ADİU-da “Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti” mövzusunda konfrans keçirilib

 

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə əklil qoyublar. Görkəmli oftalmoloq  alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə aqrar sahəni iqtisadiyyatın prioritet istiqaməti kimi qiymətləndirdiyini, bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Qeyd edib ki, ulu öndərin bilavasitə rəhbərliyi və nəzarəti altında aparılan aqrar siyasət həmin vaxtlar çox qısa müddətdə öz müsbət nəticəsini göstərib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov ulu öndər Heydər Əliyevin hələ o dövrdə pambıqçılıq və üzümçülük sahəsində apardığı islahatlardan danışıb. Bildirib ki, bu gün ölkədə aparılan torpaq islahatları ümummilli liderin yaratdığı torpaq islahatı modeli kimi qəbul edilir. 2015-ci ilin “Kənd təsərrüfatı ilielan edilməsinə diqqət çəkən komitə sədri bildirib ki, ölkədə təməli ulu öndər tərəfindən qoyulan müasir aqrar siyasət Prezident İlham Əliyevin rəhbərliyi sayəsində uğurla davam etdirilir. Gələcəkdə ölkəmizin aqrar sahəsi dünya iqtisadiyyatına daha geniş inteqrasiya olunmaqla respublika əhalisinin yüksək keyfiyyətli ərzağa olan tələbatını yerli istehsal hesabına təmin edəcək.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin 2003-cü ildən bugünədək respublikanın aqrar bölməsinin inkişafı üçün müəyyən etdiyi dövlət siyasətindən danışıb. Dövlət başçısının rəhbərliyi ilə ölkədə müasir aqrar siyasətin həyata keçirilməsindən, eyni zamanda ərzaq təhlükəsizliyindən, emal sənayesinin və ümumilikdə, qeyri-neft sektorunun inkişafından söz açıb. Bildirib ki, kənd təsərrüafatı məhsulları istehsalçılarının tələbatının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.

Tədbirdə rektor, professor Ə.Muradov “Kənd təsərrüfatı ili” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ADİU-nun Qida məhsulları texnologiyası və Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası kafedraları nəzdində laboratoriyaların yaradılmasını təklif edib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan ADİU-nun müəllim və tələbələrinə üzvlük bileti təqdim olunub.

 

Azərbaycan.-2015.- 1 may.-  S.7.