Rəqs musiqinin canlı hərəkətidir

 

Dünyanın heç bir yerində Azərbaycandakı kimi, 111 rəqs növü mövcud deyil

 

Qədim və zəngin tarixi özündə yaşadaraq bu günümüzədək uzun və keşməkeşli zaman qət etmiş Azərbaycan rəqslərinin eramızdan 2-3 min il əvvəl, Tunc dövründə yaranması barədə kifayət qədər sübutlar var. Azərbaycanda rəqs sənəti məişətdə, xalqımızın adət-ənənəsində müəyyən mövqe tutur. Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, xalqın mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyət daşıdığının göstəricilərindən sayılır.

Milli rəqslərimizə xas olanonu başqa xalqlarınkından fərqləndirən səciyyəvi cəhətlər az deyil. Rəqs sənətində zirvələr fəth etmiş Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov və digər məşhur rəqqaslarımız öz ifalarında milli elementləri qoruyub saxlamaqla, onları xeyli inkişaf etdirməyə müvəffəq olublar.

Milli rəqslərimizin nota salınması və nəşri 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra mümkünləşib. Burada xalq musiqisi, eləcə də rəqsləri toplanıb və nota alınıb. Məşhur müğənni, xalq musiqisinin dərin bilicisi Bülbülün rəhbərlik etdiyi həmin elmi-tədqiqat kabinetinin folklorun toplanıb çap olunmasında müstəsna xidmətləri olub.

Xatırladaq ki, xalq artisti Səid Rüstəmov tərəfindən hazırlanan bu ilk toplu - “Azərbaycan rəqs havaları” 1937-ci ildə nəşr edilən məcmuəyə 30 ən məşhur rəqs daxil edilib ki, onlar bu günöz təravətliliyi ilə seçilməkdədir.

1951-ci ildə Azərbaycan Dövlət Musiqi nəşriyyatı tərəfindən Tofiq Quliyev, Zakir Bağırov və Məmməd Saleh İsmayılovun not yazılarına əsasən “Azərbaycan xalq rəqsləri” toplusu da buraxılıb. Qədim xalq rəqsləri daxil edilmiş həmin məcmuənin redaktoruön sözün müəllifi bəstəkar S. Rüstəmov olub.

1954-cü ildə Rauf Hacıyev zurnaçı Əli Kərimovun çalğısından “Sünbülü” və “Yarış” rəqslərini nota salaraq piano üçün işləyib.

Azərbaycan rəqslərinin özəlliklərinə gəlincə, melodik quruluşu etibarı ilə xalq oyun havaları bir qayda olaraq ritmik ardıcıllığa və müəyyən ölçünün (vəznin) daimi surətdə təkrarlanmasına əsaslanır.

Azərbaycanda kişi və qadınların ayrıca rəqsləri var. Azərbaycan qadın rəqsləri üç hissədən ibarət olub, quş pərvazını, nazlı sonaların süzən hərəkətlərini xatırladır.

Azərbaycan rəqslərində qolların vəziyyətləri olduqca mükəmmləl işlənərək yüksək dərəcəyə qaldırılıb. Əlbəttə, qadın rəqslərindən fərqli olaraq, kişilərdə ayaqların hərəkət texnikası böyük rol oynayır və o qədər inkişaf etdirilir ki, rəqqaslar asanlıqla barmaq üstdə dayana bilirlər. Bu cəhətdən “Qazağı” rəqsi daha çox diqqəti cəlb edir.

Bu gün “Qazağı”, “Heyvagülü”, “Lalə”, “Qızılgül”, “İnnabı” və s. kimi Azərbaycan xalq rəqsləri ilə yanaşı, digər milli rəqslərimiz də var ki, onlar ölkəmizin coğrafi adlarını özündə yaşadırlar.

Mövzusuna görə rəqslər bir neçə yerə bölünür: mərasim, bayram, toy, məişət. Bildiyimiz kimi, hər şeyin daha gözəli uşaqlar üçün nəzərdə tutulur. Rəqslərdə də uşaqlar üçün ayrıca oyunlar var ki, balaca rəqqaslar onları məharət və coşğunluqla ifa edirlər. “Bənövşə”, “Bir quşum var” və s. kimi rəqslər məhz uşaqlar üçün nəzərdə tutulub.

Əşyalarla oynanılan - “Qavalla rəqs”, “Yaylığım”, “Nəlbəki”, “Xonça”, “Dəsmalı”, təbiətə həsr olunmuş “Turacı”, “Ceyranı”, “Şalaxo”, “Qafqazı”, “Lalə”, “Qusarçay” və bu kimi liriklərlə yanaşı, məzəli, satirik, etiraz rəqsləri də vardır.

Azərbaycan xalqının rəqslərinə nəzər salsaq, əkin-biçin və bağçılığa dair (“Araba”, “Cütcü”), qəhrəmanlıq obrazları yaradan hərbi-qəhrəmanlıq, idmana dairMisri”, “Koroğlu çığatayı”, “Koroğlu döşəməsi”, “Koroğlu çağırışı”, “Qoçu Əli” (Abşeron), “Beşatılan” (Qarabağ), “Mücəssəmə” (Lənkəran), “Zorxana”nı da burada görərik.

Yallı (halay) xalqımızın ən qədim milli rəqslərindən biri və ən çox seviləni və ifa edilənidir ki, o, nəinki respublikamızda, daha geniş məkanda türkdilli xalqlarda min illər boyudur ki, qorunub saxlanmaqdadır.

Rəqslərimiz tək (solo) və cüt (duet), eləcə də kollektiv (qrup) şəklində ifa olunur ki, bu da onların özünəməxsusluğu və xaraktercə müxtəlif xalqlardan fərqləndirən cəhətlərindəndir. Ritminə görə rəqslər 3 cür olur: ağır, aram (“Mirzəyi”, “Turacı”, “Uzundərə”) əsasən yaşlı qadın və kişilər tərəfindən oynanılır. Yüngül, şən rəqslərimiz isə əsasən gənclər tərəfindən ifa edilir ki, onlara da nümunə kimi “Tərəkəmə”, “Brilliant”, “Ceyranı” və s. göstərə bilərik. Cəld oynanılan “Qaytağı”, “Ləzginka”, “Qazağı”, “Xançobanı” kimi rəqslərimiz də gənclər tərəfindən daha çox oynanılır.

Dünyanın bir çox ölkələrində rəqs sənətinin tarixinə, onun yaşadılmasına böyük önəm verilir. Hər il 29 aprelin “Beynəlxalq rəqs günükimi qeyd olunması da bunun parlaq nümunəsidir. Həmin gün 1982-ci ildə UNESCO-nun qərarı ilə fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (1727-1810) xatirəsinə ehtiram olaraq təsis edilib.

Əməkdar artist, bir çox filmlərdə rəqs səhnələrinin əvəzedilməz ifaçısı Kamil Dadaşovun fikrincə, xalqımız rəqsi çox sevir. Bizim zəngin rəqs sənətimiz var. O, “Beynəlxalq rəqs gününün ayrı-ayrı ölkələrdə sənət bayramı kimi qeyd edildiyinə toxunaraq bildirib ki, bu bayramdan gərək kənarda qalmayaq: “Bunun üçün vaxtilə respublikamızda keçirilən rəqs festivallarının təcrübəsindən yararlanmaq olar. Həmin festivallara bütün rayonlardan iştirakçılar gəlir və gözəl rəqslər qurulurdu. Bu formatda “Beynəlxalq rəqs günü qeyd edə bilərik. Respublikanın bütün rəqs kollektivlərini dəvət etmək olar. Qoy hər kəs öz rəqsini, məharətini təqdim etsin”.

Əməkdar artist Aliyə Ramazanova isə Azərbaycan rəqslərinin dünya xalqlarını necə heyran etməsindən qürur keçirdiyini bildirir: “Biz xarici ölkələrdə Azərbaycanın gözəl rəqslərini təbliğ etmişik. Çünki bu bizim milli sənətimiz, mədəni sərvətimizdir. Avropada, Asiyada, ərəb ölkələrində, Afrikada milli rəqslərimizi təbliğ edirdik. Belə bayramların keçirilməsi sevindirici haldır.”

Dünyanın heç bir yerində Azərbaycandakı kimi, 111 rəqs növü mövcud deyil. Bu, xalqımızın musiqi və rəqs sənətinin yaradıcısı olması anlamını verən faktlardandır. Əlbəttə, hər rəqs özündə bir mənanı, tarixi, incəsənəti yaşadır. Hər xalqın özünəməxsus rəqs mədəniyyəti var. Azərbaycanın milli rəqsləri də qədim köklərə bağlanıb, özündə zəngin tarixi yaşadır.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 2 may.- S. 11.