Novruz oyunları
Meydan tamaşalarının yadigarı
“Maraloyunu”
və “Kilimarası” xalq oyunları
qorunub saxlanmaqdadır
Ana təbiət hərdən şıltaqlıq edib üz-gözünü bozartsa da, mart ayında torpağın cana gəlməsi, ötən ilin payızından isti ölkələrə uçub getmiş qanadlı köçərilərin geri qayıdaraq ağacların budağında quruyub qalan yuvalarını bərpa etməsi ilə bir daha təsdiqlənir ki, yaşıl donlu bahar ömrümüzə - həyatımıza və həyətimizə ayaq basmaqdadır.
Müdriklərimiz martı tarixən “təbiətin oyanış” ayı da adlandırıb. Çünki çayların buzu əriyir, arxın kənarlarında yerin yeddi qatına kök atmış yarpız soyuq-sazaqdan qorxmayıb günəşə tərəf boylanır. Zirvəsi bəyaz dağlar baharın gəlişini duyub ağ çalmasını açmağa, yaşıl şala bürünməyə hazırlaşır. Qaya dibinə sığınmış novruzgülüyə elə gəlir ki, ondan tez oyanan yoxdur. Amma baxıb görəndə ki danaqıran “onu yuxuya verib”, boynunu əyib kövrəlir, kol dibində göyərən bənövşəni səsləyir, təbiət yenidən canlanır, qış donunu soyunmaqla yeni bir fəslin gəlişindən xəbər verir, o da nazlanmağa başlayır.
Novruz günlərinə qədər dörd həftə yol gələn yaz fəsli Sudan keçib, Odda bişib, Yelin qanadlarında özünü Torpağa yetirəndə görüb ki, qarçiçəyi yerin bağrını yarıb. Novruzun təbiətə gətirdiyi oyanış, deyirlər ki, aran yerlərində daha çox hiss olunur. Lakin dağların Novruz bayramını necə qarşılamasının şahidi olanlar bu həqiqəti bəzən qəbul edə bilmirlər, onun da səbəbləri var.
Söyləyirlər ki, Novruz bayramı günlərində (hətta çərşənbələr başlayandan) qəmli notlardan uzaq olmaq lazımdır. Bu da folklorumuzdan gəlmədir: dəm dəmi gətirər, qəm də qəmi. Ağrı-acılarımızı tonqalda yandırırıq ki, yeni baharımız, yazımız xoş əhval-ruhiyyə gətirsin, şadlıq və sevincli günlər qədəm bassın həyatımıza. Belə günlərdə qəmlənmək olmaz, lakin nə yazıqlar ki, bu da hələlik mümkün deyil. Düşmən tapdağında qalan yurdlarımızda Novruz tonqalları qalanmır. Dədə Qorqud boylarından boy verən bu oyanış tapdaq altındakı yurdlarımızda 23 ildən də artıqdır ki, gecikir. Çünki orada yağı torpağı əkib-becərmir, əksinə, onu yaralayır.
Kəlbəcərlilərin də Novruz tonqalları 23 ildir dağların zirvəsində qalanmır. Çünki 1993-cü ilin martı onlar üçün bayram ayı kimi deyil, faciə, müsibətli günlərlə yaddaşlarına yazıldı. Onlar hər yeni gələn Novruzdan dilək diləyirlər ki, növbəti bayramı dağlarda qarşılasınlar. Uzun illər “Maraloyunu” və “Kilimarası” folklor ansamblının ifaçısı olmuş, Beynəlxalq Folklor Festivalının laureatı Süleyman Süleymanov söyləyir ki, vaxtilə “Bahar bayramı - yaz bayramı” kimi keçirilən respublika miqyaslı bütün tədbirlərin iştirakçısı olub: “İçərişəhərin Novruz şənliklərində diqqətçəkən konsert proqramlarından biri də “Maraloyunu” və “Kilimarası”nın təqdim etdiyi nömrələrdir. Hər il ümumrespublika Novruz şənliyinə qatılan bu folklor ansamblının çıxışları əcnəbi qonaqların da marağına səbəb olur. Milli teatrın əsasını təşkil edən bu kimi meydan tamaşaları özlərində xalqımızın qədim mədəniyyətə və incəsənətə malik olduğunu əks etdirir. Demək, Novruz bayramı həm də milli-mənəvi dəyərlərimizə xalq məhəbbətinin tərənnümüdür”.
“Maraloyunu” ilə
“Kilimarası” folklor ansambllarıdır. Bu xalq
oyunlarının günümüzədək
gəlib çıxması,
əslində, Kəlbəcərin
Ağcakənd kəndində
dünyaya göz açmış Mehralı
babanın adı ilə bağlı olub. Sonralar bu xalq oyunlarını
onun nəsil-şəcərə
davamçıları Süleyman
və Şəfaqət
qardaşarı və
onların da övladları yaşatmaqdadırlar:
“Tamaşanın məzmununu
qısaca olaraq belə ifadə etmək olar. Zurnaçılar dəstəsi qara
zurnada elə ifa edirlər ki, maral ayaq
saxlayıb bu həzin musiqini dinləməkdən doymur.
Boylana-boylana qalan maralın
hərəkətləri onun
oynadığını göstərir.
Maral yerə yataraq başını o yan-bu yana
əyməklə sanki
nazlanır və musiqinin ritmi ilə səsin haradan gəlməsini axtarır. Bu oyunu
nümayiş etdirmək
üçün maral
dərisi geyinmiş (əlbəttə, maralın
dərisi məxmər
parçadan tikilir) oyunçudan məharət
tələb olunur.
O, dizləri üstə
iməkləməli, əlləri
ilə maralın baş-boyun hissəsini oynatmalıdır. Bu, o qədər də asan deyil, adamın
nəfəsi kəsilir.
Çünki nəfəs almaq
üçün açıq
yer olmur”.
“Kilimarası” da
kollektiv şəklində
ifa edilir. Bu, zurnaçılar dəstəsinin
ifası altında bir aktyorun gəlincik
oyununun nümayişidir.
İki nəfərin diz üstə oturaraq tutduğu kilimin arxasında aktyorun yerə uzanaraq məzhəkə çıxarmasıdır.
Gəlinciklərdən biri
kişi, o birisi isə qadındır. Xalq havalarından birinə
oynayan gəlinciklər
milli rəqsləri məharətlə ifa etməlidirlər ki, bu da kilimin
arxasındakı aktyorun
ayaq və əl barmaqlarını necə oynatmaq məharətindən asılıdır.
Burada milli kolorit əsas
götürülür. Bütün bunlar bayramın milliliyinin təsdiqidir.
Meydan tamaşalarının yadigarı
olan bu xalq
oyunları “Kosa-kosa” kimi komediya janrına
aid olmasa da, dramatik də deyil. Bu oyunlar
milli teatrımızın
tarixinin qədimliyini,
mədəniyyətinin isə
zənginliyini qoruyub saxlayır.
Kəlbəcərdə Novruz bayramının keçirilməsinə gəlincə,
həmsöhbətim deyir
ki, tədbirə yalnız mədəniyyət
və incəsənət
işçiləri, aşıq
və folklorçularımız
deyil, hər bir kəlbəcərli hazırlaşırdı. Evlərdə və həyətlərdə
aparılan səliqə-sahman,
abadlıq insanlarda yüksək əhval-ruhiyyə
yaradırdı. Çərşənbə
axşamlarında kəndin
orta yaşlı və cavanlarından ibarət dəstələr
düzülər, əvvəlcə
ötən il
yas mərasimi düşmüş həyətlərə
gedər, dualar oxuyardılar. Sonra evin yiyəsindən
ocağın üstünü
boş qoymamaq xahiş olunar, hətta özləri bayram qazanı asardılar. Bu mərasimi başa vurub uşaqlar folklor oyunlarından istifadə edərdilər.
Məsələn, onlar “Kosa-kosa”
oyunu ilə məzhəkə göstərər,
Keçəlin torbasını
doldurmaq üçün
min bir hoqqa çıxarardılar. Fındıqla “Çalayaatma” oyunu nə qədər maraq doğuran idisə, “Dirədöymə”
daha çox gənci bir araya toplayardı.
Novruz gecələrində
sübhə kimi yatmayan təkcə oğlanlar və ya orta yaşlı
kişilər deyil, qızlar da olurdu. Kənd qızlarının bir evə yığılması
və orada mərasimlə bağlı
müxtəlif oyunlar keçirmələri oğlanların
da marağını çəkərdi. Həmin
gecələrdə qız
bəyənməyə çıxanlar
da az
olmazdı. Qızlar şirniyyat bişirər,
nənələrindən qalma
yadigarları yada salar - bəxtlərini sınayar, qapıpusmaya çıxardılar. Daha bir maraqlı oyun “Yelləncək” idi. Hündür
yerlərdən kəndirlə
yelləncək asardılar.
İkiqat asılmış kəndirin bir tərəfində oğlan,
digərinkində isə
qız oturardı.
Üz-üzə oturmuş bu
cütlükləri bəzən
yarızarafat-yarıgerçək sevgililər də adlandırırdılar. Çünki qızlar yalnız bəyəndikləri oğlanla
birlikdə yelləncəyə
minərdilər.
Qonşuların və qohumların, eləcə də küsülülərin bir-birinin
evinə ayaq açması milli birliyin göstəricisi sayılırdı. Bayram günlərində küsülülər barışmalı,
kimsə qanıqara olmamalıdır, xoş sözlər danışmalıdır.
Çünki qapının arxasında
“bəxtinə çıxan
sözlər”i səbirsizliklə,
təlaş və həyəcanla gözləyənlər
olur. “Duzlu kömbə” yeyib yatanların yuxularının
çin olacağı
inamının da tarixi çox qədimlərə gedib çıxır...
Maraqlıdır ki, Novruz bayramı günlərində bişirilən xörəklərin və şirniyyatın dadı tamamilə özgə cür olur. O günlərin ən əziz və dadlı şirniyyatından biri əyirdək adlanır. Əyirdəyi digər şirniyyatdan fərqləndirən təkcə dadlı-duzlu olması deyil, bişirilməsidir. Süddə və yağda yoğrulmuş xəmir kiçik-kiçik doğranaraq yun darağının dəmir dişləri ilə bəzək vurulduqdan sonra yağda qızardılardı. Deyirlər ki, əyirdək Novruz şirniyyatlarının ən qocamanıdır.
Söyləyirlər ki, qalanan tonqalların qığılcımları göyləri yandırmasa da, düşmənin bağrını yarır, yarasaların gözlərini qamaşdırır. Dədə Qorqud Oğuz oğluna tapşırıb ki, dağların başında üç tonqal qalasın. Qoy düşmən bilsin ki, Oğuz yurdunun ocağı gur yanır... Bunun rəmzi mənası, təbii ki, olmamış deyil. Üç tonqal qələbə rəmzidir! Üç tonqal qalamağa qadir olan xalqımızın Novruz bayramının özəllikləri az deyil. Bu milli bayramın əsrlər və minilliklər yola salması onun digərlərindən fərqli cəhətləridir. Vaxtilə dini don geydirilən və buna görə də sovetlər tərəfindən keçirilməsi yasaq edilən Novruz, əslində, mahiyyətini özü göstərir. O, təbiətin canlanması ilə fəsillərin yerinin dəyişməsini bildirir. Demək, il təzələnir. Milli-mənəvi sərvətlərimizin siyahısına daxil olan Novruz bayramı özəllikləri ilə fərqlənir. Bəlkə də türk xalqlarının yeganə bayramıdır ki, bu əziz günlərdə böyüklü-kiçikli hər kəsin qəlbinə bir bahar təravəti, yaz duyğuları - coşqunluq, yüksək əhval-ruhiyyə dolur.
Qədəmləri uğurlu,
bərəkət sovqatlı olsun Novruz bayramının. Hər diləkdən bir mətləb hasil olur, deyirlər. Qoy builki Novruz yurd
nisgillilərə, sadəcə,
təsəlli deyil, xoş ovqat gətirsin, ümidləri
cücərtsin...
Həmsöhbətimin fikrinin davamı olaraq o yerlərin nisgilini, həsrətini ifadə edən bir qoşma
xəyalımı durna
qanadına alıb apardı:
Deyirlər bayramdı, yaz da gəlibdi,
Çəmənim, çiçəyim, çölüm
bəs hanı?
İllərdir ki, perik düşüb yurdundan,
Qonaqlı-qaralı elim bəs hanı?
Novruz tonqalını qalayım necə,
Əldən gedib yurdum bahar
gəlincə?!
Çəkirik bu dərdi bütün ellikcə,
Ocaqda qaralan külüm bəs hanı?
Dəlidağda qalanım var, qalanım,
Dərdi-qəmi kalanım var, kalanım.
Bundan sonra ha çapılım,
talanım,
Nəğmə deyən şirin dilim bəs hanı?
Əsir
düşüb torpağım
da, daşım da,
Orda qalıb
qar-boranlı qışım
da.
İldırımlar şaqqıldayır
başımda,
Axar çayım,
daşar selim bəs hanı?
Torbaları orda atıb gəlmişik,
Tonqalları orda çatıb gəlmişik.
Yolda-izdə qana batıb gəlmişik,
Yaz gəlibsə,
novruzgülüm bəs
hanı?
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2015.- 30 mart.- S.10.