ANTİAZƏRBAYCANÇI ŞƏBƏKƏ: tanış ssenari, tanış üslub

 

ABŞ 90-cı illəri geri qaytarmaq istəyir

 

“ABŞ-da və Avropada yaşayanlardan başqa kimsə xoşbəxt olmalı deyil!

Həqiqi demokratiya yalnız ABŞ-da və Avropada mövcuddur!

ABŞ və Avropanın dövlət adamları tərtəmizdir, dünyanın qalan yerlərində yaşayanlar isə çirkə bulaşıb!”

Hazırda dünyada hökm sürən, əməli olaraq beynəlxalq hüququ iflic vəziyyətinə salan ikili standartları yaradanlar və onun o üzündən bu biri tərəfinə baxanlar yerdə qalanları belə təsəvvür edir və görmək istəyirlər! Bu düşüncə tərzinin digər fərqli cəhəti ondadır ki, hərdən dini mənsubiyyətinə baxmadan keçmiş SSRİ-yə daxil olan bəzi ölkələri də “özgə tərəfə” salırlar.

Əslində, onların məqsədi hər bir dövləti özlərinin müəyyən etdiyi yerdə, üstəlik, müti, tabe vəziyyətdə görmək, başqaları tərəfindən hazırlanan ssenarilər əsasında fəaliyyət göstərmələrinə nail olmaqdır.

Dava həm də “yağlı tikə” davasıdır!

Zəngin təbii sərvətlər, xüsusən enerji daşıyıcıları dünyanın harasında çıxarılmasına və hansı dövlətin sərəncamında olmasına baxmayaraq, faydasını və xeyrini ABŞ, Avropa İttifaqı görməlidir!

Öz xalqının və dövlətinin maraqlarını güdənləri, bu prinsipə tabe olmayan dövlətləri isə “ərəb baharları” və “rəngli inqilablar” gözləyir!

İnanmayanlar yaxın tarixə baxa bilərlər.

ABŞ qoşunlarının Əfqanıstana girməsi əfqan xalqına əmin-amanlıq və xoşbəxtlik gətirdimi? Terror aktlarının törətdiyi fəlakətlər bir yana, görün nə qədər dinc sakin amerikalı əsgərin “səhvən atdığı” (ABŞ-ın bəzi ştatlarında polisin qaradərililəri “təsadüfən” qətlə yetirdiyi kimi) güllənin qurbanı olub!

İraq pis-yaxşı idarə olunur, insanlar ölüm vahiməsi duymadan evdə yatır, küçəyə çıxır, bir parça çörəklərini qazana bilirdilər. “Kimyəvi silah” axtarmaq bəhanəsilə ABŞ ordusunun İraqı işğalından sonra buranın da növrağı çöndü. Hər gün terror aktı törədilir, küçə və meydanlardakı gözlənilməz partlayışlarda günahsız insanların qanı tökülür, adamlar, sözün həqiqi mənasında, milçək kimi qırılır. Dövlətin ərazi bütövlüyü də artıq sübhə altındadır.

Liviyada yaşayanların vaxtilə bir parça çörəyi də, işi də vardı. Xaricdən ixrac edilən “ərəb baharı” bu dövləti də qara günlərə qoydu! Dövlətə məxsus milyardlarla vəsait, tonlarla qızıl hara qeyb oldu, indiyədək “dünya ictimaiyyəti” bu barədə məlumatlandırılmayıb. Görünən odur ki, liviyalılar daha burada yaşaya bilmirlər, hər ay minlərlə ölkə vətəndaşı Avropaya iş dalınca qaçır. Bundan narahat olan Avropa İttifaqı isə çox “humanist” qərar qəbul edib. Artıq miqrantları gizli yolla daşıyan gəmilər dənizdə vurularaq batırılacaq, avropalıların çörəyinə “şərik” çıxmaq istəyən liviyalıların özləri isə balıqlara yem olacaqlar!

Misir sabit, sakit ölkə idi. Dövlət büdcəsinin böyük hissəsi isə turizm hesabına formalaşırdı. Görün “ərəb baharı” əvvəlcə Hüsnü Mübarəkin başına nə oyun gətirdi, sonra həmin oyunun iştirakçılarını nə günə qoydu! Bir kərəyə 600 insan barədə ölüm hökmü çıxarılanda heç kim “ölüm cəzasının cinayət məcəlləsindən götürülməsi” məsələsini qaldırmadı.

Suriyanın son aqibəti necə olacaq, hələ bilinmir. Görünən odur ki, bu “bahar” bir vaxtlar qədim və zəngin olan bu ölkəni də “ərəb səhrasına” çevirəcək!

Qonşu Gürcüstan ABŞ-a arxayın olaraq respublika daxilində “qayda-qanun” yaratmaq istədi. Əvəzində ölkənin bir neçə parçasını itirdi!

Ukrayna da ABŞ-a və Qərbi Avropaya güvənərək “Maydan”a girdi. İndi nə Krım var, nə də Donetski və Luqanskidə sabitlik. İki qədim dost və eyni kökdən olan xalq bir-birinin qanını axıtmaqdadır!

ABŞsayağı və qərbsayağı “demokratiya”nın fəsadları hələ bunlarla bitməyib. “Özgə fitinə” gedənlərin, “5-ci kolon” kimi “demokratik inqilablara” dəstək verənlərin vicdanı, görəsən, ağrıyırmı? Tulapayı qrant-muzd müqabilində vətənlərini necə fəlakətlərə saldıqlarının fərqindədirlərmi? Rahatlığa, asudəliyə, azadlığa və demokratik mühitə çıxıblarmı?!

İnsanın xoşbəxtliyinin ilkin şərti yaşamağa evi, daimi işi, ailəsi və təhlükəsiz, əmin-aman şəraitdə çölə-bayıra çıxması, işə qorxmadan gedib-gəlməsi, istirahət etməsidir. Heyhat...

Bir vaxtlar nefti hesabına tikilib-qurulan, abadlaşdırılan Misirdə, İraqda, Liviyada, Suriyada yenidən sabitlik yaranacaqmı? Xarabazara çevrilmiş kəndlər, şəhərlər, istehsal müəssisələri bərpa olunacaqmı?

İnsanlar qəflətən, günahı olmadan itirdikləri əzizlərinin ağrı-acısını unudacaqlarmı?

Bir-birinə düşmən edilmiş tayfalar, təriqətlər, dini və dili bir olan ölkə vətəndaşları yenidən mehribanlaşıb birgə yaşayaraq çalışa biləcəklərmi?

Ümumiyyətlə, neçə onilliklər geriyə atılmış bu dövlətlər bir də özlərinə gələ biləcəklərmi?

Bu suallara cavab vermək üçün yaşadığımız dövrdə gördüyümüz, eşitdiyimiz, şahidi olduğumuz hadisələri yenidən göz önünə gətirərək təhlil etmək kifayətdir.

Yuxarıda deyilənləri bir vaxtlar “proletariatın dahi rəhbəri” adlandırılan Lenindən bir sitatla yekunlaşdırmaq istəyirəm. Müəllimi sayılan alman filosofu Marksa istinadən Lenin də dünya üzrə kommunizmin qalib gələcəyinə inanır, hamını da buna inandırmağa çalışırdı! Amma etiraf da edirdi: “Kommunizmi ixrac etmək olmaz. O, hər bir ölkənin daxilində yetişməlidir”.

Lenin öz inqilabı ilə Rusiyaya böyük fəlakətlər gətirdi və tarixə ən qanlı despot kimi düşdü. Qəribə və maraqlı bir fakt var: SSRİ-də 50 milyon adam öz əcəli ilə ölməyib!

Leninin qurduğu dövləti dağıdanlar onun bu sözündən “düzgün nəticə” (inanmıram ki, onların Leninin dediklərindən xəbərləri olub) çıxarmayıblar. Yoxsa “demokratiya ixracı” ilə məşğul olmazdılar!

Birincisi, demokratiya əvvəli olub, sonu görünməyən bir prosesdir. Bu yolu hər bir xalq özü keçməlidir!

İkincisi, istər “sosialist inqilabı” olsun, istərsə də demokratiya - hər ikisinin ixracı dövlətlərə və xalqlara yalnız faciə, ölüm, dağıntı və səfalət gətirir, inkişafı yarıda qıraraq qazanılan uğur və nailiyyətləri yerlə-yeksan edir!

APA Analitik Mərkəzinin bu günlərdə ictimailəşdirdiyi məsələ (bəlkə də “qəsd planı”) məni olub-keçənləri xatırlayaraq fikir və qənaətlərimi oxucularla bölüşməyə sövq etdi. Söhbət islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri həvəslə dəstəkləyən Dövlət katibi Con Kerrinin Konqresdəki ofisində hazırlanan gizli və məkrli plandan gedir. Həmin plana əsasən 10 ay ərzində - martın 1-dən dekabrın 31-dək aparılacaq bədnam kampaniyanı National Endowment for Demokracy (NED) təşkil edəcək, Soros Fondu və İMS maliyyələşdirəcəkdir (əslində, ABŞ Konqresi). Kampaniyaya dəstək məqsədilə Azərbaycanda “milli şura” adlandırılan qurumun işə cəlb olunması da nəzərdə tutulub. Bütövlükdə 2 il müddətində həyata keçiriləcək layihənin preambula hissəsində açıq bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”.

Görəsən, Azərbaycanın hansı davranışı xoşa gəlməyib?

Azərbaycan müstəqillik qazandıqdan, müstəqil xarici siyasət yeritməyə başladıqdan sonra daima ABŞ-a dost münasibəti bəsləyib, ona qarşı səmimi olub. Bu səmimiyyətin ən böyük təzahürü özünü 2001-ci ilin 11 sentyabr hadisələri zamanı büruzə verdi. Dünyanı sarsıdan terror hadisələri nəticəsində Nyu Yorkdakı “əkiz binalar” dağıdıldıqdan dərhal sonra Prezident Heydər Əliyev terror aktını pisləyərək Azərbaycanın ABŞ-ın yanında olduğunu, ona hər cür dəstək vermək istədiyini bəyan etdi. Neft müqavilələri imzalanarkən ABŞ şirkətləri daim nəzərə alındı. Yaxınlarda böyük həcmli investisiya yatırımına yol açan müqavilə imzalandı. ABŞ Əfqanıstandakı hərbi kontingenti üçün bütün yükləri Azərbaycanın üzərindən daşıyır.

Azərbaycan özünün milli maraqlarına xələl gəlməyən bütün məsələlərdə daim ABŞ-ın istəklərini cavabsız qoymamışdır.

Bəs ABŞ-ın bizə münasibəti necə olmuşdur?

Ciddi narazılığımızı heç zaman bildirməsək də, müxtəlif iqtidarlar dövründə münasibətlər “ziqzaqlı” şəkildə inkişaf etmişdir. Konkret bir neçə məqam isə bizə anlaşılmaz görünmüşdü. Hazırkı Dövlət katibi Con Kerrinin də daxil olduğu bir qrup konqresmenin təşəbbüsü ilə 1992-ci ildə Azərbaycana qarşı yönələn “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişi Azərbaycan xalqı özünə qarşı ən böyük ədalətsizlik sayır!

Həmin düzəliş bu gün də ləğv edilməyib!

Ərazisinin 20 faizi işğal olunan da, sanksiyaya məruz qoyulan da Azərbaycandır! Qəribə deyilmi? Qırmızı imperiyanın tərkibindən çıxan, müstəqil, demokratik dövlət qurmağa başlayan Azərbaycan üçün bu düzəliş, əslində, ona azadlığa çıxması yolunda bir maneə idi! İndiyədək həmin maneənin aradan qaldırılmasına, görəsən, mane olan nədir?

ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Azərbaycan həmişə ABŞ-ın nüfuzuna, imkanlarına və ədalətinə böyük ümidlər bəsləyib. Ancaq bu ümidlər hələ də doğrulmayıb!

ABŞ nəinki münaqişənin danışıqlar yolu ilə həllinə nail olmayıb, hətta erməniləri bir dəfə də olsun öz adları ilə çağıraraq işğalçı olduqlarını onlara açıq şəkildə deməyib! Görəsən, kimdən ehtiyat edib?

Uzun illərdir ki, ABŞ Azərbaycanın başı üstündən onun ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağa, oradakı separatçılara maliyyə yardımı edir. Əslində, bu, işğal faktını və separatizmi dəstəkləməkdir. Elə isə bu addımın mənası nədir?

Yardımdan söhbət düşmüşkən, ABŞ Azərbaycandakı və Ermənistandakı QHT-ləri də maliyyələşdirir. Araşdırma zamanı maraqlı bir həqiqət meydana çıxıb. ABŞ-ın Azərbaycana ayırdığı qrantlar ölkədə internetin, azad mətbuatın inkişafına, habelə “5-ci kolon”a məxsus QHT-lərin fəaliyyətinə ünvanlanır. Diqqət yetirsək görərik ki, “ərəb baharları”nda və rəngli inqilablarda ən fəal dağıdıcı qüvvələrdə məhz internetdə, mətbuatda və “5-ci kolon”da çalışır.

Ermənistana göndərilən yardımlar isə hakimiyyət ilə QHT-lərin birgə fəaliyyətinin təşkilinə, Ermənistan hakimiyyəti ilə siyasi partiyalar arasında əlaqələrin gücləndirilməsinə yönəldilir.

Bizdəki hədəf legitim hakimiyyətin zəiflədilməsinə cəhddirsə, Ermənistanda kriminal hakimiyyəti gücləndirmək, vətəndaş cəmiyyəti ilə mövcud iqtidarı mehribanlaşdırmaqdır! Çünki Ermənistandakı problemlərin bir çoxu oranın cinayətkar rəhbərlərinə qarşı yaranan narazılıqdan və inamsızlıqdan doğur.

ABŞ-ın böyük təkidlə “Sürix protokolu”na əsasən Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasına göstərdiyi çabalar unudulmayıb! Sərhədlərin bağlanmasına səbəb olan işğal faktının aradan qaldırılmadığı bir zamanda (yeri gəlmişkən bu ATƏT-in Minsk qrupunun əsas vəzifəsidir) həmin cəhdlərin səbəbi indiyədək anlaşılmazdır.

Ola bilsin ki, Azərbaycanın bir sıra məsələlərdə prinsipial mövqeyi və Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli maraqları daim uca tutaraq heç bir güzəştə getməməsi kimlərinsə xoşuna gəlməyib. Məsələn, Azərbaycan daim müstəqil və balanslaşdırılmış siyasət yürüdür, özünə sərf etməyən heç bir bağlaşmaya qol qoymur. Məhz bu prinsipdən çıxış edərək Bakı-Tbilisi-Qars dəmir yolunun Ermənistan ərazisindən keçməsinə razılıq vermədi. (Əvəzində dünyanın heç bir bankı bu layihəni maliyyələşdirmədi, ölkəmiz bunu öz imkanları hesabına gerçəkləşdirdi). İrana qarşı hərbi əməliyyatlar üçün öz ərazisini plastdarma çevirmədi. Dövlət başçısı cənab İlham Əliyevə sərhədləri açdırmaq niyyətilə Türkiyəyə gəlmiş prezident Obamanın çağırışına getmədi. Bəli, bunların hamısı doğrudur! Amma əslində, Azərbaycan xalqının iradəsidir!

Görünür, belə məsələlər unudulmur! Odur ki, Azərbaycan üçün çox məsul sayılan bir dövrdə - I Avropa Oyunlarının məşəlinin alovlandırıldığı, oyunların yüksək səviyyədə keçirilməsi üçün təsirli və intensiv tədbirlər görüldüyü, bütün qüvvə və imkanlar bu məsələyə səfərbər edildiyi bir vaxtda ölkəmizə qarşı xüsusi və gizli plan hazırlanıb. Hazırda ABŞ-ın nəzarətində olan KİV-lərdə və internet resurslarında Azərbaycana qarşı geniş cəbhə açılıb. Ölkəmizdə insan hüquqları, mətbuat və söz azadlığı, korrupsiya və s. ilə bağlı məsələlər süni və qərəzli şəkildə şişirdilir, I Avropa Oyunlarını “boykot” çağırışı edilir.

Əslində, “Avroviziya” mahnı müsabiqəsində olduğu kimi, indi də idman yarışları siyasiləşdirilir. Faktiki olaraq bəzi dövlətlərə qarşı istifadə olunmuş və müsbət nəticə vermiş təhdid və təzyiq metodlarını tətbiq etməklə Azərbaycanı müstəqil mövqeyindən geri çəkilməsinə çalışırlar. Ən çox diqqət çəkən məqamlardan biri budur ki, uzun illər Qərb və erməni mənbələrindən maliyyələşdirilərək və təlimatlandırılaraq Azərbaycana qarşı qərəzli qarayaxma kampaniyasında fəal iştirak edən, ölkə qanunlarını kobud surətdə pozan, konkret cinayət əməlləri törətmələrinə baxmayaraq, öz himayədarlarının dəstəyi sayəsində məsuliyyətdən yayınan, lakin sonda barələrində konkret maddə ilə cinayət işi açılan “5-ci kolon”un üzvləri ciddi müdafiə olunur.

“İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci sənədə əsasən Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni “qara piar” layihəsinin icrasına başlanmışdır. Sənəddə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda I Avropa Oyunları, parlament seçkiləri, “Formula 1” yarışması, İslam Həmrəylik Oyunları və digər mühüm beynəlxalq tədbirlərin keçiriləcəyinə görə dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcəkdir və bu fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir.

Çoxsaylı təsir və təzyiq vasitələri nəzərdə tutulan, icrasına beynəlxalq qurumlardan, internet-media resurslarından tutmuş “5-ci kolon”adək cəlb edilən bu plan, əslində, müstəqil Azərbaycana qarşı qəsd planıdır.

Burada HƏDƏF:

* Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma və çaxnaşma yaratmaq, hakimiyyəti zəiflətməkdir!

MƏQSƏD:

* Sabitliyi pozduqdan sonra Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaratmaq;

* İşğal altındakı ərazilərin birdəfəlik itirilməsində ermənilərə dəstək olmaq;

* Dağlıq Qarabağ probleminin həllini uzada bildikcə uzatmaq;

* Azərbaycanın sürətli inkişafının qarşısını almaq;

* Ölkəmizin beynəlxalq nüfuzunu sarsıtmaq yolu ilə dünyada yeni yaranan imicini mənfiyə doğru dəyişməkdir!

I Avropa Oyunlarını “boykot” çağırışında güdülən niyyət isə onun keçirilməsinə əngəl törətməklə Azərbaycanın iqtisadi maraqlarını vurmaq, ən sonuncu hədəf isə, şübhəsiz, hakimiyyətlə xalq arasında qarşıdurma, ziddiyyət və etimadsızlıq yaratmaq, iqtidara loyal, idarə olunan, milli maraqları hər an qurban verməyə hazır olan birisini gətirməkdir.

Bunlar antiazərbaycançı şəbəkə ilə dünya erməniliyinin Con Kerrinin başçılığı altında hazırladıqları yeni bir qəsd planıdır. Onun icra mexanizmi, icraçıları, hədəfləri, mərhələlər üzrə görüləcək işlər, aparılacaq təbliğat-təxribat əməlləri də bəllidir. Demək olar ki, hər şey nəzərə alınıb.

Birindən başqa: AZƏRBAYCAN XALQININ İRADƏSİ!

İnsanlar sürdükləri ömür ərzində həyatdan 2 qaydada dərs alırlar:

Birincisi, başlarına gələnlərdən və yaşadıqlarından;

İkincisi, şəxsən görüb, eşidib, öyrəndiklərindən!

Tarix üçün iyirmi dörd il elə də böyük müddət deyil! Və bəzən tarixdə elə hadisələr baş verir ki, onun ağrı-acısı uzun müddət yadda qalır. Hətta insanların gen yaddaşına da köçə bilir.

Özümüzə sələf qəbul etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Xaricdəki məkrli qüvvələrin əməlləri və daxildəki anarxiya, qarşıdurma ilk müstəqilliyimizi beşikdəcə boğdu!

Ulu öndər Heydər Əliyevin qovğalardan keçirərək yaşatdığı indiki Azərbaycanımızın isə 24 yaşı var!

Müstəqilliyi əziz və uca tutanlar, ötən əsrin 90-cı illərinin xaos və anarxiyasını görənlər, özbaşınalıq və qanunsuz şəraitində yaşayaraq kütləvi şəkildə haqqı tapdalananlar həmin günləri və dövrü unutmayıblar və heç zaman da unutmayacaqlar! Onlar baş verən dəhşətli hadisələr barədə övladlarına da danışıblar! İndiki gənclərimiz də müstəqilliyin itirilmə təhlükəsinin qorxu və dəhşətlərindən yaxşı xəbərdardırlar!

* Dalbadal fövqəladə vəziyyətlər elan olunur, komendant saatı tətbiq edilirdi!

* Mitinq və piketlər fasiləsiz davam edir, insanlar işlərini itirir, çörəkpulunu haradan tapıb, evə nə aparacaqlarını kəsdirə bilmirdilər!

* Dərdini deməyə dövlət idarəsi, hüququnu qoruyacaq işlək qurumlar yox idi!

* Yad ölkələrin əsgərləri Bakının küçələrində gəzərək insanlara sorğu-sualsız atəş açırdılar!

* Çiyni avtomatlılar bazar-dükanı gəzir, bac-xərac yığırdılar!

* Kriminal elementlər at oynadır, “razborkalar”la (münaqişəsi olan insanların arasındakı mübahisəni araşdırıb kimin haqlı olduğunu müəyyənləşdirməklə) məşğul olurdular!

* Ölkə vətəndaşları özlərini arxasız, kimsəsiz, ümidsiz hiss edirdilər!

* Sabah necə olacaq - bilən yox idi!

* Misir, Liviya, Suriyada baş verənlər yaddaşımızı təzələməklə yanaşı, sabitliyin pozulacağı halda yenidən nələrin olacağını bizə anlatdı!

* Yox, Azərbaycan xalqı bütün bunları görüb, yaşayıb və bir daha geri dönməsini istəmir!

HEÇ ONA YOL VERMƏZ DƏ!

90-cı illərdə müstəqillikdən başqa itirəcəklərimiz çox az idi! Bu gün isə... Hamının işi, normal dolanışığı, evi, (hətta bir neçə yerdə), maşını, yaxşı gəlir gətirən biznesi, gələcəklə bağlı real planları var!

90-cı illərin qaytarılmasına yol versək, bunların hamısı məhv olar; övladlarımızın gələcəyi ilə bağlı qurduğumuz planlar, qazanıb onlara saxladıqlarımız da!

Elə ərazimizin 20 faizi də 90-cı illərin qara günlərində hakimiyyətsizliyin, xaos və anarxiyanın qurbanı oldu! Bakıda iqtidara gəlmək istəyən qüvvələr Qarabağda tökülən qanları görmürdülər, əhəmiyyət vermirdilər! Çünki 9 dövlət onlara Azərbaycanın sahibi olacaqlarına söz vermişdi!

Dağlıq Qarabağ, üstəlik, 7 rayon da getdi!

Hakimiyyətə gəldilər! Heç bir il duruş gətirə bilmədilər!

Sonrası nə oldu?!

Vəzifələrini donduraraq hərəsi bir tərəfə qaçdı!

Çıxılmaz vəziyyətə salınan xalq ortalıqda qaldı.

İşğal rayonlarından məcburi köçkün düşən əhali ac-yalavac şəkildə düzlərə səpələndi, çadır şəhərcikləri yarandı...

BUNLARI UNUTMAQ OLARMI?

ABŞ-da hazırlanan yeni planın əsl məqsədi müstəqil Azərbaycanı ötən əsrin 90-cı illərinə qaytarmaqdır!

QAYIDAQMI?!

Başı daşdan-daşa dəyən xalqı bir daha aldatmaq mümkündürmü?!

Əlbəttə, çiçəyi çırtlayanlar, dişlərini itiləyənlər, gecələr yuxusunu qarışdıranlar da var! Bunlara “5-ci kolon” da deyirlər.

Düşmən pulu heç zaman xoş və təmiz niyyətlə verməz!

* Gizli qrantlar alıb Azərbaycan əleyhinə fəaliyyət göstərənlər var!

* Azərbaycanda yaşayıb başqa dövlətlərin maraqlarına xidmət edənlər var!

* Xarici ölkələrə sığınaraq orada Azərbaycanın əleyhinə düşməncəsinə fəaliyyət göstərənlər var!

* ABŞ-ın son planında yer alanlar var!

* Belələrinin bir qismi artıq ifşa olunub!

* Kimin kimə və nəyə xidmət etdiyi də hamıya bəllidir!

Sapı özümüzdən olan belə baltalara qarşı hamılıqla mübarizə aparmalıyıq!

Azərbaycanda yaşayaraq başqa dövlətlərin maraqlarına, xüsusi xidmət orqanlarına qulluq göstərənlərə dözülməz şərait yaratmalıyıq!

Belələrini hər yerdə ifşa edərək qınaq hədəfinə çevirməliyik!

Hər bir jurnalist bu sınaqlı günlərdə Vətəninin əsl vətənpərvəri olmalıdır!

BİLİN:

* Dövlət müstəqilliyimizi itirə bilərik!

* İşğal altındakı torpaqları birdəfəlik itirə bilərik!

* Sabitliyi, əmin-amanlığı, azad və sərbəst həyat tərzimizi itirə bilərik!

* Son illərdə qazandığımız uğur və nailiyyətləri, dövlətimizin müsbət imicini itirə bilərik!

Onların qorunması hər birimizdən asılıdır!

Vətənə olan sevgimizdən, sədaqətimizdən asılıdır!

Müstəqil dövlətin vətəndaşı olmaq istəyimizdən asılıdır!

Xəbis niyyətlərə, məkrli planlara öz birliyimiz, Vətən sevgisi ilə qalib gələ bilərik!

Üzeyir bəy Hacıbəylinin məşhur kəlamını təkrar etmək istəyirəm:

Bu dövlət də bizimdir!

Bu Vətən də bizimdir!

Bu millət də bizimdir!

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2015.- 1 may.-  S.5.