Fəsillərin
yaranmasında Novruzun yeri
Novruz bütöv bir sistem olub, ilin 365 gününü əhatə
edir. İlin təzələnməsini təsdiqləyən
astronomik hadisənin - Günəşin zenitdə olması,
yerin cənub və şimal yarımkürələrini eyni səviyyədə
işıqlandırması, gecə-gündüz bərabərliyinin
yaranması Novruzun təntənə dövrü
sayılır. Təqvim Novruzdan (21-22 mart)
başlanır. Günəşin gecə-gündüz
bərabərliyindən ilin ən uzun gün vəziyyətinə
qədər (22 iyuna) olan dövr yaz adlandırılır.
Elə bu qlobal kainat hadisəsini müşahidə
edən insanlar həmin günləri martın 21-22-ni təntənəli
qeyd edirlər. Kainat və planetin sirlərinə
kifayət qədər bələd olan Azərbaycan türkləri
yazın ilk gününü həssaslıqla müşahidə
etmişlər.
Xalqın min illərlə apardığı
müşahidələrdən gəldiyi qənaətə
görə, bahar fəslinin birinci günü yazı, ikinci
günü yayı, üçüncü günü
payızı, dördüncü günü qışın əlamətlərini
bildirirdi. Baharın ilk günü yağmurlu-yağmursuz,
küləkli-küləksiz olması ilə müəyyənləşdirilərdi
ki, yaz necə keçəcək. Əgər
hava küləksiz və yağmursuz keçərsə,
yazın da xoş keçəcəyi güman edilər.
Əgər həmin gün hava soyuq və
yağmurlu keçərsə, yazın da yağmurlu
olacağı qənaətinə gəlinər.
Müşahidə əsasında xalq belə bir dəqiq qənaətə
gəlmişdi ki, yaxşı il
yazından bəlli olar. Hava, günəş və
təbiət üzərində aparılan müşahidələr
nəticəsində qarşıdakı üç gündə
digər üç fəsil-yay, payız və qış
haqqında proqnoz verilər.
Xalq yazın birinci ayını “qarayaz” adlandırır. Torpağın
tam göyərməməsi, yaz şumunun aparılması ilə
bağlıdır. Bir ay keçəndən
sonra deyərdilər ki, yazın “qırxı”
çıxdı. “Yazın qırxı”
çıxandan sonra camaatda rahatlıq yaranardı. Qarayazdan ən çox yadda qalan “Qarının borcu”
və “Danaqıran” adlandırılan günlərdir.
“Qarının borcu” adlandırılan günlərlə
bağlı “Danaqıran”la əlaqədar folklor nümunəsinin
bir versiyasında deyilir ki, danaqıran çiçəyinin açdığını
görən bir kişi mal-qarasını
yaylağa aparır. Özü ilə yaylağa 40 şələ
ot, 40 kötük odun və 40 ədəd
çörək götürübmüş. Qəflətən
hava tutulur, çovğun qopur, qar yağır.
Kişi 40 şələ otu heyvanlara yedizdirir, 40
çörəyi özü yeyir, 40 kötüyü isə
yandırıb qurtarır. Hava
açılmır ki, açılmır. Ot-ələfi qurtardığından mal-heyvan
acından tələf olur. Dərin
peşmançılıq hissi keçirən kişi
öz-özünə deyir: “Ay bunu qırx deyən zalım, əlli
deyərdin də!” Bu əhvalatla bağlı Şirvan bölgəsində
belə bir deyim formalaşıb: “Qırx kötük yanan,
qırx çuval saman, Allah aman” . Martın sonu ilə aprelin birinci yarısı
arasına Azərbaycanın bir çox regionlarında
“keçiqıran” deyilir. Həmin günlər
havalar sazaqlı, soyuq keçir, külək əsir. Keçi də şaxtaya, soyuğa
dözümsüz olduğundan qışdan arıq
çıxır, yazın soyuq-sazağına duruş gətirə
bilməyib qırılırlar. Buna görə
də həmin dövrə keçiqıran deyirlər.
“Yazın qırxı” çıxdıqdan sonra yaz
şumu başlayır. Yazın son dövrü 20 gün davam
edir. Həmin müddətə
“qızılgül” dövrü deyilir. “Qızılgül”
dövrü “arpa biçini” və ya “arpaya cin çəkilən”
dövr kimi də tanınır.
Yay fəsli gündüzün ən uzun vaxtından (22
iyun) payız gecə-gündüz bərabərliyinə (22
sentyabr) qədərki dövrü əhatə edir. İlin ən
uzun günü və ən qısa gecəsi də elə
iyunun 22-nə düşür. Astronomik təzələnməyə
görə bu dövrə Novruzun yay məqamı deyilir.
İyunun 22-dən başlayaraq gündüzlər
dekabrın 22-dək get-gedə qısalmağa, gecələr
uzanmağa başlayır. Lap qədimlərdən
xalq arasında yay ilin “anbarı” sayılıb. Kənd təsərrüfatı işləri - əkin-biçin
və məhsul toplanışı əsasən yayda həyata
keçirilirdi. Hətta yayın son
ayında əkin-səpin də aparılırdı. Uzun illərin müşahidə və təcrübəsinə
istinad edən xalq yayı iki əsas mərhələyə
bölürdü. İyunun 22-dən
başlanan birinci mərhələ 45 gün davam edirdi. Bu mərhələ “quyruq doğdu” və ya “quyruq
dondu” dövrünə kimi davam edir.
Quyruq doğana qədər olan dövrü də xalq 2 mərhələyə
bölürdü. Xalq təqvimində iyunun 15-dən iyulun
15-nə qədər olan dövrə “qoradəyən ay” deyilərdi.
Ardınca “qorabişirən ay” gəlir. İyulun 15-dən avqustun 15-nə qədər olan
dövrə qorabişirən ay deyilib. İlin
ən isti günləri bu ərəfəyə təsadüf
etdiyindən qora yetişir, şirinləşir. “Quyruq dondu” və ya “quyruq doğdu” ilə yayın
ikinci mərhələsi başlayır. Bu
mərhələnin adı ilə bağlı xalq arasında
iki versiya var. Bir versiyaya görə həmin vaxt - yay yarı
olanda Ayı bürcündə dalbadal quyruqlu kimi 2-3 ulduz
görünür. Həmin ulduzun
doğması ilə əlaqədar bu vaxta “quyruq doğan”
deyilir. Həmin mərhələdə
istilər bir qədər səngiyir.
İkinci versiyaya görə, həmin gün - avqustun
6-da kəsilmiş qoyunun gecə çöldə ağacdan
asılmış quyruğu donur. Hər iki variantın
ifadə mahiyyəti eynidir. Yayın ikinci mərhələsi
başlayandan sonra qışa hazırlıq daha da artır.
Azərbaycanın bir çox regionlarında
quyruq doğandan sonra yay şumuna başlanılırdı.
Yayda əkilən taxıl “arağac”
adlanardı. Xalqda minillik müşahidələr belə
bir qənaət yaratmışdı: “əkin gərək iki
yay görsün, yay ək, yay biç”. “Xalqın qənaətinə
görə, quyruq doğana qədər bal
kəsmək olmazdı, çünki həmin ərəfədə
bal sulu olar. Quyruq doğandan sonra camaat bal kəsməyə
başlayardı”.
Novruz sisteminin üçüncü məqamı
payızdır. Payız sentyabrın 22-dən dekabrın
22-dək davam edir. Novruzun payız dönəmində
yaz məqamında olduğu kimi, gecə ilə gündüz
yenidən bərabərləşir. Günəşin
istiliyi azalır, gündüzlər qısalır. Sentyabrın 21-22-də Novruzun yaz dönəmində
olduğu kimi, gündüz ilə gecə bərabərləşir.
Xalqın inam və müşahidəsinə
görə, Günəşin hökmranlıq müddəti
qurtardığından taxtdan düşür. Payız yaz və yayın maddi-mənəvi yekunudur.
Payızda yetişmiş məhsul
yığılır, yeni məhsulun özülü qoyulur,
payız şumu və səpini aparılır. Dağlıq və dağətəyi bölgələrdə
payız şumuna bir qədər tez başlanılardı ki, əkilmiş
taxıl soyuğa, qara düşməsin.
İnsanlar qışa hazırlığın əsas
işlərini payızda tamamlayardı. Qışın
sərt və mülayim keçəcəyini də müxtəlif
yardımçı təbii vasitələrin köməyi ilə
elə payızda müəyyənləşdirərdilər.
Xalq fenologiyasına (bitki və heyvanların həyatındakı
hadisələrin qanunauyğunluğu) görə, çinar
ağacı yarpağını başdan tökməyə
başlayardısa, həmin ilin qışı mülayim
keçəcəyi gözlənilirdi. Əgər
çinar aşağıdan yarpaq tökümünə
başlayardısa, qışın sərt olacağı
proqnozlaşdırılırdı. Ağaclar
yarpaqlarını gec tökərdisə qışın son dərəcə
sərt keçəcəyi və uzun sürəcəyi
gözlənilirdi. Qış insanlar
üçün məşəqqətli dövr
sayılırdı. Elə bu səbəbdən xalq
payızla bağlı deyirdi: “Qorx payızdan, qabağından
qış gəlir. Qorxma qışdan,
qabağından yaz gəlir”. Qışa hər
cür ehtiyat görən insanlar mənəvi-psixoloji
baxımdan da ona tam hazır olduqlarını nümayiş
etdirirdilər. Qədim tarixə malik olan
“Kəvsəc” bayramı da elə bu niyyətlə
keçirilirdi. “Kəvsəc” oyunu
payızın ortalarında (noyabrda) keçirilirdi. “Kəvsəc” geniş xalq kütlələrinin
marağına səbəb olan mərasim tamaşası idi.
Bu mərasim tamaşasının leytmotivini
camaatı psixoloji cəhətdən qışa
hazırlıq təşkil edirdi. Komik
qiyafədə olan bir nəfər əynində cındır
paltar qatıra minib meydana çıxar və əlində
tükü yolunmuş qarğa tutarmış. Ətrafdakılar onun üst-başına soyuq su
tökərmiş. Ancaq o, bunu hiss etdirmədən
“istidir - istidir” - deyə qışqırar, əlindəki
yelpiklə üzünü yelləyərdi. Həmin şəxsin bir əlində qarğa
tutması da təsadüfi olmayıb. Xalqımızın
inamlarından bizə məlumdur ki, qarğanın “qarr”, “qarr”
səslənməsi qarın, qışın
çağırılması kimi mənalandırılıb.
Buradakı qatır da qışın simvoludur.
Məlumdur ki, qatır doğub-törəmir,
artıb-çoxalmır. Qış da
qatır kimi barsız-bəhərsizdir.
Tədqiqatçıların bəziləri “Kəvsəc”
mərasim tamaşasını Novruz ərəfəsində
keçirilən “Qarı ilə martın deyişməsi” və
qarı nənə ilə bağlı olan digər süjetli
səhnələrlə eyniləşdirirlər. “Kəvsəc”
meydan tamaşasının bir sıra variantları olmuş
(A.Nəbiyev), ancaq yuxarıda qısa mündəricəsini
xatırlatdığımız mərasim oyunu daha qədim və
populyar idi.
Qış fəsli dekabrın 22-dən martın 22-dək
davam edir. Xalq təqviminə görə 40 gün
böyük, 20 gün kiçik çillədən və 30
gün Boz aydan ibarətdir.
Novruz daxili harmoniyası, dəyişilməz nizamı
olan sistemdir.
365 (4 ildən bir 366) gündən ibarət olan il, 4 fəslə,
hər fəsil 3 aya, hər ay 4 həftəyə, həftə
isə 7 günə bölünmüşdür. Bu harmoniya sutka ərzində də özünü
qoruyub saxlayır. Əski zamanlarda Azərbaycan
türkləri vaxt və təqvim anlayışını
özləri üçün dəqiqləşdirmişlər.
Vaxt və təqvim anlayışlarında səhvə yol vermədiklərinə
əmin olan müdrik xalqımız qənaət və
düşüncələrini folklor nümunələrində
belə açıqlamışdılar:
Babanın
bir çuxası var,
On iki
cibi,
Hər
cibində otuz düymə,
Hər
düymənin bir üzü ağ,
Bir üzü qara.
Xalqın
təfəkküründə baba kainatı, çuxa ili, on iki cib ilin aylarını, otuz düymə
ayın günlərini, ağ və qara düymələr isə
gecə və gündüzün rəmzidir.
Məna və mahiyyətcə bu tipli folklor nümunələri
olduqca çoxdur. Dərin müşahidə və
güclü yaddaşa malik xalqımız hər ayın və
hətta hər günün belə xarakterini müəyyənləşdirə
bilmişlər. Fevralın 22-dən martın 22-nə qədər
olan bir aylıq dövrə Boz ay, aprel ayına - leysan, may
ayına ağlar - güləyən, iyuna - vaynənə,
iyula - qorabişirən, avqusta - quyruq donan (quyruq doğan),
sentyabra - sol, yan, noyabra - qırovdüşən deyiblər.
Bu adlar təsadüfi verilməyib. Uzun illərin
dərin müşahidələrindən, dönə-dönə
sınaqdan çıxarıldıqdan, təcrübədən
keçdikdən sonra verilibdir.
Xalqın uzun illər ərzində gəldiyi qənaət
belə idi ki, payız gecə-gündüz bərabərliyindən
sonra günəş tədricən taqətdən
düşür. Belə bir inam da var idi ki, günəş
dərinliyə düşür. Dekabrın
21-22-nə kimi günəş tamam taqətdən
düşmüş durumda olur. Dekabrın
21-22-nə qədər gündüzlər qısalır, gecələr
uzanır. Nəhayət, qış
gündönümündə Günəş zodiakın ən
dərin guşəsinə - Oğlaq (Təkə)
bürcünə girir. Həmin gün ilin
ən uzun gecəsidir. Bu astronomik hadisə
də dualizmin əlamətidir. Gecə ilə
gündüzün döyüşü gedir. Həmin gecənin uzunluğu 14 saat olur. Xalq həmin gecəyə “şəbi - yelda”, “leylət
- təvil” (ilin ən uzun və qaranlıq gecəsi)
demişdir. “Şəbi - yelda” gecəsinin
səhəri günəş yeniləşmiş vəziyyətə
gəlir. Güclənmiş, qüvvətlənmiş
durumda olur. XX əsrin ortalarına kimi
xalqımız dekabrın 21-ni - qış
gündönümünü təntənəli şəkildə,
bayram səviyyəsində qeyd etmişlər. Həmin
bayram ayrı-ayrı dövrlərdə müxtəlif adlar
daşısa da, onun mahiyyəti və məqsədi dəyişməmiş,
erkən çağlar “Sıraqan”, yaxud “Çıraqan”, yəni
işıq bayramı, nursaçan bayram, sonralar isə
“Nüvədruz” adı (sözün mənası doxsan
gündür. Novruza qədərki 90
günlük qış soyuqları dövrünə işarədir)
altında qeyd edilmişdir. Elə bu səbəbdən
çox vaxt onu “Doxsan bayramı” da adlandırmış, son
yüz ildə isə o, sadəcə, “Çillə gecəsi”,
yaxud “Şəbi-çillə” mərasimi kimi şöhrət
tapmışdır.
Xalqın həmin günü bayram səviyyəsinə qaldırmaqda niyyəti Günəşin “çilləsini” kəsmək olubdur. Mənbələrə istinadən deyə bilərik ki, Azərbaycanın bir çox yerində dekabrın 21-də küçə və meydanlarda tonqallar çatılar, ev-eşik, dükan-bazar işığa qərq olardı. Həmin gecə hər bir ev sahibi öz evində olmalı, bayramı ailə-uşağı ilə birlikdə qeyd etməli idi.
Bir çox mənbələrdə Xəzan - Mehrikan bayramının payızın sonu, qışın əvvəlində keçirildiyi qeyd edilir. Bu bayramla Novruz bayramı arasında eyniliklər var. E.Aslanın yazdığına görə, Mehrikan - Xəzan bayramı islamdan öncə III-V əsrlərdə, təxminən beş yüz ilə yaxın dövrdə və ondan sonrakı əsrlərdə Azərbaycanda Novruzdan sonra əhali tərəfindən çox sevilən bayram olmuşdur.
Novruz sisteminə daxil olan mərasimlərdən biri də Sədə bayramıdır. Tarixdə bu mərasim od-atəşfəşanlıq bayramı adlandırılıb. Sədə-şölələnən od mənasını daşıyır.
Ə.Biruni Sədə bayramının yanvarda yox, dekabrın 21-də keçirildiyini yazır. Məlumdur ki, oda inam, oda sitayiş zərdüştlikdən çox-çox əvvəllər mövcud olmuşdur. Zaman-zaman Azərbaycanda odla bağlı bir çox bayram və mərasimlər keçirilmişdir. Sədə bayramı bəhmən ayının 5 və 10-cu günləri (yanvarın 24-29-da) arasında keçirilirdi. Mənbələrə istinadən müəyyən edilib ki, Azər və Sədə mərasimlərindən əlavə, odla bağlı bir neçə bayram mövcud olmuşdur. Su ilə bağlı da müxtəlif mərasimlər keçirilmişdir.
Professor A.Nəbiyev “Ritual, mərasim və bayramlarımız” adlı məqaləsində yazıb: “Çox az xalqlar var ki, onların dünyəvi düşüncəsi bu qədər zəngin, geniş və əhatəli halda bayram ritual və mərasimlərində əks olunsun. Novruz yekunlaşdıqdan sonra onun ümumi məzmun dəyərləri özündən sonrakı ritual, ayin, etiqad və mərasimlərdə xeyli müddət nüfuz və təsirini göstərmişdir. Məhsul bolluğu etiqadları, şum, səpin, əyəsər (döl), calaqkəsmə və s. kimi qismən kiçik, region səciyyəli mərasim və bayramlarda öz modern məzmununu qoruyub saxlayır”.
Bakı və regionlarda yaz bayramı Novruzdan sonra keçirilən Güləkən bayramı ilə tamamlanıbdır. Bayram Novruzdan sonra qızılgül əkmə ilə başlayır. Üç mərhələdə davam edir. Bu mərasim gül-çiçəyin əkilməsi, becərilməsi və böyümüş gül-çiçəkdən gül suyu, gülab və müxtəlif alkoqolsuz içkilərin çəkilməsi, orijinal qoxusu olan ətirlərin alınması, dadlı-ləzzətli mürəbbələrin bişirilməsi ilə başa çatır.
Xeybər
GÖYYALLI,
Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası
nəşriyyatının baş redaktoru
Azərbaycan.-2015.- 30 mart.- S.10.