Milli-mənəvi dəyərləri
özündə yaşadan bayram
Prezident İlham
ƏLİYEV: “Azərbaycan xalqı öz
taleyinin sahibidir. Bu günün
reallıqları göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız yüksək zirvələrə
çata bilər”
Müqəddəs Novruz neçə əsrlər və min illərdir ki, insanları gəlişi ilə müjdələyir, onlara xeyir-bərəkət, bolluq, xoş həyat, firavanlıq bəxş edir. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur. Min illəri haqlayan Novruz intizarı milli mənəviyyatımızın simvoluna çevrilərək Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır.
Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında bahar bayramı tək qeyd olunur. Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir.
Novruz bayramı sovetlər birliyi dövründə rəsmən qadağan edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi təsiri dolayı şəkildə önə çəkilmişdir. Ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi. Novruz adət-ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapırdı. Hər dəfə “Dəli Kür” filmini seyr edərkən Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük. Bəli, məhz müdrik rəhbərin qayğısı ilə o illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır.
1991-ci ilin oktyabrında müstəqillik nemətinə qovuşan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr isə Novruzun əsl xalq bayramı kimi yüksək əhval-ruhiyyə ilə keçirilməsinə imkan vermirdi. Yalnız ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra müsibətlər, faciələr aradan qaldırıldı, vətəndaş qarşıdurmasının qarşısı alındı. İctimai-siyasi sabitlik təmin olundu, maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevrilmişdir. Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmiş, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatmış, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzulamışdır. Milli Məclisdə qəbul olunmuş “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram iş günü hesab edilmir.
Ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Prezident İlham Əliyev Novruz münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində bildirmişdir: “Novruz bizim əziz, sevimli bayramımızdır, milli sərvətimizdir. Xalqımız əsrlər boyu Novruzu əziz bayram kimi qeyd edir. Ancaq müstəqillik dövründə biz bu bayramı rəsmi bayram kimi qeyd etməyə başlamışıq. Bizim müstəqilliyimiz də milli dəyərlər, ənənələr üzərində qurulubdur. Müstəqilliyimizin möhkəmləndirilməsi üçün çox böyük işlər görülübdür. İyirmi dörd ilə yaxındır ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir”.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti sayəsində 2003-cü ildə Azərbaycan muğamının UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri” elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş beynəlxalq tədbirlər dövlətin mədəniyyət siyasətində xalqın sakral energetikasına bağlı milli dəyərlərin prioritet kimi götürülməsinin nə qədər doğru və real siyasət olduğunu təsdiqləyir. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi ölkənin milli siyasətində Novruzun özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur.
Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il 23 fevral tarixdə 21 martı Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir. Xalqımızın milli bayramı Novruzun BMT Baş Məclisi tərəfindən beynəlxalq gün kimi tanınması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qətnamə layihəsi hazırlanmış, digər dövlətlərlə razılaşdırılması və BMT-də qəbulunun təmin edilməsi üçün ölkəmizin BMT yanında daimi nümayəndəliyinə təqdim edilmişdir. Fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyası gündəliyinin “Sülh mədəniyyəti” adlı 49-cu bəndinə müvafiq olaraq Azərbaycanın təsəbbüsü irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsinin təqdimatı keçirilmişdir. Tədbirdə Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə, ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min ildən artıq bir müddət ərzində qeyd edilməsi barədə məlumat verilmişdir. İclasın sonunda yekdilliklə qəbul olunan qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədilə martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır, BMT-nin üzvü olan dövlətlərin Novruzla bağlı məlumatlılığının artırılması üçün səy göstərməyə çağırır. Eyni zamanda, BMT-nin üzvü olan dövlətləri və onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştiraka dəvət edir.
Prezident İlham Əliyev Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində bildirmişdir: “Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir. İlk növbədə, biz milli dəyərlərimizi, bayramlarımızı, ədəbiyyatımızı, incəsənətimizi, doğma ana dilimizi, xalq kimi özümüzü qoruya bilmişik. Bu gün isə biz azadıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu günün reallıqları göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız yüksək zirvələrə çata bilər. Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür. Biz bundan sonra da müstəqil həyatımızı təmin edəcəyik. Xalqımızın rahat yaşamasını təmin edəcəyik.”
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 30 mart.- S.7.