Mətbuatda milli-mənəvi dəyərlərə,
dövlətçilik maraqlarına hörmət prinsipi bütün maraqlardan öndə dayanmalıdır
3 may Beynəlxalq Söz və Mətbuat
Azadlığı Günüdür
Müasir
dünyada söz, fikir və mətbuat azadlıqları hər
bir sivil dövlət və cəmiyyət üçün
xüsusi əhəmiyyət kəsb edir. Bu azadlıqlar hər
bir cəmiyyətdə aşkarlıq, hesabatlıq və
siyasi plüralizm prinsiplərinin təminatında mühüm
rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən
mühüm amillərdən sayılır. Hüquqi dövlət
və vətəndaş cəmiyyətinin formalaşması
prosesinin ayrılmaz tərkib hissələrindən biri də
məhz kütləvi informasiya vasitələrinin müstəqil
fəaliyyətinin təmin edilməsidir. Bu da təsadüfi
deyil ki, bəşəriyyətin mövcudluq tarixi söz,
fikir və mətbuat azadlıqları uğrunda mübarizə
səhifələri ilə zəngindir: sivil cəmiyyət
daim azad fikir, sərbəst düşüncə ifadə etməyə,
eyni zamanda dəqiq, obyektiv informasiya almağa mənəvi
ehtiyac duyub.
1991-ci
il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional
seminara toplaşan jurnalistlər azad və müstəqil
informasiya vasitələrinə yardımçı olmaq məqsədilə
dünya dövlətlərinə mətbuat
azadlığının və demokratiyanın təmin edilməsinə
yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”
qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi
1993-cü il mayın 3-nü Beynəlxalq Söz və Mətbuat
Azadlığı Günü kimi qeyd etməyi qərara
alıb.
Azərbaycan
ötən əsrin sonlarında dövlət müstəqilliyini
bərpa etdikdən sonra ictimai həyatın bir çox sahələrində
olduğu kimi, mətbuatın inkişafında da ciddi
dönüş yaranmış, siyasi plüralizmin, söz, məlumat
azadlığının təmini istiqamətində
mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə
müstəqil respublikamız bu gün söz, fikir və mətbuat
azadlığının maksimum səviyyədə təminatı
baxımından MDB məkanında qabaqcıl yerlərdən
birini tutur. Respublikada bu yönümdə həyata keçirilən
mütərəqqi islahatlar ilk növbədə demokratik,
hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək
bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi
informasiya vasitələrinin fəaliyyətinə verilən
yüksək qiymətin ifadəsi sayılmalıdır.
Ulu
öndər Heydər Əliyevin 1993-cü ilin iyununda
xalqın istəyi ilə hakimiyyətə
qayıdışından sonra Azərbaycan mətbuatının
inkişafında yeni mərhələ başlandı. Həmin
dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti
və inkişafı yolunda süni maneələrin aradan
qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi,
qəzetlərin maddi-texniki təchizatının
yaxşılaşdırılması sahəsində
ardıcıl tədbirlər həyata keçirilir. “Jurnalist əməyi
qeyri-adi əməkdir, çox səylər və hünər
göstərilməsini tələb edən əməkdir” deyən
ulu öndər Heydər Əliyevin rəhbərliyi altında
vətəndaş cəmiyyəti quruculuğunu
özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan
Respublikası 1993-cü ildən insan hüquqları, söz və
mətbuat azadlığının təmin edilməsi ilə
bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə
qoşulmuşdur.
1995-ci
ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan
Respublikası Konstitusiyasının 50-ci maddəsində hər
kəsin informasiya əldə etmək hüququ təmin
edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il
avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında
söz, fikir və mətbuat azadlığının təmin
edilməsi sahəsində tədbirlər haqqında” fərman
kütləvi informasiya vasitələrinin sərbəst
inkişafı, onların cəmiyyətin dinamik şəkildə
demokratikləşməsinə təsir edən qüdrətli
vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin
həyata keçirilməsində mühüm addım
olmuşdur.
Ulu
öndərin mətbuat sahəsindəki mütərəqqi
siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev
respublikada kütləvi informasiya vasitələrinin sərbəst
fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad
şəkildə ifadə etməsinə bütün
imkanların yaradılmasının tərəfdarı kimi
çıxış edir. Dövlət
başçısı milli mətbuatın qabaqcıl dövlətlərin
mütərəqqi ənənələrinə əsaslanmaqla,
eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla
inkişaf etməsini vacib sayır. Azərbaycan Prezidentinin
söz və mətbuat azadlığına necə həssas
yanaşdığını onun bu fikirləri bir daha təsdiqləyir:
“Azərbaycanda aparılan siyasi islahatların əsas mənası,
məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli
inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş
bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o
cümlədən mətbuat azadlığı da mövcuddur.
Biz bu məsələdə çox ciddi addımlar
atırıq. Söz azadlığının, mətbuat
azadlığının təmin olunması bizim prioritet məsələmizdir
və deyə bilərəm ki, Azərbaycan bu sahədə
böyük uğurlara nail olmuşdur”.
Mətbuatda
özünütənzimləmə funksiyasını həyata
keçirən Mətbuat Şurasının yaradılması
da mühüm addım olmuşdur. 2003-cü ilin martında
ölkə jurnalistlərinin birinci qurultayında demokratik səsvermə
yolu ilə Mətbuat Şurasının üzvləri və sədri
seçilmişdir. Şura ötən illərdəki
uğurlu fəaliyyəti ilə cəmiyyətdə qəbul
olunan, sayılıb-seçilən, eyni zamanda mətbuat-məmur,
mətbuat-vətəndaş mübahisələrinin məhkəməyəqədərki
həllində nailiyyətlər qazanan nüfuzlu təşkilata
çevrilmişdir.
Dövlət
başçısı İlham Əliyev ilk gündən
respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə,
jurnalistlərin öz iradələrini azad şəkildə
ifadə etməsinə lazımi şəraitin
yaradılmasının tərəfdarı olduğunu bəyan
etmişdir. Hələ 2005-ci il 21 iyul tarixində “Azərbaycan
mətbuat işçilərinin təltif edilməsi
haqqında”, “Azərbaycan mətbuat işçilərinə
fəxri adların verilməsi haqqında”, habelə “Kütləvi
informasiya vasitələrinə maliyyə yardımı
göstərilməsi haqqında” sərəncamların
imzalanması jurnalistlərin əməyinə yüksək
qiymət verildiyinə sübutdur. “Əkinçi” qəzetinin
130 illik yubileyinin respublikanın bütün bölgələrində
yüksək səviyyədə qeyd olunması, jurnalistlərin
fəxri adlarla mükafatlandırılması, bir neçə
peşəkar jurnalistin Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünə layiq görülməsi ölkə rəhbərinin
mətbuata qayğısını əyani nümayiş
etdirmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinə
birdəfəlik maliyyə yardımı göstərilməsi
haqqında”, eləcə də “Azərbaycan Respublikasında
kütləvi informasiya vasitələrinin inkişafına
Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi
haqqında” sərəncamları sübut edir ki, Azərbaycanda
mətbuata göstərilən dövlət qayğısı
davamlı və sistemli səciyyə daşıyır. Belə
bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin
həllində keyfiyyətcə yeni mərhələnin əsasını
qoymuşdur. Mətbuata Dövlət Dəstəyi
Konsepsiyasının imzalanması dövlət orqanları ilə
kütləvi informasiya vasitələri arasında səmərəli
əməkdaşlıq münasibətlərinin inkişaf
etdirilməsi, kütləvi informasiya vasitələrinin
iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının
artırılması, vətəndaş cəmiyyəti
quruculuğunda kütləvi informasiya vasitələrinin
rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli “Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun yaradılması haqqında” sərəncamı da məhz
Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini
tapmış məsələlərin praktik surətdə
gerçəkləşdirilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir.
2010-cu
ildə Mətbuat Şurasının yeni ofisinin istifadəyə
verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi,
40-dək qəzetə və kütləvi informasiya vasitəsinə
birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın
inkişafında rolu olan jurnalistlərin
mükafatlandırılması, onların mənzil probleminin həlli
üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin
ayrılması da bu sahəyə yüksək diqqət və
qayğının bariz təcəssümüdür.
Xüsusi vurğulamaq lazımdır ki, mətbuat
işçiləri üçün dövlət hesabına
yeni mənzillərin inşası dünya miqyasında analoqu
olmayan haldır. 2010-cu ilin dekabrında həmin binanın
tikintisi üçün Bakıda torpaq sahəsi
ayrıldı və 2013-cü il iyulun 22-də 17 mərtəbəli,
ikibloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin
istifadəsinə verildi. Ölkə rəhbəri mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində həyata keçirilən tədbirlərin
müsbət təcrübəsini nəzərə alaraq, bu
istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə
növbəti sərəncam imzaladı. Sərəncama əsasən
mətbuat işçiləri üçün növbəti
yaşayış evinin tikintisi ilə bağlı 2013-cü
il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
ilkin olaraq 5 milyon manat vəsait ayrıldı. Mətbuatın
inkişafına göstərilən bu yüksək diqqət
və qayğı müqabilində ölkə rəhbərliyinin
mətbuatla bağlı gözləntiləri isə tamamilə
obyektiv xarakter daşıyır. Daha dəqiqi, mətbuatdan
yalnız qanunlara, peşə etikasına hörmət, milli-mənəvi
dəyərlərə sədaqət, dövlət və xalq
maraqlarına təəssübkeş, vətənpərvər
münasibət istənilir. Bütün bunlar isə sırf
peşəkarlıqla bağlı məsələlərdir.
Son
illər cəmiyyət həyatının bütün sahələrində
əsaslı keyfiyyət dəyişiklikləri hiss olunur, bir
çox məsələlər də məhz ictimai qınaq və
məzəmmət yolu ilə aradan qalxır.
Respublikamızın dünya informasiya məkanına daxil
olması və informasiyalı cəmiyyətə keçid
şəxsiyyətin, cəmiyyətin və dövlətin
informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə,
kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə
və müasir dövrün tələblərinə
uyğunlaşmasına ehtiyac yaradır. Azərbaycan mətbuatı
keyfiyyətcə yeni mərhələdə sağlam
jurnalistika dəyərləri əsasında fəaliyyət
göstərməli, ifrat siyasiləşmə meyillərindən
qaçmalı, cəmiyyət qarşısındakı sosial
məsuliyyətini unutmamalıdır. Mətbuatda milli-mənəvi
dəyərlərə, dövlətçilik maraqlarına
hörmət prinsipi bütün konyunktur maraqlardan öndə
dayanmalıdır. Əslində bunu müharibə şəraitində
yaşayan, ərazisinin 20 faizi işğal olunan bir dövlətdə
xalqın milli maraqları tələb edir.
Bu mənada
yeni dövrdə ölkə mediasının da üzərinə
mühüm vəzifələr düşür. İlk
növbədə mətbuatda peşəkarlıq əsas
normalardan birinə çevrilməli, KİV-də milli
maraqların qorunması hər bir jurnalist üçün
vacib mənəvi məsələ olmalıdır. Demokratik cəmiyyətdə
bütün məsələlərin inzibati yolla tənzimlənməsinin
qeyri-mümkünlüyü nəzərə alınmaqla
jurnalistlərin xəbər yayımında ehtiyatlı
davranmaları, bu zaman milli təəssübkeşlik
mövqeyi nümayiş etdirmələri yeni dövrün diktə
etdiyi obyektiv reallıqdır.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 3 may.- S.10.