Yaşıl zəmilər bol məhsuldan xəbər verir

 

İlin gözəl çağıdır. Göz işlədikcə uzanan yaşıl zəmilər, bərəkətli bağlar bol məhsuldan xəbər verir. Göygöl rayonunun zəhmət adamları “Kənd təsərrüfatı ilinin ilk günlərindən xüsusi səylə, həvəslə çalışırlar. Rayon üzrə ötən 3 ay ərzində 31 milyon manatlıq məhsul istehsal edilmiş, əsas kapitala 7 milyon manat vəsait qoyulmuş, büdcənin gəlirləri üzrə proqnozuna 122 faiz əməl olunmuşdur.

Göygöl rayonu sistemli surətdə inkişaf edir, abadlaşır, tanınmaz olur. Görülən işlər göz qabağındadır. Olimpiya İdman Kompleksi, Heydər Əliyev Mərkəzi, bayraq meydanı, gənclər sarayı tikilib, Heydər Əliyev parkı salınıb, dağlar qoynundan içməli su kəməri çəkilib, yeni kanalizasiya sistemi qurulub. Fərdi evlərin, inzibati binaların, ictimai obyektlərin görkəmi tamamilə dəyişilib, küçələr, yollar başdan-başa abadlaşıb, işıq və qaz problemləri həll olunub.

Göygöl kənd təsərrüfatı rayonudur. Ona görə də aqrar sahənin inkişafına xüsusi fikir verilir. Üzüm və meyvə bağları salınır, günəbaxan, kartof, tərəvəz əkilir. Buğda bu yerlərin əsas nemətidir. Hər il təqribən 10 min hektar sahədə taxıl əkilir.

Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi əsasən toxumçuluqla məşğul olur. Burada hər il azı 400 tondan çox yüksək keyfiyyətli toxum istehsal olunur. Cari ildə 345 hektar sahədə səpin aparılıb. Onun böyük əksəriyyəti buğdadır. Təcrübəli təsərrüfatçı Mahir Əliyev deyir ki, hamı həvəslə çalışır. Pis işləməyə haqqımız yoxdur. Dövlət aqrar sahənin inkişafına xüsusi diqqət yetirir.

Yeri gəlmişkən qeyd edək ki, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında” dövlət başçısının sərəncamı ilə rayona 3 taxılbiçən kombayn gətirilmiş və bununla da texnikanın sayı 80-nə çatdırılmışdır. Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 15 aprel 2015-ci il tarixli sərəncama əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcmi 25 faiz artırılmışdır. Sərəncamda həm də qeyd olunur ki, əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaqmotor yağlarına görə verilən yardım, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqifiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiya təkrar əkinlər aparan fizikihüquqi şəxslərə də ödənilsin.

Kənd təsərrüfatının inkişafında ən böyük məsələlərdən biri əkin sahələrinin su ilə təmin edilməsindən ibarətdir. Əvvəllər bu sahədə vəziyyət yaxşı deyildi. Odur ki, son vaxtlar  bununla da bağlı bir sıra işlər görüldü. Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov deyir ki, yaz-tarla işlərinə hazırlıqla əlaqədar 134 subartezian quyusu və 6 kilometr qapalı boru şəbəkəsi təmir edilib, çayların məcrasında 57 min kubmetr həcmində təmizləmə işləri görülüb, kollektivin təşəbbüsü ilə Topalhəsənli kəndində 3 aqreqatlı nasos stansiyası istifadəyə verilib. Həmçinin Balçılı, Quşqara, Haçaqaya, Xəqani, Yeni Qızılca, Qırıxlı kəndlərində  başqa yerlərdə 8 subartezian quyusu qazılıb, 5 quyu bərpa edilib, Şəmkirçay su anbarından Göygöl rayonuna kanallar çəkilib. Bütün bunlar 1917 hektar sahənin su təminatının yaxşılaşmasına, 1474 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsinə imkan verir.

Mövcud sahələrdən səmərəli istifadə edilməsi də əsas məsələlərdəndir. Nazirlər Kabinetinin iclasında ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə edilərkən Prezident İlham Əliyev aqrar islahatlar zamanı tərtib olunan xəritələrdə çox ciddi nöqsanlara yol verildiyini və bilavasitə əkin-biçin üçün ayrılmış pay torpaqlarında qanunsuz tikililərin aparıldığını kəskin tənqid etmişdir. Bununla əlaqədar Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən ilkin araşdırmalar aparılmışdır. Vəziyyət yoxlanılarkən məlum olmuşdur ki, 15 kəndin 13-də ciddi qanunsuzluğa yol verilib, pay torpaqlarında əkin-biçin işlərinin aparılması əvəzinə evlər, obyektlər tikilib. Xüsusən Üçtəpə, Hacıməlikli, Xəqani, Mollacəlilli kəndlərində və başqa yerlərdə hamının gözü qarşısında pay torpaqları əsl inşaat obyektlərinə çevrilib, əlaqədar təşkilatlar isə bu qanun pozuntularına göz yumublar. Yoxlama zamanı meşə fondu torpaqlarında da qanunsuz ticarət obyektlərinin tikildiyi və dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində torpaqlardan səmərəli istifadə edilməsi əvəzinə, onların kütləvi surətdə icarəyə verilməsi faktları aşkarlanmışdır. Pay torpaqlarında qanunsuz müxtəlif tikililər aparıldığı barədə rayon məhkəməsinə verilən işlər də illər boyu baxılmamış qalmışdır. İndi nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür.

Bu günlər rayonda yaz-tarla işlərinin gedişi ilə əlaqədar torpaq sahibkarlarının, fermerlərin, ərazi nümayəndələrinin, bələdiyyə üzvlərinin toplantısı keçirilmişdir. Mövcud vəziyyət ətraflı təhlil olunaraq qeyd edilmişdir ki, yerlərdə işlər aqrotexniki tələblərə uyğun gedir. Şübhə yoxdur ki, “Kənd təsərrüfatı ili”ndə də Göygöl rayonu hər sahədə yeni uğurlar qazanacaq.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2015.- 1 may.-  S.11.