Herbert Salber:
Dağlıq Qarabağ münaqişəsinin
həlli Avropa İttifaqı üçün çox vacibdir
Aprelin
30-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması” İctimai
Birliyinin mərkəzi qərargahında Avropa
İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Herbert Salberin başçılıq
etdiyi nümayəndə heyəti ilə görüş
keçirilib.
Görüşdə
İctimai Birliyin idarə heyətinin sədri, icma rəhbəri
Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişənin həlli istiqamətində
danışıqların vəziyyəti barədə məlumat
verib. O, beynəlxalq qurumların hələ də ikili
standartlar siyasətini davam etdirdiyini bildirib və
münaqişənin həlli prosesində dünya birliyi tərəfindən
qətiyyət göstərilməsinin vacibliyini
vurğulayıb. B.Səfərov deyib: “Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi tezliklə beynəlxalq
hüququn prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməlidir və biz bu istiqamətdə həm Avropa
İttifaqından, həm də digər beynəlxalq qurumlardan
qətiyyətli mövqe gözləyirik”.
İcma
sədri deyib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi
kimi, Azərbaycan münaqişənin sülh yolu ilə nizama
salınmasına tərəfdardır. Qeyri-konstruktiv mövqe
nümayiş etdirən Ermənistan isə nə beynəlxalq
hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin
bəyanatlarına məhəl qoyur. Azərbaycanın beynəlxalq
birlik tərəfindən tanınmış ərazilərinin
bir hissəsi hələ də işğal altındadır.
Əgər problem beynəlxalq hüquq çərçivəsində,
ədalətli şəkildə həll olunmazsa, regionda vəziyyət
daha da mürəkkəbləşə bilər. Azərbaycan
sülh tərəfdarıdır və biz həm öz
ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də
bütün dünyada sülh istəyirik.
Görüşdə
iştirak edən İctimai Birliyin idarə heyətinin
üzvləri, Milli Məclisin deputatı Elman Məmmədov və
professor Fərhad Bədəlbəyli qeyd ediblər ki, Avropa
İttifaqının bu münaqişənin həll
olunmasında daha yaxından fəaliyyət göstərməsi
zəruridir. Münaqişənin həlli üçün
Avropa İttifaqının dəstəyi və səyi nəticəsində
icmalararası dialoqların təşkil olunması, Aİ-nin
bu istiqamətdə mövcud proqram və layihələrində
tərəflərin daha aktiv iştirakının təmin
edilməsi vacibdir.
Avropa
İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Herbert Salber Bakıda olmaqdan və Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının nümayəndələri ilə
görüşdən məmnunluğunu ifadə edib və
bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli
bu təşkilat üçün çox vacib məsələdir.
Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin
edilməsi üçün münaqişənin tez bir zamanda
sülh yolu ilə həllinin tərəfdarıdır və
bu istiqamətdə danışıqların davam etdirilməsi
zəruridir.
Azərbaycan.-2015.- 1 may.- S.5.