir həlledici məqamda böyük
nüfuz sahibi olan Fəraməz Maqsudov akademiyanın prezidenti
kimi məsul vəzifəyə seçildi.
O dövrdən başlayaraq xaricə üz tutan alimlərimiz tədricən geri qayıdır, Elmlər Akademiyasının fəaliyyətində canlanma baş verir, yeni istiqamətlər müəyyənləşirdi. Bu dönəmdə görkəmli alimin elmi istedadı və təşkilatçılıq bacarığı özünü daha aydın şəkildə büruzə verdi. Akademik Fəraməz Maqsudov böyük məharətlə müxtəlif profilli elmi müəssisələri idarə etdi, akademiyanı Azərbaycanda elmi tədqiqatların əlaqələndirilməsi üzrə həqiqi bir elm mərkəzinə çevirdi. Elmlər Akademiyasının tarixində bu dövr təkcə maddi-texniki bazanın gücləndirilməsi, kadrların seçilməsi kimi çətin təşkilatçılıq məsələlərinin həlli ilə deyil, həm də fundamental təbiət və ictimai elmlərin genişlənməsi və dərinləşməsi ilə də səciyyələnir.
1997-ci il yanvarın 31-də Heydər Əliyev Elmlər Akademiyasının aparıcı alimlər qrupunu qəbul edərək elm sahəsində islahatlar aparılmasının vacibliyini təsdiqləyib respublikada elmin inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirmişdir. Bu tarixi görüşdən sonra akademik Fəraməz Maqsudovun rəhbərliyi ilə AMEA-nın Rəyasət Heyəti ulu öndərin tövsiyələrini rəhbər tutaraq akademiyada islahatların aparılması, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın hazırlanması sahələrinə dair qərarlar qəbul etdi və tədbirlər həyata keçirdi. Eyni zamanda, “Elmin strateji inkişafı və Azərbaycanın Milli Elmlər Akademiyasında islahatlar” konsepsiyası hazırlandı. Məhz Fəraməz Maqsudovun rəhbərliyi ilə həyata keçirilən bu tədbirlərin nəticəsi idi ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında bu il 70 illik yubileyi təntənə ilə qeyd olunacaq Azərbaycan Milli Elmlər Akademiyasının hazırkı nailiyyətlərində, uğurlarında Fəraməz Maqsudovun xüsusi xidmətləri olmuşdur. Elmə təmənnasız xidmət bu görkəmli alimin, gözəl insanın, əsl vətəndaş-ziyalının, ictimai xadimin - akademik Fəraməz Maqsudovun xatirəsi Azərbaycan elmi ictimaiyyətinin, bütövlükdə xalqımızın qəlbində daim yaşayacaqdır. Onun alim və vətəndaş-ziyalı kimi əsl qiyməti ümummilli lider Heydər Əliyevin sözlərində bütün dolğunluğu ilə əks olunmuşdur: “Fəraməz Maqsudov şərəfli həyat yolu keçmiş, Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərmiş, ölkəmizin həyatında, onun bütün sahələrində, ictimai-siyasi həyatında fəal iştirak etmiş Azərbaycanın dəyərli insanlarından biridir. Azərbaycanda böyük riyaziyyatçılar məktəbi yaranmışdır. Bu məktəbin ən görkəmli nümayəndələrindən və Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alimlərdən biri Fəraməz Maqsudov olmuşdur. Fəraməz Maqsudov ona həvalə edilən bütün yerlərdə vicdanla çalışmış, öz əməyi, biliyi, istedadı ilə, yalnız və yalnız özünə məxsus olan xüsusiyyətləri ilə elmdə yüksəlmiş, elmimizi inkişaf etdirmişdir”.
Akif ƏLİZADƏ,
Akademik
Azərbaycan.-2015.- 20 mart.- S.15.