Uzunömürlülər diyarında idman təntənəsi
Tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarının açılışına 41 gün qalır. Dövlət başçısı İlham Əliyevin qədim “Atəşgah” məbədində alovlandırdığı məşəl Naxçıvan və Lənkərandan sonra mayın 1-də uzunömürlülər diyarı qədim Lerik torpağına gətirildi.
Digər şəhər və rayonlarda olduğu kimi, burada da böyük idman bayramına hazırlıq işləri görülmüşdü. Yollar, küçələr, park və xiyabanlar səliqə-sahmana salınmış, hər yerdə qürur mənbəyimiz olan üçrəngli bayrağımız, şüarlar, transparantlar asılmışdı. Bir sözlə, 2008-ci ildə şəhər statusu almış Lerik başdan-başa bəzədilmişdi.
Baharın gəlişi ilə dağlar diyarı yaşıl dona bürünüb. Təbiətlə insanların bir-birini tamamlaması, həmahəngliyi xoş ovqat yaradıb. Şəhərin mərkəzindəki Heydər Əliyev meydanında isə başqa bir təntənə var idi. Rayonun yaxın-uzaq kəndlərindən əlamətdar hadisənin iştirakçısı olmaq, sevincli günü görmək üçün leriklilər, habelə şəhərin qonaqları bura toplaşmışdı. Meydanda ulu öndər Heydər Əliyevin dağların qoynunda, elə dağların özü kimi məğrur, əzəmətli heykəli ucalır. Xəyal keçmişlərə qanadlanır. Xalqımızın böyük oğlunun bu rayonun dəyanətli insanları haqqında dediyi xoş sözlər yada düşür: “Lerik Azərbaycanın ucqar dağ rayonudur. Orada gözəl insanlar, qəhrəmanlar yaşayır. Mən leriklilərlə əbədi dostam. Bu dostluq böyük sınaqlardan keçib”.
Dağlar qoynunda yerləşən Lerik həmişə əcnəbi səyyahların və arxeoloqların diqqətini cəlb etmişdir. Onlar hətta fürsət düşdükdə buradan yadigar kimi öz ölkələrinə müxtəlif əşyalar aparmışlar. Hazırda Fransanın Sen-Jermen Milli Muzeyində bu diyardan götürülmüş kolleksiyalar saxlanılır. Bu da təsadüfi deyil. Lerikdə xalq sənəti geniş yayılmışdır. Kəndlərdə indiyəcən xalça toxunur, ağacdan məişətdə işlədilən əşyalar hazırlanır, dəmirçilər müxtəlif sənət nümunələri düzəldirlər.
Amma Leriki şöhrətləndirən təkcə bunlar və füsunkar təbiəti deyil, həm də dağ vüqarlı ağsaqqalları və ağbirçəkləridir. Dünyanı heyrətə salan 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 136 yaşlı Məcid Ağayev, 110 yaşlı Həsrət Məlikov və onların neçə-neçə tay-tuşu bu dağlar diyarında ömür sürmüşlər. Bu gün də Lerik dünyada uzunömürlülər diyarı hesab olunur.
Rayonun yüksəlişi, iqtisadi və mədəni həyatındakı inkişafı isə ulu öndər, xalqımızın unudulmaz oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində, eləcə də son 20 ildə əldə edilmiş uğurlar ulu öndərin və onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində qazanılmışdır.
Bu il Lerikə baharın gəlişi gecikib. Dağların qarı təzəcə əriməyə başlayıb, çayların suyu bollaşıb. Zümrüd meşələr, yaşıl yamaclar, şəlaləli qayalar göz oxşayır. Əkinçinin qayğıları artıb. Torpağa toxum səpir, tarlaya şitil köçürür, kəhrizləri qaydaya salır.
Belə bir yaz səhərində Lerik şəhərinin sakinləri dəstə-dəstə Heydər Əliyev meydanına axışırdı. Üzlərdə təbəssüm, gözlərdə sevinc var idi. Onlar tarixdə ilk dəfə keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarının “Atəşgah”dan götürülmüş məşəli qarşılamağa çıxmışlar.
Səhər saat 10 radələridir. İlıq bahar səhəri Günəşin zərrin şüalarını ətrafa səpələyib. Belə bir xoş gündə idman bayramına gələnlərin sayı getdikcə artır, böyük bir insan ordusu yaranırdı.
Səbirsizliklə gözlənilən an çatır. “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Lənkərandan Lerik rayonunun ərazisinə daxil olur. Məşəli gətirən avtomobil meşələrdən keçir, dağlara qalxan yolla irəliləyir. Yol boyu pişvaza çıxan leriklilər idmançıları hərarətlə qarşılayırlar.
Budur, səbirsizliklə gözlənilən avtomobil Lerik şəhərinin giriş qapısına yaxınlaşır. Bayram şənliyi başlayır. Mahnı oxuyan kim, yallı gedən kim, sazı sinəsinə basıb çalan kim...
İzdiham Nəriman Nərimanov küçəsindən keçib Heydər Əliyev meydanına doğru irəliləyir. Burada məşəli gənc idmançı Rafiq Əliyev 7 min nəfərin alqışları altında qəbul edib idmançı dostları ilə meydanda dövrə vurur. Müəyyən olunmuş məsafəni qət etdikdən sonra Rafiq Əliyev estafeti Zamiq Əhədova ötürür.
150 metr məsafəni məşəllə qət etdikdən sonra bu tarixi anda Zamiq öz təəssüratlarını bizimlə bölüşdü: “Son illər bir çox beynəlxalq əhəmiyyətli yarışların keçirildiyi məkana çevrilən Azərbaycan daha bir ilkə imza ataraq I Avropa Oyunlarına ev sahibliyi edir. Bu, ölkəmizin nüfuzunun göstəricisi olmaqla yanaşı, dünya birliyinin Azərbaycana olan etimadının təzahürüdür. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz dünyanın ən nəhəng dövlətləri ilə tərəfdaşlıq edir, bir çox irimiqyaslı tədbirlər keçirir. Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi haqqında qərarı da dövlətimizin xarici siyasətinin bariz nümunəsidir. Hər dəfə digər ölkələrdə keçirilən yarışlarda olimpiya alovunun əldən-ələ keçməsini izləyərkən düşünürdüm ki, görəsən, Azərbaycanda da belə bir tədbir keçiriləcəkmi? İndi isə nəinki bu möhtəşəm hadisə baş verdi, üstəlik, mən özüm məşəl estafetində iştirak etdim. Bu mənim üçün çox qürurverici hadisədir. Çox sevinirəm ki, mən də I Avropa Oyunlarının başlanğıc rəmzi olan məşəlin daşıyıcılarından biri oldum”.
Məşəl Lerikdə qəbul edilən gün müharibə və əmək
veteranı Daşdəmir Paşayevin 90
yaşı tamam olurdu.
O da
bu izdihama gələn sinəsi orden və medallarla
dolu ahıllar arasında idi. Ürək sözlərini
belə ifadə etdi: “Mən ilk Avropa Oyunları məşəlinin alovlandırılmasını
televiziyadan izləmişəm.
Bu, ölkəmiz müstəqil
olandan sonra ev sahibliyi
edəcəyi ən mötəbər idman tədbirdir. Avropa Oyunları dünyada
böyük maraqla izləniləcək, Azərbaycanın
nüfuzunu daha da artıracaq”.
Bu isə II Dünya müharibəsinin veteranı,
I qrup əlil Söhbət Fərziyevin dedikləridir:
- Həyat məni çox sınaqlara çəkib, neçə
dəfə ölümlə
üzbəüz dayanmışam.
Bu məşəli gördükdə yadıma
yaxın tarixi günlər düşdü.
2006-cı ildə Prezident İlham Əliyev Lerikə səfəri zamanı
rayon mərkəzinə təbii
qazın verilməsinin
açılışını etdi. Şəhidlərin abidəsi önündəki
məşəli alovlandırdı.
İndi isə Lerikdə daha bir alov
şölələndi.
“Bütün bunlar
ulu öndərin uzaqgörənliyinin nəticəsidir. Bu işi Heydər Əliyev məktəbinin yetirməsi olan Prezident İlham Əliyev uğurla davam etdirir. Görülən işlər, ölkəmizdə
keçirilən mötəbər
idman yarışları
bunu bir daha sübut edir. İnanırıq ki, Azərbaycanımızın
belə nailiyyətləri
bundan sonra daha çox olacaq”. Bu sözləri
isə veteranlardan Həsrət Hüseynov, Hidayət Bəşirov, Vəliağa Şahpələngov
və başqaları
söylədilər.
Məşəl estafetində iştirak
edən veteran idmançı,
Lerik Rayon Gənclər
və İdman İdarəsinin rəis müavini Natiq İsaqov da tarixi anla bağlı
öz fikirlərini bölüşdü: “Gənclərdən
ibarət ağır atletika üzrə milli yığmada iki Lerik idmançısı
təmsil olunur. Ümumrespublika “Şahin” hərbi
idman oyunlarında rayonumuzun komandası üçüncü yeri
tutmuşdur. İdmançılarımızın ixtiyarına 37 idman
zalı, 99 sadə idman qurğusu verilmişdir. Şəhərdəki stadion yenidən qurulmuşdur. İdman məktəbi
müasir avadanlıqla
təmin edilmiş, bölmələrin sayı
artmışdır. Rayon
uşaq-gənclər idman
məktəbində 257 nəfər
sərbəst güləş,
voleybol və şahmatla məşğul
olur. Son məlumata
görə, rayonda təxminən 9500 nəfər
həvəskar idmançı
var. 3500 lerikli isə idmanla peşəkar səviyyədə məşğul
olur. Dərəcəsi olan idmançıların
sayı 800 nəfərə
çatır. Sevindirici haldır
ki, rayonda qızlardan ibarət taekvondo idman bölməsi də fəaliyyətə başlamışdır”.
10 idmançıdan hər biri məşəllə
150 metr qaçaraq 1,5
km-lik məsafəni qət edib Heydər
Əliyev meydanına çatırlar. Burada isə fəxri
bədən tərbiyəsi
və idman işçisi İlham Zülfiyev Birinci Avropa Oyunları boyunca Lerik şəhərində
alovlanacaq məşəli
yandırır. Bundan
sonra veteran idmançı
qürur hissi ilə bunları söyləyir:
- Doğma Bakıda keçiriləcək ilk Avropa
Oyunları hər bir azərbaycanlı kimi, mənim də qəlbimi fərəh hissi ilə doldurmuşdur. Rayonumuza gətirilən məşəlin
daşıyıcılarından biri olmaq isə
sevincimi birə min qat artırır. Azərbaycan bu gün dünyada
həm də idman ölkəsi kimi tanınır. İdman sağlamlıqdır. Yaxşı
deyiblər: “Sağlam
bədəndə sağlam
ruh olar”. İndi ölkəmizdə gənclərin
inkişafı üçün
hər bir şərait var. Şəhər
və rayonlarımızın
çoxunda olimpiya idman kompleksləri, idman qurğuları fəaliyyət göstərir.
Digər
sahələrdəki tərəqqi
də göz qabağındadır. Lakin bu uğurlar bir çoxlarını sevindirmək
əvəzinə, kədərləndirir.
Onlar respublikamızın əleyhinə
öz qara niyyətləri ilə çirkab atmaq istəyirlər. Lakin yadda
saxlamaq lazımdır
ki, dəniz heç vaxt çirkab götürmür,
hamısını kənara
atır.
...Gün günorta yerinə qalxır. Tədbirə musiqiçilər qatılır. Şən musiqi
sədaları dalğa-dalğa
hər tərəfi dağlarla əhatə olunan Lerik şəhərinə
yayılır. Rayonun uzunömürlülərindən
ibarət “Rəfti” xalq kollektivinin, qızlardan ibarət “Çiçək” özfəaliyyət
rəqs qrupunun, şəhər mədəniyyət
evinin “Bahar” musiqi kollektivinin çıxışları tədbir
iştirakçıları tərəfindən rəğbətlə
qarşılanır, onlarda
xoş ovqat yaradır.
Mərasim başa çatdıqdan sonra məşəl Astara rayonuna yollanır.
Azərbaycan.-2015.-
2 may.- S. 9.