Beynəlxalq ictimaiyyət ermənilərin soyqırımı cinayətlərini etiraf edir

 

Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı bu istiqamətdə sistemli və ardıcıl fəaliyyətin həyata keçirilməsinə yol açdı

 

Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı bəşəriyyətə, insanlığa yaraşmayan qanlı əməllər törədiblər. Xalqımız XIX əsrdən başlayaraq müxtəlif dövrlərdə erməni şovinizminin təcavüzünə məruz qalsa da, dünya ictimaiyyəti, xüsusən də Qərb ölkələri əslində nəyin baş verdiyini dilə gətirməkdən yayınıbdır. Bundan yararlanan ermənilər isə “məzlum xalq” pərdəsi arxasında nəinki Qafqazda və Azərbaycanda, dünyanın əksər ölkələrində qanlı hadisələrə, soyqırımlarına və terrora imza atıblar.

Ümumiyyətlə, erməni millətçiliyi və separatizmi Azərbaycanda işğalçılıq niyyətlərini həyata keçirmək, tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün hərbi və ideoloji vasitələrdən yararlanıbdı. “Daşnaksütyun” və “Hnçakkimi təşkilatları yaratmaqla mənfur ideyalarına start verən ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasəti planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam edib. Bu şovinistterrorçu siyasət nəticəsində əzəli Azərbaycan torpaqları qəsb olunub, on minlərlə soydaşımız soyqırımına məruz qalıb, minlərlə maddi və mənəvi mədəniyyət abidələrimiz vandallıqla dağıdılıb və ya erməniləşdirilib.

XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illər hadisələri zamanı Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində misli görünməmiş soyqırımı cinayətləri həyata keçiriblər. Həmin dövrdə minlərlə azərbaycanlı, həmçinin etnik azlıq təşkil edən dağ yəhudiləri də soyqırımına məruz qalıb, yüzlərlə kənd dağıdılıb, dinc əhali qaçqın vəziyyətinə düşüb.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sonrakı illərdə də davam edib. 1948-1953-cü illərdə SSRİ Nazirlər Kabinetinin qərarı ilə indiki Ermənistan ərazisində öz ata-baba yurdlarında yaşayan azərbaycanlıların deportasiyasına nail olan ermənilər 1988-ci ildə yüz minlərlə azərbaycanlını Ermənistandan qovmaqla etnik təmizləmə siyasətini başa çatdırdılar. Bu müddətdə Avropa ölkələrində xüsusən türk diplomatlarına qarşı çoxlu sayda terror həyata keçirən ermənilər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda da terrorçuluq əməllərini genişləndirdilər. Soyqırımı siyasətinin növbəti mərhələsinə rəvac verərək 1992-cı ilin fevralında Xocalı faciəsini törətdilər.

Erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, bunlara vaxtında lazımi qiymət verilməmiş, dünyaya çatdırılmamışdır. Erməni yalanlarının illər boyu ayaq tutub yeriməsinin, qarşılığında heç bir addım atılmamasının, susqunluğun, həqiqətin təhrif olunmasının acı nəticəsini isə xalqımız XX əsr boyu yaşamışdır. Ermənilərin həyata keçirdikləri soyqırımı, deportasiyaetnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirmişdir, 1991-1993-cü illərdə isə 20 faiz ərazimiz işğal edilmişdir. 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur.

Azərbaycanlılara qarşı aparılan soyqırımı və işğalçılıq siyasətinin xronologiyasını xatırlayarkən törədilən vəhşilik və cinayətlərin miqyası, metodologiyası qəzəb doğurmaya bilmir.

1918-ci ilin qırğınları ermənilərin xalqımıza qarşı törətdikləri çoxsaylı soyqırımı cinayətlərindən biridir. Həmin ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, 1919-cu və 1920-ci illərdə mart ayının 31-i milli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdırmaq məqsədilə yaradılan komissiya Rusiyanın ölkəmizi işğal etməsi səbəbindən öz işini başa çatdıra bilmədi. Sovet hakimiyyəti illərində isə ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər barədə danışmaq tarixdən də bəlli olduğu kimi mümkün deyildi. Bu mənada tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmayıb. Ermənilərin işğalçılıq və etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırımı cinayətləri tarix boyu davam etsə də, imperiya əsarəti xalqımıza qarşı törədilənlərin qarşısının alınmasına və araşdırılmasına imkan verməyib. Əksinə, erməni vandalizmini, məruz qaldığımız soyqırımını və digər bu kimi tarixi həqiqətləri bizə unutdurmağa çalışıblar.

Xalqımızın məruz qaldığı soyqırımı əsl siyasi-hüquqi qiymətini Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra aldı. Qanlı faciə ilə bağlı ən böyük siyasi sənəd yalnız hadisədən 80 il sonra qəbul edildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verildi. Fərmanda deyilir: “1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi əks olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük hissəsini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir”.

Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin imzaladığı erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulur, onların mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə anladılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə siyasiçağdaş aspektlərinə nəzər salınır. Ən əsası, bu fərman terrorizmə, soyqırımına qarşı mübarizə aparmaq üçün ulu öndərin müəyyən etdiyi bir yoldur. Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiyaişğal siyasətinin intensivliyi bu gün də zəifləməmişdir, əksinə, bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını bir az da gücləndirmişlər. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından məharətlə yararlanaraq “əzabkeş erməni milləti” obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

Lakin artıq dünya ictimaiyyəti reallığı dərk etməyə başlayıb. Bunun da əsas səbəbi Azərbaycan dövlətinin erməni yalanlarının ifşası ilə bağlı həyata keçirdiyi sistemli və ardıcıl fəaliyyətdir. Artıq bu istiqamətdə müəyyən uğurlardan da danışmaq olar. Bu uğurlar Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsidir. Prezident İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa edir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası və dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan azərbaycanlı gənclərinin bu kampaniyaya dəstək olması nəticəsində beynəlxalq ictimaiyyət ermənilərin əslində kim olduqlarını öyrənməyə başladı. Təsadüfi deyil ki, son illər bir sıra ölkələrin parlamentləri, beynəlxalq qurum və təşkilatlar Xocalı soyqırımını tanıyıb və getdikcə bunun miqyası artır.

Hər bir azərbaycanlının mühüm vəzifələrindən biri bu fəaliyyətə yaxından dəstək vermək, xalqımıza qarşı həyata keçirilən soyqırımı cinayətləri haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu hadisələrə bütün dünyada siyasihüquqi qiymət verilməsinə nail olmaqdır. Çünki bu, bizim soyqırımı cinayətlərinin qurbanı olan soydaşlarımızın ruhu qarşısında müqəddəs borcumuzdur.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 31 mart.-  S.1.