Prezident İlham Əliyev Venesuelanın Azərbaycanda

 yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Venesuela Bolivar Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amenothep Zambrano Kontrerasın etimadnaməsini qəbul edib.

Səfir Amenothep Zambrano Kontreras fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Amenothep Zambrano Kontreras etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. İqtisadi sahədə əməkdaşlığa toxunan Prezident İlham Əliyev bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün investisiya və birgə fəaliyyətlə bağlı müxtəlif layihələrin önəmini vurğulayaraq bu istiqamətdə səfirin uğurlu aparacağına ümidvar olduğunu dedi.

Səfir Amenothep Zambrano Kontreras Venesuela Prezidenti Nikolas Maduronun beynəlxalq təşkilatlarda Azərbaycanın ölkəsinə verdiyi dəstəklə bağlı minnətdarlığını Prezident İlham Əliyevə çatdırdı. Səfir paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən qeyri-neft sektorunda, mədəniyyət və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın önəmini vurğuladı.

 

Azərbaycan.-2015.- 30 mart.- S.2.