Qafqaz Müsəlmanları İdarəsinin
sədri Türkiyənin 11-ci Prezidenti ilə
görüşüb
Mayın
1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə
səfərdə olan Türkiyənin 11-ci Prezidenti Abdullah
Gül ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Allahşükür Paşazadə Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin dərinləşdirilməsində Abdullah Gülün səylərini yüksək qiymətləndirib. Üçüncü Qlobal Bakı Forumunda Türkiyənin nüfuzlu dövlət xadiminin iştirakının önəmini vurğulayan QMİ-nin sədri bunu türk-İslam birliyinin ümumi mənafeləri baxımından dəyərli hal kimi səciyyələndirib.
Abdullah Gül Allahşükür Paşazadə ilə Azərbaycanda və Türkiyədə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb və onun iki qardaş ölkə arasında dini-mənəvi əlaqələrin inkişafı üçün mühüm səylər göstərdiyini vurğulayıb.
Görüşün sonunda Allahşükür
Paşazadə Abdullah Gülə xatirə
hədiyyəsi təqdim edib.
Azərbaycan.-2015.- 2 may.- S. 6.