Azərbaycanın müasirləşmə
strategiyası
Müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsas mənasını, inkişafa aparan yolun baş xəttini təşkil edir.
İlham ƏLİYEV
Bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələr sırasındadır. 2011-ci ildə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən, 33 ölkədən 60-a yaxın nümayəndənin qatıldığı “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfransa Prezident İlham Əliyevin ünvanladığı təbrik məktubunda əksini tapan fikirləri bir daha xatırlatmağa zərurət duyulur. Təbrik məktubunda deyilirdi ki, XXI əsrin ilk onilliyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Hamılıqla etiraf olunmaqdadır ki, bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır.
Tədbirin Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 ilinə təsadüf etdiyini önə çəkən dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, dövrümüzün aktual problemlərinə çevrilən yeni iqtisadi və sosial çağırışlara dair fikir mübadiləsi aparmaq niyyəti ilə Bakıya toplaşan siyasətçilər, alimlər, ictimai xadimlər ölkəmizdə həyata keçirilən islahatlar və onların nəticələrini əyani olaraq görmək imkanına malikdirlər. Müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsas mənasını, inkişafa aparan yolun baş xəttini təşkil edir. Bu mənada Azərbaycanı “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda müzakirələrin aparılması üçün uğurlu məkan hesab etmək olar.
Möhtərəm Prezident İlham Əliyevin söylədiyi bu fikirlər müstəqil Azərbaycanın 1993-cü ildən bəri, yəni ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə əldə etdiyi uğurlara əsaslanır. Dahi şəxsiyyət Heydər Əliyev demişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur.” Güclü, qüdrətli Azərbaycan qurmaq ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi. Hakimiyyətdə olduğu hər iki dövrdə xalqa, dövlətə xidmət dahi şəxsiyyətin fəaliyyətinin əsasında dayanıb. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin əsası kimi dəyərləndirilir. Ümummilli lider düşünülmüş və məqsədyönlü siyasəti ilə bugünkü qüdrətli, zəngin, bütün sahələrdə yeniləşən, müasirləşən, modernləşən Azərbaycanın təməlini qoydu. Bu gün müstəqil Azərbaycan həmin təməl üzərində inkişaf edir, beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməklə bir daha bu reallığı ortaya qoyur ki, gələcəyə hesablanmış strategiya daim ölkəni inkişafa, tərəqqiyə aparır.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin ölkəmizdə bütün sahələrdə yeniliklərin əldə olunmasına və yeni cəmiyyət modelinin formalaşdırılmasına stimul verdiyini faktlar əsasında, bu günümüzün reallıqları əsasında bir daha təsdiq etmiş olarıq. İnsanların düşüncələrində, hadisələrə yanaşma tərzində böyük yeniliklər, dəyişikliklər baş verdi. Əgər müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə Azərbaycanın hansı ağır durumla üz-üzə qaldığının şahidi olan xalqımız 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin xaos, anarxiya və özbaşınalıqdan xilas olmasını, bir sözlə, sabitlik diyarına çevrilməsini arzulayırdısa, artıq sonrakı illərdə yeni-yeni hədəflərin müəyyənləşdirilməsi və onlara çatmaq üçün zəruri olan imkanların mövcudluğu daha böyük istəklərin yaranmasını şərtləndirdi. Təbii resurslarla zəngin olan Azərbaycan ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət sayəsində qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Dahi şəxsiyyət Heydər Əliyev deyirdi: “Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.” Odur ki, 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması bu günümüz və gələcəyimiz üçün hesablanmış addımlardandır.
Yeni cəmiyyətin formalaşması Prezident İlham Əliyevin islahatçılıq missiyasının ayrılmaz tərkib hissəsidir
Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunmasına xidmət edən Dövlət Neft Fondunun vəsaiti hesabına gerçəkləşdirilən layihələr Azərbaycanın hərtərəfli inkişafına, müasirləşməsinə, yeniləşməsinə xidmət edir. Fondun maliyyələşdirdiyi istiqamətlərdən biri kimi gənclərin xarici ölkələrdə təhsilini nəzərə alsaq, yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə zərurətin böyük olduğu müasir dövrdə bu addımın hansı uğurlara yol açdığını daha aydın görmüş olarıq. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətdə olduğu birinci dövrdə Azərbaycanın müstəqil gələcəyini düşünərək, gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün xüsusi qayğı göstərirdi. Bu gün həmin siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bildirir ki, gənclər həmin ölkələrdə təhsil alıb, biliklərini zənginləşdirmək, Azərbaycanın bugünkü inkişafına töhfə vermək imkanı əldə etməklə yanaşı, eyni zamanda ölkə reallıqlarımızın təbliğatçılarıdırlar. Bu baxımdan belə bir fikri xüsusi qeyd etməliyik ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra tamamilə yeni bir cəmiyyətin formalaşması onun islahatçılıq missiyasının ayrılmaz tərkib hissəsinə çevrildi. Əsas hədəf yeni, müasir Azərbaycan qurmaq və düzgün müəyyənləşdirilən strategiya əsasında daim təkmilləşməyə səy göstərmək idi. Bu fikir də hər zaman önə çəkilir ki, hər bir şəxsiyyətin miqyası onun xalqın tarixində oynadığı rolla nə dərəcədə bağlıdırsa, o qədər də dövlətin və xalqın gələcək taleyinə təsir göstərmək imkanları ilə müəyyənləşir. Böyük inam və qürur hissi ilə qeyd etdiyimiz “Dahi şəxsiyyət Heydər Əliyev bizim dahi müasirimizdir” fikri də məhz bu reallıqdan irəli gəlir. Bütün həyatını xalqına, dövlətinə bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın bugünkü uğurlarına stimul verir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının, əməkdaşlıq əlaqələrinin genişlənməsinin əsası qoyuldu. Möhkəm təməl bu gün Azərbaycanın daha da müasirləşməsini, yeniləşməsini tələb edir. Son on bir ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində demişdir: “Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları kəşf olunduqdan sonra, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir”.
Bu fikirlərin davamı olaraq cənab İlham Əliyev Azərbaycan Prezidenti kimi jurnalistlərə ilk müsahibəsində “Sizin andiçmə mərasiminizə baxdıq. Siz ölkənin iqtisadiyyatının inkişafını tez-tez vurğulayırdınız. Çünki doğrudan da, hər şey iqtisadiyyatdan asılıdır. Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualını cavablandırarkən demişdir: “O, təsadüfi deyildir. Çünki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır... Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcəkdir. Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də açılacaqdır... Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin.” Möhtərəm Prezident onu da bildirib ki, bizim üçün davamlı inkişaf gələcək üçün planlaşdırma deməkdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız vardır. Bu sənəd gələcəyimizin əsas bələdçi sənədi kimi qəbul edilib.
Təbii ki, qarşıdakı illərin prioritetləri müəyyənləşdirilərkən əldə olunan uğurların təhlili zərurətə çevrilir. Dövlət başçısı İlham Əliyevin 2003-cü ildəki andiçmə mərasimində adını çəkdiyi BTC və BTƏ neft-qaz kəmərləri artıq reallıqdır. Bu gün dünya “Cənub” qaz dəhlizindən danışır, perspektiv imkanlarını təhlil edir. Hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi uğurların davamlılığına böyük stimul verir. Ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolunu hər zaman önə çəkən dövlət başçısı İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını prioritet məsələ kimi qarşıya qoydu. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası da bu məqsədə xidmət göstərir. Artıq üçüncü Dövlət Proqramı icra edilir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirilən rəqəmlər sosial-iqtisadi inkişafın hansı səviyyədə olduğuna bir daha işıq saldı. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. Valyuta ehtiyatları 50 milyard dollar, dövlət büdcəmiz 25 milyard dollardan çoxdur. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə valyuta ehtiyatları 1,8 milyard, dövlət büdcəsi 1,3 milyard dollar idi. Son 11 ildə bir milyon 360 min yeni iş yeri açılıb.
Dövlət başçısı İlham Əliyev bildirib ki, əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun. İndi ölkədə işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Ciddi iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. 2004-cü ildə ölkəmizdə orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu rəqəm 565 dollardır. Orta aylıq pensiya 24 dollar idisə, hazırda 221 dollardır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq, paytaxt və bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət almış, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətində olmuşdur. Möhtərəm Prezident İlham Əliyev çıxışlarında daim bu reallığı diqqətə çatdırır ki, inkişaf etmiş ölkələrdə də paytaxtla bölgələr arasında fərq olmur. Biz də buna çalışırıq. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin geniş təhlil olunması, ölkəmizin təcrübəsinin öyrənilməsinə dünya dövlətlərinin xüsusi maraq göstərməsi bir daha bu gerçəkliyi təsdiqləyir ki, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunub. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 2008-ci ildən dünyanı iqtisadi və mailyyə böhranı bürüsə də, Azərbaycan iqtisadiyyatının düzgün təməl üzərində qurulması sayəsində ölkəmizdə problemlər yaranmadı. Əksinə, ölkəmiz iqtisadi artımın sürətinə görə yenə də dünyada birinciliyini qorudu. Onu da qeyd edək ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionu iqtisadiyyatının 75 faizinə sahibdir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.
Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr ölkələr arasında əməkdaşlıq, dostluq körpüsü kimi dəyərləndirilir. Ötən ilin mühüm hadisələrindən sayılan “Cənub” qaz dəhlizinin təməlinin qoyulması çoxtərəfli əməkdaşlığın başlanğıcı oldu. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə dövlət başçısı İlham Əliyev bir daha Azərbaycanın 20 ildə keçdiyi inkişaf yoluna diqqəti yönəldərək birgə səylərin qarşıya qoyulan hər bir məqsədin gerçəkləşməsində stimul olduğunu bildirmişdir. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşrutların müəyyənləşdirilməsinə maraq göstərir. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daim artır. Dövlət başçısı İlham Əliyev əminliklə deyib ki, ölkəmiz qarşıdakı illərdə regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq: “Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır.”
Davamlı inkişaf bu gün hər bir ölkə üçün ən vacib prioritetlərdən biridir. Bu günün əsas çağırışlarından biri kadr hazırlığını iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırmaqdır. Yeni texnologiyaların inkişafı kadr hazırlığını günün tələbinə çevirir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bildirilir ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası beynəlxalq səviyyədə davamlı inkişafın yol xəritəsi kimi dəyərləndirilir. Konsepsiyada əksini tapan əsas hədəflərdən biri kimi Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, 3 dəfədən çox artan ümumi daxili məhsulun qarşıdakı illərdə daha iki dəfə artırılması üçün zəruri olan imkanların mövcudluğu xüsusi qeyd edilir.
Ölkənin inkişafında iqtisadi və siyasi islahatların vəhdəti başlıca amildir
Bir əsas məqam da dövlət başçısı İlham Əliyevin çıxışlarında əsas yer tutur ki, ölkənin hərtərəfli inkişafında iqtisadi və siyasi islahatların vəhdətliyi başlıca şərtdir. Demokratik prinsipləri dünəninin, bu gününün və gələcəyinin əsas kimi qəbul edən Azərbaycan dövləti bu dəyərlərə sadiqliyini əməldə təsdiqləyir. İnsan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad, müstəqil mətbuatın inkişafı, siyasi partiyaların və ictimai birliklərin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, seçkilərin dünya standartlarına uyğun keçirilməsinin təmin edilməsi dövlətimizin siyasətində əsas yer tutur. Təkmilləşmə, yeniləşmə, müasirləşmə cəmiyyətin idarə olunmasında əsas rol oynayan qanunlara əlavə və dəyişikliklərin edilməsində də özünü qabarıq büruzə verir. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərin olunması, ən əsası Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə referendumun keçirilməsi və s. kimi addımlar deyilənlərin təsdiqidir. Bütün bunlar bir reallığı nümayiş etdirir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin önündə vətəndaş amili dayanır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə də bu amil önə çəkilərək, dövrün əsas çağırışlarından olan yoxsulluqla mübarizə sahəsində Azərbaycan dövlətinin təcrübəsi təqdir olunur. 2009-cu ilin martında Konstitusiyamızın 29 maddəsinə edilən əlavə və dəyişikliklər arasında “Dövlətin ali məqsədi” maddəsinə olunan əlavə xüsusi diqqət çəkməklə yanaşı, ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Həmin əlavəyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaq, vətəndaşların layiqli həyat səviyyəsini təmin etməkdir. Dövlət başçısı İlham Əliyev daim deyir ki, iqtisadi tərəqqi təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Bu gün regionların, eyni zamanda Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulunda və uğurlu icrasında da əsas məqsədlərdən biri əhalinin sosial müdafiəsini daha da gücləndirmək, rahat yaşayışını təmin etməkdir.
Azərbaycanın son illərdə bir-birindən əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də uğurlu, davamlı inkişafına, təkmil inkişaf strategiyasına əsaslanır. Bu ilin yayında Bakıda Birinci Avropa Oyunları keçiriləcək. Tədbirin əhəmiyyəti aydındır. Azərbaycan malik olduğu imkanlarını, reallıqlarını dünyaya təqdim etmək üçün daha bir imkan əldə edib. “Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik” söyləyən dövlət başçısı İlham Əliyev bildirib ki, bu Oyunlar bir Avropa bayramına çevrilməlidir: “Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var.”
Göründüyü kimi, Azərbaycanın bu gününə, gələcəyinə xidmət edən inkişaf strategiyası yeni-yeni imkanlara, uğurlara, hədəflərə yol açır. Azərbaycanın rolu getdikcə artır. Möhtərəm Prezident İlham Əliyev bununla bağlı deyib: “Ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət, multikulturalizm, dini-milli dözümlülük, dünyaya açıq olmağımız - bütün bu amillər bu gün Avropa, dünya üçün lazımdır. Çünki əfsuslar olsun ki, real həyatda biz bir çox hallarda tam başqa mənzərəni görürük - qanlı toqquşmalar, terrorizm, ədavət, ikili standartlar və s. Azərbaycan isə öz inkişaf modelini ortaya qoyur. Bu, hər kəs üçün açıq olan modeldir. İqtisadi model - bu gün biz bu barədə danışmışıq. Yəni, bu, nadir bir iqtisadi inkişaf modelidir. Siyasi islahatlar modeli - məncə, Azərbaycan nümunə ola bilər. Çünki iqtisadi islahatları aparmaqla, eyni zamanda, siyasi islahatlara da böyük önəm veririk. Bütün demokratik təsisatlar yaradılıb. Bütün azadlıqlar - söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı, din azadlığı təmin edilib. Bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir. Ona görə Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər.” Azərbaycanın uğurlarının fonunda bu əminlik də ifadə edilir ki, 2015-ci ili də uğurla başa vuracağıq.
Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə hər il konkret bir sahənin adı ilə bağlanır. Məlum olduğu kimi, 2013-cü il ölkəmizdə “İKT ili”, 2014-cü il “Sənaye ili”, cari il isə “Kənd təsərrüfatı ili” elan edilib. 2013-cü ilin əvvəlində Azərbaycanın ilk süni peyki orbitə çıxarıldı. “Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük” söyləyən dövlət başçısı İlham Əliyev bildirib ki, hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rola malikdir. Atılan addımlar bir məqsədə xidmət edir - Azərbaycan daha da güclənsin, müasir dövlətə çevrilsin. Bakıda ənənəvi keçirilən “BakuTel” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi də Azərbaycanın bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Möhtərəm Prezident İlham Əliyevin sözləri ilə desək: “Neft sərgisi bizə neft-qaz yataqlarını inkişaf etdirməyə kömək göstərmişdir. Biz neft-qaz layihəsinə başlayanda Azərbaycanı çox az ölkə tanıyırdı. “Bakutel” də eyni vəzifəni daşıyır. İndi biz bütün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə kimi deyil, həmçinin gələcəkdə yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq.”
İstər “Sənaye ili”, istərsə də “Kənd təsərrüfatı ili” çərçivəsində görülən və görüləcək işlərin miqyası göstərir ki, hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. Kənd təsərrüfatının inkişafına daha güclü təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə imzalanan sərəncam qarşıya qoyulan məqsədlərə çatmaq üçün mexanizm rolunu oynayır. Dövlət başçısı bununla bağlı deyib: “Bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin edilsin. Sosial siyasətdə, iqtisadi inkişafda, idarəetmədə xoşagəlməz halların aradan qaldırılması, əlbəttə ki, bütün bu gözəl mənzərəni tamamlayacaq və bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir.”
Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın uğurlu inkişaf modeli təqdir olunur, liderliyini qorumasını şərtləndirir. Məlum olduğu kimi, Dünya Bankının növbəti “Doing Business 2015” hesabatında Azərbaycan ən çox islahat həyata keçirən ilk 10 ölkə sırasındadır. Bu kimi faktlar ölkəmizin yeniləşməyə, müasirləşməyə nə qədər səy göstərdiyini təsdiqləyir. Möhtərəm Prezident İlham Əliyev çıxışlarında daim bildirir ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz də günümüzün reallıqlarına əsaslanır.
Hüseyn
PAŞAYEV,
YAP mətbuat xidmətinin
rəhbəri,
YAP Siyasi Şurasının
üzvü
Azərbaycan.-2015.- 2 may.- S. 3.