“Cənub qapısı” estafeti
hərarətlə qarşıladı
Məşəl Lerik və Astarada
alovlandı
Birinci Avropa Oyunlarının məşəl estafetinin növbəti məkanı ölkəmizin cənub qapısı Astaradır. Ulu öndər Heydər Əliyevin cənub mirvarisi adlandırdığı bu şəhər cənubi-qərbdən sıralanmış Talış dağları, şərqdən isə Xəzər dənizi ilə əhatə olunub. Vüqar, əzəmət rəmzi olan dağlar onun hüsnünə xüsusi gözəllik verir.
Gecələr isə mavi gözlü Xəzər ləpələri ilə sanki ona layla çalır. Çay, limon, narıngi, portağal, feyxoa, kivi bu torpağın vizit kartıdır. Bütün bölgələrimiz kimi, Astara da son illərdə daha da inkişaf etmiş, abadlaşmışdır. Ölkə başçısı cənab İlham Əliyev bu yaxınlarda bölgəyə növbəti səfəri zamanı “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə, yenidən qurulan dənizkənarı park-bulvar kompleksi ilə tanış olmuş, Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət aparmışdır. Azərbaycan Prezidenti demişdir: “Astara gözəl rayondur, Azərbaycanın gözəl guşəsidir, gözəl təbiəti, iqlimi, insanları var. Çox şadam ki, burada həm abadlıq işləri görülür, eyni zamanda, gözəl müəssisələr yaradılır. Bu mənim Astaraya son illər ərzində yeddinci səfərimdir. Bu, özlüyündə sübut edir ki, Astaraya nə qədər böyük diqqət göstərilir. Mən bundan sonra da burada gedən işləri daim nəzarətdə saxlayacağam”.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, indi respublikamızın hər bir şəhər və rayonunda qonaq qarşılamağa, onu layiqincə yola salmağa imkan və şərait var. İyun ayının 12-də paytaxt Bakıda başlanılacaq ilk Avropa Oyunlarına artıq start verilib. Ötən ayın 26-da Bakıda Birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Ölkəmizin başçısı cənab İlham Əliyev, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki möhtəşəm mərasimdə iştirak etdilər. Ölkə başçısı tərəfindən qədim “Atəşgah” məbədində alovlandırılan məşəl Naxçıvan Muxtar Respublikasından sonra aprelin 29-da təyyarə ilə ölkəmizin cənub bölgəsinə, Lənkərana gətirildi. Mayın 1-də məşəl estafetinin iştirakçıları günün birinci yarısında Lerikdə olduqdan sonra istiqamətlərini Astaraya götürdülər.
Digər rayonlar kimi, bu cənub şəhərində də idman bayramına xeyli hazırlıq işləri görülüb. Magistral avtomobil yollarında cari təmir işlərinin aparıldığı gözdən yayınmır. Küçələrdə, parklarda səliqə-sahman yaradılmış, bayraqlar asılmışdır. Budur, məşəl daşıma estafetinin iştirakçılarından biri Əkbər Nəsirovla rastlaşırıq. Bir az həyəcanlı olsa da, böyük qürur hissi ilə söyləyir: “Tarixdə ilk dəfə təşkil olunan Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuzun, əldə etdiyi uğurların məntiqi nəticəsi, həyata keçirilən məqsədyönlü siyasətin təntənəsidir. Belə bir möhtəşəm tədbirdə iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm”.
Azərbaycanın idman şöhrətinin artırılmasına astaralı idmançılar həmişə layiqli töhfələr vermişlər. 1952-ci il Helsinki Olimpiadasının iştirakçısı Xandadaş Mədətov, ikiqat Avropa çempionu Aslan Ağayev, Avropa çempionatlarında iki dəfə qızıl medal qazanmış, dünya çempionatının bürünc mükafatçısı, 2012-ci il London Olimpiadasının iştirakçısı Cəbrayıl Həsənov, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Sona Əhmədli, kross qaçışı üzrə Azərbaycan rekordçusu Fikrət Qafarov və başqaları mötəbər yarışlarda Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırmışlar.
Məşəl estafeti marşrutu boyunca minlərlə astaralı bu sevincli anları səbirsizliklə gözləyirlər. Bunların arasında gənc həkim, rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin pediatrı Aytən Şiriyeva da var. O deyir: “2008-ci ildə ali təhsilimi başa çatdırıb uşaq həkimi kimi əmək fəaliyyətinə başlamışam. Bütün sahələr kimi, səhiyyəyə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı vardır. 2013-cü ilin sentyabr ayında əsaslı təmirdən sonra rayon mərkəzi xəstəxanası istifadəyə verilmişdir. Müalicə ocağı hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Rayon sakinləri indi müayinə və müalicə üçün qonşu Lənkərana, paytaxt Bakıya və digər şəhərlərə demək olar ki, getmirlər. Uşaqların sağlam və gümrah böyüməsində həkimlərin də əməyi böyükdür. Bu günün uşağı sabahın şagirdi, tələbəsi, müəllimi, idmançısı, mühəndisi və vətəndaşıdır. Sevinirəm ki, Astarada idman da sürətlə inkişaf edir. Yaxşı idmançılarımız rayonumuza şöhrət, başucalığı gətirir. Mən Bakıda keçiriləcək Birinci Avropa Oyunları yarışlarında idmançılarımıza qələbələr arzulayıram. Əminəm ki, şəhərimizin qonaqları buradan çox xoş təəssüratlarla ayrılacaqlar”.
Ötən dövr ərzində astaralı idmançılar respublika turnirlərində, çempionatlarda və beynəlxalq yarışlarda böyük uğurlar qazanmışlar. 2014-cü ildə ümumilikdə Astara idmançıları 237 medala layiq görülmüşlər. Bu medalların 95-i qızıl, 95-i gümüş, qalanları isə bürünc medallardır. Qazanılan medalların 13-ü beynəlxalq yarışların payına düşür.
Ölkə Prezidenti cənab İlham Əliyevin açılışında iştirak etdiyi Astara Olimpiya İdman Kompleksi 2012-ci ildə, Astara Boks Mərkəzi 2013-cü ildə inşa edilərək istifadəyə verilmişdir. Bundan başqa, rayonda 1 uşaq gənclər idman məktəbi, 1 şahmat məktəbi, 44 idman zalı, 3 trenajor zalı, ümumilikdə 153 idman qurğusu və mərkəzi fəaliyyət göstərir. Bu obyektlərdə 8800 nəfəri qadın olmaqla 19355 nəfər bədən tərbiyəsi və idmanla məşğul olur. 3012 nəfər isə idmanın müxtəlif növləri ilə peşəkarlardır. Bu idmançılarla 203 ixtisaslı idman mütəxəssisi çalışır. Onlardan 112 nəfəri ali, 91 nəfəri isə orta ixtisas təhsillidir. Bu kadrlardan 21 nəfəri qadındır. Onlardan biri veteran idmançı, Astara Pedaqoji Kollecinin fiziki tərbiyə müəllimi, məşəl daşıyıcısı Mərziyə Məmmədovadır. Onunla söhbətdə dedi: “Hələ orta məktəbdə oxuyarkən idmanın yüngül atletika növü ilə məşğul olmuşam. Elə o zaman SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin “Əməyə və Müdafiəyə hazıram” devizi altında keçirilən yarışında qızıl medala layiq görülmüşəm. 1982-ci ildə orta təhsilimi başa vurub Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasına qəbul olmuşam. Müxtəlif yarışlarda medallara layiq görülmüşəm. Birinci dərəcəli hakiməm. Qürur duyuram ki, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə əlaqədar rayonumuza gətirilən məşəlin daşınmasında iştirak edən 10 nəfərdən biriyəm. Azərbaycanın hər yerində olduğu kimi, Astarada da idmanın inkişafına hər cür diqqət və qayğı göstərilir. Yetirmələrimdən Əli Şahverdiyev, Arif Qarayev, Bəsirə Əliyeva, Aytac Tağızadə ilə fəxr edirəm. Onlardan bir neçəsi mənimlə birlikdə məşəl alovunu daşıyacaqlar. Müəllim üçün bundan böyük sevinc nə ola bilər?!”
Son illər Astaranın idman həyatı bir sıra idman tədbirləri ilə zəngin olub. Təkcə 2014-cü ildə sərbəst güləş, boks, həndbol, voleybol, atletika idman növləri üzrə respublika, zona birincilikləri və çempionatları Olimpiya İdman Kompleksində və boks mərkəzində yüksək səviyyədə təşkil edilərək keçirilmişdir.
Astarada idmanın inkişafı üçün yeni layihələr həyata keçirilir. Xəzər dənizi sahilində yeni salınmış park-bulvarın ərazisində çimərlik futbolu və voleybolu üçün meydançalar düzəldilir. Yaxın vaxtlarda burada uşaq idman akademiyası, ağır atletika və taekvondo idman mərkəzlərinin inşasına başlanılacaqdır. Sevindirici haldır ki, bu ilin avqust ayında ağır atletika üzrə Dünya Kuboku yarışları Astarada keçiriləcək.
Dünən axşamüstü Lerikdən alov gətirən xüsusi maşın şəhərə daxil oldu. Qonaqlar və idmançılar Bayraq meydanında hərarətlə “Xoş gəlmişsiniz” sədaları altında qarşılandı. Birinci Avropa Oyunlarının alovunu Astaralı idmançı İlham Sadıqzadə qəbul etdi. Bundan sonra estafeti Arif Qeybiyev, Bəsirə Əliyeva, Ülvin Qəmbərov, Anar Qulamov, Aytac Tağızadə, Qəhrəman Əhmədov, Mərziyə Məmmədova və Əkbər Nəsirov davam etdirdilər. Nəhayət, məşəli daşıyan sonuncu veteran idmançı, yüngül atletika üzrə 16 qat ölkə çempionu, Dünya və Avropa çempionatlarının iştirakçısı Fikrət Qafarov park-bulvar ərazisində Birinci Avropa Oyunları müddətində alovlanacaq məşəli yandırdı. Bundan sonra o təəssüratlarını bizimlə bölüşdü: “Əminəm ki, ölkəmizdə keçiriləcək bu möhtəşəm yarış Azərbaycanda idmanın inkişafına və kütləviliyinə təkan verəcək. Hazırda unudulmaz hisslər yaşayıram. Çünki tarixdə ilk dəfə keçiriləcək bu mötəbər yarışın Astarada şölələnən məşəlini alovlandırmışam. Açığı, bunu sözlə ifadə etmək mümkün deyil”.
Axşam saat 8 radələridir. Tədbir xüsusi videoçarxın nümayişi ilə sona çatır.
Biz isə cənub mirvarisi - Astaranı tərk edərək Birinci Avropa Oyunlarının məşəl estafetinin növbəti məkanı - dağlar diyarı Yardımlıya yollanırıq.
Rizvan HİLALOĞLU,
Seyran CAVADOV,
Azərbaycan.-2015.- 2 may.- S. 9.