Mükəmməl xarici siyasətin banisi

 

Bu gün beynəlxalq münasibətlər sisteminin reallıqları ondan ibarətdir ki, ''soyuq müharibə'' başa çatandan sonra dünya ilk dəfə Qərb ilə Rusiya arasında yeni, əvvəllər görünməmiş qarşıdurma mərhələsini yaşayır.

Bəs dünya siyasətinin ön səhnəsində bu dərəcədə mürəkkəb və gərgin vəziyyətin yaranmasının səbəbləri nədən ibarətdir? Aşkardır ki, Rusiya ilə Qərb arasında münasibətlərdə yaranmış böhran dünyanın aparıcı dövlətlərinin artmış ambisiyalarını və maraqlarını reallaşdırmaq cəhdləri ilə izah olunur.

Bu məsələdə son nöqtəni, sözsüz, Ukraynada və onun ətrafında baş verən hadisələr qoydu. Məhz həmin hadisələr yeni “soyuq müharibə”nin başlanğıcı və keçmiş ikiqütblü dünya nizamının iflası haqqında danışmağa əsas verdi. Bu, kəskinliyinə görə həqiqətən görünməmiş böhrandır. Dünyanın ən sabit regionu hesab edilən Avropanın daxilində son 25 il ərzində ilk dəfə yeni ayırıcı xəttin əmələ gəlməsi təhlükəsi yaranmışdır.

Xatırlayaq ki, keçmiş SSRİ-nin hüquqi varisi olan, ikiqütblü qarşıdurmanın müəyyən anlaşma ilə başa çatmasına razılıq vermiş Rusiya 1990-cı illərin əvvəlində üzləşdiyi ağır iqtisadi vəziyyətinə və siyasi cəhətdən zəiflədiyinə görə beynəlxalq sistemdə gedən islahat proseslərinə əhəmiyyətli təsir göstərə bilmədi. Eyni zamanda Qərb ölkələrinin siyasi elitası Rusiyanı ''soyuq müharibə''də uduzmuş tərəf hesab edərək dünya səhnəsində onun mövqeyinin zəifləməsini məntiqi cəhətdən bununla əsaslandırdı.

Başqa sözlə desək, Rusiyanın Qərb tərəfdaşları və ilk növbədə ABŞ nəzərə almadılar ki, keçmiş rəqibin həddən artıq zəifləməsi heç də həmişə mütləq mənada faydalı olmur, bu, kəskin mənfi reaksiyaya və əvvəlki opponentdən gözlənilən təhlükədən daha böyük təhlükəyə səbəb ola bilər. Özünə çox güvənən, bir sıra regionlarda birtərəfli və yalnız öz maraqlarına uyğun siyasət yolunu seçmiş Birləşmiş Ştatlar bütün dünyada antiamerika əhvali-ruhiyyəsinin güclənməsinə özü təkan verdi. Nəticədə ABŞ istər-istəməz başqa dövlətlərin iqtisadi və hərbi gücünün ölçüsündən asılı olmayaraq, onların birgə müqaviməti ilə üzləşməli oldu.

Məşhur siyasətçi və dövlət xadimi Henri Kissincer xəbərdarlıq edirdi ki, yaranmış dünya nizamı və Amerika cəmiyyətinin sabitliyi üçün ən böyük təhlükə ABŞ-ın hegemonluğudur. Bu təhlükə antiamerika əhvali-ruhiyyəsinin görünməmiş təzahürlərinə, eləcə də həmin təzahürlərə müxtəlif ölkələrin və regionların gözlənilməz dərəcədə geniş koalisiyasına səbəb ola bilər.

Burada başqa bir məqamı da qeyd etmək lazımdır. Avratlantika məkanında sabitləşmiş təhlükəsizlik sistemini transformasiya etmək cəhdləri nəzərəçarpacaq uğurlarla nəticələnmədi. Rusiyanın bütün Avropa ölkələrinə aid məsələlər üzrə qərarlar qəbul edilən mərkəzi ATƏT məkanına köçürmək cəhdi də nəticə vermədi, Qərb Rusiyanın bu niyyətini dəstəkləmədi və sonda ATƏT strukturlarının özləri tədricən marginallaşmağa başladı. NATO-nu beynəlxalq məsələlərdə yeni gündəliyin tələblərinə uyğunlaşdırmağa yönəlmiş çoxsaylı tədbirlər, bu təşkilatın öz sərhədlərini genişləndirməsi Rusiya ilə Qərbin münasibətlərində ciddi problemlərin səbəbinə çevrildi.

Nəticədə Rusiya və Qərb arasında yaranmış münasibətlər “soyuq müharibə” dövründən qalmış bir sıra rudimentar elementlərə söykəndi. Lakin Qərb ölkələrini bütövlükdə qane edən bu sistem 1990-cı illərin böhranından çıxmış Rusiyanı təmin edə bilmirdi. Bu baxımdan rəsmi Moskvanın NATO-nun genişlənməsi perspektivini qəbul etməməsi ilə bağlı mövqeyi də, onun Avropa təhlükəsizliyi haqqında yeni müqavilə barədə təklifi də, Ukrayna ətrafında indiki böhran da faktiki olaraq yeni dünya nizamının əsaslarının formalaşması zərurəti haqqında Rusiyanın Qərbə siqnalları idi.

Başqa sözlə desək, “soyuq müharibə” dövrü başa çatandan sonra iki hərbi blokun qarşıdurmasının əvəzinə keçmiş rəqibləri birləşdirən ümumi struktur yaranacağına ümidlər doğrulmadı. Keçmiş ikiqütblü dövrün bütün böhranları, o cümlədən indiki Ukrayna böhranı belə vəziyyətləri nizama salmalı olan mövcud təhlükəsizlik təşkilatlarından heç birinin öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmək iqtidarında olmadığını tam əyani şəkildə nümayiş etdirdi.

Aydındır ki, əgər Rusiya və Qərb ən yaxın vaxtlarda Ukrayna ətrafında qarşıdurmadan çıxmasa, beynəlxalq birliyin qlobal təhlükələrə qarşı effektiv mübarizə apara bilməməsi hamıya məlum olacaq.

Amerikalı politoloq Robert Leqvold xəbərdarlıq edir: “Əgər Rusiya və ABŞ bir-birinə barışmaz düşmən mövqelərindən yanaşsalar, bu münaqişə onların xarici siyasətini ciddi deformasiyaya uğradacaq, praktik olaraq beynəlxalq siyasətin bütün əhəmiyyətli cəhətlərinə zərər vuracaq, diqqəti və resursları yeni əsrdə təhlükəsizliyə əsas təhdidlərdən yayındıracaq”.

Bu gün əsas məsələ hətta mövcud dünya nizamının dağılmasının davam edib-etməyəcəyi məsələsi də deyil; əsas məsələ mövcud dünya nizamının dağılması prosesinin nə dərəcədə tezliklə baş verməsi və nə dərəcədə dərinləşməsi məsələsidir. ABŞ Dövlət Departamenti Beynəlxalq Münasibətlər Şurasının prezidenti, 2001-2003-cü illərdə Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinə rəhbərlik etmiş Riçard Haas hesab edir ki, əgər amerikalılar daha müdrik seçim etməyi bacarmasalar, bu gün pis hesab edilən sabah daha pis ola bilər.

Bu dövrdə ölkə daxilində təcavüzkar separatizmlə və Ermənistan tərəfindən hərbi təcavüzlə üzləşmiş Azərbaycan dünya aktorları arasında ziddiyyətləri öz üzərində ən çox və açıq-aydın hiss edən ölkə oldu. Bu gün ATƏT-in Minsk qrupunu formalaşdırmış aparıcı dövlətlərin ikili standartları, onların münaqişə edən iki tərəfi bərabərləşdirmək cəhdləri, beynəlxalq strukturların mexanizmlərinin natamamlığı iyirmi ildən çox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qəti nizamlamaq əvəzinə ciddi maneələrə çevrildi.

Həmsədr ölkələrin rəhbərləri başa düşməli idilər ki, ''əgər demokratiyanın inkişaf etdirilməsi onlar üçün milli təhlükəsizlik məsələsidirsə, onda Azərbaycan üçün də işğal altında olan ərazilər üzərində nəzarətin bərpa edilməsi milli təhlükəsizlik məsələsidir''.

Bu fonda Azərbaycan xarici siyasətdə çoxvektorlu kursunu reallaşdıraraq özünü çoxsaylı təhdidlərdən əhəmiyyətli dərəcədə sığortalamağa, ölkədə sabitliyi qoruyub saxlamağa və dünya dövlətlərinin çoxu ilə bərabər əməkdaşlıq münasibətləri qurmağa müvəffəq oldu. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş tarazlaşdırılmış bu xarici siyasət kursu hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə davam etdirilir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra mühüm məsələlərdən biri milli maraqlara əsaslanan xarici siyasətin və onun həyata keçirilməsi kursunun müəyyən edilməsi idi.

Ölkəmiz xarici siyasət kursunu təyin edərkən hər şeydən əvvəl bir tərəfdən öz milli maraqlarının müdafiəsi və regionda aparıcı dövlətə çevrilməsi, digər tərəfdən həm dünyanın əsas aktorları ilə, həm də regiona maraq göstərən başqa qonşu ölkələrlə bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qorunub saxlanması vəzifələrini əsas götürdü. Bu kurs hələ 1993-cü ildə - Azərbaycana qarşı təcavüz, müxtəlif tərəflərdən arasıkəsilməyən təzyiq və ölkə daxilində davam edən qeyri-müəyyənlik şəraitində müəyyən edilmişdi. Məhz bu cür mürəkkəb və ziddiyyətli vəziyyətdə, mədəniyyəttutumlu suverenlik strategiyası seçmək üçün ölkəyə strateji təfəkkürlü müdrik siyasi xadim lazım idi. Ölkənin daxili və xarici siyasətinin incə harmoniyasını təmin etmiş ümummilli lider Heydər Əliyev Azərbaycan üçün məhz belə müdrik siyasi xadim oldu.

Heydər Əliyev üçün Avropa ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri oldu. Ötən illər ərzində Avropa İttifaqı (Aİ) ilə Azərbaycanın əməkdaşlığı təhlükəsizlik problemləri çərçivəsindən çıxıb iqtisadi, siyasi və sosial sferalarda fəal inkişaf etdi. 2006-cı ildə Avropa Qonşuluq Siyasəti çərçivəsində Aİ-Azərbaycan Fəaliyyət Planı qəbul edildi. Bu plan Azərbaycan və Aİ arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahəsində əməkdaşlığı inkişaf etdirir, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəsinə çatmaq üçün zəmin yaradır. Aİ-Azərbaycan Fəaliyyət Planının həyata keçirilməsi Azərbaycanla Aİ arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynadı. Bu gün Azərbaycan Aİ-nin ''Şərq tərəfdaşlığı'' proqramına qoşulmuş aparıcı ölkələrdən birinə çevrilib. Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın strateji əhəmiyyəti, onun regionda aparıcı ölkə statusu Avropa strukturları ilə əməkdaşlığın xüsusi önəmini ortaya qoydu. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Cənubi Qafqaz qaz boru kəməri kimi regional infrastruktur layihələrinin həyata keçirilməsi Avropa üçün Azərbaycanın əhəmiyyətini artırdı, ölkə Avropa və qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verdi, həmçinin həyati əhəmiyyətli yeni enerji mənbələrinin əsasını qoydu. Azərbaycanın regionda və beynəlxalq aləmdə mühüm aktor kimi həm enerji daşıyıcılarını istehsal və ixrac edən, həm də əhəmiyyətli tranzit ölkə kimi imkanları daha da genişləndi.

Avropa bazarlarını neft-qaz resursları ilə təchiz edən, Avropaya qaz təchizatının şaxələndirilməsi layihələrini dəstəkləyən Azərbaycan bundan sonra da ölkənin sosial-iqtisadi həyatının modernləşdirilməsinə yönəldilmiş birgə Avropa layihələrini genişləndirmək əzmindədir.

Lakin Azərbaycan “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olsa da, Aİ ilə assosiasiya və azad ticarət zonası haqqında sazişlər imzalanmasını sürətləndirmədi və özünün bu mövqeyini əsaslandırmaq üçün kifayət qədər inandırıcı arqumentdən istifadə etdi - bu razılaşmalardan sonra Aİ-nin Azərbaycana iqtisadi təsir imkanı hətta Azərbaycanın ümumiyyətlə daxil olmadığı Dünya Ticarət Təşkilatının iqtisadi təsir imkanından daha güclü olardı. Bundan başqa, biz bu Avropa strukturu ilə assosiativ sazişi həm də ona görə imzalamadıq ki, Avropa İttifaqı ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı mövqeyini bu sənəddə nümayiş etdirmədi. Halbuki bu münaqişə ilə bağlı BMT TŞ-nin dörd qətnaməsi var. Digər tərəfdən, necə olur Aİ Gürcüstanın, Moldovanın və Ukraynanın ərazi bütövlüyünü tanıyır, Azərbaycana gəldikdə isə belə mövqe tutur?! Bakı bir sıra belə mühüm məqamları nəzərə aldığına görə Ermənistanda yaranmış və Ukraynada hələ də davam edən dramatik sarsıntılardan kənardır.

Azərbaycan başqa istiqamətlərdə də öz xarici siyasətini düşünülmüş şəkildə qurdu. Qismən ən iri geosiyasi aktorların maraqlarının balansına əsaslanan çoxvektorluq siyasəti həm də Şimali Atlantika alyansı ilə münasibətlərin qaydaya salınması zərurətindən irəli gəlir. Avropaya inteqrasiya yolu ilə irəliləyən Azərbaycan NATO ilə münasibətlərini mövcud hüquqi və siyasi razılaşmalar çərçivəsində saxlamağa çalışır. Qərblə Şərqin qovuşduğu coğrafi zonada, dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi, neft-qaz ehtiyatları ilə zəngin regionda yerləşən Azərbaycan üçün xarici siyasətin düzgün seçimi ölkənin müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi işində əsas amillərdən biri olaraq qalır. Azərbaycan olduqca mürəkkəb, eyni zamanda strateji əhəmiyyətli regionda yerləşir. Bu səbəbdən Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin müdafiəsi, təhlükəsizliyinin, siyasi və iqtisadi müstəqilliyinin təmin edilməsi, ölkənin suverenliyinə və ərazi bütövlüyünə bütün təhdidlərin aradan qaldırılması uğurlu xarici siyasətin əsas istiqamətləridir.

Son illərdə əhəmiyyətli strateji-coğrafi mövqedən istifadə edərək qarşıya qoyulmuş hədəflərə doğru bir sıra ciddi addımlar atılıb. Siyasi sabitliyin və onun uzunmüddətli davamlığının təmin edilməsini, iqtisadi sahədə qazanılmış uğurları və onların sayəsində ölkənin iqtisadi gücünün və müdafiə qüdrətinin artmasını, beləliklə, xarici dövlətlərdən asılılığın tamamilə aradan qaldırılmasını, milli maraqlara söykənməyi və nəhayət, xarici siyasətə peşəkar yanaşmanın gücləndirilməsini belə addımlar hesab etmək olar. Uğurlu xarici siyasətin həyata keçirilməsi Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsinə, həmçinin Avropa və Asiya üçün mühüm nəqliyyat infrastrukturunun, yeni energetika proseslərinin təməlini qoymağa imkan verib.

Öz xarici siyasətində yalnız Avropaya istiqamətlənməyən Azərbaycan başqa ölkələrin və regionların qabaqcıl təcrübəsindən də bəhrələnir, bu isə bizim həm qərbli, həm də şərqli tərəfdaşlarla yüksək səviyyəli əməkdaşlığa imkan verir. Bir məqam, sözsüz, çox əhəmiyyətlidir ki, Azərbaycan əməkdaşlıq üçün tərəfdaşlar və istiqamətlər seçərkən üçüncü ölkələrin əllərində alətə çevrilərək onların maraqlarını rəhbər tutmur, bu tərəfdaşları və istiqamətləri müstəqil surətdə seçir. Beləliklə, Azərbaycan ciddi regional infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi Şərq-Qərb xətti üzərində yerləşən əsas əmtəə, yanacaq-energetika və başqa mərkəzlər sırasında mühüm yer tutur. Əsas qloballaşma və regional inteqrasiya mərkəzləri (Avropa İttifaqı, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və başqaları) tranzit ölkə kimi Azərbaycanın mövqelərinin möhkəmlədilməsində maraqlıdırlar. Bu fakt onu göstərir ki, ölkəmiz beynəlxalq səhnədə özünü ilbəil daha möhkəm hiss edir. Xatırladaq ki, aparıcı beynəlxalq və regional strukturların üzvü olmaqla yanaşı, Azərbaycan NATO, Avropa İttifaqı, ATƏT və Avropa Şurası kimi ciddi beynəlxalq strukturlarla müvəffəqiyyətlə əməkdaşlıq edir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi regional təhlükəsizliyin təmin olunmasında ölkəmizin rolunun, həmçinin onun xarici siyasətinin nüfuzunun artmasına müsbət təsir göstərən mühüm amil oldu. Azərbaycanın gərgin mübarizə nəticəsində böyük səs çoxluğu ilə BMT kimi nüfuzlu təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini son illərdə Azərbaycanın xarici siyasətinin və diplomatiyasının əsas nailiyyətlərindən biri hesab etmək olar. Bu müvəffəqiyyətin qazanılmasında Azərbaycanın həyata keçirdiyi fəal xarici siyasət, dövlət başçısı İlham Əliyevin çoxsaylı xarici səfərləri, müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinin sayının qat-qat artması, coğrafi məsafə baxımından bizdən çox uzaqda yerləşdiklərinə baxmayaraq, çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin formalaşması və nəhayət, BMT-də intensiv iş mühüm rol oynayıb. Nəticə etibarilə 25 oktyabr 2011-ci il tarixində Azərbaycan ilk dəfə BMT Təhlükəsizlik Şurasına üzv seçildi.

Beləliklə, ötən illər ərzində Azərbaycanın xarici siyasətinin müvəffəqiyyətləri onun regionda və bütün dünyada mövqelərini möhkəmlətdi. Azərbaycan regional və qlobal təhlükəsizliyin, həmçinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş kimi tanındı.

Bu gün beynəlxalq hüququn suveren subyekti olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində aparıcı regional aktora çevrilib. Bunun nəticəsində bizim tərəfdaşlarımız - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin Azərbaycanı müasir dövrün çağırışlarına ciddi reaksiya verən və Avropa ilə Asiya arasında kommunikasiya funksiyasını yerinə yetirən Cənubi Qafqaz kimi vacib regionda etibarlılıq zolağı yaradan fəaliyyət qabiliyyətli subyekt kimi qəbul edirlər.

Müstəqillik illərində Azərbaycan mütəmadi olaraq aparıcı dövlətlərin ikili standartları ilə üzləşir. Aydındır ki, belə yanaşmanın kökü həmin ölkələrin geosiyasi və strateji maraqları ilə bağlıdır. Məsələn, Birləşmiş Ştatlarda bəzi dairələr hesab edirlər ki, Azərbaycanın dövləti və milli maraqları onlar tərəfindən müəyyən edilmiş çərçivələrdən kənara çıxmamalıdır, Azərbaycan təbii resursların bölgüsünü və ixracını Vaşinqtonda müəyyən edilmiş qaydada həyata keçirməlidir, Dağlıq Qarabağın taleyi isə Azərbaycanın hüdudlarından kənarda hazırlanmış ssenarilər üzrə həll edilməlidir - hətta onlar bizim ölkəmizin milli maraqlarına zidd olsa belə. Bir sözlə, seçim hüququ Azərbaycan xalqına yox, aparıcı xarici dövlətlərin paytaxtlarındakı rejissorlara məxsus olmalıdır.

Belə düşüncə tərzinin nə qədər təhlükəli olması göz qabağındadır. Azərbaycan artıq əyani surətdə sübut edib ki, müstəqil dövlət olaraq özü öz beynəlxalq əlaqələrini qurur və bunun üçün bu və ya digər güc mərkəzinin, kənar qüvvələrin məsləhətlərinə ehtiyac duymur. Azərbaycanın milli sərvəti olan enerji potensialı ilk növbədə Azərbaycan dövlətinin inkişafını və Azərbaycan xalqının rifahını təmin etməli və yalnız bundan sonra regional tərəqqiyə, həmçinin xarici ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verməlidir. Azərbaycan heç bir halda öz ərazi bütövlüyündən imtina etmək niyyətində deyil və beynəlxalq hüquqa, ədalət prinsipinə arxalanaraq bu yolda istənilən təzyiqə cavab vermək üçün onun gücü və qətiyyəti vardır.

Ola bilsin, ABŞ-da müəyyən dairələr buna əsasən belə hesab etməyə başlayıblar ki, Azərbaycan Qərbi və onun dəyərlərini ''inkar etmək'' yoluna qədəm qoyub. Guya Azərbaycanın Avropa məkanına inteqrasiya etməkdə marağı yoxdur və o, istər Vaşinqtonla, istərsə də onun müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək arzusunda deyil. Ola bilsin, məhz bu səbəbdən Qərbin bəzi KİV-lərində, məsələn, ABŞ Dövlət Departamentinin ruporu hesab edilən ''The Washington Post'' qəzetində və digər mətbu orqanlarda vaxtaşırı olaraq Azərbaycana qarşı yönəldilmiş, açıq-aşkar fitnəkar xarakterli, əməkdaşlıq kimi anlayışlarla uzlaşmayan və ən başlıcası, elementar etika çərçivəsindən kənara çıxan məqalələr dərc edilir. Təəssüf ki, bu iyrənc kampaniyada bəzən Azərbaycana qarşı Avropada bir sıra təsisatlar və media orqanları da iştirak edir.

Əlbəttə, Azərbaycana qarşı əsassız ittihamların, qeyri-obyektiv və düşmən münasibətin motivləri, təşkilatçıları və iştirakçıları məlumdur. Kimsə güclü Azərbaycandan qorxur, kimisə onun artan iqtisadi və hərbi gücü qıcıqlandırır. Ölkəmiz uzun illər boyunca belə ittihamlara təmkinlə yanaşıb, mümkün olan hər şeyi edib ki, haqsız hücumlar strateji tərəfdaşlığa, ikitərəfli və çoxtərəfli səmərəli əməkdaşlığın inkişafına kölgə salmasın. Müxtəlif ikitərəfli görüşlərdə, ayrı-ayrı tədbirlər çərçivəsində həm rəsmi, həm də qeyri-rəsmi formatda qaldırılan məsələlərə dair izahatlar verilir, irəli sürülmüş iddiaların əsassızlığı diqqətə çatdırılır. Azərbaycan açıq-aydın göstərdi ki, o öz strateji seçiminə, vəzifə və öhdəliklərinə sadiqdir.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra Azərbaycanın xarici siyasətinin konseptual əsaslarını, bu siyasətin məqsəd və prinsiplərini formalaşdırdı. Azərbaycanın xarici siyasət kursu onun milli maraqlarını dünyanın maraqlarına uyğunlaşdırmaq zərurəti nəzərə alınmaqla dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn münasibətlər sistemi yaradılmasına yönəldilmişdi. Qərblə əlaqələr qurulması və Avropaya inteqrasiya Azərbaycanın xarici siyasət strategiyasının ən mühüm istiqamətlərindən birinə çevrildi. Təəssüf ki, Azərbaycanın aydın ifadə edilmiş xarici siyasət kursuna dünyanın bəzi dövlətlərinin paytaxtlarında ədalətli mövqe nümayiş etdirilmir. Bu isə artıq ikili standartlarla siyasi riyakarlıq arasındakı həddi aradan götürür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla tənzimlənməsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsi - müstəqillik illərində Azərbaycanın xarici siyasətinin əsas hədəfləridir. Azərbaycanın beynəlxalq strukturlarda üzvlüyünün, onun bu strukturlar çərçivəsində fəaliyyətinin, müxtəlif dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirməsinin əsas məqsədlərindən biri bizim ümummilli problemimizin həllinin dəstəklənməsinə nail olmaqdan ibarətdir. Etiraf etmək lazımdır ki, bu sahədə böyük uğurlarımız var. Bu gün dünyanın BMT, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatları Ermənistanı işğalçı dövlət kimi tanıyan və erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmasını, qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasının təmin olunmasını tələb edən qərarlar və qətnamələr qəbul ediblər.

Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsində maraqlıdır. Təəssüf ki, ABŞ, Fransa və Rusiyanın təmsil edildiyi ATƏT-in Minsk qrupu 20 ildən artıq fəaliyyəti dövründə danışıqlardan və bütün məsuliyyəti münaqişə tərəflərinin üzərinə qoymaqdan irəli gedə bilməyib. Özünü dünyaya həqiqət və ədalət carçısı kimi təqdim edən ABŞ Dağlıq Qarabağın separatçı rejiminə on milyonlarla dollar həcmində rəsmi və qeyri-rəsmi yardım göstərən yeganə ölkədir. ABŞ-da bu separatçı rejimin nümayəndəliyi fəaliyyət göstərir, tanınmamış ''DQR''in başçıları isə bu ölkədə hər il marafon keçirərək böyük həcmdə vəsait yığırlar. ABŞ tərəfindən hər il Ermənistan üçün ayrılan yardım elə həmin ABŞ-ın öz tərəfdaşı hesab etdiyi Azərbaycan üçün ayırdığı vəsaitdən çoxdur. Eyni zamanda, məlumdur ki, bəzən NATO hələ BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri qəbul olunmamış və ya dərhal bundan sonra müəyyən ölkələrə (Suriya, Liviya) təzyiq göstərir, uçuşların qadağan edildiyi zona yaradır, digər regionlarda isə strateji məsələləri həll edir. Halbuki elə həmin ali strukturun Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması haqqında 1993-cü ildə qəbul etdiyi dörd qətnamə hələ də yerinə yetirilmir. Eyni vaxtda biz aparıcı dövlətlərin paytaxtlarından tez-tez səslənən ədalət, beynəlxalq hüquq normaları, demokratik dəyərlər, münaqişənin həllinin kompromis yollarını axtarmağın lazım olması haqqında təmtəraqlı bəyanatlar eşidirik. Ukraynanın separatçı regionlarının rəhbərlərinə və onları dəstəkləyən dövlətə qarşı fərdi qaydada sanksiyalar tətbiq edilir, amma tanınmamış Dağlıq Qarabağ rejiminin başçısı bütün dünyanı gəzib-dolaşır, onu müxtəlif səviyyələrdə qəbul edirlər.

Bu illər ərzində Rusiya ilə Azərbaycan arasında təşəkkül etmiş çoxvektorlu münasibətlər kompleksi, sabitləşmiş tarixi və mədəni əlaqələr yaranıb. Azərbaycan Cənubi Qafqazda Rusiyanın güclü təsirini nəzərə alaraq öz xarici siyasətində Rusiya ilə ikitərəfli münasibətlərə böyük əhəmiyyət verir, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirir.

Humanitar əməkdaşlıq iki ölkənin əməkdaşlığında ən mühüm istiqamətdir, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə böyük rol oynayır.

Bizdə ikitərəfli əməkdaşlıqda müvəffəqiyyətlərlə yanaşı, bir sıra məsələlər üzrə Rusiyadan ciddi gözləntilər var. Doğrudur, Bakı ilə Moskva arasında siyasi əlaqələr keyfiyyətcə yeni səviyyəyə çıxıb, lakin bu heç də o demək deyildir ki, biz Rusiyanın bütün inteqrasiya layihələrinin iştirakçısı olmağa hazırıq. Bunun da səbəbləri var. Bakının dəqiq ifadə edilmiş mövqeyini Kremldə anlayırlar. Bütövlükdə münasibətlər kompleksi kifayət qədər çoxvektorludur və regional təhlükəsizlik məsələləri də daxil olmaqla, bütün istiqamətlər üzrə ölkələrimizin qarşılıqlı əlaqələri inkişaf edir.

Azərbaycanın dövlət müstəqilliyini birinci tanımış və bugünə qədər bir çox məsələlərdə ölkəmizin mövqeyini dəstəkləyən Türkiyə Respublikası ilə münasibətlər fövqəladə əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında, o cümlədən təhlükəsizlik və strateji əməkdaşlıq sahəsində bu münasibətləri təsbit edən geniş müqavilə-hüquqi baza mövcuddur.

Etnik, mədəni və dil baxımından bir-biri ilə sıx bağlı olan ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlər hazırda daha da genişlənir və strateji tərəfdaşlıq səviyyəsində dərinləşir. Regionda baş verən geosiyasi və iqtisadi hadisələrin inkişafına, regionlararası iqtisadi layihələrin həyata keçirilməsinə Azərbaycanın və Türkiyənin münasibəti, həmçinin rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəldilmiş səyləri, o cümlədən iki ölkənin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində gördüyü tədbirlər onların mövqelərinin tam uyğunluğuna və bu iki ölkə arasında əməkdaşlığın səviyyəsinə dəlalət edir.

Azərbaycanın İranla münasibətlərinin inkişafı bütövlükdə bölgə üçün prinsipial əhəmiyyət daşıyır. Bakı qarşılıqlı faydalı münasibətlərin davam etdirilməsində maraqlı olduğunu daim nümayiş etdirib və İranla münasibətlərini qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirmək niyyətindədir. İranla bağlı Qərbin yeritdiyi müasir siyasətin yaratdığı vəziyyət, təbii ki, region dövlətlərinin hər birinin müəyyən amilləri nəzərə almasına səbəb olur. Sürətlə dəyişən geosiyasi situasiyalarda xarici siyasət kifayət qədər çevik olmalıdır. Lakin müstəqil dövlət öz ümumi kursundan kənara çıxmamalıdır. Azərbaycan isə İran ətrafında geosiyasi situasiyanın və qüvvələr nisbətinin necə dəyişməsindən asılı olmayaraq, İranın daxili işlərinə qarışmamaq siyasətinə sadiq qalır. Azərbaycan heç zaman öz ərazisindən qonşularına qarşı istifadə olunmasına icazə verməyəcəkdir. Ümumiyyətlə, Azərbaycan dünyanın bütün dövlətləri ilə münasibətlərini beynəlxalq hüquq normaları çərçivəsində qurmaqda davam edəcək. Bu mövqedən rəsmi Bakı heç zaman çəkilməyəcək.

Müasir tarixi dövrdə dövlətin xarici siyasətinin hansı prinsiplər üzərində qurulması bir çox mənalarda onun mahiyyətini ifadə edir. Azərbaycanın İran siyasətində, hər şeydən əvvəl, bu məqamın nəzərə alındığı qəbul edilməlidir. Yəni dövlətimizin sülhpərvərliyi İranla olan əlaqələrin daha da inkişaf edəcəyinə təminat verir. Buna görə də İran amili Azərbaycan üçün həmişə önəmli olacaqdır.

Heç kəs şübhə etmir ki, Azərbaycan nəinki neftin və qazın effektiv təchizatçısına, həm də Avropanın enerji təhlükəsizliyinin qarantlarından birinə çevrilir. Bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın - Azərbaycanın müasir, özünəyetərli dövlətə çevrilməsi strategiyasının yalnız bir hissəsidir. Heydər Əliyevin siyasi irsini yeni ideyalarla zənginləşdirən Prezident İlham Əliyev son on ildə Azərbaycanı dünya birliyinin uğurlu ölkələri sırasına çıxarıb. Bu gün Azərbaycan Cənubi Qafqazda liderdir və regionda heç bir iri layihə bizim milli maraqlarımız nəzərə alınmadan uğurla reallaşdırıla bilməz.

Burada Azərbaycanın xarici siyasət kursunun effektivliyinin bir mühüm aspektini qeyd etmək lazımdır. Məsələ burasındadır ki, Cənubi Qafqaz kimi mürəkkəb regionda yalnız Azərbaycan yeni geosiyasi reallıqların çağırışlarını nəzərə alaraq tarazlaşdırılmış siyasi kursun sistemli şəkildə həyata keçirilməsi təcrübəsini nümayiş etdirir. Xarici siyasətin bu aspekti ölkəyə etimad və bu etimad əsasında qazanılmış beynəlxalq imic baxımından çox əhəmiyyətlidir.

Azərbaycan regionda sistemli və çoxvektorlu xarici siyasət kursunu həyata keçirən nümunəvi dövlətə çevrilib. Məhz bu amillər Azərbaycanın xarici siyasət kursunun uzunmüddətli uğuruna zəmanət verən və regionda onun sabit mövcudluğunu təmin edən möhkəm təməldir.

 

Novruz MƏMMƏDOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini,

 Xarici əlaqələr şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü

Azərbaycan.-2015.- 1 may.-  S.2.