Quba qəzasında azərbaycanlıların soyqırımı

 

Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il dekabrın 12-də Quba və ətraf yerlərdə türk-müsəlman əhali üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırmaq üçün işə başlamış və 1920-ci il aprelin 20-də onu başa çatdırmışdır. Bu araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 3 cilddən ibarət 451 vərəq material tərtib olunmuşdur.

FTK tərəfindən Quba qəzası üzrə bir qərar layihəsi hazırlanmışdır. Bu materiallar arasında zərərçəkənlərin və şahidlərin dindirilmə protokolları, FTK-nın üzvü A.Novatskinin və digər şəxslərin hazırladığı məruzələr, aktlar, şəhərin ayrı-ayrı ailələrinə və sakinlərinə dəymiş maddi zərərin miqdarı barədə siyahılar və s. vardır. Həmin sənədlərdə qarət edilmiş əşyaların arasında daha çox xalça və qızıl əşyaların siyahısı diqqəti cəlb etmişdir.

Türk-müsəlmanlara qarşı erməni silahlı dəstələrinin 1918-ci ilin mart-aprel soyqırımından sonra Bakı qəzasının bir hissəsi bolşevik diktaturasının əlinə keçmişdir. Bu hadisədən sonra S.Şaumyanın tapşırığı ilə Qubaya David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı dəstə göndərilmişdi.

1918-ci ildə qırmızı qvardiyaçı olmuş Q.Nağıyev xatirəsində Qubada sovet hakimiyyəti qurmaq üçün ŞaumyanCaparidzenin tapşırığı ilə Qubaya gəldiklərini qeyd etmişdir. Onlar (yəni M.Çurayev, L.Qoqoberidze, Gelovani və Q.Nağıyev) Qubaya yola düşməmişdən qabaq A.MikoyanA.Caparidze tərəfindən lazım olan sənədlərlə tanış edilmişdilər.

D.Gelovaninin FTK-ya verdiyi izahatdan məlum olur ki, Qubaya gələn dəstənin içərisində “...12 nəfər erməni, bir neçə nəfər yəhudi, qalanları isə ruslar idi. Dəstədə familiyasını bilmədiyim erməninin rəhbərliyi altında 2 pulemyot da var idi”. Onlar buradan geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırmış və Bazar küçəsində 16, Komendant küçəsində 7, şəhərin kənarında, köhnə həbsxana adlanan yerdə isə 35 nəfəri qətlə yetirmişlər.

D.Gelovani bu hadisə barədə belə məlumat vermişdi: “Tezliklə dəstəmizin üzərinə ləzgilər və ətraf kəndlərin müsəlmanları hücum etdi. Xaçmazdan köməyimizə poruçik Ağacanyanın başçılığı ilə yalnız ermənilərdən ibarət 150 nəfər və iki top gəldi. Növbəti gün o, Qubada əksəriyyəti ermənilərdən ibarət olan xristian əhalini şəhərdən çıxarmaq üçün bir yerə yığdı. Biz geri çəkilməyə başladıq. Xaçmaza, oradan isə Dərbəndə gəldik. Bir neçə gündən sonra hərbi nazir G.Korqanov Hamazaspın komandanlığı altında 2000 nəfərdən ibarət “cəza dəstəsi”ni Qubaya göndərdi”. Gelovaninin dediyi bu sözlər başqa sənədlərdə də öz təsdiqini tapmışdır.

1918-ci ildə bolşevik drujinaçısı olmuş Arustamov xatirəsində Xaçmaz stansiyasına çatarkən yol boyu meyitlərə rast gəldiyini, qarşıda daşnak batalyonunun getdiyini, onların qabaqda gedərək dinc vətəndaşları və daha çox türkləri güllələmələrini və onların mal-qaralarını məhv etmələrini göstərmişdi. O, “Dərbənd və Petrovski istiqamətinə gedərkən daşnakların şəhərdə evləri qarət etdiklərini” də yazmışdı.

1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Soveti Qubaya türk-müsəlmanların qatı düşməni daşnak Hamazaspı və onun köməkçisi Nikolayın komandanlığı altında tərkibi ermənilərdən ibarət təxminən 2000 nəfərlik dəstə göndərmişdi. Bu dəstə azərbaycanlılara qarşı özünün amansızlığına görə “cəza dəstəsi” adını almışdı. Hamazasp qubalılar qarşısındakı çıxışında “mən erməni xalqının qəhrəmanıyam və onun maraqlarının müdafiəçisiyəm. Mən Sovet hakimiyyətini qurmaqqayda-qanun yaratmaq üçün deyil, öldürülmüş ermənilərin hayıfını sizdən almaq üçün göndərilmişəm. Mənə əmr olunub ki, dəniz (Xəzər) sahillərindən Şahdağa (Dağıstanda dağ) qədər bütün müsəlmanları məhv edim və evlərinizi isə yerlə bir edim” deməsi bir daha göstərir ki, ermənilərin və eləcə də Bakı XKS rəhbəri Şaumyanın əsas məqsədi heç də yerlərdə Sovet hakimiyyətini qurmaq deyil, bolşevik-sovet bayrağı altında müsəlmanları daha çox qırmaq, onları qorxutmaq, gələcək erməni dövləti üçün geniş ərazilər əldə etmək olmuşdu.

1918-ci ildə Qubada baş vermiş hadisələrlə bağlı bolşeviklər partiyasının üzvü İbrahim Pənahov xatirə-avtobioqrafiyasında yazırdı: “Hamazaspın başçılığı altında erməni daşnaklarının dəstələri (Qubaya) gəldilər. ...Şəhərdə daşnakların qarşısına çıxan müsəlmanları günahı oldu-olmadı öldürməyə, mağazaları qarət etməyə başladılar”.

Həmin dövrün hadisələrinin digər bir iştirakçısı yəhudi Savi İlyansev xatirəsində Hamazaspın 1500 nəfər dəstəsinin Qubaya gəlməsini və yol boyu kəndləri yandırmasını, əhalini qarət etməsini və sonra qırğın törətməsini qeyd etmişdir.

Quba sakini, 1918-ci il hadisələrinin şahidlərindən olan yəhudi Aqorun Simoqodsevin xatirəsində “...Hamazaspın silahlı dəstəsinin Qubaya gəlməsini, şəhər və kəndləri yandırdıqdan sonra şəhəri tərk edib getmələri”ni göstərmişdir.

Hadisələrin digər bir şahidi Cəfərov yazır ki, “Hamazaspın dəstəsi şəhərdə kütləvi qətliamlara və qarətlərə başladı”. O, “Hamazaspın dəstəsinin şəhərdə təxminən 10 gün qaldığını” qeyd etmişdi. Cəfərovun xatirəsində Çurayevin batalyona gəlməsindən, bu zaman onun batalyonunda olan Dadayanın dəstəsinin Nüvədi kəndinə hücum etməsindən və əhalinin qarət edilməsindən bəhs olunur.

Quba şəhər rəisi Ə.Əlibəyovun məlumatına görə, 1918-ci il may ayının 1-də dəstə üç istiqamətdən şəhərə daxil olur. Dəstədə dörd top və səkkiz pulemyot var idi. Şəhərə daxil olan daşnak dəstələri çox amansızlıqla dinc əhalini öldürməyə və var-dövlətlərini talamağa başlayırlar.

Şəhərin aşağı hissəsində 715 müsəlman qətlə yetirilir. Onların çoxu qadın və uşaqlar idi. Böyük ŞoseBazar küçələrindəki evlər qarət edilir. Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək hər bir hissədə ayrıca qərargah yaradırlar. Birinci qərargah Leontyev bağının yanında, ikinci qərargah erməni kilsəsinin ərazisində, üçüncü qərargah müsəlman qəbiristanlığının yaxınlığındakı yüksəklikdə, dördüncü mərkəzi qərargah isə yəhudi qəsəbəsi hündürlüyündə yerləşdirilir.

Ermənilərin Qubadakı azğınlığı 9 gün davam etmişdir. Onlar 2-ci gün 1012 adamı öldürmüşdülər.

Hamazaspın “cəza dəstəsi” Quba şəhərini və Quba qəzasının 122 kəndini darmadağın etmişdi. Qubada iki mindən çox adam - kişi, qadın və uşaq qətlə yetirilmiş və həmin kəndlərin əhalisinə ümumi dəyəri 58.121.059 manatlıq (rubl) ziyan vurulmuşdu. Quba şəhər sakini Hacı İsmayıl Orucov isə öz izahatında yazırdı ki, ölüləri dəfn edən mollanın dediyinə görə, o, 2800 nəfərin cənazəsinin torpağa tapşırıldığını saymışdır.

Hamazaspın quldur dəstəsi Quba qəzasına aid olan Dəvəçi, Sadan, Çarxana, Dərə Zarat, Zağlıcan, Əlixanlı, Eynibulaq, Ərəb Əlməmmədli, Kolanı, Tuğay, Nardaran, Siyəzən, Rəhimli, Surra, Qulamlar, Butbut, Xəlillər, Qaraqaşlı, Aşağı Quşçu, Sirvan, Tura, Aygün, Qubla Qrız, Qara Qurtlu, Qaraça, Nərdican, Xudat, Aşağı Buduqbaşqa yaşayış məskənlərini dağıtmışdır. Bu kəndlərin dağıdılması zamanı 60 kişi, qadın və uşaq qətlə yetirilmiş, 53 nəfər yaralanmışdı. Eyni zamanda evlər, ictimai binalarbaşqa tikililər dağıdılmış, mal-qara və əmlakları qarət olunmuşdu.

Hamazaspın erməni daşnak dəstələrinin Quba şəhəri və ətraf kəndlərdə törətdiyi vəhşiliklər FTK üzvü A.Novatskinin rəhbərlik etdiyi qrup tərəfindən ümumiləşdirilmiş məruzədə də öz əksini tapmışdır. Məruzədə deyilirdi ki, erməni silahlı dəstələrinin şəhərə daxil olması müsəlman əhalinin kütləvi surətdə qətli və onların üzərində hər cür zorakılıq halları ilə müşayiət olunurdu. Ermənilər küçələrdə əllərinə keçən kişi, qadın və uşaqları amansızlıqla öldürürdülər. Evlərə soxularaq südəmər uşaqlara belə rəhm etmir, onları analarının qucağında qılıncla doğrayırdılar.

Qubada bir-bir evlərə girib bütün ailəni məhv edən ermənilər, hətta hamilə və körpə uşaqlı qadınlara belə rəhm etməmişdilər. Məsələn, 14 nəfərdən ibarət olan Kərbəlayı Məmməd Tağı oğlu və ailə üzvləri vəhşicəsinə qətlə yetirilmişdi, Məhəmməd Rəsul oğlunun özü, arvadı və 3 uşağı işgəncələrlə öldürülmüşdü. Ermənilər onun arvadının qarnını parçalamış, uşaqlarının isə başlarını kəsmişdilər. Hacı Dadaşbala Qasımovu arvadı Məşədi Bibixanım və oğlu Abdul Qasımovla öz evlərində yandırmışdılar. Kərbəlayı Abuzər Məstan oğlunuiki qızı - Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə birlikdə tikə-tikə, Məşədi Qənbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş körpə uşağını doğramışdılar. Bundan başqa, Molla Şahbaz, usta Məhəmməd Rəsul Bayram oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, Cabbar Məmməd Əli oğlu, Səfərəli Məşədi Talıb oğlu, Məşədi Musa Zeynal oğlu və başqaları qətlə yetirilmişdi.

Erməni əsgərləri şəhərin hörmətli ağsaqqallarından olan Əlipaşa Kərbəlayı Məhəmməd oğlundan tələb edirlər ki, kef çəkmək üçün onlara müsəlman qadın və qızları tapıb gətirsin. Təbiidir ki, Əlipaşa Kərbəlayı Məhəmməd oğlu bundan imtina edir. Əmrlərinin yerinə yetirilmədiyini görən erməni cəlladları onuoğlunu vəhşicəsinə öldürürlər. Erməni cəlladları əvvəlcə atasının gözü qabağında oğlunun gözlərini çıxarır, üzünü ülgüclə doğrayır, sonra isə canını tapşırana qədər süngü ilə dəlik-deşik edirlər.

1918-ci il dekabrın 16-da komissiyaya verdiyi izahatında Quba şəhər sakini, 40 yaşlı Məşədi Həmdulla Əliyev qeyd edirdi ki, mən şəxsən qadınların və uşaqların kütləvi surətdə öldürülməsini və onların döşlərinin kəsildiyini görmüşəm. Meyitlərin çoxu xəncərlə eybəcər hala salınmışdı.

Qubanın nüfuzlu şəxslərindən Hacı İsmayıl Orucov öz ifadəsində bildirirdi ki, Qriqori adında bir nəfər erməni öz evini Qubada Molla Şahbalı adlı bir nəfərə satmışdı. Qriqorinin adını bilmədiyim oğlu evi satmağın əleyhinə idi. Ermənilər Qubanı tutduqda Hamazaspın dəstəsində olan Qriqorinin həmin oğlu Molla Şahbalını qəddarlıqla qətlə yetirmişdi.

Quba şəhər rəisi Ə.Əlibəyov isə öz ifadəsində bildirirdi ki, “zorakılıqlar, qətllər və qarətlər doqquz gün davam etdi. Mən yenidən Hamazaspın yanına gedərək heç olmazsa ölülərin cəsədlərinin yığılaraq torpağa tapşırılmasına icazə verməyi xahiş etdim. Adıçəkilən Hartun Hayrapetov mənim iştirakımla ona məruzə etdi ki, (məruzə zamanı mən də iştirak edirdim və erməni dilini bildiyim üçündediyini başa düşürdüm) şəhərdən Nikolay pulu ilə nağd 3 milyon manat yığılıb, 6 milyon manatlıq qızıl və qızıl qadın bəzək əşyaları toplanıb, hər öldürülmüş erməni üçün 200 müsəlman öldürülmüş, hər zorlanmış erməni arvadı üçün 70 müsəlman arvadı və qızı zorlanmış, ermənilərdən müsadirə olunmuş əşyalar geri alınmış, 90-a yaxın ev yandırılmışdır. Hayrapetov məruzəsini belə yekunlaşdırdı: “İş tamamlanmışdır, artıq bəsdir, gedək”.

Ə.Əlibəyov öz izahatında sonra qeyd edirdi ki, “bu vaxt artıq şəhərin hər yerində evlər yanırdı. Təkcə Bazar küçəsində yanan ev və dükanların sayı 16 idi. Mənim gözlərim qarşısında həmin Hartun Hayrapetovonun 12 nəfərlik artilleriya dəstəsi yarım milyon manatlıqdan yuxarı ərzaq məhsulları - qənd, çaymanufaktura malları olan anbara od vurdu. İlk gündən şəhərdən talanaraq Bağırovun evinə yığılmış mallar H.Hayrapetovun nəzarəti altında arabalara yüklənərək yola salınırdı”.

Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallardan aydın olur ki, Hamazaspın silahlı dəstəsi tərəfindən Quba şəhərindən dörd milyon manatlıq (rublla) nağd pul, dörd milyon yarım manatlıq qızıl, qızıl əşyalar və qiymətli daş-qaşlar, iki milyonluq müxtəlif ərzaq ehtiyatları qarət edilmiş və oğurlanmışdı.

Hamazaspın erməni cəza dəstələri tərəfindən dağıdılana qədər Quba şəhərində təxminən 20 minə yaxın əhali və 10 minə yaxın ev olmuşdur. Müsəlmanlara məxsus iki yüzə yaxın evbaşqa tiklilər dağıdılmış və yandırılmışdı. Həmin evlər və tiklilər Bazar, Komendant, Bakıxanov, Bulvar küçələrində yerləşirdi.

David Gelovaninin FTK-ya verdiyi ifadəsinə görə, Hamazaspın silahlı dəstəsi siyasi məqsəd üçün deyil, sadəcə müsəlman xalqından intiqam almaq məqsədilə “Daşnaksutyun” partiyası tərəfindən göndərilmişdi. Əslində Gelovani düzgün məlumat verməmişdi. Çünki tarixi sənədlərdən məlumdur ki, Hamazaspı Qubaya göndərən S.Şaumyan olmuşdur. Bu fikir Quba şəhərinin başçısı Əliabbas bəy Əlibəyovun FTK-ya verdiyi izahatında da öz təsdiqini tapmış olur.

Komissiya üzvü A.Novatskinin şahid qismində dindirdiyi Quba şəhərinin başçısı Əliabbas bəy Əlibəyov öz ifadəsində yazırdı ki, ermənilər gedəndən sonra mən nümayəndə sifətilə bolşeviklərin başçısı ŞaumyanCaparidzenin yanında oldum. Onlardan öyrənmək istədim ki, həqiqətən də Sovet Qubaya cəza dəstəsi göndərib, ya yox. Silahlı dəstənin Qubada törətdikləri hadisələr barəsində onlara yazılı şəkildə məlumat verdim. Şaumyan sifətində sevinc ifadəsi olaraq məni dinlədi və dedi: “Müsəlmanlar və türklər yüz minlərlə ermənini öldürüblər, indiolub ki, Qubada ermənilər iki müsəlmanı öldürən kimi şikayət edirgöz yaşı axıdırlar”.

Lakin Şaumyan iki mindən çox insanın qanını tökən, onlara məxsus əmlakı qarət edən, onların evlərini yandıran cinayətkar Hamazaspaonun “cəza dəstəsi”nin əməllərinə haqq qazandıraraq, müsəlmanların haqlı şikayətlərinə baxmamışdı. Çünki həmin cinayətkar dəstəni Qubaya göndərən elə Şaumyanın özü idi. Aşağıda qeyd olunan məlumatlar bunu bir daha təsdiq etmiş olur.

1918-ci il mayın 15-də Xaçmazdan Bakı XKS-in hərbi komissarı Korqanova Hamazaspın yaxın silahdaşı Serqo Martikyan (Serqo Martikyan Bakıda erməni drujinalarını təşkil edənlərdən biri olmuş, 1918-ci ilin mart qırğınında azərbaycanlıların qətlə yetirilməsində fəal iştirak etmişdi. Quba, Xaçmaz və Azərbaycanın başqa şəhərlərində Sovet hökumətinin, əslində erməni hökumətinin qurulması zamanı dinc azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsində iştirak edənlərdən biri olmuşdur) yazırdı:Bizim dəstəmiz Qubanı tutmuşdur. Dəstənin bir hissəsi şəhəri hər tərəfdən mühasirəyə almışdır. Sovet hakimiyyətini bərpa etmək üçün oraya komissar göndərmişik”.

Buradan göründüyü kimi, erməni quldur dəstəsinin başçısı Azərbaycan kəndlərində dinc azərbaycanlılara qarşı hərbi əməliyyatların aparılmasından ruh yüksəkliyi ilə inqilabi komitənin rəhbəri, bolşevik Korqanova yazmış, lakin orada xüsusi qəddarlıqla öldürülmüş qoca, qadınuşaqlar haqqında, eləcə də yandırılmış və qarət olunmuş evlərdən bir cümlə belə qeyd etməmişdir.

Sovet hakimiyyəti qurmaq adı altında ermənilər bolşevik-sovet hakimiyyətinin himayəsindən istifadə edərək minlərlə dinc türk-müsəlmanı qətlə yetirmiş, evləri qarət edib yandırmış, mədəniyyət abidələrini vəhşicəsinə dağıtmışlar. Bütün bu törədilən cinayətlərə görə ermənilər heç bir məsuliyyət daşımamış və əksinə, həmin dövrdə hakimiyyətdə olan Bakı Xalq Komissarları Soveti tərəfindən müdafiə olunmuşdular.

FTK sənədlərində Qubada dinc türk-müsəlmanlara qarşı cinayətlər törədən ermənilərin adları qeyd olunmuşdur. Komissiyanın üzvü A.Novatskinin məruzəsində Hamazaspın “cəza dəstəsi”ndə onun özü, müavini Nikolay və komissarı Venuntsdan başqa daha fəal üzvlərinin adları da sadalanır. Bunlar Quba şəhər sakinləri - Hartun Hayrapetov, dəllək Cavad, Hartunov, balıq sənayeçisi Avakovun oğlu, tələbə Əmircanov qardaşları, tacir Mirzə Əmircanovun özü və qardaşı uşaqları, meyxanaçı Məlikov, Qriqorinin oğlu Vartan, dəyirman sahibi Mirzəcanın nəvəsi Hartun, Vartan Avakov, Hartun Baba oğlu, Aleksandr Mukasyants, Tatevos Yaqub oğlu, Babacan oğlu ilə Hartun Karapet oğlu - iki oğlu və qardaşı oğlu ilə və s. Məruzənin yekununda Quba şəhərində və Quba qəzasının 122 kəndində vəhşiliklər törətmiş Hamazaspa, onun müavini Nikolaya, komissar Venuntsa, Hartun Hayrapetova, dəllək Cavada, Avakova, Əmircanova və başqalarına qarşı cinayət işi qaldırmaq təklif olunurdu. Öldükləri üçün keçmiş komissarlar S.ŞaumyanG.Korqanova qarşı cinayət işinin xətm olunması irəli sürülürdü.

Elə həmin ilin noyabrında göstərilən məruzə əsasında Fövqəladə Təhqiqat Komissiyası komissiyanın sədri Ə.Xasməmmədovun və komissiyanın digər üzvlərinin imzası ilə adları çəkilən şəxslərə qarşı cinayət işi qaldırılması haqqında qərar qəbul etmişdi. Onların işləri 1920-ci il yanvarın 29-da Bakı dairə məhkəməsinin prokurorluğuna göndərilmişdi.

1920-ci il yanvar ayının 11-də Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında iştirak edən dövlətlər tərəfindən de-fakto tanınması ilə əlaqədar olaraq Xalq Cümhuriyyəti parlamentinin həmin il fevralın 9-da qəbul etdiyi qanuna görə millətlərarası düşmənçilik zəminində törədilmiş cinayətlərə xitam verildiyibu işlərin istintaqının dayandırıldığı elan olunurdu.

1920-ci ilin aprelində Azərbaycan rus-sovet ordusu tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyəti hökuməti süqut etdikdən sonra onun qəbul etdiyi bütün qanunlar ləğv olundu. 1920-ci il oktyabrın 10-da bolşevik-sovet hökumətinin məhkəmə orqanları - Quba qəza məhkəməsinin birinci istintaq komissiyası işə yenidən baxaraq həmin cinayət işinə xitam vermək üçün onu Quba qəza xalq məhkəməsinə göndərmiş və həmin işə birdəfəlik xitam verilmişdi.

2007-ci il aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən ermənilərin azərbaycanlılara qarşı 1918-ci ilin qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda təxminən 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onların 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə Qubaya səfəri zamanı kütləvi məzarlığın yerləşdiyi ərazidə olmuş, tapşırıq və tövsiyələrini verərək həmin ərazidə “Soyqırımı memorial kompleksinin yaradılması barədə sərəncam imzalamışdı. 2010-cu ilin noyabr-dekabr aylarında başlanan tikinti işləri 2012-ci ilin sentyabr ayında yekunlaşdırılmışdır.

2013-cü il yanvar ayının 18-də Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak etmişdir.

 

Vaqif ABIŞOV,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi,

 tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2015.- 30 mart.-  S.8.