Azərbaycan dünyanın ən modern idman infrastrukturuna malikdir

 

Avropa Oyunlarına 40 gün qaldı

 

Son illərdə Azərbaycanın idman mənzərəsini səciyyələndirən əsas məqamlardan biri müasir infrastrukturun yaradılması ilə bağlıdır. Artıq bu gün ölkəmizdə yaradılan müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə keçirməyə imkan verir.

Bu amil Azərbaycanın beynəlxalq idman federasiyaları təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərib. Məhz bunun nəticəsidir ki, Avropanın tarixində birinci dəfə baş tutacaq möhtəşəm idman tədbiri - “Bakı-2015” ilk Avropa Oyunları ölkəmizə həvalə olunub. Oyunlara hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm layihələr icra olunub, infrastruktur dəyişiklikləri edilib, müasir idman mərkəzlərinin yaradılması istiqamətində sürətlə aparılıb.

Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Yəni Azərbaycan müasir idman digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur.

Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişafsabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan ölkəmizə qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Azərbaycan müstəqillik yolları ilə irəlilədiyi qısa müddət ərzində dünya idmanı tarixində öz sözünü deyib, Olimpiya Oyunları salnaməsində yeni səhifə yazıb. Prezident İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində Azərbaycan beynəlxalq idman aləmində layiqli yer qazanıb və Olimpiya ölkəsinə çevrilib.

Ötən dövrə nəzər saldıqda Azərbaycanda idmanOlimpiya hərəkatının inkişafında nə qədər böyük məsafə qət edildiyinin şahidi oluruq. Belə ki, dövlət başçısının Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi fəaliyyət göstərdiyi ötən illər ərzində gerçəkləşdirilən çoxistiqamətli siyasət nəticəsində ölkəmizdə idmançı ordusu, fiziki və mənəvi cəhətdən sağlam nəsil, müasir idman infrastrukturu yaradılıb.

Paytaxtdan başlayan infrastruktur sahəsindəki quruculuq tədricən bölgələrə doğru istiqamətlənib. Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 41-ə yaxın  olimpiya idman kompleksibir sıra ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub.  İndi, demək olar ki, respublikamızın bütün bölgələrində olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında belə müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var. Bütün bunlar Azərbaycanda Olimpiya hərəkatının inkişafına təkan verir. Bu gün Azərbaycana təkcə beynəlxalq idman yarışları deyil, həmçinin idmanla bağlı nüfuzlu tədbirlər də həvalə edilir.

Göründüyü kimi, MOK Azərbaycanda idmanın, Olimpiya hərəkatının möhtəşəm inzibati-idman mərkəzini yaradıb, idmanın maddi-texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə edib. Buna  ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jaq Roqqe verərək deyib ki, Azərbaycan Milli Olimpiya Komitəsi başqa olimpiya komitələri üçün örnək olmalıdır: “İdmanda olan nailiyyətlər göz qabağındadır. Bunları danmaq mümkün deyil. Bu sahədə həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda idmanla məşğul olmaq böyük bir amilə çevrilib”.

Həmin vaxtdan etibarən mərhələ-mərhələ həyata keçirilən siyasət Azərbaycan idmanının tarixində şanlı səhifələrin yazılmasına səbəb olub.  Prezident İlham Əliyevin Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında qeyd etdiyi kimi, turnirlərdə qazanılmış hər bir uğur sadəcə olaraq hansısa bir qələbə deyildir: “Biz Olimpiya dəyərlərinin təşviqi üçün çox işlər görürük. Bunlar dostluq, sülh və əməkdaşlıq dəyərləridir. Eyni zamanda, biz praktiki olaraq müasir idman infrastrukturunun yaradılmasına böyük sərmayələr qoyuruq. Son 10-15 il ərzində Azərbaycanda 50-dən artıq müasir olimpiya mərkəzi tikilib. Yeri gəlmişkən, ilk Olimpiya İdman Mərkəzi Azərbaycanda 2000-ci ildə tikilmişdir və Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti, o vaxt Avropa Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqq həmin ilk idman mərkəzinin açılış mərasimində iştirak etmişdir... İdman infrastrukturuna qoyulan sərmayələr atletlərimizin nəticələrində əks olunub”.

Bu il isə Azərbaycanın idman həyatı üçün çox əlamətdardır. Qitənin idman hərəkatında yeni bir tarix yazılacaq. İyunun 12-dən 28-dək dünyanın diqqət mərkəzi Bakıya yönələcək. Azərbaycan indi çoxsaylı qonaqlarını təkcə “Kristal Hall” ilə deyil, həm də xüsusi olaraq Avropa Oyunları üçün inşa edilmiş Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Velopark, Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı, əsaslı təmirdən sonra yenidən qurulmuş Heydər Əliyev adına İdman Sarayı və digər obyektlərlə heyrətə gətirəcək.

 

 

Azərbaycan.-2015.- 3 may.- S.1;6.