“Cənub”
qaz dəhlizi uğurla reallaşır
Prezident İlham ƏLİYEV: “Görülən bu işlər Azərbaycanın
geosiyasi əhəmiyyətini
artıracaq və bizim gücümüzü
də artıracaq, təsir imkanlarımız
da artacaq”
Azərbaycan əlverişli coğrafi məkanda yerləşməsi,
təbiətinin füsunkarlığı
ilə yanaşı, həm də əsrlər boyu özünün zəngin
təbii sərvətləri
ilə dünyada tanınıb. Və elə buna görə də tarixin müxtəlif dönəmlərində işğala
məruz qalan xalqımız yalnız XX
əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa
etdikdən sonra öz təbii sərvətlərinə də
sahib çıxdı. Ulu öndər Heydər Əliyevin müəyyən
etdiyi konsepsiya əsasında formalaşan
Azərbaycanın yeni
neft strategiyası və ümumən enerji siyasəti təbii sərvətlərimizi
xalqımıza qaytardı.
Hələ 1994-cü ildə “Əsrin
müqaviləsi”nin imzalanmasından sonra hasil edilən neftin hansı yolla dünyaya çıxarılması məsələsi
uzun müddət müzakirə mövzusu olaraq qalırdı. Bu məsələdə maneçilik törətmək
istəyənlər də
çox idi və onlar hər
vəchlə bu prosesin qarşısını
almağa çalışırdılar.
Lakin bütün məqamlarda ulu öndər Heydər Əliyevin və onun layiqli
siyasi davamçısı
Prezident İlham Əliyevin qətiyyəti,
prinsipiallığı Azərbaycanın
yeni neft strategiyasının zəfərini
təmin etdi. Bu gün neftdən
gələn pullar müstəqil Azərbaycan
dövlətinin inkişafına,
qüdrətlənməsinə, vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət
edir.
Lakin Odlar diyarı olan Azərbaycan təkcə neftlə zəngin deyil. Belə ki, Xəzərin
Azərbaycana aid hissəsində
böyük təbii qaz ehtiyatları da mövcuddur və bunu son illərdə aparılan kəşfiyyat işlərinin
uğurlu nəticələri
də təsdiq edir. Bu mənada
təsadüfi deyil ki, neft sahəsində
bütün iri layihələr icra edildiyi üçün
son illərdə Azərbaycan
özünün enerji
siyasətini həm də qaz amili
üzərində qurur.
Xatırladaq ki, hələ
1999-cu ildə “Şahdəniz”
qaz yatağının
kəşfi və buradan hasilatın başlaması isə ölkəmizin enerji təhlükəsizliyinin təmin
olunmasında və dünya enerji bazarında böyük hadisəyə çevrildi.
Bunun nəticəsi olaraq respublikamızda təbii qaz hasilatı əhəmiyyətli dərəcədə
artdı.
5 il əvvəl
Azərbaycan neftçiləri
və mütəxəssisləri
tərəfindən aşkarlanan
“Ümid” yatağı
ölkəmizin enerji potensialının dünya
bazarlarına təqdim
edilməsi üçün
böyük hadisə
oldu. “Ümid”
yatağının kəşf
olunması Azərbaycanın
dünyada təkcə
neft yox, eyni zamanda, təbii
qazla zəngin olan dövlət imicini də yaratdı. Digər tərəfdən bu yataq ölkəmizi
istəməyənlər tərəfindən
Azərbaycanın qaz ehtiyatları barədə
təhrif olunan informasiyalara son qoydu.
2011-ci ildə - Azərbaycanın
dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümü
ərəfəsində Xəzərdən
gələn xoş xəbər xalqımızı
dərindən sevindirdi,
qürurlandırdı. Dənizin Azərbaycan
sektorundakı “Abşeron”
blokunda aparılan qazma və kəşfiyyat
işləri nəticəsində
burada böyük qaz yatağının olduğu aşkar edildi. Yataqda kəşf edilən
qaz ehtiyatları Azərbaycanın enerji potensialına böyük
dəstək verir.
Gələcəkdə buradan hasilatın
başlaması nəticəsində
respublikamızın qaz
ixracı daha da artacaq.
Dünyada yeni müharibə ocaqlarının yaranması,
ölkələr arasında
enerji daşıyıcılarının
nəqli sahəsində
problemlərin və mübahisələrin yaşanması
ayrı-ayrı dövlətlərdən
enerji təhlükəsizliyi
üçün daha ciddi düşünməyi,
xüsusən alternativ
nəql sistemlərinin
yaradılması ilə
mövcud ideyaların
reallaşdırılması istiqamətində əməli
hərəkətə keçməyi
tələb edir. Bu baxımdan zəngin qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dövlətlərin
diqqətini cəlb edib. Azərbaycan rəhbərliyi qaz
nəqli marşrutlarının
şaxələndirilməsi ilə bağlı səslənən təklifləri
dəstəkləyib, xüsusən
bu sahədə müxtəlif layihələr
üzərində baş
sındıran Avropa İttifaqının enerji
təhlükəsizliyinə töhfələr verməyə
hazır olduğunu hər zaman bəyan edib. Ona görə bir çox ölkələrin
enerji təhlükəsizliyinin
təminatına böyük
töhfələr verən
respublikamız elə
buna görə də dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirib. Son
illərdə bu istiqamətdə baş verən və gələcəkdə Avropanın
enerji xəritəsinə
ciddi korrektələr
edəcək hadisələr
həm də Azərbaycanın enerji siyasətinin böyük uğurlarıdır.
Hələ 2013-cü ilin sonlarında Bakıda “Şahdəniz” yatağının işlənilməsinin
ikinci mərhələsinə
dair yekun investisiya qərarının
imzalanması Azərbaycan
qazının Avropa bazarlarına çıxarılması
istiqamətində ilk mühüm
addım idi. Bununla da
Azərbaycanın enerji
siyasətində yeni dövrün başlanğıcı
qoyuldu. 2014-cü il sentyabrın 20-də
isə Azərbaycanın
yeni tarixinə və enerji siyasətinə qızıl
hərflərlə yazılan
başqa bir möhtəşəm hadisə
baş verdi: “Əsrin müqaviləsi”nin
20 illik yubileyində müxtəlif dövlət
və hökumət başçılarının, rəsmi şəxslərin
və nüfuzlu şirkət rəhbərlərinin
iştirakı ilə
digər nəhəng
transmilli layihənin -
“Cənub” qaz dəhlizinin təməlqoyma
mərasimi keçirildi.
Xatırladaq ki, “Şahdəniz”
yatağı 1999-cu ildə
kəşf olunub və buradan birinci mərhələ çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir.
“Şahdəniz” yatağının işlənilməsinin
ikinci mərhələsində
isə təbii qaz “Cənub” qaz dəhlizi vasitəsilə Avropa bazarlarına çıxarılacaq.
Təbii
ki, layihənin tam başa çatdırılması
üçün bir sıra işlər də həyata keçiriləcək, mövcud
infrastruktur genişləndirilicək
və yeni boru kəmərləri inşa ediləcək.
Artıq bu işlər başlayıb
və martın 17-də
Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin
iştirakı ilə
Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması “Cənub” qaz dəhlizinin reallaşması istiqamətində
atılan mühüm
addım idi.
Martın
19-da Bakıda Azərbaycan
xalqının milli bayramı - Novruz münasibətilə keçirilən
ümumxalq şənliyində
Prezident İlham Əliyev bu barədə deyib: “Bu yaxınlarda - iki gün bundan əvvəl biz qədim türk torpağı olan Qars şəhərində
TANAP layihəsinə start verdik.
Yəni,
bu, tarixi layihədir. TANAP layihəsi “Cənub” qaz dəhlizinin bir hissəsidir, önəmli hissəsidir.
Amma “Cənub” qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz”
yatağı, Cənubi
Qafqaz qaz kəməri, TANAP və
TAP. Azərbaycan bütün bu
layihələrdə fəal
iştirakçıdır və bu gün
biz yeni reallığı
yaradırıq. Çünki enerji təhlükəsizliyi
bu gün milli təhlükəsizlik
qədər önəmlidir.
Heç
bir ölkə öz milli təhlükəsizliyini
enerji təhlükəsizliyini
təmin etmədən
sığortalaya bilməz.
Azərbaycan öz enerji
təhlükəsizliyini təmin
edib. Görün, Azərbaycan qazı
bu gün Avropa üçün, Avrasiya üçün, bu bölgə üçün nə qədər böyük əhəmiyyət daşıyır.
Yəni,
yeni enerji xəritəsi yaradılır.
Bunu biz yaradırıq, öz tərəfdaşlarımızla birlikdə. Ona görə təbii
ki, görülən bu işlər Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq
və bizim gücümüzü də
artıracaq, təsir imkanlarımız da artacaq.”
Azərbaycanın və Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci
ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan
genişlənmiş Cənubi
Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə
əlaqələndirəcək. Beş il
ərzində reallaşması
nəzərdə tutulan
layihə bir neçə mərhələdə
həyata keçiriləcək
və ilk mərhələ
2018-ci ildə başa
çatacaq. 2020-ci ildə
bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard,
2023-cü ildə 23 milyard,
2026-cı ildə isə
31 milyard kubmetrə çatdırılacaq. İlk
dövrdə TANAP kəməri
ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə
satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan
və ya Türkiyə-Yunanıstan sərhədində
təhvil veriləcək.
“Cənub” qaz dəhlizinin digər hissələri isə
Trans-Adriatik boru kəməri (TAP) və Cənubi Qafqaz qaz kəməridir. Hazırda Cənubi
Qafqaz boru kəməri genişləndirilir.
TAP isə qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya
nəql edəcək.
TAP Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək,
sonra isə Yunanıstan və Albaniya ərazilərindən,
Adriatik dənizinin
altından keçməklə
İtaliyanın cənub
sahillərinədək uzanacaq.
Cənub-Şərqi Avropanı
təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər
hövzəsində hasil
olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına
- Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi
üçün də
geniş imkanlar açacaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2015.- 30 mart.- S.7.