Ümumavropa idman bayramı

 

Avropa qitəsi tarixində ilk dəfə reallaşacaq beynəlxalq idman bayramı - I Avropa Oyunlarının başlanmasına 38 gün qalır. Aprelin 26-da isə idman yarışının rəmzi sayılan məşəlin alovlanma mərasimi baş tutdu. Hər bir şəhər və rayonda səyahətdə olan məşəl respublikamızda bayram əhval-ruhiyyəsi yaradıb. Demək olar ki, bu gün Avropa ölkələrinin diqqəti Azərbaycana yönəlib. Bunu xarici mətbuatın ölkəmizdən hazırladığı reportajlar da tam sübuta yetirir.

I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcək.

Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişafsabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan Azərbaycana qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Bəlkə də Azərbaycan bu idman bayramının keçirilməsi üçün namizədliyini irəli sürməsəydi, Avropa Olimpiya Komitəsinin bu istəyi hələ də reallaşmamışdı. Ancaq Azərbaycan dövləti 7 ilə ərsəyə gələ biləcək hazırlıq işlərini 2 il yarıma başa vurub Avropa tarixində yeni rekorda imza atdı.

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində bu məsələyə toxunmuşdur. Bu idman yarışının bütün Avropa idmançılarının ümumi bayramına çevriləcəyini deyən dövlət başçısı bildirmişdir ki, Oyunlar Azərbaycan üçün böyük məsuliyyətdir: “Deməliyəm ki, Azərbaycan bu Oyunların keçirilməsinə yeganə namizəd idi. Əgər o zaman biz buna razılıq verməsəydik, yəqin ki, bu ideya elə ideya olaraq qalacaqdı”. Bu amil tam olaraq təsdiq edir ki, dünyanı, Avropa ölkələrini öz “cənginə alan” maliyyə-iqtisadi böhranı Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Əksinə, Azərbaycan Avropa Oyunlarının keçirilməsini öz üzərinə götürməklə dünyada artan nüfuzunu daha da yüksəltdi, etibarlı tərəfdaş olduğunu sübut etmiş oldu. Düzdür, Avropa Oyunlarına təşkilatçılıq, yarışların yüksək səviyyədə keçirilməsi, ölkəyə gələn qonaqların təhlükəsizliyinin təminatı məsələsi heçasan prosedur deyil. Ancaq Azərbaycan hökuməti bütün məsuliyyəti üzərinə götürərək bu idman bayramına ev sahibliyi etməyə hazır olduğunu bildirdi. “Rossiya-24” telekanalına müsahibəsində bu məsələyə də toxunan Prezident İlham Əliyev vurğulamışdır ki, bu, Azərbaycan üçün böyük məsuliyyət, eyni zamanda, böyük şərəfdir: “Bizim qarşımızda 2 il yarıma, hətta daha az müddətə Olimpiada ilə müqayisə edilə biləcək Oyunlar keçirmək dayanırdı. Altı mindən çox idmançı, 20 idman növü... Amma biz bu vəzifənin öhdəsindən gəldik”.

Bir çox beynəlxalq konfranslara, forumlara, idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz bu dəfə Avropa tarixində bir ilki reallaşdıracaq və əminliklə söyləmək olar ki, Azərbaycan yüksək təşkilatçılığı, qonaqpərvərliyi ilə dünya xalqlarının zövqünü oxşayacaq.

Ancaq təəssüflə qeyd etməliyik ki, heç bir Qərb dövlətinin təşkilatçılığını üzərinə götürmədiyi ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə elə bəzi Avropa ölkələri qısqanclıqla yanaşmağa başlayıblar. Son vaxtlar ölkəmizə qarşı aparılan “qara piar” kampaniyasına, erməni lobbisinin antiazərbaycançı fəaliyyətinə dəstək verən bəzi Qərb dairələri idman bayramında da ikili standartlar prinsiplərindən əl çəkə bilmədiklərini nümayiş etdirirlər.

Müsahibəsində bu məsələyə də xüsusi olaraq toxunan dövlət başçısı bildirmişdir ki, həmin qüvvələr Avropa Oyunlarının Azərbaycanda keçirilməsini həzm edə bilmirlər: “Bu hadisənin gözdən salınması cəhdləri müşahidə olunmaqdadır. Oyunlar yaxınlaşdıqca bu, özünü daha aşkar göstərir. Bu, bizdə yalnız təəccüb və anlaşılmazlıq doğurur. Axı, bu, nəyə lazımdır?! Azərbaycanın belə bir Oyunları təşkil edə bilməsini sanki kimlərsə həzm edə bilmir. Odur ki, indi biz demək olar, sizin Soçi ərəfəsində yaşadığınız vəziyyətdəyik: gözdənsalma, yalan, iftira... Prinsipcə, əməliyyat xərclərinə sərf etdiyimiz vəsaitin həcmi barədə tamamilə astronomik rəqəmlər açıqlanır. Oyunları keçirmək üçün cəmi bir neçə yüz milyon dollar xərclənib. Malik olduğumuz idman obyektlərinə gəlincə, onların 90 faizi ya artıq tikilmişdi, ya da inşasına qərar qəbul ediləndən əvvəl başlamışdı. Yəni, biz onları Oyunlar üçün tikmirdik. Bakının nəqliyyat infrastrukturu buna qədər də inkişaf etmişdi. Odur ki, bu cür yalan, düşmənçilik, ədavət kampaniyasına indi biz məruz qalmışıq”.

Ancaq əminliklə söyləmək olar ki, Azərbaycana qarşı daim çirkin kampaniyalar aparan, ölkəmizlə bağlı yanlış informasiyalar yayan antiazərbaycançı şəbəkələr heç vaxt istəklərinə nail olmayıblar və Avropa Oyunları ərəfəsində də həyata keçirmək istədikləri çirkin niyyətləri ürəklərində qalacaq. Dövlət başçısının söylədiyi kimi: “Əsas bu deyil, əsas odur ki, biz əminəm ki, dostluqidman bayramı təşkil edəcəyik. Əsas qonaqlarımız isə əlbəttə, idmançılar olacaq. Biz bu bayramda iştirak etmək istəyənlərin hamısını dəvət edirik. Biz idmançıların, turistlərin, Avropa və MDB ölkələrinin adi vətəndaşlarının özlərini evlərindəki kimi hiss etmələri üçün əlimizdən gələni edəcəyik”.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 5 may.- S.1;10.