Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq inkişaf edir

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Jandarma Baş Komandanlığının Qərargah rəisi, korpus generalı İbrahim Yaşarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdiyini, strateji tərəfdaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu vurğulayıb.

Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll edilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra Azərbaycan və Türkiyə arasında qarşılıqlı təcrübə mübadiləsinin, təlim və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb, əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

 

Azərbaycan.-2015.- 2 may.- S. 4.