Azərbaycançılıq və
dövlət suverenliyi
Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi göstərir ki, xalqların və dövlətlərin inkişafında liderlərin rolu əvəzsizdir. Güclü lideri olan dövlətlər və millətlər çox yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Belə liderlər bizim xalqın tarixində də yetişmiş, Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların arasında öz işıqlı əməlləri ilə xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin adı qürur hissi ilə çəkilir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və azərbaycançılıq məfkurəsinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur.
Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdardır. Bütün həyatını və siyasi fəaliyyətini tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq sürətlə inkişaf etmişdir. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan ümummilli liderin fəaliyyəti təkcə Azərbaycan üçün deyil, həm də postsovet məkanı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, dünya miqyasında gedən proseslərə təsir göstərmişdir.
Ulu öndər Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz onun parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdır.
Milli qürur hissinin güclənməsi, milli şüurun yüksəlməsi sosial-iqtisadi və mədəni həyatın bütün sahələrinin dirçəlişi üçün zəmin oldu. Bu, xalqın ruhuna dərindən bələd olan respublika rəhbərinin təşəbbüskarlığının və uzaqgörənliyinin nəticəsi idi. Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, hüquqi və sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Ölkəmizin indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970-1980-ci illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.
Ötən əsrin yetmişinci illərində görkəmli siyasi xadimin təşəbbüsü ilə Azərbaycan dili və tarixinə dair aparılan bir sıra fundamental tədqiqatlara ilk dəfə dövlət mükafatının verilməsi də bu sahədəki mükəmməl konsepsiyanın tərkib hissəsi idi. Ayrıca vurğulamaq yerinə düşər ki, respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə maddənin daxil edilməsi də azərbaycançılıq ideologiyasının möhtəşəm təntənəsi kimi o zaman çox böyük əks-səda doğurmuşdu. Sovetlər birliyinin sərt mühitində belə bir addımı yalnız Heydər Əliyev kimi dahi, bütün varlığı xalqa, Vətənə məhəbbətdən yoğrulmuş müdrik şəxsiyyət, əsl rəhbər ata bilərdi. Ulu öndər sonralar o dövrü belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan ... nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.
Dahi şəxsiyyətin o dövrdə rəhbərliyə gəlişi cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş və cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi düşüncə tərzinin, hüquqi mədəniyyətin, ümumilikdə hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələsinə təkan vermişdir. Həmin illərdə respublika rəhbərliyi səviyyəsində keçirilən müxtəlif tədbirlər də məhz bu məqsədlərin real həyatda tətbiqi məqsədini daşımışdır.
O vaxtkı rejimin çətinliklərinə baxmayaraq, dahi rəhbər azərbaycançılığın tərkib hissəsi kimi xarici ölkələrdə yaşayan soydaşlarımızla mədəni əlaqələrin qurulmasına da xüsusi diqqət yetirirdi. Təkcə elə o zaman fəaliyyət göstərən Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin imkanlarından bu yöndə məharətlə istifadə olunmasını xatırlatmaq kifayətdir.
Ümumiyyətlə, ulu öndərin respublikamıza birinci rəhbərliyi dövründə bütün sahələrdə həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirlər gələcəyə hesablanmış milli siyasətin parlaq ifadəsi idi. Haqlı olaraq vurğulanır ki, Azərbaycanın 1991-ci ildə qovuşduğu müstəqilliyin ilkin bazası, zəruri təməli məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə qoyulmuşdur.
SSRİ hökumətində yüksək post tutduğu 1982-1987-ci illərdə, eləcə də fəaliyyətinin sonrakı mərhələlərində də ümummilli lider daim azərbaycançılıq ideyası naminə çalışmış, respublikamızın milli maraqlarının təminatına yönələn konseptual siyasət yürütmüş, böyük tarixi missiyanı ardıcıl şəkildə və qətiyyətlə gerçəkləşdirmişdir.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etsə də, o zamankı rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində çox keçmədən ölkə nəinki istiqlalını, bütövlükdə, öz varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə 1993-cü ildə respublikada yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər qısa müddətdə Azərbaycanı düşdüyü ağır vəziyyətdən qurtardı, bütün sahələrdə hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçiliyi, hərtərəfli inkişafı təmin etdi.
Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. 1993-cü ildə ulu öndər yenidən hakimiyyətə gələndə Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli-mənəvi dəyərlərini qoruyub saxlayacaq və yönəldəcək milli sistem və ideya da ortaya qoyulmamışdı. Keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total imtina meyli Azərbaycanda sözün həqiqi mənasında ciddi ideoloji boşluq yaratmışdı. Əlbəttə, cəmiyyətin ideyasızlaşdırılması meyli bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edənlərin aydın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamasından irəli gəlirdi.
Yalnız Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasəti səviyyəsinə qaldırıldı. Cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin hüquqi və siyasi nəzəri əsaslarını irəli sürmüş böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.
Heydər Əliyevin azərbaycançılıq ideyası və onun məzmununa daxil edilmiş əsas prinsiplər 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycançılıq artıq hansısa siyasi partiyanın, sosial qrupun, yaxud təşkilatın deyil, bütün xalqın ümumi marağının ifadəsinə çevrilmişdir. Bu anlamda azərbaycançılıq xalqın istək və arzusu ilə, onun iradəsinin nəticəsi kimi qurulmuş dövlətin, onun müəyyən olunmuş daxili və xarici siyasət strategiyasının, daimi yaşam və fəaliyyətinin əsasını, başlıca prinsiplərini təşkil edir. Deməli, onun həyata keçirilməsi və qorunması Azərbaycanda yaşayan, fəaliyyət göstərən, bu dövlətin idarəçiliyinə iddia edən hər bir vətəndaş və təşkilat üçün əsas olmalıdır. Əgər hər hansı şəxs və yaxud təşkilat yaşadığı cəmiyyəti, təmsil etdiyi dövləti, Konstitusiya ilə müəyyənləşdirilmiş ölkədaxili münasibətlər və dəyərlər sistemini qəbul edirsə, deməli, dövlətin bu sistemin qarantı olmasını da mütləq qəbul etməlidir.
Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün çox mühüm vasitədir. Heydər Əliyevin baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri zənginləşdirmək, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Bu baxımdan xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir.
“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ümummilli liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaratmışdır.
Müstəqilliyin bərpasından sonrakı illərdə Azərbaycanın milli ideologiyası ilk dəfə Yeni Azərbaycan Partiyasının nizamnaməsində əksini tapmışdır. 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 6-cı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Heydər Əliyev milli ideologiyanın şərhinə geniş yer verərək demişdir ki, dövlətçilik, milli-mənəvi və bəşəri dəyərlər azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Dünya Azərbaycanlılarının 2001-ci ilin 9-10 noyabrında keçirilmiş I Qurultayında isə ümummilli lider demişdir: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Bu gün Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə sədaqət Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanununun - Konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünməsi prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müasir dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Azərbaycançılıq geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədləri də hədəfləyir. Bu ideya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycanda insanların düşüncələrində azərbaycançılıq ideyasının formalaşması, onların fəaliyyətlərində bu dəyərlərin rəhbər tutulması konstitusiya quruluşunun əsaslarının sabitliyinə də zəmin yaradır. Digər tərəfdən, bu ideyanın mövcudluğu Azərbaycanda yaranmış sosial birliyi kənardan qiymətləndirməyə imkan verir.
Azərbaycançılıq hüquqi və demokratik Azərbaycan dövlətini möhkəmləndirməyə, müstəqil Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxarmağa xidmət edir. Bu baxımdan Azərbaycanda dövlət quruculuğu prosesində konstitusionalizmlə yanaşı, məhz azərbaycançılıq ideyası da ali dəyərlərin fövqündə yer alır.
Eyni zamanda azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik, multikulturalizm) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda milli eyniyyətini qoruyub saxlaması müstəsna əhəmiyyət daşıyır.
Vətənpərvərlik və dövlətçilik azərbaycançılığın mühüm əsaslarını təşkil edir. Ulu öndər milli ideologiya barədə çıxışlarının birində bu fikri çox aydın şəkildə ifadə etmişdir: “Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”.
Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir.
Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Azərbaycan dilində vətəndaşlıq bir neçə məna daşıyır. Məsələn, 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən vətəndaşlıq hüququ insanın ölkədə hüquqi statusunu müəyyən edən norma kimi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. Vətəndaşlıq ölkədə şəxsin hüquqi vəziyyəti ilə bərabər onun ictimai-siyasi münasibətlərə mövqeyini əks etdirən psixoloji vəziyyətidir. İdeoloji baxımdan fərdin cəmiyyətə münasibəti və bu münasibətdə mövqeyi maraq kəsb edir. Beləliklə, vətəndaşlıq azərbaycançılıq kontekstində fərdin öz hüquq və vəzifələrini dərk edərək ölkədə yaranan ictimai-siyasi münasibətlərə mövqeyi kimi başa düşülür.
Vətəndaşlıq kollektiv qərarların qəbul olunmasında vacib amildir. O, cəmiyyətdə əxlaqla hüququn inteqrasiyasına xidmət edir. Vətəndaşlıq mövqeyi hər bir insana hakimiyyət tərəfindən həyata keçirilən uzunmüddətli sosial proqramların, irimiqyaslı layihələrin mahiyyətini dərk etməyə imkan yaradır. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır.
Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir. Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.
Təsadüfi deyil ki, bu gün siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində möhtərəm Prezident İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyərək həmrəylik nümayiş etdirirlər. Çünki insanı öz dövləti ilə sıx bağlayan vətənpərvərlik ideyası dövlət müstəqilliyinin sütununu təşkil edir. Öz xalqının əldə etdiyi suverenliyi, dövlətinin müstəqilliyini qorumaq vətənpərvər insanın ali məramıdır. Ulu öndər Heydər Əliyev çıxışlarının birində bildirmişdir: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar hissi ilə bəyan edirəm ki, Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcəyi üçün də böyük bir təməl qoyulubdur. Bizim vəzifəmiz qarşıdakı dövrdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır”.
Şübhəsiz, milli ideologiya milli düşüncə sisteminin əsas potensialının real hüquqi-siyasi məqsədlər naminə səfərbər edilməsidir. Milli ideologiyanın tələbləri sırasında dövlətçiliyin, milli mənafenin müdafiə edilməsi, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın haqlarının ümumbəşəri tələblər səviyyəsində qorunması, milli azlıqların və etnik qrupların dilinin, mədəniyyətinin, adət-ənənələrinin inkişafına şərait yaradılması və s. amillər mühüm yer tutur.
Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizi vahid azərbaycançılıq ideyası ətrafında birləşdirməyi bacaran ulu öndər Heydər Əliyev Azərbaycanda müasir dövlətçilik fəlsəfəsinin əsasını qoydu. Bu, vahid, bölünməz və qüdrətli Azərbaycan dövlətinin əsasının qoyulduğu gün idi. Məhz, buna görə hər il xalqımız çoxəsrlik tarixinin ən parlaq günlərindən biri olan Dövlət Müstəqilliyi Gününü qeyd edərkən, ilk növbədə həmin keşməkeşli zamanda milyonlarla azərbaycanlının - müstəqil dövlətdə yaşamaq, azad ölkənin vətəndaşı olmaq hüququnu təmin edən ümummilli liderin ruhu qarşısında baş əyir.
Ziyafət
ƏSGƏROV,
Milli Məclis Sədrinin birinci müavini,
YAP Siyasi Şurasının
üzvü
Azərbaycan.-2015.- 2 may.- S. 2.