Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

AZƏRTAC xəbər verir ki, martın 30-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Xızıdakı Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də Sumqayıt şəhəri, Qobustan, Abşeron, Siyəzən və Xaçmazdan olan vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal-ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.

Səyyar qəbul zamanı DGK-nın sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

 

Azərbaycan.-2015.- 31 mart.- S.5.