Əbədiyaşar lider
Bu günlər hər kəs ümummilli lider Heydər Əliyev şəxsiyyətinin əzəməti, onun böyüklüyünün təsiri altındadır. Respublikanın hər yerində, orta və ali təhsil müəssisələrində, idarə və təşkilatlarda ulu öndərin anadan olmasının 92-ci ildönümünü layiqincə qeyd etmək üçün hazırlıq görülür, Fəxri xiyabandakı məzarı insanlar tərəfindən ziyarət edilir. Heydər Əliyevin xatirəsini əziz tutan yüz minlərlə insan onun məzarı üstünə gül-çiçək dəstələri qoyur, ona öz dərin hörmət və ehtiramlarını bildirirlər.
Onillər, qərinələr, əsrlər keçəcək və Azərbaycan yaşadıqca Heydər Əliyev də yaşayacaq, hörmətlə anılacaq, yüksək ehtiramla xatırlanacaq. Çünki Heydər Əliyev Azərbaycan adlı dövlətin varlığı, yaşaması, gələcəyi, xalqımızın bir daha əsarətdə yaşamaması, vüqarlı olması, başını dik saxlaması üçün hər şeyi etdi, bütün çətinliyə sinə gərdi. Bizlərə bugünkü müstəqil, qüdrətli, imzası imzalar içində olan Azərbaycanı ərməğan etdi. Bu gün müstəqil dövlətçiliyimizin, şanlı uğurlarımızın elə bir səhifəsi yoxdur ki, orada bu böyük dühanın müstəsna xidmətləri olmasın, onun parlaq zəkasının nişanəsi görünməsin.
Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər idi. Məhz ümummilli liderin sayəsində qazandığımız uğurların əsası 46 il əvvəl - 1969-cu ildə qoyulmuşdu. Həmin ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması ilə ölkə həyatının bütün sahələrində yüksək əzmkarlıq və işgüzarlıq hiss olundu. Çünki Heydər Əliyev yüksək bilik və təşkilatçılıq qabiliyyətini elə ilk günlərdən ortalığa qoymuş, bütün imkanları xalqın mənafeyi üçün tam şəkildə səfərbər etmişdi. Elə 1969-cu ildən başlayaraq respublikada özünü qabarıq şəkildə göstərən iqtisadi tənəzzülün qarşısının alınmasına, sənayedə, kənd təsərrüfatında yeni islahatların aparılmasına dair müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilməsinə başlanıldı.
Ulu öndər hər bir sahəni yeni, daha mütərəqqi yollarla dirçəltməyi, xalqın maddi rifah halını yüksəltməyi, Azərbaycanı ittifaq səviyyəsində birincilər sırasına çıxarmağı qarşıya məqsəd qoymuşdu. Bir-birinin ardınca qəbul olunan qərarlar tezliklə sənayenin inkişafına təkan verdi. 10 il ərzində respublikada 15 yeni iri maşınqayırma müəssisəsi istifadəyə verildi. Bütün bunlar Azərbaycanı sənaye dövlətinə çevirmək istiqamətində qarşıya qoyulan vəzifələrin uğurlu nəticəsi idi. 12 müəssisədə isə istehsal gücü əvvəlki illərlə müqayisədə bir neçə dəfə artmış, beləliklə, Azərbaycanda sənaye istehsalı üç dəfə yüksəlmişdi. Bütün bu göstəricilər əldə olunandan sonra sənaye istehsalının artım sürətinə görə Azərbaycanın adı ittifaq səviyyəsində ön sıraya çıxdı.
Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar-sənaye bölməsinin və onun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafında möhtəşəm nailiyyətlər əldə edilmişdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə yeni istehsal sahələri işə düşdü, sənaye, kənd təsərrüfatı məhsullarının həcmi ildən-ilə yüksəlmişdi. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1969-cu ildəkinə nisbətən təxminən beş-altı dəfə artmışdı.
O illərdə Azərbaycan müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsalına görə rekord nəticələr əldə etdi, üzüm istehsalına görə 2 milyon ton həddi keçərək keçmiş SSRİ məkanında birinci yeri tutdu, pambıq istehsalına görə isə 1 milyon ton həddi keçərək önə keçdi. Həmin dövrdə təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə möhkəmləndirildi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi. Heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı kompleksləri və quşçuluq fabrikləri fəaliyyətə başladı. Bitkilərin sortunun və heyvanların cinsinin yaxşılaşdırılması, toxumçuluq və damazlıq işinin elmi əsaslarla təşkili üçün məqsədyönlü işlər həyata keçirildi. Bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalının dinamik və davamlı inkişafını təmin etdi, respublika bu göstəriciyə görə özünə layiq ön sıraya çıxdı. 1979-cu ilin fevralında “Azərbaycan SSR-də üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi haqqında” qərarın qəbul edilməsi isə respublikada iqtisadi potensialın reallaşması yolunda uğurlu bir addım idi.
Kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı, emal sənayesinin inkişafına da xüsusi diqqət yetirildi. Üzümçülüklə məşğul olan təsərrüfatların əksəriyyətində üzüm emalı müəssisələri tikilib istifadəyə verildi, mövcud pambıq emalı zavodları modernləşdirildi və yeni zavodlar tikildi, çay, tütün, fındıq, meyvə, tərəvəz və digər məhsulların ilkin emalı həyata keçirilməklə müxtəlif çeşidli konserv, şirə və digər bitkiçilik məhsullarının istehsalı genişləndirildi. Kənd təsərrüfatının və emal sənayesinin inkişafı ölkəmizdə yüngül və yeyinti sənayesinin də sürətli inkişafına təkan verdi. Həyata keçirilən siyasət bölgələrimizin inkişafına təkan verdi. Kəndlərin infrastrukturu yeniləndi, yeni yollar çəkildi, telefonlaşdırma sürətləndi. İnsanlar əvvəlki dövrlərlə müqayisədə daha geniş, yaraşıqlı, həm də daha möhkəm tikinti materiallarından, ağ daşdan istifadə etməklə evlər tikməyə başladılar.
Beləliklə, qısa zaman kəsiyində Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Ulu öndərin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında öz layiqli yerini tutdu. Bütün bunlarla Heydər Əliyev ölkəmizin gələcəyi, müstəqilliyi üçün möhkəm təməl yaratdı.
Dövlət müstəqilliyimizin ilk dövrü - 1991-1993-cü illər xaosun, anarxiyanın, böhranın dərinləşdiyi, dövlətin parçalanma ərəfəsində olduğu məşəqqətli zaman kəsiyi kimi yaddaşımıza həkk edilib. Həmin formal müstəqillik mərhələsinin acı günlərini yaşamış Azərbaycan xalqı xilasını tarixə qurtuluş kimi həkk edib və ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan düzgün siyasi seçimi əsasında xaosdan tərəqqiyə keçid mərhələsinin bünövrəsini qoyub. Bu mənada dahi öndərin ikinci dəfə ölkəmizə rəhbərliyə başlaması Azərbaycanın dövlətçilik tarixində ən şərəfli səhifələrdən biridir. Çünki Azərbaycanda dövlətçilik ənənələrinin yenidən bərpa edilərək zənginləşdirilməsi, müstəqilliyimizin təmin olunması və möhkəmləndirilməsi, əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur.
Ümummilli lider Heydər Əliyev siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uzaqgörənlik və müdrikliklə həyata keçirdi. Bu mənada ulu öndərin Azərbaycan dövlətçilik ənənələrinin möhkəmləndirilməsi ilə bağlı ən böyük xidmətlərindən biri dövlət quruculuğunun hüquqi bazasını yaratması idi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun əsasını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.
Ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi oldu. Heydər Əliyev bu strategiya ilə xalqımızın öz təbii sərvətinə, sözün əsl mənasında, sahib çıxmasını təmin etdi. Çünki Heydər Əliyevin müəyyənləşdirdiyi yeni neft strategiyasının əsas prinsiplərini ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə təşkil etdi. Digər tərəfdən, yeni strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, ölkəmizin milli təhlükəsizlik maraqlarının təmin olunmasını əsas götürdü. Yəni təkcə dövlətin iqtisadi maraqlarının realizə edilməsinə deyil, paralel olaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönələn siyasi xəttin yürüdülməsinə, buna uyğun situasiyanın formalaşdırılmasına xidmət etdi. Bunun da nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirdi, söz sahibinə çevrildi.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızda aqrar islahatlar və onun mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, istehsalçıların maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması müasir tariximizin ən mühüm uğurlarından biridir.
Postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda effektli aqrar islahatlar aparıldı və kənd təsərrüfatı tənəzzüldən qurtularaq inkişaf mərhələsinə qədəm qoydu. 1994-cü ildən başlayaraq bu istiqamətdə geniş müzakirələr keçirildi, istiqamətlər müəyyənləşdirildi və ilk növbədə hüquqi baza yaradıldı. Bu zaman qarşıda duran başlıca məqsəd planlı sosialist təsərrüfat sisteminin bazar iqtisadiyyatı ilə əvəz edilməsi, yeni mülkiyyət formalarının təşəkkül tapması və mülkiyyətçilərin yaradılması idi. İqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, kənddə aqrar islahatların, o cümlədən torpaq islahatının həyata keçirilməsi, xüsusilə kolxoz və sovxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın paylanması, məhsulun qiymətinin sərbəstləşdirilməsi, ərzaq və yeyinti məhsulları emal edən sənaye müəssisələrinin özəlləşdirilməsi və s. bu kimi tədbirlər aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərdi. Ulu öndər Heydər Əliyevin başladığı islahatların nəticəsi olaraq Azərbaycan iqtisadiyyatının mühüm sahəsi sayılan aqrar-sənaye kompleksi və onun əsas bölməsi olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Tariximiz ərzində ilk dəfə məhz Heydər Əliyevin hakimiyyəti dövründə torpaqlar təmənnasız olaraq kəndliyə verildi. Tədricən yeni dövrün tələblərinə uyğun torpaq üzərində yeni mülkiyyət formaları, yeni əmək münasibətləri formalaşdı, təsərrüfatlara yeni nəfəs verildi.
Bu gün ölkəmizin misilsiz uğurlarından biri olan sosial-iqtisadi inkişaf, əldə edilən nailiyyətlər məhz ulu öndərin əsasını qoyduğu möhkəm təməlin bəhrələridir. Bu dövrün ən mühüm xüsusiyyəti, uğuru odur ki, Azərbaycan özünün dövlət müstəqilliyini qoruyub saxlaya bildi, onu möhkəmləndirdi və inkişaf etdirdi. Ölkəmizdə hüquqi dövlət quruculuğu prosesi məqsədyönlü, müasir və beynəlxalq prinsiplərə uyğun şəkildə həyata keçirildi və səmərəli nəticələrini verdi. Vətəndaş cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının təminatı sahəsində qazanılan nailiyyətlər isə ölkədə aparılan siyasi islahatların, demokratik dəyişikliklərin tərkib hissəsidir.
Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratmışdır. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır. Ötən 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun layiqli davamıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kurs nəticəsində bu dövrdə Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub. Regionumuzda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəldən, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan Prezident İlham Əliyev ölkəmizin inkişafına nail olmaqla yanaşı, dünya birliyində mövqelərini gücləndirib.
Heydər Əliyevin yaratdığı Azərbaycan bu dövrdə bir vaxtlar bizə əlçatmaz görünən kosmik dövlətə çevrilib, BMT Təhlükəsizlik Şurasına, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib. Ölkəmizin iradəsi ilə yeni enerji layihələri icra olunur. Beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycan indi daha bir mötəbər tədbirə - I Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının ölkəmizin üzərinə qoyulması Azərbaycan üçün böyük önəm daşıyır. Çünki bu, Azərbaycan dövlətinin uğurlarının növbəti təqdimatı olmaqla ölkəmizin müsbət imicinin daha da yüksəlməsinə töhfələr verəcək.
Bütün bunları Azərbaycan xalqı görür və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməklə həyata keçirilən siyasətə öz dəstəyini ifadə edir. Çünki Prezident İlham Əliyev ölkəmizi əzmlə, ulu öndərin müəyyən etdiyi yolla gələcəyə aparır.
Eldar QULİYEV,
Milli Məclisin deputatı
Azərbaycan.-2015.- 3 may.- S.5.