Səmərəli antiböhran tədbirləri
qeyri-neft sektorunun inkişafını daha da sürətləndirir
Avrasiya regionunda yerləşən ökələrin böyük əksəriyyəti 2015-ci ilin birinci rübündə neftin qiymətinin enməsi ilə əlaqədar böhranın yeni fazasına qədəm qoymuş, bu geoiqtisadi arealda devolvasiya, defolt kimi neqativ proseslər geniş vüsət almışdır. Belə bir şəraitdə Azərbaycanın böhranın təsirlərini daha az hiss etməsi, eyni zamanda iqtisadi inkişaf prosesində pozitiv meyillərin qorunub saxlanılması inkişafın Azərbaycan modelinin dayanıqlılığını bir daha təsdiqləyir. Hökumətin, xüsusilə də sosial sferadakı öhdəliklərini uğurla həyata keçirməsi respublikamızın hətta Avropa İttifaqı və Asiyanın yeni sənaye dövlətlərinə nisbətən daha dayanıqlı iqtisadi sistemə malik olmasına dədalət edir.
Böhrana qarşı sipərə çevrilən inkişaf modeli
Əksər region isə dünya ölkələrini çətin duruma salan yeni böhran dalğasının Azərbaycana ciddi təsirlərinin hiss olunmaması həm də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi səmərəli antiböhran siyasətinin nəticəsidir. Dövlət başçısı hələ Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında bildirmişdir ki, gəlirlərin azalacağı bir şəraitdə Azərbaycan mənfi təsirlərdən qorunmaq üçün fəal tədbirlər həyata keçirməli, maliyyə intizamı gücləndirilməli, lüzumsuz xərclərə yol verilməməli, uzaq gələcəyə hesablanmış layihələrin icrası təxirə salınmalı, bazarın sabitləşməsi üçün bir sıra səmərəli tədbirlər həyata keçirməli, habelə sahibkarlığın, aqrar sektorun inkişafına diqqət yüksəldilməlidir.
Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası deməyə əsas verir ki, hökumət ciddi maliyyə monitorinqinin həyata keçirilməsini, kreditlərə və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin artırılmasını, iqtisadiyyata sərmayə qoyuluşlarının təmin edilməsini, sosial öhdəliklərin vaxtında yerinə yetirilməsini, sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsini, kənd təsərrüfatına dövlət dəstəyinin daha da gücləndirilməsini qlobal böhrana qarşı səmərəli tədbirlər kimi nəzərdən keçirir. Antiböhran paketində, həmçinin potensial gəlirlərin vergiyə cəlb olunması, xərclərin daha şəffaf idarəsi, büdcədən maliyyələşən müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının beynəlxalq standartlara cavab verən mühasibat uçotu qaydalarına uyğunlaşdırılması kimi vacib məsələlər də yer alır.
Neftin qiymətinin təxminən iki dəfə aşağı düşdüyü bir şəraitdə hökumətin əsas məqsədi mənfi xarici iqtisadi və psixoloji təsirlərin neytrallaşdırılması yolu ilə - mövcud inkişaf xəttinin davam etdirilməsi əsasında böhrandan sığortalanmaqdır. Bir tərəfdən gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdən əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır. 2015-ci ilin birinci rübündə manatın məzənnəsində obyektiv səbəblər üzündən edilmiş dəyişikliyə gəlincə, ölkə rəhbəri İlham Əliyevin Nazirlər Kabinetinin iclasında da bildirdiyi kimi, bu addım ölkənin ixrac potensialını və strateji valyuta ehtiyatlarını qorumaq məqsədi daşıyır: “...2005-ci ildə biz pul islahatı apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə başladı. Nəticə etibarilə biz gördük ki, bir manat artıq 1,3 dollar səviyyəsində idi. Ondan sonra gördük ki, hətta bir manat bir avrodan da qiymətli və bahalıdır. Yəni bu tamamilə qeyri-təbii bir məzənnə idi. Buna son qoyulmalı idi və bu gün bütün mötəbər beynəlxalq maliyyə qurumları bizim addımımızı dəstəkləyir, alqışlayır, eyni zamanda, əhali də görür ki, məzənnənin dəyişdirilməsinin gündəlik həyata təsiri olmamışdır. ...Bilirsiniz ki, biz istəyirdik məzənnəni tədricən, yavaş-yavaş dəyişdirək. Amma ondan sonra ajiotaj yarandı. Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı və belə getsə idi, bizim Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi”.
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan valyutası devalvasiyaya uğrayan yeganə ölkə deyil. Qazaxıstan və Türkmənistanın milli valyutaları 20, Gürcüstan milli valyutası 30 faizdən çox, Rusiya rublu 80, dünyanın aparıcı valyutalarından olan avro 25, Norveç milli valyutası 34 faiz dəyərdən düşmüşdür. Belə şəraitdə hökumət manatın ABŞ dolları və avroya nisbəti ilə bağlı obyektiv reallıqdan irəli gələn qərar qəbul etməklə yanaşı, devalvasiyanın sosial-kommunal sferada qiymət və xidmətlərə təsirinin maksimum dərəcədə azaldılması məqsədilə səmərəli inzibati-iqtisadi tədbirlər həyata keçirmişdir. Bu rasional qərar həm də daxili istehsalın qorunmasına və ixracın stimullaşdırılmasına xidmət edir.
Qeyri-neft
sektorunun inkişafı prioritet olaraq qalır
Dünyada neftin qiymətinin kəskin şəkildə
aşağı düşməsi müəyyən çətinliklər
yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
həyata keçirilən islahatlar ölkəmizin
dayanıqlı inkişafını təmin etmiş, real
büdcə öhdəliklərinin tam həcmdə yerinə
yetirilməsinə imkan vermişdir. Bu mənada, bir
sıra nüfuzlu reytinq agentliklərinin Azərbaycanla
bağlı optimist proqnozları da kifayət qədər ciddi
əsaslara söykənir. Martın 13-də “Fitch Ratings”
beynəlxalq kredit agentliyi Azərbaycanın uzunmüddətli
yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində
təsdiq edərək proqnozu “sabit” saxlamışdır.
Agentliyin hazırladığı hesabatda qeyd olunur ki,
dünyada neftin qiymətinin kəskin enməsinin Azərbaycanın
mövcud fiskal və xarici valyuta mövqeyinə neqativ təsirlərinə
baxmayaraq, hökumət tərəfindən atılan təsirli
addımlar dövlət maliyyəsinə və xarici valyuta
ehtiyatları mövqeyinə mümkün riskləri azaldaraq
ölkənin möhkəm xarici kreditor kimi yerini qoruyub
saxlamasını təmin edəcək. Agentliyin
analitikləri bu qənaətdədirlər ki, çevik fiskal
və monetar siyasət xarici valyuta ehtiyatlarının
azalmasının qarşısını əhəmiyyətli
dərəcədə alacaq. Qeyd olunanlarla
yanaşı, “Fitch Ratings” maliyyə
davamlılığını təmin edəcək əlavə
tədbirlərin və ölkə iqtisadiyyatının
diversifikasiyası istiqamətində daha təsirli
addımların atılmasını ölkənin gələcək
reytinqinə müsbət təsir göstərəcək əlavə
faktorlar kimi qiymətləndirmişdir. Şübhəsiz,
aparıcı beynəlxalq reytinq agentliyi tərəfindən
Azərbaycanın əvvəllər daha münbit iqtisadi şəraitdə
verilmiş “BBB-” investisiya səviyyəli “sabit” proqnozlu dərəcənin
təsdiqi ölkə iqtisadiyyatının dayanıqlı
potensialını nümayiş etdirməklə yanaşı,
ona beynəlxalq maliyyə ictimaiyyəti tərəfindən
yüksək etimadın göstəricisidir.
Bu proqnozlar həm də ölkənin əldə etdiyi
real statistik göstəricilərə əsaslanır. Nazirlər Kabinetinin 2015-ci
ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş iclasında səslənən
rəqəmlərdən aydın olur ki, yanvar-mart aylarında
qeyri-neft sektorunda artım 7 faiz təşkil etmiş, sənaye
istehsalı 4 faiz artmışdır. İlin əvvəlindən
neft sektoru üzrə daxilolmaların nəzərərəçarpacaq
səviyyədə azalmasına baxmayaraq, vergi daxilolmaları
üzrə proqnoza da artıqlaması ilə əməl
olunmuşdur: 2015-ci ilin yanvar-mart ayları ərzində Vergilər
Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1
milyard 600 milyon 752 min manat vəsait daxil olmuş, proqnoz
tapşırığına 103 faiz əməl edilmişdir.
Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının məbləği
1 milyard 55 milyon 742 min manat təşkil etmişdir ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
8 faiz çoxdur. Qeyri-neft-qaz sektorundan vergi
daxilolmalarının ümumi daxilolmada xüsusi çəkisi
66 faiz təşkil etmişdir.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin son iclasında qeyri-neft
sektorunun və sahibkarlığın inkişafının
prioritet məsələ olduğunu bir daha
vurğulamışdır: “Azərbaycanda dinamik inkişaf təmin
edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7
faiz artmışdır. Bu da son illər ərzində
aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində
mümkün olmuşdur. Çünki uzun
illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə
siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki,
iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf
etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın.
Hətta dünyada neftin qiymətinin kəskin
şəkildə düşməsi bizim ümumi iqtisadi
inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin
unikallığı və bu göstəricilər bizim
seçdiyimiz yolun nə qədər düzgün
olmasını bir daha göstərir”.
Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektoru
üzrə büdcə daxilolmalarının dinamik
artımı iqtisadi reallığın aparıcı
tendensiyasını təşkil edir. Müqayisə üçün
bildirək ki, 2014-cü ildə dövlət büdcəsinə
7 milyard 112 milyon manat məbləğində vergi daxilolmalarının
4 milyard 306 milyon 486,5 min manatı qeyri-neft-qaz sektorunun
payına düşmüşdür və bu 2013-cü illə
müqayisədə 14,5 faiz çoxdur. 2015-ci
ildə isə qeyri-neft sektorundan daxilolmaların həcminin
artırılması hesabına ümumi büdcə gəlirlərinin
yüksəldilməsi nəzərdə tutulur. Belə ki, dövlət büdcəsi gəlirlərində
qeyri-neft sektoru üzrə daxilolmaların 10 faizdən
çox artımı gözlənilir. Vergilər
Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7
milyard 112 milyon manatın daxil olması
proqnozlaşdırılır. Bunun 4 milyard 812 milyon
manatı (67,7 faizi) qeyri-neft sektorunun, 2
milyard 300 milyon manatı (32,3 faiz) neft sektorunun payına
düşür. 2014-cü illə müqayisədə
qeyri-neft sektoru üzrə artımın 512 milyon manatdan
çox olacağı gözlənilir.
2015-ci ildə
vergitutma və sosial yığımların bazasının
artırılması, müəssisələrdə iş yerlərinin
rəsmiləşdirilməsi ilə bağlı tədbirlərin
gücləndirilməsi, əmək müqaviləsi
bildirişlərinin elektron informasiya sistemində
qeydiyyatının aparılması, qeyri-leqal məşğulluqla
mübarizənin həyata keçirilməsi qeyri-neft vergi
daxilolmalarının həcminin artmasında mühüm rol
oynayır. Müxtəlif sahələrdə yeni iş yerlərinin
açılması, uçotdankənar iş yerlərinin
leqallaşdırılması hesabına fiziki şəxslərin
gəlir vergisi üzrə daxilolmaların həcminin 100 milyon
manat (11,3 faiz) artaraq 982 milyon manata
çatdırılması nəzərdə tutulur.
Yerli
istehsal stimullaşdırılır
Göründüyü kimi, neft-qaz gəlirlərindən
asılılığın azaldılması məqsədilə
iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
sistemli tədbirlər həyata keçirən Azərbaycan
hökuməti qeyri-neft sektorunun inkişafı və biznes
mühitinin liberallaşdırılması sahəsində
mühüm irəliləyişlərə nail olmuşdur. Rəqabətədavamlı
istehsal və emal müəssisələrinin fəaliyyətinə
geniş imkanların yaradılması yolu ilə yerli
istehsalın stimullaşdırılması, habelə sənaye
potensialının möhkəmləndirilməsi tədbirləri
inkişafın təmayülünü qeyri-neft sektorunun xeyrinə
dəyişmişdir.
Rüb ərzində milli valyutanın məzənnəsində
baş vermiş dəyişiklik ixracla bağlı bir sıra
rasional addımların atılmasını da
aktuallaşdırmışdır. Hazırda Azərbaycan
sahibkarlarının Avropa və dünya bazarlarına
çıxışı üçün normal şərait
mövcuddur. Azərbaycan bir neçə il
əvvəl “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi”
Proqramına (GSP) qoşulmuşdur. Proqramda nəzərdə
tutulan meyarların tətbiqi Azərbaycan üçün
Avropa İttifaqı bazarlarına güzəştli şərtlərlə
ixrac imkanı yaradır. Bu isə ölkəmizin
ixrac potensialının genişləndirilməsi, ixracın
strukturunun şaxələndirilməsi baxımından
çox əhəmiyyətlidir. Bundan əlavə,
yaxın vaxtlarda qeyri-neft məhsullarının
ixracının stimullaşdırılmasına dair tədbirlər
planının qəbulu gözlənilir ki, bu da ixrac prosesinin
təkmilləşdirilməsinə xidmət edəcək.
Eyni zamanda, milli ixracın
stimullaşdırılması üçün sahibkarlıq
subyektlərinin idxal və ixrac əməliyyatında tələb
olunan sənəd və prosedurların sayının
azaldılması, ixracdakı hesablamaların daha da sadələşdirilməsi,
ixracatçılar üçün daha münasib şəraitin
yaradılması ilə bağlı tədbirlər davam
etdiriləcək.
Dövlət idarəçiliyinin bütün sahələrində
olduğu kimi, gömrük orqanlarının fəaliyyətində
də elektron xidmətlərin geniş tətbiqi diqqət mərkəzindədir. Hazırda
Dövlət Gömrük Komitəsi tərəfindən 20-yə
yaxın elektron xidmət göstərilir. Bütün
gömrük ödənişlərinin yalnız bank və ya
plastik kart vasitəsilə həyata keçirilməsi, hər
hansı malı idxal və ixrac etmək
üçün müraciət edən şəxslərin qəbulu
ardıcıllığının müəyyənləşdirilməsi
məqsədilə elektron idarəetmə sisteminin (“elektron
növbə”) tətbiqi, “ASAN Xidmət” vasitəsilə bəzi
gömrük xidmətlərinin göstərilməsi
uğurlu yeniliklər sırasındadır. Təsadüfi
deyil ki, Davos Forumunun hesabatında Azərbaycan gömrük sahəsində
şəffaflığın təminatına görə 138
ölkə arasında 39-cu yerdə qərarlaşmışdır.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci
rübünün yekunlarına həsr olunmuş iclasında
islahatların davam etdiriləcəyini bildirmişdir: “...Biz
inhisarçılığa qarşı mübarizəni daha
da gücləndirməliyik, əlavə tədbirlər
görülməlidir. Yerli istehsalın
stimullaşdırılması ilə bərabər, bu sahəyə
də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə,
ya hansısa tənzimləyici qərarlarda hansı əlavə
tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli rəqabəti təmin etməliyik”.
Hesabat dövründə istehsal və
ixracyönümlü yeni müəssisələrin fəaliyyətə
başlamasının dəstəklənməsi istiqamətində
də tədbirlər davam etdirilmişdir. Bu baxımdan
Sahibkarlığa Kömək Milli Fondu Azərbaycan təcrübəsində
sahibkarın dövlətin maliyyə imkanlarından əlverişli
şərtlərlə bəhrələnməsinin, xüsusilə
qeyri-neft sektorunda səmərəli investisiya layihələrinin
reallaşdırılması məqsədilə uzunmüddətli
kreditlər almasının pozitiv nümunəsinə
çevrilmişdir: 2015-ci ilin ilk rübündə 1.200-ə
yaxın sahibkara 31 milyon manatdan çox güzəştli
kredit verilmiş, investisiya layihələrinin reallaşdırılması
hesabına 2400-dən çox yeni iş yerinin
yaradılması nəzərdə tutulmuşdur.
Görülən
tədbirlərin nətisəsidir ki, Azərbaycan Dünya
Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə
qiymətləndirməni özündə əks etdirən
“Doing Business 2015” hesabatında 189 ölkə arasında 8 pillə
irəliləyərək 80-ci yerə yüksəlmiş və
bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr
sırasında qərarlaşmışdır. Biznes
mühitinin əlverişliliyi üzrə qiymətləndirməni
özündə əks etdirən yeni hesabatda ölkəmiz ən
çox islahat aparan 10 ölkə sırasında 8-ci yerdə
mövqe tutmuşdur.
Kənd təsərrüfatına
dövlət dəstəyi gücləndirilir
Qeyri-neft sektorunun aparıcı qolu olan kənd təsərrüfatına
dövlət dəstəyinin gücləndirilməsi son illər
ölkəmizdə həyata keçirilən islahatların
ana xəttini təşkil edir. Ölkə rəhbəri İlham
Əliyevin 2015-ci il yanvarın 15-də cari
ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan
edilməsi ilə bağlı imzaladığı sərəncamında
deyilir ki, ölkədə həyata keçirilən aqrar
islahatlar nəticəsində aqrar sektorun dinamik
inkişafına etibarlı zəmin
yaradılmışdır: “Kənd təsərrüfatı məhsulları
istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən
azad edilmişlər. Fermer və sahibkarlar
güzəştli şərtlərlə kredit, toxum,
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən
lizinqə verilən və lizinq yolu ilə satılan gübrə,
texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər”.
2015-ci
ilin “Kənd təsərrüfatı ili” elan edilməsi kənd
təsərrüfatının inkişafına yeni təkan
vermək və onun modernləşdirilməsini sürətləndirmək,
aqrar sektorda mövcud problemlərin həllinə sistemli və
kompleks yanaşmanı təmin etmək, bu sahəyə
dövlətin inzibati və maliyyə resurslarını səmərəli
şəkildə cəlb etmək, ölkəmizin aqrar
potensialını geniş təbliğ etmək məqsədinə
xidmət edir.
Prezidentin
2 mart 2015-ci il tarixli sərəncamı ilə
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində
Dövlət Toxum Fondunun yaradılması isə ölkədə
ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədini
daşımaqla yüksək məhsuldarlığa malik və
quraqlığa davamlı yeni növ toxumlara olan tələbatın
ödənməsinə xidmət edir. Sərəncama
əsasən, Dövlət Toxum Fondunun fəaliyyətinin təmini,
habelə yüksək məhsuldar toxumların
istehsalının və tədarükünün həyata
keçirilməsi üçün Kənd Təsərrüfatı
Nazirliyinə 10 milyon manat vəsait ayrılmışdır.
Prezident
İlham Əliyevin 2015-ci il 3 aprel tarixli sərəncamı
əsasında “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd
təsərrüfatı ili” elan edilməsi ilə
bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi sərəncamın
1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər
Planının icrasının təşkilində əlaqələndirici
orqan müəyyən olunmuşdur. Sərəncamda
Nazirlər Kabinetinə “2015-ci ilin Azərbaycan
Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər
Planı”nda nəzərdə tutulmuş tədbirlərin
maliyyələşdirilməsini təmin etmək
tapşırılmışdır.
Tədbirlər
Planında aidiyyəti dövlət qurumlarının
qarşısına əkinçilikdə yeni
texnologiyaların və təkrar əkinlərin tətbiqinə
dair təkliflərin hazırlanması - kənd təsərrüfatı
məhsulları istehsalçılarına verilən dövlət
yardımlarının sistemləşdirilməsi və
mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi;
“Aqrolizinq” ASC tərəfindən dövlət vəsaiti
hesabına alınan kənd təsərrüfatı
texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin
və cins damazlıq heyvanların lizinq yolu ilə
satılması şərtlərinin təkmilləşdirilməsi
barədə təkliflərin hazırlanması; hər bir
iqtisadi rayonun xüsusiyyəti, təbii və iqlim şəraiti
nəzərə alınmaqla, kənd təsərrüfatı
məhsullarının istehsalının
ixtisaslaşdırılması üzrə təkliflərin
hazırlanması; kənd təsərrüfatı məhsullarının
istehsalı, idxalı və ixracı zamanı məhsulların
keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin
gücləndirilməsi; müasir suvarma sistemlərinin kənd
təsərrüfatı məhsulları
istehsalçıları tərəfindən tətbiqinə dəstək
verilməsi; bölgələrin xüsusiyyətlərindən
asılı olaraq, kiçikhəcmli emal müəssisələrinin
yaradılmasının dəstəklənməsi; 5-10 başlıq
cins ətlik-südlük qaramaldan ibarət ailə-fermer təsərrüfatlarının
yaradılmasının dəstəklənməsi; regionlarda
aqroparkların yaradılmasının dəstəklənməsi;
kənd təsərrüfatı məhsullarının
satış şəbəkələrinin genişləndirilməsi
və yeni istehlak bazarlarına çıxmaq üçün
ölkə xaricində logistik mərkəzlərin
yaradılmasının təşviq edilməsi; müasir tələblərə
cavab verən satış-yarmarkalarının və
“yaşıl marketlər”in təşkilinin dəstəklənməsi;
Toxum fondunun fəaliyyətinin təmin edilməsi; müasir
metodlardan istifadə etməklə, sertifikatlı toxum və
meyvə tingləri istehsalının artırılması;
respublika Süni Mayalama Mərkəzinin yenidən qurulması;
Ağdam atçılıq zavodunun yenidən qurulması; iri
fermer təsərrüfatlarının yaradılması istiqamətində
işlərin davam etdirilməsi; “Elektron kənd təsərrüfatı”
sisteminin yaradılması üzrə işlərin sürətləndirilməsi
və digər tədbirlər əksini tapmışdır.
Hazırda Azərbaycanın ümumi daxili məhsulunun təxminən
8 faizə qədəri məhz kənd təsərrüfatının
payına düşür. Ölkə əhalisinin 47,1 faizi və ya 4,3 milyonu kəndlərdə
yaşayır və məşğul əhalinin 37,9 faizi (1,6
milyon nəfər) kənd təsərrüfatında
çalışır. Bu onu göstərir ki,
ölkəmiz kənd təsərrüfatının
inkişafı üçün böyük potensiala malikdir və
bundan səmərəli istifadə etmək lazımdır.
Üstəlik, Azərbaycanın zəngin və
əlverişli torpaq-iqlim şəraiti, nisbətən ucuz
işçi qüvvəsi dünya bazarına rəqabətqabiliyyətli,
keyfiyyətli məhsullar çıxarmağa imkan verir. Kənd təsərrüfatının dinamik
inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq
məhsulları ilə təminatının gerçəkləşdirilməsi
təkcə iqtisadi deyil, həm də milli təhlükəsizliklə
bağlı strateji məsələdir.
Ötən illərdə çevik və işlək
mexanizmlər əsasında gerçəkləşdirilən
islahatlar sayəsində respublikada aqrar-sənaye kompleksini
inkişaf etdirmək, ərzaq təminatını
yaxşılaşdırmaq üçün ilk növbədə
qanunvericilik bazası təkmilləşdirilmişdir. Fermerlərə
yanacağın, motor yağının və gübrənin
alınmasına çəkilən xərclərin 50 faizinin
dövlət tərəfindən ödənilməsi,
taxıl əkinlərinə görə subsidiyaların verilməsi
təmin edilmiş, texniki təminatın
yaxşılaşdırılması üçün
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti
yaradılmışdır. Həmçinin
istehsalçılara lizinq yolu ilə güzəştli şərtlərlə
texnika və gübrə verilir. Sahibkarlığa
Kömək Milli Fondu və Kənd Təsərrüfatı
Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən
kənd təsərrüfatı məhsulları
istehsalçılarına verilən güzəştli kreditlər
də kənd təsərrüfatı istehsalı sahəsində
dinamik inkişafı təmin edən amillərdəndir.
Bütün bunların nəticəsi kimi hazırda kənd təsərrüfatı
məhsulları istehsalında özəl bölmənin
xüsusi çəkisi 99,7 faizə
yüksəlmişdir. Həyata keçirilən tədbirlər
nəticəsində Azərbaycan 2013-2014-cü illərdə
Beynəlxalq İqtisadi Forumun hesabatında “Kənd təsərrüfatı
siyasətinin dəyəri” indeksi üzrə 21 pillə irəliləyərək,
148 ölkə arasında 49-cu yerə yüksəlmişdir.
Kənd təsərrüfatının qeyri-neft sektorunun
üstün istiqamətlərindən biri kimi dəstəklənməsi
2014-2018-ci illəri əhatə edən növbəti regional
inkişaf Dövlət Proqramının da əsas hədəflərindən
biridir. Bu müddətdə ölkənin kənd təsərrüfatının
inkişafına yönələn ardıcıl islahatlar davam
etdiriləcək. Kənd təsərrüfatında
fermerlərin birləşməsi və iri kooperativlərin
yaradılması aqrar sektorda gəlirlərin və kənd təsərrüfatı
məhsullarının rəqabət qabiliyyətliliyinin daha da
artırılmasına və beynəlxalq standartlara
uyğunlaşmasına təkan verəcək.
Son illər respublikada aqrar sektorun inkişafının stimullaşdırılmasına xidmət edən tədbirlər intensivləşmişdir. Dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin müddətinin 2014-cü il yanvarın 1-dən daha 5 il uzadılması deyilənlərin əyani təsdiqidir. Xatırladaq ki, 2001-ci il yanvar ayının 1-dən qüvvədə olan həmin güzəştlərə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini, fiziki şəxslər isə əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.
Ümumilikdə, son illər ölkədə uğurla reallaşdırılan dövlət dəstəyi tədbirləri kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. 2003-2013-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalı 3,3, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə artmışdır.
Aqrar sektorda qazanılan nəticələr həm də fermerlərin son illər dövlətin güzəştli kreditlərinə çıxış imkanlarının genişlənməsi ilə izah olunur. Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, “Aqrarkredit” ASC fermerlərin kreditlərə olan tələbatının ödənməsinə çalışır. Məsələn, Sahibkarlığa Kömək Milli Fondu fermerlərin güzəştli kreditlərə olan ehtiyacını nəzərə alaraq daha səmərəli maliyyələşmə mexanizmi təklif edir: ilkin kapitalı olmayan sahibkarın təklif etdiyi layihə iqtisadi cəhətdən əsaslandırıldığı halda, tam olaraq dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında qarşıda duran vəzifələrdən də söz açmışdır: “Kənd təsərrüfatının inkişafı üçün ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələdir. Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr - bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılmışdır. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik. Elektron uçot ona görə lazımdır ki, sahibkarlar hansı torpağın sahibi olduqlarını bilsinlər. Eyni zamanda dövlət də bilməlidir ki, kimin hansı torpağı var, o torpaqlarda nə yetişdirilir və ya yetişdirilmir”.
Aparılan təhlillər onu göstərir ki, Azərbaycanın milli iqtisadi inkişaf modeli müasir dünya iqtisadi modellərinin müəyyən üstün cəhətlərini özündə əks etdirsə də, bir çox xüsusiyyətlərinə görə onlardan fərqlənir. Bu fərqləndirici xüsusiyyətlər sırasında isə ölkəmizin son illər dünyanı iflic edən qlobal maliyyə-iqtisadi böhranı şəraitində sürətlə inkişaf etməsini xüsusi vurğulamaq lazımdır. Məhz buna görə də dünyanın aparıcı iqtisadi-maliyyə qurumlarında və dövlətlərində inkişafın Azərbaycan modeli ilə bağlı müzakirələrə kifayət qədər həssaslıqla yanaşılır. Bu reallıqda etiraf edilir ki, ən yaxın perspektivdə Azərbaycan modernləşmə mərhələsini başa vuraraq iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına yüksələcəkdir.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-2015.- 1 may.- S.10.