YANDIQCA GURLAŞAN OCAQ

 

Gəlin onun söndürülməsi cəhdlərinin qarşısını alaq

 

Azərbaycan xalqı ailəni daim ocağa bənzədib!

İşıq, istilik verən, həyatı təmin edən ocağa...

Belə ocaqlar adətən başqa ocaqlardan götürülən yanar odlardan yaranır.

Tək kösöv nə qədər tüstülənsə də, alışa bilməz!

İki kösöv baş-başa verəndə isə ocaq alovlanır!

Əslində iki ocağın odu bir yeni, daha gur yanacaq ocağın əmələ gəlməsinə səbəb olur.

Ən maraqlısı budur ki, ailə ocağı yandıqca tükənmir. İllər keçdikcə bu ocağa yeni bir “çırpı” əlavə olunur... Sonra daha biri, daha... Həmin “çırpı”lar isə tez yanıb qurtarmır. Əksinə, gurlaşaraq ocağın işığını və istisini artırır, onu şölələndirərək daha uzunömürlü edir. Və bəzən bu ocaq o qədər işıqlı və hərarətli olur ki, ondan vətənə də “pay” düşür!

Bu, həm də Azərbaycan ailəsinin modelidir...

Ailə öz üzərində çoxsaylı fərdi və ictimai funksiyalar daşıyır. Bunları ümumi şəkildə nəzərdən keçirək:

Azərbaycan ailəsi şəxsi istəkdən doğsa da, ictimai xeyir-dua əsasında təşəkkül tapır. Başqa sözlə, oğlan və qız bir-birini bəyəndikdən, ömrün qalan hissəsini birlikdə başa vurmaq barədə fərdi qərar qəbul etdikdən sonra “məsələnin həlli” valideynlərin “sərəncamına” keçir. Daha doğrusu, “ictimailəşmə” mərhələsi başlayır.

Nəslin tanınmış ağsaqqalları, ailənin yaxın və hörmətli dostları, tanışları elçi statusunda qız evinə - “hə”yə göndərilir.

Ənənəvi qayda və prinsiplərlə keçirilən “elçilik mərasimi” uğurla başa çatdıqdan sonra nişan aparılmasına hazırlıq görülür. Xonçalar tutulur, gəlinə nişan üzüyü, pal-paltar, hədiyyələr alınır...

Nişan xonçaları nümayişkaranə halda , qonşuların görə biləcəyi şəkildə qız evinə gətirilir. Əslində, bu, gənclərin sərbəst şəkildə, ictimai qınaqdan çəkinmədən görüşə bilməsinə də şərait yaradır. Valideynlərin və ağsaqqalların öncüllüyü ilə gerçəkləşdirilən, elçilikdən daha böyük formatda keçirilən bu mərasim həm də toy qərarına, çoxsaylı qohum və tanışların iştirak etdikləri şənlik məclisinə yol açır.

Bu yerdə bir neçə zəruri məqamı da vurğulayaq.

Avropada ailə quran gənclər seçimi təkbaşına aparır, valideynlərini “fakt qarşısında” qoyurlar. Seçdikləri “namizədi” ata-anaya təqdim edərək “bu mənim arvadımdır (ərimdir)” - deyirlər.

Bizdə isə seçim fərqli olsa da, “qərar” birlikdə - oğlanın və qızın valideynlərinin də iştirakı ilə “qəbul” edilir! Beləliklə, əslində valideynlər, elçilikdə iştirak edən ağsaqqallar həm də yeni qurulacaq ailənin “zəmanətçisi” rolunda da çıxış edirlər!

Toy da daxil olmaqla ağsaqqal və ağbirçəklərin, qohum-qardaş və dostların xeyir-duası ilə keçirilən bütün bu mərasimlər mahiyyət etibarilə yeni ailə quran gənclərin cəmiyyət qarşısında məsuliyyətinin artırılmasına, gənc ailənin möhkəmlənməsinə və onu gözləyən sınaqlara hazır olmasına xidmət edir.

Azərbaycan ailə institutunun üzərinə fərdi və sosial xarakterli bir sıra vəzifələr də düşür.

Fərdi vəzifələr əsasən aşağıdakılardır:

* məişətin təşkili;

* insanın təkrar istehsalı;

* övlad tərbiyəsi:

- oğlan uşaqları atadan kişilik dərsi alır;

- qızlar isə anadan evdarlıq öyrənirlər;

* cəmiyyət üçün yeni vətəndaşın formalaşdırılması missiyasının bir hissəsi ailədə yerinə yetirilir;

* peşə seçimi, müstəqil həyata hazırlıq;

* gələcək ailə həyatına hazırlanma və yeni yaradılacaq ailənin təməlinin qoyulması.

Sosial vəzifələrə isə bunları daxil etmək olar:

* ibtidai tərbiyənin verilməsi;

* ana dilinin öyrədilməsi və sevdirilməsi;

* dünya görüşünün formalaşdırılması;

* xalqımızın adət-ənənələrinin aşılanması;

* dini dəyərlər barədə ilkin məlumatlandırma;

* milli və dini mənsubiyyətdən qürur duyma hissinin tərbiyələndirilməsi;

* Azərbaycançılıq ideyasının bir sıra prinsiplərinin mənimsədilməsi;

Bir məsələni də qeyd edək ki, ailənin yerinə yetirməli olduğu fərdi və sosial vəzifələrin bir qismi bir-birilə elə bağlanıb ki, onları ayırmaq çox çətindir!

Ailə cəmiyyətin özəyidir!

Ailənin möhkəmliyi və sabitliyi cəmiyyətin tərəqqisinə və sabitliyinə xidmət edir!

Azərbaycan ailəsində kişi evin “qazancgətirəni” sayılır. O, daim işləməyə, səmərəli çalışmağa, ailəsini firavan dolandırmaqdan ötrü çox qazanmağa can atır. Bu məqamda dövlət ilə ailənin maraqları üst-üstə düşür. Yəni, ailə başçısı övladlarını daha yaxşı yaşadıb tərbiyələndirmək üçün mümkün qədər çox qazanmağa və deməli, daha səmərəli və məhsuldar işləməyə çalışır. Dövlətə də məhz belə işçilər daha çox gərəkdir! Üstəlik, dövlətin və iqtidarın da məqsədi insanları daha firavan yaşatmaq, kreativ nəsil yetişdirməkdir.

Azərbaycan ailəsi daim özünün möhkəmliyi, davamlılığı ilə fərqlənib. Bu, onun özünəməxsus xüsusiyyətlərindən irəli gəlir.

Bütün dünya gender siyasətindən danışır və demokratiyanın əsas əlamətlərindən biri kimi onu bizə təkidlə, inadla qəbul etdirməyə çalışırlar.

Əslində, Azərbaycan cəmiyyətində Azərbaycan qadınının özünü azad, müstəqil hiss etməsində heç bir problem yoxdur! Nə təhsildə, nə dövlət qulluğunda və digər sferada, nə də ictimai həyatda qadına sovet dövründən üzü bəri heç bir məhdudiyyət qoyulmamış, süni maneələr yaradılmamış, kişilərlə müqayisədə ayrı-seçkiliyə yol verilməmişdir! Əksinə, bəzən qadınlar hətta kənd təsərrüfatı və sənaye sahələrində “kişi işi” ilə də məşğul olmuş, ağır işlərdən belə çəkinməmişlər. Cəmiyyət isə bunu alqışlayaraq qadın zərifliyinin qorunmasını “unutmuşdur”. Nəticədə belə addımlar hətta vəsf edilərək təriflənmişdir.

Azərbaycan ailəsində qadın həmişə “öz yerində” olmuşdur! Həqiqət naminə etiraf edilməlidir ki, qadına azadlıq verilməsi faktiki olaraq onun “ikiqat istismarına” şərait yaratmışdır!

Bu müddəanı bir qədər xırdalayaq.

Azərbaycan qadını Azərbaycan ailəsinin bərkidicisidir (sement sözünü qəsdən işlətmirik). Onu qoruyanı, saxlayanı və yaşadanıdır!

Öz gücü, dözümü və mənəviyyatı ilə!

Kişi (ər) evin qazanc gətirənidir! Bu, çatacaq qədər və ya az da ola bilər! Hərdən qadın (arvad) çox deyindikdən sonra “divara bir mıx” da vurar! Vəssalam! Daha evdə nə işi olacaqdı?!

Evin xanımı (qulluqçusu) isə, əvvəla, hər gün kişi qədər işləyərək ailənin daxılına müəyyən qədər pul gətirir. Hətta kişinin qazancı azlıq edəndə, həmin “kəsiri” düzəldir. Deməli, kişi qədər (gündə 8 saat) işləyərək bəzən onun qədər də qazanır. Bunu “cəmiyyətdə gender bərabərliyi” adlandıraq. Məişətdə isə...

Azərbaycan qadını (evin xanımı və qulluqçusu) əsl fədakarlıq (əgər hər hansı səbəbdən təkbaşına övlad böyüdürsə, hətta qəhrəmanlıq) göstərir. Evin yığışdırılması, döşəmənin süpürülüb yuyulması, xörək bişirilməsi, çay qaynadılıb dəmlənməsi, çirkli qabların yuyulması, paltarların yuyulub ütülənməsi, uşaqların yedizdirilib geyindirilərək məktəbə yola salınması, onların dərslərini hazırlamalarına kömək göstərilməsi, kişinin üst-başına baxılması, dünyaya yeni uşaq gətirilməsi... və burada sadalamadığımız digər “vəzifələr” Azərbaycan anasının (qadınının) üzərinə düşür!

Daha doğrusu, düşmür, o bunu könüllü şəkildə, tarixən, ənənəyə görə, ailəni yaxşı yaşatmaq üçün öz boynuna götürüb! Bunu hamı, xüsusən biz kişilər “adi və normal hal” kimi qəbul edirik. Birində gecikmə və ya qüsur müşahidə edəndə kömək etmirik, dərhal irad və narazılığımızı bildiririk. Hətta özümüzə “zəhmət verərək” buna görə onları danlayırıq da!

Amma gəl görək avropalı bir qadın bunların hamısını könüllü şəkildə edərək, üstəlik, sənin danlağını da qəbul edərmi?! Ay-hay!

Bu yalnız Azərbaycan qadınıdır!

Bu yalnız Azərbaycan anasıdır!

Fədakar, cəfakeş, ailəcanlı, özünü övladlarına fəda etməyi bacaran və bunu həvəslə edən Azərbaycan qadını!

AMMA BİZ NƏ EDİRİK?

Bütün özəl televiziya kanalları Azərbaycan ailəsini özünə hədəf seçib! Onun gözdən salınması, dağıdılması üçün nə mümkündürsə edir!

Hər kanal bir ad qoyub, bir “üslublu” aparıcı tapsa da, mahiyyətcə bir-birinin eynisi və təkrarı olan gündəlik (və bir neçə saatlıq) şou proqramlarda ailənin bütün atributlarını, təməl dəyərlərini yıxıb-sürüyürlər!

HARADA:

Pis arvad, pis ər, pis oğul, pis qız, pis qayınana, pis qayınata, pis qayın, pis baldız və s. varsa, dartıb gətirirlər televiziya verilişlərinə, utanıb-çəkinmədən, abır-həya etmədən biabırçı “müzakirələr” (məhkəmələr) təşkil edirlər.

SORUŞAN DA YOXDUR:

- Bəs yaxşılar hanı? Niyə onları da göstərmirsiniz?

- Niyə sizin qəhrəmanlar “xəyanətkar arvadlar”dır? Bəs kirpikləri ilə od götürərək şəhid övladı böyüdən, ona təhsil verərək ailə sahibi edən Azərbaycan qadınlarını kim tanıtmalıdır?

- Niyə yataq xəstəsi olan qayınana və qayınatalara illərcə qızlarından artıq qulluq göstərən gəlinləri öz kanallarınızda göstərmirsiniz? Nədir sizə mane olan?

- Niyə öz ərini, övladını və ailəsini ataraq evli kişiyə qoşulub qaçanlara əməlinə haqq qazandırmasına cəhd göstərməsi üçün tribuna verirsiniz? Belə halda antireklamın, əslində, reklamın, nəyə xidmət etdiyinin fərqinə niyə varmırsınız?! Sizcə bu nəyə xidmət edir?

Bir də görürsən “sənətkar”lardan ibarət “münsiflər” heyətinin iştirakı ilə veriliş başlayır. Başlayır, nə başlayır!

* Kəbinli ər üzü görməyənlər ər-arvad münasibətlərinin;

* Bircə saat ər evində olmayanlar qayınana ilə mehriban davranışın;

* Övlad dünyaya gətirməyənlər ailədə necə övlad tərbiyələndirməyin;

Baldız və qayın üzünə həsrət qalanlar təzə gəlinin qohumlarla mehriban dolanmasının RESEPTLƏRİNİ verirlər!

Səviyyəsi çayxana və bazar danışıqlarından yuxarı qalxmayan, verilişi nədən başlayıb harada qurtaracağını bilməyən, mənəvi dəyərlər barədə ibtidai təsəvvürü belə olmayan aparıcılar anti-reklamın da reklam olduğunu anlamadıqlarından Azərbaycan ailə institutunu məhv etmək üçün dəridən-qabıqdan çıxırlar!

Sanki özlərinin ailəsi olmadığına görə olanlardan qisas almaq istəyirlər!

Söhbət reytinq qazanmaqdan gedirsə, görün, o reytinqi kim və nə məqsədlə müəyyənləşdirir?

İndiyədək evində “reytinqölçən” cihazı olan adama rast gəlməmişik!

Necə olur ki, mənəvi dəyərləri dağıdan verilişlər həmişə “reytinqli veriliş” hesab edilir?

Sizcə bu, nə deməkdir?!

Reytinqin reklama xidmət etməsinə gələndə isə görünən odur ki, özəl kanallarda hər verilişin öz sponsoru var. Üstəlik, haçan kanalları “gəzsən”, həmişə reklam çarxlarına rast gələrsən. Ən nəhayət, verilişlər boyu müşahidə edilən gizli reklamların da sayı-hesabı yoxdur! Deməli, televiziyaların nə reklam korluğu var, nə də məsələ “reytinqdə” deyil!

Bütün bunlar bəhanədir!

Əslində, cəmiyyətin özəyi sayılan ailənin məhvinə xidmət edən verilişlər Avropa mədəniyyətinin ən zərərli və təhlükəli meyillərinin zorla bizə yeridilməsinə xidmət edir.

Hərənin öz gözləntisi var! Qloballaşma kiçik dövlətlərə və azsaylı xalqlara yaxşı heç nə vəd etmir! Ikili standartların hökm sürdüyü dünyada Azərbaycanın ailə institutunu dağıtmaqla milli hiss və duyğudan uzaq, saxta demokratiyanı milli maraqlardan və vətən təəssübkeşliyindən üstün tutan, ailə “yükünü” vətəndaş nikahı “yüksüzlüyünə” asanlıqla dəyişən yeni “gənclərin” yetişdirilməsinə nail olmaqdır.

Müstəqil Azərbaycana isə mənəviyyatlı, xalqın adət-ənənəsini, milli dəyərlərini sevib qoruyan vətən fədailəri lazımdır!

Bütövlükdə götürəndə isə dəyərlərin itirilməsi cəmiyyətin gələcəyi üçün də ciddi təhlükə sayılır!

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2015.- 31 mart.- S.4.