Azərbaycan və Türkiyə sərhədlərin təhlükəsizliyini möhkəmləndirmək istiqamətində əməkdaşlığı genişləndirir

 

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə general-polkovnik E.Quliyev qonaqları cari il aprelin 24-də Türkiyə Respublikasında keçirilmiş möhtəşəm Çanaqqala qələbəsinin 100 illiyinə həsr olunmuş tədbirlərlə bağlı təbrik edib. Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizinin, eləcə də Azərbaycan-İran sərhədinin 132 kilometrinin işğal altında olduğunu, bu ərazilərdən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edildiyini diqqətə çatdırıb. Türkiyə nümayəndə heyəti Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, DSX-nin təyinatı və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlərlə tanış edilib.

Müzakirələrdə ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.

 

Azərbaycan.-2015.- 2 may.- S. 4.