Türkiyənin 11-ci Prezidenti
Abdullah Gülə ADA Universitetinin
fəxri doktoru diplomu
təqdim edilib
Aprelin 30-da Türkiyənin
11-ci Prezidenti Abdullah Gülə
ADA Universitetinin fəxri
doktoru diplomu təqdim edilib.
AZƏRTAC
xəbər verir ki, bu münasibətlə
keçirilən mərasimdə
ADA Universitetinin rektoru
Hafiz Paşayev sabiq Prezident Abdullah Gülün
həyat və fəaliyyətinin əsas
mərhələləri barədə
məlumat verib.
Rektor Azərbaycan
ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, xüsusilə
də elm və təhsil sahələrində
əməkdaşlığın inkişafından bəhs edib.
Hafiz Paşayev universitetin Elmi Şurasının qərarı ilə
Abdullah Gülün iqtisadiyyat
elmindəki nailiyyətlərinə,
habelə dünyada sülhün bərqərar
olmasında və Türkiyə-Azərbaycan münasibətlərinin
möhkəmləndirilməsində mühüm roluna görə bu ali təhsil
ocağının fəxri
doktoru adına layiq görüldüyünü
bildirib və diplomu sabiq Prezidentə
təqdim edib.
Mərasimdə çıxış edən
Abdullah Gül Azərbaycana
səfərindən və
III Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə
edib. O, fəxri doktor
adına layiq görülməsinə
görə universitetin
kollektivinə minnətdarlığını
bildirib.
Azərbaycanda bütün sahələrdə
müşahidə edilən
inkişaf proseslərinin
qürurverici olduğunu
söyləyən Abdullah Gül
ölkəmizin birinci
Avropa Oyunları və digər mühüm tədbirlərə
ev sahibliyi
edəcəyini xatırladıb.
Azərbaycanın regionun mərkəzinə
çevrildiyi deyən
sabiq Prezident vurğulayıb ki, onun paytaxtı Bakı tarixi şəhərdir. XIX əsrdə neftin tapıldığı önəmli
şəhərlərdən biri kimi Bakı
dünyada nüfuzlu şəxsiyyətlərin diqqətini
cəlb edib. Bakı həm də siyasi paytaxtdır. Bu şəhərdə bir çox mötəbər beynəlxalq
tədbirlər keçirilir.
Türkiyənin 11-ci Prezidenti deyib ki, Azərbaycan enerji resursları ilə zəngin ölkədir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan
neft boru kəməri xəyal kimi görünürdü.
Ancaq bu layihə reallaşdı. Sonra Bakı-Tbilisi-Ərzurum qaz boru xətti reallaşdı. Çəkiləcək
TANAP kəməri Azərbaycanı
Avropada önəmli enerji mənbəyinə çevirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xətti də çox vacib layihədir. Dünya birliyi bu layihələrə
böyük önəm
verir.
Abdullah Gül deyib
ki, bu gün
Cənubi Qafqazda təhlükəsizlik və
stabillik yoxdur. Bunun əsas
səbəbi də Azərbaycan torpaqlarının
bir hissəsinin işğal altında olmasıdır. Bu vəziyyətə qısa
vaxtda son qoyulması üçün hər kəs əlindən gələni etməlidir.
Minsk qrupunun son 20 illik fəaliyyəti qənaətbəxş deyil.
Dünyada ikili standartlar
mövcuddur. Bu da işğalın davam etməsinə şərait yaradır.
Beynəlxalq ictimaiyyət Ukraynadakı
vəziyyətə reaksiya
verir, Azərbaycanın
üzləşdiyi Dağlıq
Qarabağ problemi ilə bağlı isə səssiz qalır. Buna görə də beynəlxalq hüquqa inam azalır. Azərbaycan torpaqlarının işğalına
tez bir zamanda
son qoyulmalı və Cənubi Qafqazda təhlükəsizlik təmin
olunmalıdır.
Ölkələrimiz arasında münasibətlərin
sürətlə inkişaf
etdiyini deyən sabiq Prezident qeyd edib ki,
Azərbaycan və Türkiyə həmişə
olduğu kimi, bütün məsələlərdə
birgə fəaliyyət
göstərəcək və
bir-birinin yanında olacaq. Azərbaycanın mübarizəsi Türkiyənin
mübarizəsi, Türkiyənin mübarizəsi Azərbaycanın
mübarizəsidir.
Azərbaycan.-2015.- 1 may.- S.4.