Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-24” telekanalına müsahibəsi

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da “Rossiya-24” telekanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Cənab Prezident, salam! Bizi burada qəbul etdiyinizə görə çox sağ olun. Biz Sizinlə Qələbə Günü - Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ərəfəsində görüşürük. Bu, bəlkə də xalqlarımızı birləşdirən əsas hadisə, bizim ümumi tariximizin hadisəsidir. Qələbə Günü Azərbaycan və şəxsən Sizin üçün nə deməkdir?

- Bu, bizim üçün böyük bayramdır. Biz bu bayramı bir neçə gün ərzində - həm Qələbə günündən əvvəl, həm də həmin gün təntənəli şəkildə qeyd edirik. Veteranlarla görüşlər keçirilir, müxtəlif bayram tədbirləri təşkil olunur.

Bu bayram bizə çox əzizdir. Bu, ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilir. Təəssüf ki, müstəqilliyin ilk illərində Azərbaycanın o zamankı hakimiyyəti bunu rəsmi bayram kimi ləğv etmişdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Qələbə Günü dövlət bayramı elan edildi, qeyri-iş günü oldu və bununla da tarixi ədalət bərpa edildi. Biz veteranlarımıza çox mehriban münasibət bəsləyirik. Qeyd etmək istəyirəm ki, bütün veteranların avtomobillə təmin olunması proqramı bu il tam başa çatır. Onlara vaxtaşırı mənzillər, istirahət üçün sahələr, pul mükafatları ayrılır. Onlar xalqımızın fəxridir. Biz həlak olanların xatirəsinə də ehtiramla yanaşırıq və əminik ki, gənc nəslin qəhrəmanlıq və Vətənə məhəbbət ənənələrini davam etdirməsi üçün onlar məhz bu cür fədakar qəhrəmanlıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar. Qeyd etdiyiniz kimi, keçmiş Sovet İttifaqının bütün xalqlarını bir-birinə yaxınlaşdıran bu tarixi bir məqam prinsip etibarilə faşizm üzərində Qələbənin qazanılmasında iştirak edən bütün insanları da bir-birinə yaxınlaşdırmalıdır.

Biz Azərbaycandan 700 min insanın müharibədə iştirak etməsindən qürur duyuruq. Bu müharibədə 300 mindən çox həmvətənimiz həlak olub, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Beləliklə, fəxr edəcəyimiz çox məqamlar var. Biz ümumi Qələbəmizin xatirəsini göz bəbəyi kimi qoruyuruq.

- Mən Sizin bir dəfə kadr arxasında dediyiniz sözləri dilə gətirmək istəyirəm və bunu açıq deyəcəyəm. Siz bildirmişdiniz ki, Böyük Vətən müharibəsi haqqında xatirə Sizin üçün atanızın xatirəsi qədər müqəddəsdir. Biz əcdadlarımızın, yaxınlarımızın xatirəsini əziz tutduğumuz kimi, bu tarixi hadisə, bu tarixi faciə barədə xatirələri də qoruyub saxlamalıyıq. Amma ətrafda tarixin yenidən yazılmasına cəhdlər göstərildiyi və bu müharibə peyvəndinin artıq çoxlarına təsir etmədiyi bir vaxtda buna necə nail olmaq olar?

- Biz bu cür cəhdləri, əvvələn, tarixi yenidən yazmaq, faşizm üzərində qələbədə sovet ordusunun rolunu azaltmaq, habelə faşist canilərinin, onların davamçılarının və ideologiyasını bölüşənlərin qəhrəman səviyyəsinə yüksəldilməsi cəhdlərini böyük narahatlıqla müşahidə edirik. Bir vaxtlar bizim hamımıza elə gəlirdi ki, faşizmə - yəni, bəşəriyyətin tarix boyu hələ üzləşmədiyi şər qüvvəyə birdəfəlik son qoyulub. Təəssüf ki, zaman ötdükcə görürük: müəyyən səylər, bəzi dairələrin təbliğat kampaniyaları nəticəsində dünyanın müxtəlif ölkələrində gənc nəslin bir hissəsi real tarixi bilmədiklərinə və təhrif olunmuş tarixi faktların daim onlara aşılanması səbəbindən müəyyən dərəcədə bu virusa yoluxur. Biz dünyanın bir çox regionlarında neofaşistlərin marşlarını, məşəllər ilə yürüşlərini, nümayişlərini görürük. Bütün bunlar böyük narahatlıq doğurur.

Biz tariximizi, bu dəhşətlərə son qoymuş Sovet İttifaqı, eləcə də digər müttəfiq ölkələrin xalqlarının qəhrəmanlığını müqəddəs tuturuq. Bu qəhrəmanlıq nəsillərdən-nəsillərə keçərək yaddaşlarda yaşamalıdır. Ona görə də düşünürəm ki, indi məsuliyyət atalarımızın, babalarımızın qəhrəmanlığına hörmətlə yanaşan siyasətçilərin, ölkə rəhbərlərinin, nüfuzlu ictimai xadimlərin üzərinə düşür. Onlar öz fəaliyyətlərində buna daim önəm verməlidirlər. Bir vaxtlar bizə elə gəlirdi ki, hamıya hər şey aydındır, bu, tarixdir, çoxlu tarixi sənədlər var, odur ki, burada fikir ayrılığı ola bilməz. Lakin, sən demə, ola bilərmiş. Ən kədərlisi də odur ki, bu gün yaşı 20-25 yaşlı gənc nəslin bəzi nümayəndələri faşist yürüşlərinə çıxmaqla, əslində, ümumi Qələbəmizi gözdən salırlar. Əgər bu meyil gələcəkdə genişlənsə, hansısa mərhələdə tarix baş-ayaq çevriləcəkdir. Düşünürəm ki, indiki mərhələdə mənim dediyim fikirləri bölüşən bütün ictimai qurumlar fəaliyyətlərini əlaqələndirməli, tarixi həqiqəti ictimaiyyətə, xüsusən, gənclərə çatdırmaq, faşizmin qəhrəmanlıq səviyyəsinə qaldırılmasının və tarixin yenidən yazılmasının qarşısını almaq üçün fəal işləməlidirlər.

- Siz əminsinizmi ki, bir neçə onillik keçəndən sonra vəziyyət prinsipial olaraq pis tərəfə dəyişməyəcək?

- Bu mövzunun daim diqqət mərkəzində saxlanılması üçün ən böyük məsuliyyət siyasətçilərin, dövlət xadimlərinin, ictimai xadimlərin, yazıçıların, yaradıcı ziyalıların nümayəndələrinin üzərinə düşür. Bir daha demək istəyirəm, bəlkə də təkrar olacaq, amma bu məsələ məni həqiqətən narahat edir. Hələ 10-15 il bundan əvvəl şəxsən mənə elə gəlirdi ki, bu məsələdə fikir ayrılığı ola bilməz. Lakin görürsünüz, hər şey necə dəyişib. Böyük insan itkiləri verən ölkələrin, faşist işğalından əziyyət çəkənlərin özləri müəyyən dərəcədə manipulyasiya, psixoloji hücum, zombiləşmə obyektinə çevrilirlər. Bütün bunlar qorxulu meyillərdir. Bu, təkcə tarixi ədalətin təhrif edilməsi baxımından məyusluq doğurmur. Bu, dünyanın gələcəyi üçün təhlükəli meyillərdir. Bu, o deməkdir ki, həmin ideologiya təəssüf ki, yaşayır. Bu, bizim hamımız üçün böyük təhlükədir.

- Mayın 9-da Moskvada olacaqsınızmı?

- Bəli, əlbəttə, mütləq olacağam. Mən ötən yubileydə də Moskvada idim. Adətən 9 May bayramını Bakıda qeyd edirəm, veteranlarla yığışırıq, bayram tədbirləri keçiririk. Ancaq bu il mən onlarla bir qədər əvvəl görüşəcəyəm. Mayın 9-da isə Moskvada olacağam.

- Siz dediniz ki, Böyük Vətən müharibəsi və Qələbə Günü postsovet məkanının bütün xalqlarını yaxınlaşdırır. Həmin gün erməni və Azərbaycan xalqları da bir-birinə yaxın olurlarmı?

- Bu barədə danışmaq çətindir. Xalqlar arasında münasibətlərə gəlincə, Ermənistan tərəfindən fərqli olaraq, əminəm ki, aramızda olan düşmənçilik daim davam edə bilməz. Biz bir dövlətin tərkibində yaşamışıq, faşizmə qarşı birlikdə mübarizə aparmışıq. Ona görə düşünürəm, erməni rəhbərliyi, nəhayət başa düşəcək ki, düşmənçiliyə, işğala son qoymaq lazımdır. Ölkələrimiz arasında münasibətlərin normallaşması üçün əsas maneə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsidir. Bu işğalın nə tarixi, nə hüquqi, nə siyasi əsası var. Məlumdur ki, ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. İyirmi ildən çox vaxt keçib. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Yəni, beynəlxalq hüquq kobud surətdə pozulub. Öz doğma torpaqlarından qovulan bir milyondan çox insanın hüququ pozulub. Yeri gəlmişkən, onların arasında xeyli veteran da olub. O da sirr deyil ki, erməni xalqının da faşizmdən əziyyət çəkməsinə, bu xalqın bir çox nümayəndələrinin Böyük Vətən müharibəsi cəbhələrində şərəflə vuruşmasına baxmayaraq, bu gün Ermənistanda bizim üçün çox çətin başa düşülən meyillər müşahidə olunur. Faşistlər, Hitlerə xidmət edən adamlar qəhrəman kimi təqdim olunur. Onların adları məlumdur. Bu yaxınlarda Azərbaycan ictimaiyyəti, veteranlarımız dost dövlətlərin rəhbərlərinə, o cümlədən Rusiya Prezidentinə məktub göndərərək Hitlerin tərəfində vuruşanların adlarının Ermənistanda küçələrə, evlərə, meydanlara verilməsi faktından narahatlıqlarını bildiriblər. Bu, böyük narahatlıq doğurur. Zənnimcə, millətçilik hissi ədalət hissindən üstün olmamalıdır. Odur ki, indiki mərhələdə Ermənistan və Azərbaycan veteranlarının görüşməyə imkanları olsaydı, yəqin ki, onlar dost masası arxasında əyləşib birgə tarixlərinin şanlı səhifələrini yada salardılar. Təəssüf ki, Ermənistan tərəfi iki ölkə ictimaiyyəti arasında əlaqələrin qurulmasına hər vəchlə mane olur. Bir neçə il əvvəl ictimaiyyətin, deputatların qarşılıqlı görüşlərini təşkil etmək cəhdləri olmuşdu. Biz hətta bu formatı genişləndirməyi düşünürdük. Lakin Ermənistanda görəndə ki, bu, hansısa yaxınlaşmaya, dost hisslərin oyanmasına gətirib çıxara bilər, əlaqələri dərhal kəsdilər. Əsas problem ondan ibarətdir ki, işğal davam edir. Təəssüf ki, Ermənistan bu prosesi maksimum dərəcədə uzatmağa çalışır. Hərçənd, onlar başa düşməlidirlər ki, bu, əbədi olaraq davam edə bilməz. Bu, sona çatacaq və bu nə qədər tez olsa, bir o qədər yaxşıdır.

- Bununla belə, Ermənistan prezidenti də Moskvada olacaq. Sizin aranızda hər hansı təmas ola bilərmi?

- Həmin vaxtda təmaslarımız nəzərdə tutulmayıb. Bizim keçən il görüşlərimiz olub. Yayda Soçidə Rusiya Prezidentinin təşəbbüsü ilə, sonra payızda ABŞ-ın dövlət katibi Kerri, daha sonra Fransa Prezidenti Olland tərəfindən görüşlər təşkil olundu. Bu görüşlərdə bizə elə gəldi ki, irəliləyiş əldə oluna bilər. Lakin təmas xəttində gərginliyi azaltmaq barədə razılığa gəldiyimiz Paris görüşündən iki həftə keçməmiş Ermənistan işğal olunmuş Ağdam rayonunda, onların özlərinin verdiyi məlumata görə 47 min hərbi qulluqçunun iştirakı ilə genişmiqyaslı təlimlər təşkil olundu. Buna lüzum yox idi. Bu, danışıqlar prosesini pozmağa yönəlmiş açıq-aşkar təxribat idi. Biz bir neçə gün təmkinlilik göstərdik və göstəriş verdik ki, bu təxribata reaksiya verilməsin. Çünki biz hesab edirdik ki, gərginlik azaldılmalıdır. Lakin qarşı tərəf Mİ-24 döyüş helikopterləri ilə mövqelərimizə hücum etməyə cəhd göstərdi. Bizim tərəfin cavab tədbirləri nəticəsində helikopterlərdən biri məhv edildi. Bu da Ermənistan tərəfinə əksinə, bizi təxribatda günahlandırmaq imkanı verdi. Bununla da hadisənin baş verdiyi noyabr ayından bu günə qədər hər hansı bir əlaqəmiz olmayıb. Axı, bu təlimləri biz keçirmirdik, o ki qaldı Ermənistan ərazisində. Təlimləri onlar keçirirdilər, özü də bizim Ağdam rayonunun ərazisində. Bu, bir daha bizi əmin edir ki, Ermənistan tərəfinin bütün cəhdləri status-kvonun dəyişilməməsinə yönəlib. Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, Fransa və ABŞ dəfələrlə vurğulayıblar ki, status-kvo qəbuledilməzdir, dəyişməlidir. Bu, nə deməkdir? O deməkdir ki, işğalın aradan qaldırılması prosesi başlamalıdır. Lakin Ermənistan tərəfi bununla razılaşmaq istəmir və hər vasitə ilə danışıqlar prosesinə mane olur. Yəni, keçən ilin noyabrından indiyə kimi aramızda heç bir əlaqə yoxdur və nə vaxt olacağını da deyə bilmərik.

- Tarixi yenidən yazmaq Rusiya və onun müttəfiqlərinə təzyiq vasitələrinin geniş arsenalında kifayət qədər həssas alətə çevrilib. Digər vasitə Rusiyanın bir ildən çoxdur ki, məruz qaldığı iqtisadi sanksiyalardır. Bu sanksiyalar, o cümlədən qonşu ölkələrə də təsir göstərir. Rusiya bu böhran təzahürlərinin nəticələrini aradan qaldırır. Azərbaycanda bu, hiss olunurmu?

- Qeyd etmək lazımdır ki, bu vəziyyətin iqtisadiyyatımıza bir o qədər böyük təsiri yoxdur. Rusiyada yaşayıb işləyən azərbaycanlıların pul köçürmələri müəyyən dərəcədə azalıb. Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Onlar əsasən imkanlı insanlardır, biznes sahəsində çalışırlar. Təbii ki, xalqımızın ənənələrinə uyğun olaraq bütün qohumlar həmişə bir-birinə kömək edir. İmkanlılar imkansızlara yardım edirlər. Beləliklə, Rusiyada yaşayan azərbaycanlılar tərəfindən maliyyə yardımının azalması müşahidə olunur. Lakin bu yardım bizim ümumdaxili məhsulumuzun kiçik bir hissəsini təşkil etdiyindən bunun iqtisadiyyatımıza qlobal təsiri olmayıb. Bütövlükdə Azərbaycanda həyat səviyyəsi artır. Bu il üç ay ərzində iqtisadiyyat 5,3 faiz, həmişə qeyd etdiyimiz ən əsas göstərici – qeyri-neft iqtisadiyyatı 7 faiz artıb. Yəni, neftin qiymətinin düşməsinə və əlbəttə ki, əsas ticarət tərəfdaşımızdan biri olan Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyətə baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi və həyata keçirilən islahatlar bizə dinamik inkişaf etməyə imkan verir. Sanksiyalara gəldikdə isə mövqeyimiz həmişə birmənalı olub. Biz onu hər zaman bildirmişik, bu, sirr deyil. Biz beynəlxalq münasibətlərin bu cür formasının əleyhinəyik. Yəqin bilirsiniz, vəziyyət Avropa Şurasının Parlament Assambleyasında müzakirə olunanda Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxış etdi. Düşünürəm ki, küncdə-bucaqda özünü Rusiya Federasiyasının müttəfiqi kimi göstərənlər üçün nümunə oldu. Belələri AŞPA-da öz mövqeyini nümayiş etdirməyə gələndə, necə deyərlər, aradan çıxırlar. Hesab edirəm ki, Rusiya ictimaiyyəti bunu bilməlidir. Belə məqamlarda mövqe, dost dəstəyi özünü göstərir. Hamının işi yaxşı olanda, əlbəttə, hamı xoş sözlər deyə, mədhiyyələr söyləyə bilər. Lakin öz sözünü Moskvada kuluarlarda yox, Strasburqda demək lazım gələndə, bax o zaman burada həm ləyaqət, həm mövqe, həm də, ümumiyyətlə, insani keyfiyyətlər özünü göstərir. Ona görə, bir daha demək istəyirəm ki, biz belə təzyiq formasının əleyhinəyik, bu, qeyri-səmərəli vasitədir. Biz həmişə dialoqun, bütün mürəkkəb məsələlərin danışıqlar masası arxasında etimad şəraitində həll olunmasının tərəfdarıyıq. Əlbəttə, müəyyən dərəcədə Rusiya ilə Qərb arasında etimad itirilib. Lakin, zənnimcə, onu bərpa etmək üçün səylər göstərilməlidir. Dünyada, regionumuzda, Avropada təhlükələr xeyli çoxdur. Bu, ekstremizm, radikalizm, terrorizm, Avropa qitəsində faşizmin dirçəlməsidir. Bu məsələləri birlikdə həll etmək lazımdır.

- Azərbaycan qaz hasilatına ümid bəsləyir. Əlinizdə belə resursların olduğu şəraitdə bu, məntiqidir, qanunauyğundur. Lakin bu məsələni də siyasiləşdirmək istəyirlər. Bu gün “Cənub” dəhlizi layihəsində Azərbaycana ciddi ümid bəsləyirlər və bunu Rusiyanın Avropada qaz layihələrinə alternativ kimi təqdim etməyə çalışırlar. Bu qazın nəzərdə tutulan ixrac həcmindən və satış bazarları barədə danışmağınızı xahiş edərdim.

- Açığı, belə meyillər və bu cür informasiya fonu bizi də narahat edir. Ancaq yüksək vəzifəli nümayəndələrin rəsmi bəyanatlarına baxsaq, orada belə qiymətləndirmələr yoxdur. Bu işlər ekspertlər, politoloqlar və hakimiyyətə yaxın strukturlar fonunda aparılır. Onlar sadəcə olaraq, belə bir fon yaradırlar. Nəticədə belə riyakar təbliğat artıq kimlər tərəfindənsə müəyyən dərəcədə reallıq kimi qəbul edilir. Bizim tərəfimizdən heç bir rəsmi nümayəndə heç vaxt belə bəyanatlar verməyib. Biz heç vaxt öz layihəmizi alternativ kimi nəzərdə tutmamışıq. Azərbaycanın energetika siyasəti artıq 21 ildir, biz 1994-cü ildən ölkəmizdə iri yataqların mənimsənilməsinə başladığımız vaxtdan həyata keçirilir. Elə həmin vaxt neftin dünya bazarlarına nəql olunması üçün bir neçə kəmər inşa edildi. Nəzərə almaq lazımdır ki, bizim dünya okeanlarına çıxışımız yoxdur. Qaz ehtiyatları 1990-cı illərin sonlarında kəşf olunub. Elə o vaxtdan da qaz hasil etmək üçün fəal işə başladıq. 2007-ci ildən müəyyən həcmdə qaz hasil edirik. Qonşu ölkələrə - Türkiyəyə, Gürcüstana, İrana az həcmdə qaz ixrac edirik. Yeri gəlmişkən, Rusiyaya da. Bizim ehtiyatlarımız çox böyükdür. Əlbəttə, onları reallaşdırmaq lazımdır. “Cənub” qaz dəhlizi layihəsi çoxdan planlaşdırılırdı. Siz yəqin bilirsiniz ki, əvvəl o, “Nabukko” layihəsi adlanırdı.

- İndi “Nabukko 2.0” adlandırırlar.

- Bəli, bunu mənim bir qədər əvvəl haqqında danışdığım adamlar belə adlandırırlar. Biz görəndə ki, siyasi iradə, maliyyə resursları, əlaqələndirmə, səylərin birləşdirilməsi yoxdur, başa düşdük ki, “Nabukko” layihəsinin reallaşması qeyri-mümkündür. Bizə elə gəlirdi ki, kimlərsə bizim hesabımıza “mənfəət” əldə etmək istəyir. Azərbaycana bu layihədə sadəcə xammal bazası rolu ayrılırdı. Bu isə bizi qətiyyən qane etmirdi. Layihə əslində gündəlikdən çıxdı. Lakin biz öz ehtiyatlarımızı realizə etməli idik. Əlbəttə ki, bizim üçün təbii qazın əsas satış bazarı Türkiyə və Avropadır, çünki digər qonşularımız İran və Rusiya böyük həcmdə təbii resurslara malikdir, Gürcüstan bazarı isə kifayət qədər kiçikdir. Beləliklə, biz “Cənub” qaz dəhlizi layihəsi təşəbbüsü ilə çıxış etdik və 2012-ci ildə Türkiyə ilə TANAP – Trans-Anadolu qaz kəmərinin tikintisi barədə saziş bağladıq. Bu kəmər “Cənub” qaz dəhlizinin bir hissəsidir. Bu gün bu layihə artıq reallaşmağa başlayıb. Biz layihə işlərini artıq həyata keçiririk. Tezliklə tikinti başlayacaq və birinci mərhələdə Azərbaycan qazı indikindən daha böyük həcmdə Türkiyə bazarına və sonra isə Türkiyə ərazisindən Avropa bazarına çatdırılacaq. Bu layihə bizə böyük qaz ehtiyatlarımızı realizə etmək imkanı verəcək. Demək olmaz ki, o, dərhal gəlir gətirəcək. Çünki xərclər çox böyükdür, onların yerini doldurmaq lazımdır. Bununla yanaşı, qazdan gələn gəlirləri neft gəlirləri ilə müqayisə etmək olmaz. Hər halda, bizim üçün valyuta daxilolmalarının əsas mənbəyi neft ixracıdır. Bu ixrac indi sabitləşib və uzun müddət davam edəcək. Əlbəttə, qaz amili də iqtisadiyyatımızı möhkəmləndirəcək, Azərbaycanın rolunu və istehlakçılar üçün əhəmiyyətini artıracaq. Əlbəttə, hər bir ölkə istəyir ki, onun rolu və əhəmiyyəti artsın. Beləliklə də bizim imkanlarımız genişlənəcək.

“Cənub” qaz dəhlizi layihəsi “Şahdəniz-2” yatağının işlənməsindən ibarətdir. Bu layihə çərçivəsində ixrac olunan 8 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qazın hasilatı və ixracı nəzərdə tutulur. Bunun 6 milyard kubmetrini Türkiyə, 10 milyard kubmetrini isə bir neçə Avropa ölkəsi alacaq. Yəni, əlbəttə, bu, Avropanın Norveçdən, Əlcəzairdən və Rusiyadan aldığı qazın həcmi ilə müqayisə oluna bilməz.

- Təklif edirəm ki, söhbətimizi adətən görüşlərimizi bitirdiyimiz mövzu ilə başa vuraq. Bu, nəinki postsovet məkanında, bütün dünyada xalqları birləşdirən idman mövzusudur. Azərbaycanın keçirəcəyi Avropa Oyunlarının başlanmasına az qalıb. Avropa Oyunlarının məşəli artıq alovlandırılıb.

- Bəli, hesab edirik ki, bu hadisə bütün Avropa idmançılarının ümumi bayramına çevriləcək. Bu, bizim üçün böyük məsuliyyətdir. Deməliyəm ki, Azərbaycan bu Oyunların keçirilməsinə yeganə namizəd idi. Əgər o zaman biz buna razılıq verməsəydik, yəqin ki, bu ideya elə ideya olaraq qalacaqdı. Mən bu ideyanı daim irəli sürən Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikkinin müstəsna rolunu qeyd etmək istəyirəm. Bu, bizim üçün böyük məsuliyyət, eyni zamanda, böyük şərəfdir. Bizim qarşımızda 2 il yarıma, hətta daha az müddətə Olimpiada ilə müqayisə edilə biləcək. Oyunlar keçirmək dayanırdı. Altı mindən çox idmançı, 20 idman növü... Amma biz bu vəzifənin öhdəsindən gəldik. Məşəl artıq yandırılıb. Biz onu qədim Atəşgah məbədində alovlandırdıq. Bu, qədim zərdüştlük məbədidir. Bildiyiniz kimi, Azərbaycan bir çox dinlərin - zərdüştlüyün, islamın, xristianlığın, iudaizmin birgə mövcud olduğu bir ölkədir. Ölkəmizdə xalqlar arasında qardaşlığın və dinlərarası əməkdaşlığın nadir ab-havası var. Beləliklə, məşəl artıq ölkəmizdə səyahətdədir. Bu, sizə yəqin ki, yaxşı tanışdır. Bununla yanaşı, bu hadisənin gözdən salınması cəhdləri müşahidə olunmaqdadır. Oyunlar yaxınlaşdıqca bu, özünü daha aşkar göstərir. Bu, bizdə yalnız təəccüb və anlaşılmazlıq doğurur. Axı, bu, nəyə lazımdır?! Azərbaycanın belə bir Oyunları təşkil edə bilməsini sanki kimlərsə həzm edə bilmir. Odur ki, indi biz demək olar, sizin Soçi ərəfəsində yaşadığınız vəziyyətdəyik: gözdənsalma, yalan, iftira. Prinsipcə, əməliyyat xərclərinə sərf etdiyimiz vəsaitin həcmi barədə tamamilə astronomik rəqəmlər açıqlanır. Oyunları keçirmək üçün cəmi bir neçə yüz milyon dollar xərclənib. Malik olduğumuz idman obyektlərinə gəlincə, onların 90 faizi ya artıq tikilmişdi, ya da inşasına qərar qəbul ediləndən əvvəl başlamışdı. Yəni, biz onları Oyunlar üçün tikmirdik. Bakının nəqliyyat infrastrukturu buna qədər də inkişaf etmişdi. Siz Bakıda tez-tez olursunuz, bunları görürsünüz. Odur ki, bu cür yalan, düşmənçilik, ədavət kampaniyasına indi biz məruz qalmışıq. Lakin əsas bu deyil, əsas odur ki, biz, əminəm ki, dostluq və idman bayramı təşkil edəcəyik. Əsas qonaqlarımız isə əlbəttə, idmançılar olacaq. Biz bu bayramda iştirak etmək istəyənlərin hamısını dəvət edirik. Biz idmançıların, turistlərin, Avropa və MDB ölkələrinin adi vətəndaşlarının özlərini evlərindəki kimi hiss etmələri üçün əlimizdən gələni edəcəyik. Mən Rusiya komandasına uğurlar arzulayıram. Düşünürəm ki, Rusiya Oyunların əsas favoriti olacaq.

- Düşünürəm ki, siz informasiya müharibəsindən qalib çıxacaqsınız, necə ki, biz qalib çıxdıq və Olimpiadada qalib gəldik. Sizə də idman qələbələri arzulayırıq. Təşəkkür edirəm.

- Çox sağ olun.

 

Azərbaycan.-2015.- 3 may.- S. 1.