Heydər Əliyev Azərbaycan dilinin müdafiəsini gücləndirmişdir

 

Ta qədimlərdən formalaşıb bu günümüzə yetişən azman, olduqca zəngin, rəngarəng mədəniyyətimizin tərkib hissələrindən birinitq mədəniyyətimizdir. Bu, xalqımızın oturaq həyatı, şəhər mədəniyyəti ilə bilavasitə bağlı idi. O eyni zamanda ana laylasından süzülüb gələn doğma dilimizə bütün tarixi dövrlərdə məhəbbətlə bağlı idi. Tarixin müəyyən dövrlərində məmləkətimizdə mövcud olan dövlətlərlə ana dilimiz dövlət dili səviyyəsinə qalxmış, diplomatik danışıqlar, saray məclisləri bu dildə aparılmışdır. Oğuz dilləri qrupuna daxil olan ana dilimizdə eposlarımız bu günümüzə gəlib çatmış, Nəsimi, Xətai, Füzulis. kimi korifeylərimiz bu dildə yazıb-yaratmışlar.

Dilin mürəkkəb çalarlarını özündə ehtiva edən siyasi natiqliyin formalaşması və inkişafı isə bilavasitə hamımızdan çox azərbaycanlı olan, bəşər tarixində özünəməxsus yer tutan, XX əsrin dahisi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ana dilimizin qorunub saxlanılması, saflığı, siyasi nitq səviyyəsinə yüksəlməsi uğrunda yorulmaq bilməyən mübariz idi.

Azərbaycan Tibb Universitetinin dosenti Nağdəli Zamanovun işıq üzü görən “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” adlı kitabının 2-ci cildibu baxımdan olduqca aktualdır. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi natiqlik mədəniyyətinə aid ixtisasca həkimin müraciət etməsi böyük maraq doğurur. Belə bir dəyərli əsərə görkəmli alim, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun ön söz yazması ədəbiyyat və dilçi alimlərimizin də ona yüksək dəyər verməsindən xəbər verir.

Fikrimizcə, Nağdəli Zamanovun olduqca maraqlı əsərinin birinci cildindəki bəzi məsələlərə toxunmaq yerinə düşərdi. Buradakı “Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində” fəsli oxucuda böyük maraq doğurur. Müəllif qeyd edir ki, ulu öndər Heydər Əliyev ana dili məsələsinə çox böyük diqqətlə, hissiyyata qapılmadan yanaşırdı. O tövsiyə edirdi ki, dil məsələsinə cılız yanaşmaq olmaz. “Təəssüf ki, son illərdə respublikamızda bəzi emosional hissiyyata qapılan çıxışlar və sairə müvəqqəti olaraq müəyyən bir auditoriyanı ələ alıb, ona təsir göstərib. Bunlar hamısı müvəqqəti şeylərdir. Amma bizim mənəvi dəyərlərimiz daimi xarakter daşıyır, onlar bəşəridir. Ona görə də bu işlərə cılız yanaşmaq olmaz”. Ana dilimiz uğrunda daim mücadilə aparan ulu öndər keçən əsrin 70-ci illərini belə xatırlayırdı: “1977-78-ci illərdə biz yeni Konstitusiyanı qəbul edərkən bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni Konstitusiyada Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq. Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah etdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur. Mən indi sizin vaxtınızı alıb bunların hamısını geniş danışmağa ehtiyac duymuram. Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərləri ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, bizim öz dövlət dilimizin Azərbaycan dili olduğunu öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.

Ulu öndər ana dilini daha dərindən öyrənməyin vacibliyini nəinki müasirlərinə, hətta gələcək nəsillərə tövsiyə edirdi: “Yenə də deyirəm, əgər keçmişdə bəziləri buna ehtiyac duymayıblarsa, amma indi bu ehtiyac var axı! Oturun, müəllim tutun, bu dili öyrənin. Axı nə qədər olar, məgər elə dünyadan bu dili bilməyə-bilməyə çıxıb gedəcəksiniz? Axı belə şey olmaz”.

Ulu öndərin nitqlərində fəlsəfi çalarlar, fikirlər üzərində xüsusilə dayanmaq istəyirik. Azərbaycanda siyasi natiqliyin əsasını qoyan Heydər Əliyev nitqinin gücünü şərtləndirən cəhətlərdən biri də fəlsəfi dünyagörüşü, fəlsəfi fikirlərdir ki, bu da onun müdrikliyi ilə bilavasitə bağlı idi. “Müdriklik nədir”sualı yaranarsa, onun səbəbini elə ulu öndərin müdrikcəsinə cavabında aramaq lazımdır: “Bilirsiniz, mən keçən dəfə də demişəm,- alimlərimiz, şairlərimiz, yazıçılarımız, mədəniyyət xadimlərimiz hesab edirlər ki, dəyərli sözləri onlar deyə bilərlər. Ancaq xalqımızın çoxəsrlik tarixində dəyərli, müdrik sözləri müdrik insanlar deyiblər. Müdriklik təkcə o insanların elmi, biliyi, təhsili ilə bağlı deyil. Müdriklik insanın fitri istedadıdır, müdriklik həm də insanın həyatı dərk etməsi, gedən proseslərə düzgün qiymət verə bilməsi və ondan özü üçün lazımi faydalar götürməsidir”.

Ulu öndərin həyata xüsusi baxış fəlsəfəsi vardı: “Bu dünyaya gələn hər bir adam bu dünyadan gedəcəkdir. Ancaq xoşbəxt o kəsdir ki, bu dünyada böyük iz qoyur”. Nitqlərində dahi şəxsiyyət Azərbaycanın fəlsəfi fikir nümayəndələrinə yüksək dəyər verərək bu nəticəyə gəlir ki, onlara məhz əbədi yaşarlığı bəxş edən müdrik düşüncələri, müdrik fikirləridir. Ulu öndərin nitqlərində fəlsəfənin məcmu bir elm olması fikirlərinin də şahidi oluruq: “Məhəmməd Füzuli yaradıcılığında elmin, fəlsəfənin bir çox sahələri təhlil olunmuşonun əsərlərində öz əksini tapmışdır. Onun bütün əsərləri şeir, poeziya, ədəbiyyat nümunələri olmaqla bərabər, eyni zamanda böyük fəlsəfi ideyalar, elmi fikirlər daşıyır”.

Nağdəli Zamanov kitabın “Heydər Əliyevin nitqində proqnozlar” fəslində doğru olaraq yazır ki, Heydər Əliyevin nitqinin gücü səmimiyyət, qətiyyət, poetizm, fəlsəfilik kimi nitq ünsürlərinə söykənir ki, bu nitq gələcəyi aydın görmək qabiliyyəti kimi səciyyələnən proqnozlarsız təsəvvür olunmur.

İqtisadi cəhətdən inkişaf etmiş Avropa dövlətləri ilə, dindaşlarımız olan islam ölkələri ilə, tarixi köklərimiz bir olan türkdilli dövlətlərlə sıx əlaqələr yaratmaq arzusu çox keçmədi ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra reallaşdı. Müəllif bu fikirdədir ki, dahi rəhbərin 21 sentyabr 1993-cü il tarixində Azərbaycanən Milli Elmlər Akademiyasındakı çıxışında proqnozlarla - bu gün artıq həyata keçirilmiş fikir və müddəalarla zəngindir: “ Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin, torpaqlarının, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır”. Ulu öndərin ən böyük proqnozu hər bir azərbaycanlının ürəyini silkələməyə bilməz: “Yalnız bir şey vəd edə bilərəm: Azərbaycan xalqına, millətimə, torpağıma sadiq olmuşamömrüm boyu da sadiq olacağam. Həyatımın son dəqiqəsinədək xalqıma xidmət edəcəyəm və ömrümün bundan sonrakı illərini də xalqıma bəxş edirəm”.

Zaman Heydər Əliyevin proqnozlarının özünü doğrultması ilə böyük natiqə əbədi şöhrət qazandırmışdır. Onun siyasi-iqtisadi proqnozlarla zəngin çıxışları sağlam, möhkəm məntiqə söykəndiyindən xəbər verir: “Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir, siyasi plüralizmə geniş yol verilməlidir. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyatbazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır”.

Müəllif doğru olaraq qeyd edir ki, Heydər Əliyev nitqlərinin mühüm bir gücü, bəlkə də ən əsası öncəgörmələrə söykənməsindədir, bu gün söylənilən fikir və müddəaların sabah həyata keçirilməsindədir. Ulu öndərin xarici siyasət sahəsindəki fikirləri bu gün Azərbaycan diplomatiyasının əsas istiqamətlərini təşkil edir: “Xarici siyasət sahəsində keçən bir il müddətində çox işlər görülüb. Ancaq görülən işlər daha da çoxdur. Güman edirəm ki, Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasəti hansı istiqamətdə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yaratmalıyıq. Birinci növbədə bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi dövlət münasibətləri yaradılmalıdır”.

Nağdəli Zamanovun elmi axtarışları, Heydər Əliyev irsinə sevgisi 17 fəsil və yarımfəsildən ibarət olan “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının II cildinin ərsəyə gəlməsinə səbəb oldu. Kitabın ikinci cildində əsas nitq hissələrinin (say, əvəzlik, fel, zərf) və köməkçi nitq hissələrinin (ədat, qoşma, bağlayıcı, modal söz) Heydər Əliyevin nitqində üslubiyyat yaratmaq xüsusiyyətləri çox dəqiqliklə öz əksini tapmışdır.

Müəllif “Heydər Əliyevin nitqində əvəzlik” fəslində maraqlı nitq situasiyalarını seçməklə böyük natiqin əvəzlik əsas nitq hissəsinə ekspressivlik qazandırmasının sirlərini açaraq qeyd edir ki, “Birinci şəxsin təki olan “mən” əvəzliyini qətiyyətli dövlət başçısı ölkənin məsuliyyətini təkbaşına öhdəsinə götürdüyü məqamlarda işlədir. Birinci şəxsin cəmində olanbiz” şəxs əvəzliyindən isə xalq-rəhbər vəhdətinin tələb olunduğu anlarda daha çox istifadə edir”.

Böyük elmi tutarı olan əsərin II hissəsində müəllifin qələmə aldığı Heydər Əliyevin nitqində Azərbaycan elmi, mədəniyyəti, dövlətçiliyi qarşısında görkəmli yer tutan şəxsiyyətlərin sıralanmasını göstərən “Heydər Əliyevin nitqində antroponimik sıralanmalar” fəsli bir tarixçi olaraq marağımı daha çox cəlb etdi. Hər şeydən əvvəl qeyd edək ki, tarixi şəxsiyyətlərimizin xalqa tanıdılması yolunda bu fəslin oxucular üçün əhəmiyyəti böyükdür. Müəllif yazır: “Ölkəmizin və dünyanın həyatında mühüm rollara malik şəxsiyyətlərin dolğun şəkildə, xronoloji olaraq sıralanması Heydər Əliyev nitqində önəmli yer tuturbu nitq elementinin araşdırılması diqqətəlayiqdir. Böyük natiqin nitqində antroponimik sıralanmaları şifahi şəkildə eşidən dinləyicilər pərəstiş etdikləri şəxsiyyətlərin adlarını həmin sıradan tapa bilir. Sıra dolğun olduqca, şifahi şəkildə auditoriyaya çatdırıldıqca auditoriya fəth olunur, ürəklərə yol tapılır”.

Böyük natiqin nitqlərində böyük şəxsiyyətlərimizin sıralanmasına tez-tez təsadüf edilir. Bu ulu öndərin tariximizə, tarixi şəxsiyyətlərimizə dərin ehtiramından irəli gəlir. Müəllif bu fəsildə doğru olaraq qeyd edir ki, antroponimik sıralanmalarla dahi rəhbər bir tarixçi alim kimi auditoriyanı keçmiş tariximizə apararaq onun şanlı səhifələrini açır: “İlk Azərbaycan Demokratik Respublikasının yaradıcıları, rəhbərləri Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və başqaları Azərbaycan xalqının tarixində böyük xidmətlər göstərmişlər və Azərbaycanda ilk dəfə müstəqilliyin, müstəqil dövlətçiliyin, demokratiyanın əsasını qoymuşlar”.

Böyük natiq tarixi şəxsiyyətləri sıralayarkən auditoriyanı mütləq şəkildə nəzərə alırdı. Müəllif ulu öndərin Gənclərin Birinci Forumundakı nitqindən misal gətirir: “Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz”.

Dosent Nağdəli Zamanovun böyük Azərbaycanlı Heydər Əliyevin irsini araşdıraraq ərsəyə gətirdiyi “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti “ əsərini bir nəfəsə oxumamaq mümkün deyil. Fikrimizcə o, dilçiliyin mühüm sahəsi olan natiqlik mədəniyyətimizə mühüm bir töhfədir. Əsəri vərəqlədikcə onun nüvəsində dahi rəhbərin ana dilimizə yüksək qayğısının, sonsuz məhəbbətinin bir daha şahidi oluruq. Elə kitab haqqında fikirlərimizi də ulu öndərin sözləri ilə tamamlamaq istəyirik: “İndi isə, şübhəsiz, bizdə təhsilin tam əksəriyyəti Azərbaycan dilində gedir. Ancaq bir var ki, Azərbaycan dilində oxuyasan, birvar ki, dilin incəliklərini bilirsən, Azərbaycan dilində yüksək səviyyədə söz deyə bilirsən, fikrini ifadə edə bilirsən, nitq edə bilirsən”.

 

Fəxrəddin MƏMMƏDOV,

Azərbaycan Tibb Universitetinin professor

Azərbaycan.-2015.- 3 may.- S.5.