Azərbaycan parlamentində erməni təcavüzünün müzakirəsi (Mart 1920)

 

Qarabağda erməni qiyamı

 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamentinin ölkənin ərazi bütövlüyünü qorumaq, sərhədlərinin toxunulmazlığını təmin etmək, qanuni hökumət orqanlarına tabe olmamaq meyillərini, hər cür özbaşınalıq və hətta müxtəlif bəhanələrlə milli toqquşmalar törədən separatçılara qarşı aldığı qəti tədbirləri araşdırıb ümumiləşdirmək və təbliğ etmək vacib vəzifələrdəndir. Bu sahədə son illər az iş görülməyib, çox maraqlı sənədlər və tədqiqatlar aparılıb, əsərlər nəşr olunub. Təəssüf doğuran onları oxuyub öyrənənlərin sayının azlığıdır. Elə əsərlərin tirajı da həddindən artıq az və həm də bəzi hallarda çox bahadır. Bu sənədlərdən dərs vəsaiti kimi istifadə etmək də vacib və lazımdır. Respublikanın təkcə mərkəzi kitabxanaları deyil, ali və orta məktəblərin, şəhər və rayonların mərkəzi kitabxanalarında bu kitabların olması, oxunması və təbliği fayda verərdi. Bu mühüm məsələdə kütləvi informasiya vasitələri də böyük rol oynaya bilər. 95 il bundan əvvəl - 1920-ci il martın 22-də Novruz bayramı günü ermənilər Şuşa şəhəri, Şuşa qəzası və onunla qonşu olan digər qəzalarda eyni vaxtda qiyam qaldırdılar. Bu məsələ Azərbaycan Cümhuriyyəti parlamentində çox geniş və ciddi müzakirə edildi, ümumiyyətlə, ermənilərin türk-müsəlmanlara qarşı həyata keçirdikləri və keçirməkdə olduqları milli qətliam siyasətinə və onun aradan qaldırılması yolları və vasitələrinə dair dəyərli təklif və mülahizələr söylənildi. Həm də hökumətin bu qiyamı yatırmaq sahəsində gördüyü tədbirlər barədə parlamentin sonrakı iclaslarında daxili işlər nazirinin hesabatı dinlənildi. Həmin tarixi sənədlərlə tanışlıq bu gün üçün də ibrətamiz və faydalıdır. Onlarla oxucuların da tanış olması vacibdir.

 

Şirməmməd HÜSEYNOV,

professor

 

Mustafa bəy Vəkilov (daxiliyyə naziri): Möhtərəm məbus əfəndilər! Son günlərdə əfkari-ümumiyyəni işğal edən Qarabağ hadisələri barəsində izahat verəcəyəm. Martın 22-də və iki gün ondan irəli Şuşa qalasına, Azərbaycan xidmətində olan uçastoka erməni pristavları general-qubernatorun görüşünə gəlmək adı ilə hərəsi 15-20 nəfər müsəlləh (silahlı- Ş.H.) erməni strajnikləri ilə şəhərə gəlmişlərdir. Beləliklə, şəhərə 200 nəfər müsəlləh erməni əsgəri toplaşmışlar. Bir bu qədər də şəhərdə olanlar bizim Şuşada əsgərlərimizə hücum etmişlərdir.

Bir neçə zabiti həbs edib əsgərlərə atəş atmışlardır. Bir tərəfdən bayram münasibətilə xalq evlərində istirahətə məşğul olduqlarından, digər tərəfdən camaat böylə xəyanətə və məchulə bir hücum gözləmədiklərindən bu hadisə olduqca nagəhan olmuşdur. Məəmaafiyə (buna baxmayaraq- Ş.H.) Şuşadakı əsgəri hissələrimiz onların başlarında duran zabitan (zabitlər-Ş.H.) qəhrəmanə bir surətdə onların hücumunu dəf edə bilmişdir. Bu surətlə martın 22-23-də bütün günü atışma getmiş və o günün qürub çağı asilər artıq dayanmayıb şəhərdən çıxmağa məcbur olmuşlardır.

Ermənilərin bu hücumları yalnız Şuşada deyil, eyni hal ilə Xankəndidə də olmuş, hücumları dəf edilmişdir.

Həmçinin bu növ Əskərana da hücum edilmişdir... Məlum olur ki, iş bu, üsyan hərəkatı bir neçə aylardan bəri imiş ki, hazırlanırmış. Bu xüsusda böyük hazırlıqlar görülmüş, bu hücuma başlamaq üçün onların müəyyən siqnalı olmuşdur. Şuşa qalasının yaxınlığında bulunan Şuşa kəndində top atəşi vasitəsilə verilən siqnal üzərinə hər yerdən birdən bizim əsgərlərimizə hücum eyləmişlərdir.

Bununla bərabər, Qarabağın Cavanşir, Zəngəzur qəzalarında olan erməni əhalisi də bizim əsgərlərimizə hücum edib üsyan qaldırmışlardır. Əlbəttə, bu üsyan nə qədər böyük bir miqyasda hazırlansa da, hər yerdə onlara böyük zərbələr vurulub hücumları dəf edilmişdir. Hazırladıqları planları bir nəticə verməmişdir...

Ələ keçən sənədlərdən və vəsiqələrdən məlum olur ki, bu fitnə hazırlığını yerli əhali nəinki öz təşəbbüsü ilə etmiş, bəlkə kənardan gəlmiş qüvvələr bunu hazırlamışlardır. Şuşa şəhərində erməni ziyalı sinfi onların arxasınca getməmişlərdir. Başqa köylərdə (kəndlərdə-Ş.H.) də əhali asilərə qoşulmaq istəməmişlər. Fəqət üsyançılar onları zor ilə kəndilərinə (özlərinə-Ş.H.) tabe etmişlərdir.

Əlbəttə, bu kimi həyasız fitnəni yaratmaq üçün əsgəri qüvvəyə müraciət etməkdən əvvəl həyəcana gəlmiş əhali kəndisi yatırmağa çalışmış.

Məmləkətin hər tərəfindən camaat sel kimi könüllü sifəti ilə axıb məhəlli-hadisəyə gəlməkdədir. Hazırda bu xalq axınının qarşısını almaq müşkül bir hal olmuşdur. Hər yerdən cəbhəyə qoşularaq kəndi (öz) qardaşlarının imdadına gəlirlər.

Qarabağda müvəqqətən pozulmuş intizam və qayda bu yaxınlarda düzələcəkdir. Hökumət bu xüsusda ciddi və qəti tədbirlər görmüş və görməkdədir. Yaxın günlərdə bu üsyan təsviyyə (ləğv-Ş.H.) ediləcəkdir.

Nəsib bəy Yusifbəyli (hökumət rəisi): Erməni (Ermənistan-Ş.H.) hökuməti qərar vermişdir ki o yerlər ki, erməniyə tabe olmayır, top ilə alsınlar... Erməni qoşunları 24 ədəd müsəlman kəndlərini yer ilə yeksan edib, orada əhalini tamamilə kəsmişlərdir. Uşaqları belə tonqala basmışlardır. Övrətlər də tələf edilmişdir, yerdə qalanlar da, qaçan qaçmışdır... Ermənilərin idarəsi altında olan yerlərdə Eçmiadzin, Novbayazid, İrəvan qəzalarında və sair yerlərdə külli miqdarda müsəlman var idi. Hər halda əhalinin 30 faizi qədərdir. Fəqət, nasılsa, birdən-birə bunların həpsi yoxa çıxmış və nəticədə müsəlman şimdi (indi-Ş.H.) orada yoxdur... Bunun önünü almaq lazımdır...

Əfəndilər! Böyləliklə qurulan hökumət yaşamaz. Qan ilə yoğrulmuş dövlət başa getməz... Göstərək ki, vəhşi kimdir, mədəni kimdir? ...Erməni vətəndaşlarımız da bizimlə, hətta bizdən də qabaq səslərini ucaltmalı və deməlidirlər ki, bəsdir daha, böylə hökumət qurmaq olmaz. Bu cür rəftarınızla aləmi qana bulayırsınız...

İbrahim İsmayılzadə (məbus-deputat): ...Erməni daşnak firqəsi müsəlman qüvvə propaqandasına istinad edərək Türkiyə və Qafqaziyada bir yek vücud Ermənistan fikrinə düşdülər. Həmin bu zaman Rusiyada birinci inqilab araya gəldi. Daşnaklar cığırlarından çıxdılar və öz arzularına nail olmayacaqlarını, inqilab şüarı ilə yeni hökumətlər meydana gəldiyi təqdirdə imperialist arzularının məhv olacağını görərək başqa yolda işə başladılar. O idi ki, Kerenski dövründə Mivanfolov vasitəsilə min dürlü fitnələr yapmağa başladılar. Məqsədləri də məhəlli idarələri pozmaq, Azərbaycan və Gürcüstan idarələrini məhv etmək idi. Fəqət bu da olmadı. Çünki o zaman Rusiyada sosialist inqilabı başladı və iş başına bolşeviklər keçdilər. Ruslar cəbhəni tərk etdilər. Bu zaman daşnaklar Türkiyədə Kilikiyadan başlamış bəhri-Xəzərədək böyük bir Ermənistan yaratmaq fikrinə düşdülər və bolşeviklərlə əlbir olaraq bizi xan və bəy deyərək qırdılar. Mən özüm Gəncədə komissar olan zaman gəlib kazaklara deyirdilər: “Gəncə məhəlli türklərini tərksilah etdirmək lazımdır. Guya bizim depolarımız, kilitli silahlarımız varmış və fikrimiz bəylərin və xanların əksinqilab fikrinə xidmət etmək imiş. Eyni zamanda, bolşeviklər türklər ilə sülh əqd edərək gözlədikləri Karsı türklərə verdilər. Bu surətlə daşnakların ümidləri olan bolşeviklərdən də əli çıxaraq bu dəfə də Avropa imperialistlərinə qul olub fitnə-fəsad çıxarmağa başladılar. Digər tərəfdən isə, Avropa sosialistlərinin konfransına soxularaq “Azərbaycanda sosialist yoxdur, tək-tək düşünənlər varsa da, bəylərin nüfuzundan qurtarmamışlar” deyə guya türk demokratiyasını yox kimi göstərərək Azərbaycan sosialistlərinin konfransa yolunu kəsmək və nəticədə daşnak xülyasına nail olub 7 quberniya daxilində “böyük Ermənistan” yaratmağa səy edirlərdi. Çox qəribə gəlməsin ki, ingilislər Batuma ilk qədəm qoyduqları vaxt daşnak alayı Gürcüstana hücum eylədi. Mən o zaman Tiflisdə idim. Onlar elə güman eylədilər ki, ingilislər gəlib Gürcüstanda onların keyfi istədiyi kimi hərəkət edəcəklər. Xalqa deyirdilər ki, Azərbaycanla Gürcüstan xalqını tələf edərək daşnakları bütün Şərqə hakim edəcəklərdir. Bu olmadı... Bugünkü məsələ yalnız Kars deyil, Zəngəzur məsələsi var, Qarabağ var... Onlar fikirlərini Avropa imperialistlərinə verib onlara güvənirlər... Bir firqə ki mərkəzi komitəsi xaricdədir, onun şöbəsi Azərbaycanda olmaz. Daşnakları qovub buradan çıxarmaq lazımdır. Dünən İrəvanda xalqı məhv edən bir firqənin əzasını (üzvlərini- Ş.H.) aradan çıxarmaq lazımdır...

Baba bəy Kabulov (Əhrar Partiyası): Mən öylə bilirəm ki, nə qədər danışılarsa, bu məsələ qurtarası deyildir. Əfəndilər! Bu gün parlamentin xariqüladə iclasıdır. Burada biz açıq danışmalıyıq. Siz bilirsiniz ki, bu gün ortalıqda bir erməni məsələsi vardır. Və o məsələni Azərbaycan milləti və parlamenti... həll etməlidirlər. Artıq quru danışıq və alqışlar ilə bir şey olmaz. Belə şeylər ilə Zəngəzurda qırılan, irzi-namusu puç olan müsəlmanların dərdinə dərman olmayır. Baxınız, əgər İstanbulda naxoşluqdan bir erməni ölürsə, ermənilər bütün Avropa əfkari-ümumiyyəsinə “türklər filan qətliamda bunu öldürdülər” deyə qışqırırlar. Avropa əfkari-ümumiyyəsi də onları eşidir, fəqət erməni bandaları, canavarları, mauzeristləri tərəfindən tar-mar edilən xanimanları Avropa görmür. Ərşə qalxan ah-nalələri onlar eşitmir (alqış). Əl çalmarız, əl çalmaq ilə dərdə əlac etmək olmaz. Mən hissiyyata qapanıb danışmıram. Mən bir azərbaycanlı kimi danışıram. Bu cür məsələləri müahidələr, bağlaşmalar ilə, konfranslar ilə həll etmək olmaz. Artıq biz aldanmamalıyıq, çünki o qatillərin şüarı İslamı qırmaqdır. Hamımız bilirik ki, daşnaklar Avropanı qapı-qapı gəzib Türkiyə məsələsinin bu cür həll edilməsi üçün hər alçaqlığı qəbul etmişlərdir. Onlar Osmanlı - türk məsələsindən sonra Azərbaycan məsələsinə girişmişlərdir. Onlar süni yollar ilə erməni əksəriyyəti (çoxluğu-Ş.H.) qayırmaq istəyirlər, bu, inkaredilməz. Bunların darülfunun görmüşləri, alimləri vardır, əcəba, bunların heç qəlbi ağrımır, ruhu sıxılmır, ürəklərində şəfqət və mərhəmət yoxmudur ki, heç olmazsa daşnakların bu zülmünə qarşı protesto etsinlər?.. Biz quru protesto edirik, fəqət bunlardan dərdə əlac olmaz. Bugünkü gündə azərbaycanlılar öz müqəddəratını düşünüb həll etmək üçün başqa yolların hamısını bilir. Qoyunuz millət özü bunu düşünüb böylə məsələləri həll etsin. Avropada isə şimdiyə qədər bu fəlakətləri görmürlər. Çünki onların gözlərindəki çeşməklər Poqos Nübar paşaların əli ilə taxılmışdır. Nə qədər ki o çeşməklər çıxarılmamış, biz xilas olmayacağıq və onlar da həqiqəti görməyəcəklər. İş böylə olduqda biz bilümum təfriqəni bir yana buraxıb yığışalım, tədbir edəlim və çalışalım ölmək icab edərsə, nə eybi var, qoy desinlər ki, parlament əzasından bir neçəsi gedib özünü millətə fəda etdi və birdəfəlik bu zalımların qarşısına bir sədd çəkəlim. Sizsə öylə bilməyin ki, burada daşnak firqəsi işləməyir. Bir para namussuz müsəlmanlarımız vasitəsilə hətta daşnak şöbələri buradan külli surətdə paralar toplayıb Ermənistana belə göndərirlər. Belə işlərdə bütün ermənilər iştirak edir... Mən təvəqqe edirəm ki, buna ümumi bir əlac tapasınız. Məlumunuzdur ki, hər xəstəliyin özünəməxsus əlacı vardır. Hökumət bu xəstəliyə hərgah əlac etməyə, biz millət özümüz gedib intiqam alarıq.

Əsədulla Əhmədov: ...Nə qədər hökumətlər dəyişir, sosialistlər olur, menşevik olur, daşnakların nəzərində biz yenə də müsəlmanıq. Osmanlı olur, bolşevik olur, yenə müsəlmanıq. Onların məqsədi burada müsəlmanları qırıb məhv etməkdir... Mart hadisələrində bir həyətdə deyil, bir evdə 24 cocuq ölməsini gözümlə görmüşəm... Vəhşiliyə və canavarlığa qarşı kulturnu yol heç çarə edəməz. Mən onların injenerlərini, həkimlərini, raboçilərini, hamısını əli tüfəngli, güllə atan gördüm. Hökumət dedi sülh yolları arayayım... Məncə, camaatın qabağını kağızla saxlamaq mümkün olmayacaq. Mənim 50-dən artıq yaşım var, mən heç görməmişəm ki, ermənilər döyüləndən sonra ağlasınlar. Həmişə döymüşlər, həm də ağlamışlar. Biz müsəlmanlara deyirlər ki, vəhşisiniz. Məncə, ən böyük vəhşilik insan öldürməkdir ki, onu da əlimizdən alıblar.

Qara bəy Qarabəyov: ...Fəlakətimizin mənbəyi budur ki, kiçik hadisələri nəzərə alırıq, amma onları təvəllüd etdirən (doğuran) böyük amillərə əhəmiyyət vermirik. Millət öylə təhlükə qarşısındadır ki, xətti-hərəkətimiz bəlli olmazsa, bizim də Karsdakı qardaşlarımızın gününə düşməyimizə bir şey qalmayıb. Məsələyə böylə yaxınlaşmaq və bu nöqteyi-nəzərlə tədqiq etmək istəyirəm. Bu məsələ: 40-50 ildir bizi qırırlar, həmişə bizim əlimiz bağlı, dilimiz tutulu olub, cavab verməmişik. Bu gün də yenə böylə qalarsa, qeyri-məlumanə surətdə xətti-hərəkətimiz, bulmayıb fəlakətdə qalarıq.

Siz bilirsiniz ki, bu qırğınlar mühüm və əski bir siyasət nəticəsidir. Karsdan əvvəl məsələ olmamış, İrəvan, Zəngəzur və digər qəzalarda əmsalı (misli-Ş.H.) görünməmiş vəhşətlərə məhəl verilmədi. Rusiya çarı vaxtında Avropa siyasəti ilə müsəlmanları əziyyətdə saxlamaq üçün dürlü vasitələr vardı. Onlardan birisi də daşnak firqəsi idi. Onun siyasətini biz çoxdan görürük. Türkiyəyə qarşı xətti-hərəkət bugünə qədər zühur etməmiş qan tökülür. Səbəb nə idi? Fikirləri nə idi? Türkiyə Avropa müharibəsinə müdaxilə etdi, o zaman onların fikirləri meydana gəlmədimi? Hər tərəfdə bandalar təşkil edilərək türklər əleyhinə qiyamla rus ordusu himayəsinə atılırlardı. Bu, Avropa fikridir. Aləmi-İslama qarşı müstəqil Avropa və Rusiyanın planı idi. Bunu artıq biz gördük. Bu işə bir az açıq gözlə baxmalıyıq, baxmasaq, bəlanı üzərimizə kəndimiz gətirəcəyik. Bizsə başımıza çarə qılmalıyıq. Rusiya çarizmi getdi, fəqət onu təmsil edən siyasət meydandadır... Daşnakları araya salıb, bizi qırdırıb məhv etmək istəyirlər. Avropada öylə qüvvət yoxdur ki, bura gəlib istədiyini yapsın. Daşnak və Denikin kimi qara qüvvələr vasitəsilə öz məqsədlərini təqib edirlər... Yalnız sülh arzusu kafi deyildir. Gərək hökumət ciddi tədbirlər görsün! ...Kimsədən müavinət istəməməliyik, özümüz özümüzü mühafizəyə çalışmalıyıq. Budur bizim şüarımız və nicatımız.

Muxtar Əfəndizadə: Ermənilərin bu hərəkəti birinci dəfə deyildir. Bir çox dəfə bu surətlə bizim türklərin kökünü kəsməyə qərar vermişlərdir... Siz bilirsiniz ki, cahan müharibəsi əsnasında ermənilər rus ordusunu əllərində alət edərək Kars həvalisində, Olti, Ərdəhan, Qağızman, Artivən, Həsənqələ və sair türk yurdlarında şimdiki vəhşətdən daha ziyadə vəhşətlər yapmışlardı. Oralarda məscidləri tövlə yapmışlardı. Çoluq-cocuqları nizələrə taxaraq divarlara sancmışlardı. Qadınların əmcəklərini kəsmişlərdi və əlhasil, yapmadıqları bir vəhşət qalmamışdı. Bununla iktifa etməyib (kifayətlənməyib) bu tərəflərdə də bizlərə bir çox təcavüzlərdə bulunmuşlardı. Məsələn, qoca bir islamı vaqon yürüdüyü halda vaqondan atmışlardı. Ucar vağzalında müsəlman qadınlarına təərrüz (təcavüz-Ş.H.) etmişlərdi. Bunlar həp milli qitaldır (müharibədir-Ş.H,). Fəqət bu qital heç bir tarixdə bizdən baş verməmişdir. Biz hər zaman onları istədiyimiz kimi qıra bilərdik. Bir nəfər türk əvəzinə onlardan on nəfərini öldürməyə iqtidarımız vardır. Fəqət, əvvəla, bizim dinimiz və saniyə də bizim mənsub olduğumuz türk millətinə məxsus olan alicənablıq böylə bir vəhşəti yapmağa bizə müsaidə etmirdi. Əgər onların yuxarıda zikr olunan yerlərdə və Bakıda yapmış olduqları vəhşəti (vəhşiliyi-Ş.H.) məazüllah (Allaha sığınıb-Ş.H.) müqabilə etməyə (əvəz çıxmağa-Ş.H.) tənəzzül etsəydik (girişsəydik-Ş.H.), yəqin hər kəs bilir ki, Bakıda, Gəncədə, Qarabağda, bəlkə İrəvanın özündə də bir nəfər erməni qalmazdı. Amma biz bunu yapmadıq və yapmayacayıq da, bu vəhşət ermənilərə məxsus və təbiidir. Biz, biləks (əksinə olaraq-Ş.H.), ermənilərə təərrüz etmək istəyən bir çox türkləri Bakının ən görkəmli yerlərində asdıq, ipə çəkdik. Beləliklə də ermənilərin həyatını təmin etdik. Bu saatda da Azərbaycanda bütün ermənilər bizimlə həmhüquq olaraq yaşayırlar. Özləri də yaşamaq hüquqlarına əmindirlər. Amma biz onlardan öz vətənimizdə belə əmin deyilik. Görürsünüz ki, Azərbaycanın ayrılmaz bir hissəsi olan Zəngəzurda nə yapırlar. Bu hallar sizi şübhələndirməsin ki, Əsədulla Əhmədovun dediyi kimi, həmişə ermənilər bizi qırmışlar və sonra da özləri ağlamışlar. Yəni bizim onları döyməyə ixtiyarımız yox imiş. Xeyr! Biz hankı zaman istəsək, onlardan bir an intiqamımızı ala bilərik. Ermənilər əvvəlləri rus ordusuna güvənib bir çox vəhşətlər yapmışlardısa da, bu dəfə Kars, Zəngəzur, İrəvan hadisələrini qətiyyən yapamazlardı. Bunu yapa bilmələrinin əsl səbəbi bizim siyasətçilərin bir qisminin və hökumətimizin əksəriyyətinin istinad etdiyi Antantadır...

Onlar Bakıya gəldikdə bizim üçün də bir tərəfdən Denikin kimi bir yağı hazırlamağa başladı, digər tərəfdən ermənilərlə əlaqədə bulunub hər yerdə erməniləri müdafiə etməyə başladı. Şuşada, Zəngəzurda vaqe olan bu qədər qətliamın önünü almağa nə bizi buraxdı, nə özü bir çarə gördü... boğazımıza ilan kimi sarılıb, bizi öz hüququmuzu müdafiə etməyə buraxmadı.

Bu gün Zaroşatda evlər, xanimanlar dağılır, türk qadınları təhqir edilir. Türk balaları kabab kimi şişə çəkilir. Qaçıb qurtara bilən beş-üç ac-yalavac türklər, iş bu, nümayəndələrin qulaqlarına ağızlarını dirəyib qışqırırlar. Onların qulaqları əsla eşitmir. Nə üçün qulaqları eşitmir, nə üçün vicdanları sızlamır? Çünki kəsilən türklər, şişə çəkilib kəbab edilən türk balalarıdır... Türklər Zaqafqaziyanı tərk edib, müttəfiq əsgərləri buraya qədəm qoyduqlarından şimdiyə qədər bu ölkədə qan axınlarının, türk və İslam qanı axmasının arası kəsilməmişdir...

Rüstəmbəyov Ş.B. (“Müsavat”): Cənab deputatlar! Hamımıza yaxşı məlumdur ki, biz həmişə Zaqafqaziya respublikaları arasında sərhəd məsələlərinin dinc yolla həll edilməsinə tərəfdar olmuşuq. Biz bu prinsipi Qarabağda da, dövlətimizin başqa yerlərində də həyata keçirmişik. Bizim qonşular da bu prinsiplə razılaşırdılar.

Noyabrın 23-də üç Zaqafqaziya respublikasının baş nazirlərinin Tiflisdə keçirilmiş görüşündə Azərbaycan, Ermənistan və Gürcüstan arasında mübahisəli sərhəd məsələlərinin dinc yolla həll edilməsinin bu prinsipi bir daha təsdiq edilmişdir. Lakin Ermənistan hökuməti tərəfindən bu prinsipin həyata keçirilməsini görmədik.

Ermənistan hökuməti İrəvan və Zəngəzurda müsəlman kəndlərini məhv etməyə başlamış, həmin kəndlərin əhalisini qırmış və zorakılığa məruz qoymuşdur. Biz elə güman edirdik ki, bu, müvəqqəti haldır və gözləyirdik ki, Ermənistan hökuməti ağlını başına yığacaq, müsəlmanlara qarşı bu qeyri-insani münasibətə son qoyacaqdır. Lakin bunu görmədik. Əksinə, biz Ermənistan hökumətinin Kars vilayətindəki müsəlman əhalini fiziki cəhətdən məhv edilmək təhlükəsinə məruz qoymasının şahidiyik. İndi bizə aydın olmuşdur ki, müşahidə etdiyimiz ayrı-ayrı çıxışlar Ermənistan hökuməti tərəfindən həyata keçirilən müsəlmanların tamamilə qırılması kimi genişmiqyaslı cinayətkar planın ayrı-ayrı anları imiş.

Ermənistan sistematik bir üsul ilə öz planını icra edir. Öz istədiyi yerləri müsəlmanlardan təmizləmək siyasətini güdür. Bu, açıq və aydındır. Bunu İrəvan quberniyasında və Bayazid qəzasında icra etdi. Bu kimi planını hazırda Kars vilayətində icra etməkdədir. Bu saat Kars vilayəti müsəlmanları başsız qalmışlardır. Kimsəyə öz ah və əninlərini (iniltilərini-Ş.H.) eşitdirəmirlər. Adamları yoxdur ki, fəryadlarını Avropaya bildirsinlər. Başsız, təşkilatsız qalmışlar.

M.Ə.Rəsulzadə: Əfəndilər! Burada müəyyən bir məsələ var. O məsələ budur ki, Qarabağda Azərbaycan istiqlal və hürriyyətinin düşməni olan bir ünsür tərəfındən fəsad və üsyan qaldırılmışdır. Bu fəsad qarşısında hökumət və bütün məmləkət əmri-vaqe qarşısında bulunaraq mübarizə edir. Burada digər bir sui-qəsdin şəriki Qarabağda deyil, Bakının özündə, Azərbaycan mərkəzində böyük bir üsyan qaldırmaqda iştirak edən birisi, bir asi burada deyir ki, nə qədər siz biz asilər ilə uzlaşmamısınız, Qarabağ asiləri ilə mübarizə edəmiyəcəksiniz, binaən-ileyh (ona görə-Ş.H.) bir üsyanı yatırmaq üçün hökuməti, ümuri-idarəni biz asilərin əlinə verməlisiniz.

Əfəndilər! Üsyana çağıranın adı Əliheydərmi olsun, ya Vartazarmı olsun, ikisi də asidir: Qarabağdamı və Bakıdamı çıxışda bulunsun, ikisi də birdir.

Bizə deyirlər ki, “ermənilər ilə mübarizə edə bilmirsiniz. Bu mübarizəni Azərbaycan davam etdirə bilməz. Qarabağ asilərini təfriq etmək üçün sovet Rusiyasının qırmızı ordularını buraya gətirməlisiniz...” Bu nədir? Bunu söyləyən əcəba kimdir? Bunu deyən Azərbaycan xalqının nümayəndəsimidir və yaxud Məclisi-Məbusan üzvü sifətiylə guya bizimlə Azərbaycan müqəddəratı məsələsində şərik görünən Rusiya vəkilidir? Öz içərimizdən bizə ultimatum verir, bizi qırmızı Rusiyanın orduları ilə təhdid edir?

Səslər: Ar olsun!

Bumudur vətənpərvərlik? Böyləmi danışar bir cümhuriyyət üzvü? Böyləmi söylər bir xalq nümayəndəsi?

Əfəndilər! Bu kimi ultimatumlara, fürsətdən bilaistifadə asi əlini dal qapıdan millətin hüququna uzatmaq derlər. Mən burada hər halda bir Azərbaycan Məclisi-Məbusan üzvü deyil, bir Rusiya vəkilinin, bir Rusiya agentisinin sözünü eşidirəm...

Nə üçün siz böylə ümid edirsiniz ki, Azərbaycan xalqı bir asi ilə mübarizə edə bilmək üçün kəndi hüququnu ikinci bir üsyan hazırlamaqda əli olan Qarayevlərə təslim etməli imiş? Qarabağ asilərini bəyənmirlər. Onlar ilə mübarizə etmək üçün buradakı üsyançılara təslim olmağı təklif edirlər. Bunun üçün nəzərə alınmayır ki, Qarabağda üsyan qaldıran Vartazarlar həmin bu asilərin başındadırlar ki, siz də onda iştirak edirsiniz. Əgər siz məni təmin etsəniz ki, ümuri-idarə əlinizə keçdiyi təqdirdə burada Azərbaycan türk hökuməti təşkil edəcəksiniz, əgər mən bilsəm ki, Azərbaycan hökuməti adı ilə Rusiya sovetinin bir şöbəsini burada açmayacaqsınız, o vaxt sizinlə danışa bilərdik. Bu sözlər əvəzində bizi qane edəcək dəlillər göstərə bilsəniz, biz hər vaxt sizinlə danışardıq, fəqət siz həqiqi bir istiqlaliyyətçi deyil, digər bir üsyan hazırlayan bir sui-qəsdçisiniz. Siz bu gün bombalar ilə, silahlar ilə əsgər arasına girib onları təxvif etməklə (qorxutmaqla-Ş.H.) bizi özünüzlə danışdırmaq istəyirsiniz... belə asilər və bombaçılar ilə bomba ilə danışarlar. Əgər siz məni inandırsanız ki, o böyük şüarlara əməl olunacaq, bu millətin hüququna riayət ediləcək, o halda mən sizinlə danışardım. Fəqət haqq və hüquqdan danışmaq əvəzinə bizi təhdid edirsiniz ki, hökuməti bizə verməsəniz, dalımızda böyük Rusiya və onun böyük Qırmızı ordusu var. Onlar gəlib sizi qıracaqlar. Siz bizi böylə qorxudursunuz.

Əfəndilər! Məsələ qətiyyən pək mühümdür. Zənn etməyiniz ki, mənim könlümdə Rusiya bolşeviklərinə qarşı o qədər böyük inad vardır ki, sui-niyyətə alışaraq onlarla anlaşmaq istəməm. Xayır, həmişə mühakimə etmək mümkündür. Bir tağım şəraiti-siyasiyyə ilə uzlaşmaq, barışmaq olur. Fəqət bizə desələr ki, əgər bir üsyançı qüvvətlə barışmasanız, Rusiya da sizinlə barımayacaqdır. Biz görsək ki bizim içərimizdə bir neçə əliheydərlər varmış, onlarla hesablaşmaq lazım imiş, lakin bir millətin rəyi və hüququ ilə hesablaşmaq lazım deyilmiş, o halda biz böylə bir qüvvətə heç vaxt inanmarız. Axı bu bir qurd ilə qoyunun məsələsinə bənzər. Onun üçün siz, hər şeydən əvvəl, məni ikna ediniz (inandırın-Ş.H.) görək o millətlərin haqqını tanıyıb əda etmək (vermək- Ş.H.) istəyən qüvvə millətlərin hüququnu özünə vermək üçün gəlib Qarabağ məsələsini həll edəcək, yoxsa Qarabağ məsələsi adı ilə gəlib bizi çeynəyəcəkdir.

Onların pulu ilə burada bombalar alıb bizi o vasitə ilə özünüz ilə hesablaşdırmaq istəyirsiniz, qoyunuz millət öz işini görsün. Əgər o qüvvə sənin kimilərin əqli ilə Şərq məsələsini həll edəcəklər isə və bizlər ilə o yolda hesablaşacaqlar isə, onda mən onlara inanamam. Əgər Əliheydər Qarayev kaprizi ilə onlar buraya gələcəklər isə, o vaxt onlar bizə dost deyil, düşməndirlər...

...Bugünkü məsələ budur ki, Qarabağda bizə asilər üsyan qaldırmışlar. Həqiqi bir vətənpərvər olursaq əldə silah oraya qoşmalıyıq. Bu gün bundan başqa məsələ ola bilməz (alqış).

 

Azərbaycan.-2015.- 31 mart.- S.9.