Yeni çağırışlar müdrik qərarlarla müşayiət
olunmalıdır
III Qlobal Bakı Forumu
Xəbər
verildiyi kimi, aprelin 28-29-da Bakıda Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil
edilən III Qlobal Bakı Forumu keçirilmişdir. Forumun
işində bir sıra ölkələrin prezidentləri,
baş nazirləri, xarici işlər nazirləri, həmçinin
sabiq dövlət və hökumət
başçıları, siyasi xadimlər, elm adamları və
ekspertlər - ümumilikdə 75 ölkədən 350-yə
yaxın nümayəndə iştirak etmişdir.
III
Qlobal Bakı Forumu Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri İsmail Serageldin bu mühüm tədbirin
ideyasının mahiyyətinin açıqlaması ilə
öz işinə başladı. O qeyd etdi ki, İkinci
Dünya müharibəsindən sonra gündəmə gələn
problemlərə, çağırışlara, dövlətlər,
xalqlar arasında etimad məsələlərinə önəm
verilir: “Bugünkü forum da məsələləri fəal
müzakirə etməli, yeni durumun, yeni beynəlxalq münasibətlərin
aydın konturlarını müəyyən etməlidir. Həlli
vacib tədbirlərin spektrinin geniş olduğu qeyd edilsə
də, bir siyasi sistemin digərinə mənfi təsirinin
qarşısının alınması üçün müəyyən
tədbirlər reallaşdırılmalı, ortaya
çıxan suallara aydınlıq gətirilməlidir”.
Azərbaycan
Prezidenti İlham Əliyev tədbirə ev sahibliyi edən
dövlətin başçısı kimi qonaqları
salamladı və nitqində problemlərin nədən ibarət
olduğunu şərh edərək,
iştirakçıları dünyanın bütün yerlərində
mövcud olan gərginliklərin azaldılması
yollarını fəal müzakirə etməyə
çağırdı: “Dünyanın ən aparıcı
beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasına
üzv seçiləndə biz aydın şəkildə
bildirdik ki, ədaləti və beynəlxalq hüququ müdafiə
edəcəyik. Təəssüf ki, beynəlxalq hüquq
artıq heç də bütün dövlətlər tərəfindən
hörmət olunan məfhum deyil. Bir daha təəssüf edirəm
ki, artıq bu, reallıqdır. Belə bir təsəvvür
yaranır ki, beynəlxalq hüquq yalnız kifayət qədər
güclü olmayan ölkələrə mütləq
şamil edilir və onlar digər vasitələrlə məqsədlərinə
nail ola bilmirlər. Biz bunu aydın görürük ki,
ara-sıra dünyanın aparıcı dövlətləri
beynəlxalq hüquq normalarını kobud şəkildə
pozur və bu da müharibədən sonrakı beynəlxalq
münasibətlər sisteminin bütün konstruksiyasına xələl
gətirir. Düşünürəm ki, bu, bizim çox
açıq və aydın şəkildə müzakirə
etməli olduğumuz bir məsələdir. Biz
imkanlarımızdan, intellektual potensialımızdan və beynəlxalq
nüfuzumuzdan istifadə etməyə
çalışmalıyıq ki, bu gün mövcud olan beynəlxalq
münasibətlər sistemini gücləndirə bilək.
Beynəlxalq hüquqa hörmət etməliyik. Beynəlxalq təşkilatların
qətnamələrinə hörmətlə
yanaşmalıyıq. Çünki bəzi hallarda qətnamələr
dərhal icra olunur, - mən BMT Təhlükəsizlik
Şurasının qətnamələrini nəzərdə
tuturam, - digər hallarda isə onlar illər, onilliklər boyu
icra edilmir”.
Dövlət
başçısı bir daha elementar siyasi etikətə məhəl
qoymadan tətbiq edilən ikili standartların artıq beynəlxalq
hüquqda özünü patologiya kimi büruzə verməsindən,
planetar miqyasda ziddiyyətlərin sərtləşərək
qütbləşməsindən ölkəmizin əziyyət
çəkdiyini bildirdi. BMT Təhlükəsizlik
Şurasının dörd qətnamə qəbul etməsinə
baxmayaraq, Ermənistan qoşunları işğal edilmiş əraziləri
qeyd-şərtsiz tərk etmir, bir milyondan artıq azərbaycanlı
öz torpağında qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. Azərbaycanın ərazi
bütövlüyünün pozulması digər
münaqişələrin yaranmasına rəvac verib.
Münaqişənin 25 ili ərzində dünyanın digər
bölgələrində oxşar və daha mürəkkəb
və fərqli münaqişələr sonu görünməyən
müharibələrə çevrilib.
Prezident
İlham Əliyev forumda ölkəmizin əvvəlki kimi
demokratik ənənələrə sadiq
qaldığını qeyd etdi, seçimimizin sülhə,
multikulturalizmə, dinlərarası dialoqa, beynəlxalq əməkdaşlığa
kökləndiyini bəyan etdi.
Dünyadakı
böhranların rekord həddə
çatdığını etiraf edən Bolqarıstan
Prezidenti Rosen Plevneliyev beynəlxalq müstəvidə qanunun
aliliyinin təmin edilməsinin, böhranların həllinin və
terrorçuluğun qarşısının
alınmasının vacibliyini belə dəstəklədi:
“Sülh yalnız müharibənin olmaması deyil. Sülh
qanunun aliliyidir”.
Makedoniya
Prezidenti George İvanov mülahizələrində Azərbaycan
Prezidenti ilə razılaşdı ki, Avropa doğrudan da
sülh, azadlıq və növbəti nəsillər
üçün sabit məkana çevrilməli, beynəlxalq
hüquq normalarına uyğun olaraq münaqişələrin
həllinə kömək etməli, tərəflər
arasında etimad yaratmalı idi.
Diplomatlarla sadə insanlar eyni mövzudan danışsalar da, yanaşma fərqli olur. Bizi narahat edən
əsas problem superdövlətlərin
Qarabağ müharibəsində
işğalçılara sığal
verməsi, onları dəstəkləməsidir. Geci-tezi biz bu problemlərdən qurtulacağıq. Lakin Avropa
dövlətləri təcavüzkarı
ərköyün uşaq
kimi əzizləyib müdafiə etdikcə minlərlə sıravi Azərbaycan vətəndaşının
gözündə onlar
nəyi necə demələrindən asılı
olmayaraq, demokratik imicini itirir, nüfuzdan düşürlər.
Buna baxmayaraq, biz bədbin deyilik və ruhdan düşmürük. Qoy erməni
millətçiləri Avropanın
qucağında oturmaqda
davam etsinlər.
Qoy yalanlardan ağı düzəldib sızlasınlar,
qoy Avropa Qafqazda doğulan bu “bic uşağı”
qundaqlayıb bacardığı
qədər bağrına
bassın. Bizim üçün
fərqi olmayacaq.
Biz özümüzə,
min illik əxlaqımıza
və ədalətimizə
söykənərik. Bunu dünya
dərk etmirsə, bu bizim yox,
dünyanın və supergüclərin personal kədəri
və faciəsidir.
Çünki Qafqazda baş
qaldıran erməni faşist ideoloigiyası böyük sürətlə
dünyaya yayılmaqda,
bunun ilkin nəticəsi kimi mühacirlərə qarşı
dözümsüzlük baş
qaldırmaqdadır. Bu
səbəbdən Qarabağ
məsələsinin həllində
mürgüləməyə üstünlük verən
Qərbin daha təhlükəli faciələrin
qarşısında aciz
qalacağı istisna deyil.
Qubada ermənilərin
yüzlərlə insanı
qətlə yetirib dəfn edildiyi məzarın üstündə
ucalan muzeylə İrəvandakı qondarma
soyqırımı abidəsi
arasında fərqi anlayanların sayı artır. Biz həqiqəti inadla
ortaya qoymalı, barışmaz ruhda haqqımızı tələb
etməliyik! Almaniya Federativ Respublikasının
kansleri xanım Angela Merkelin foruma müraciətində maraqlı
bir məqam var: “Hazırda dünya nizamı iki dünya müharibəsinin acı təcrübəsinə əsaslanır.
Sülh,
demokratiya və insan hüquqları dəyərlərini müdafiə
etmək bizim iradəmizdən asılıdır.
İnsanların uzunmüddətli rifahını, sabitliyini təmin etmək istəyən hər bir şəxs dünya birliyinin qaydalarını qəbul etməli və bərqərar olunmasına
çalışmalıdır”.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
Baş naziri Devid Kemeronun foruma ünvanladığı
məktubda isə belə deyilir: “Bu görüş dünyanın
aparıcı liderlərini
bir araya gətirib. Bu şəxslər
qlobal məsələlər
üzrə bir-biri ilə rəqabət aparan şəxslərdir.
Bu sahədə müxtəlif çağırışların
həlli üçün
müdrik yanaşma çox önəmlidir”.
Şəksiz ki, yaxşı sözlərdir. Lakin bu müdriklik
indi bizdən daha çox nüfuzlarını bərpa
etmək üçün
Qərbin özünə
lazımdır.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2015.- 1 may.- S.6.