“Hədəf Bakıdır. Hitler neft uğrunda
döyüşü necə uduzdu” filminin təqdimatı
keçirilib
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva təqdimat mərasimində iştirak edib
Mayın
4-də Heydər Əliyev Mərkəzində Heydər
Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf
Bakıdır. Hitler neft uğrunda döyüşü necə
uduzdu” sənədli filminin təqdimatı keçirilib.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva, Arzu Əliyeva təqdimat mərasimində
iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, faşizm üzərində Qələbənin
70 illik yubileyinə həsr olunan bu layihənin rəhbəri
Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville),
rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).
Filmin
nümayişindən əvvəl çıxış edən
Arzu ƏLİYEVA mərasim iştirakçılarını
salamlayaraq dedi:
- Bu
il bütün dünya faşizm üzərində Qələbənin
70 illik yubileyini qeyd edir. Bu tarixi hadisə münasibətilə
Azərbaycanın bütün müharibə veteranlarını
təbrik edirəm. Azərbaycan bu qələbəyə
böyük töhfələr vermişdir. Xalqımız cəbhəyə
700 minə yaxın oğul və qızını yola
salmışdır. Onların təxminən yarısı
döyüş meydanlarından geri
qayıtmamışdır. Bir çox həmvətənimiz
Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülmüş, müxtəlif orden və medallarla təltif
edilmişdir. İkinci Dünya müharibəsində qələbənin
qazanılmasında Bakı nefti əvəzsiz rol
oynamışdır. 1941-1945-ci illər müharibəsi
zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən
çoxu, benzinin 80 faizi Azərbaycanın payına
düşmüşdür. Qələbənin təmin
olunmasında böyük rol oynamış tank və təyyarələr
Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkət
edirdi. Azərbaycan xalqının bu müharibədə
göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq.
Ölkəmizin
tarixinin bu məqamlarını yaşatmaq və dünya
ictimaiyyətinə çatdırmaq məqsədilə
Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi
ilə sənədli film hazırlamağı qərara
aldı. Biz dünya şöhrətli prodüser Lui Vodevilə
müraciət etdik və mən ona bu uğurlu iş birliyinə
görə dərin minnətdarlığımı bildirirəm.
Çox xoşdur ki, Bakı neftinin şöhrətindən bəhs
edən bu filmi dünya ictimaiyyətinə məşhur
rejissor Robert Maqnerot təqdim edir. Filmin hazırlanmasında
iştirak edən hər bir kəsə öz təşəkkürümü
bildirirəm.
Sonra
çıxış edən prodüser Lui Vodevil filmin çəkiliş
prosesləri barədə geniş məlumat verdi. Bildirdi ki,
ona göstərilən etimadı doğrultmaq
üçün öz həmkarları ilə bütün
qüvvə və bacarıqlarını səfər edib.
Filmin çəkilişinin hər mərhələsində
Arzu Əliyevanın olduqca fəal iştirak etdiyini diqqətə
çatdıran prodüser ona təşəkkürünü
bildirdi.
Lui
Vodevil filmin çəkilişində göstərilən dəstəyə
və dəyərli tövsiyələrə görə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva dərin minnətdarlığını ifadə
etdi.
Azərbaycanın
beynəlxalq aləmdə layiqli yer tutduğunu deyən Lui
Vodevil ölkənin uğurlarını təmin edən
strategiyanın təməlinin ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin
hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
qətiyyətlə davam etdirildiyini vurğuladı.
Sonra film nümayiş
olundu.
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə
uduzdu” filminin çəkilməsində məqsəd
Azərbaycan xalqının
faşizm üzərində
qələbədə rolunu
bütün dünyaya
göstərmək və
eyni zamanda bu tarixi həqiqəti
gələcək nəsillərə
çatdırmaqdır. İlkin mərhələdə filmin
mövzusu müxtəlif
ölkələrin ekspertləri
tərəfindən araşdırılıb.
Filmin təkcə
HD formatına keçirilməsi,
bərpası və rənglənməsi üç
aydan çox davam edib. Hazırlıq
işlərinə 100-dək insanın cəlb olunduğu filmin yaradılmasında “National Geographic” kanalının 10 əməkdaşı,
həmçinin ayrı-ayrı
ölkələrdən 45 nəfərlik
heyəti yaxından iştirak edib. Ümumilikdə, filmin təxminən
50 milyon tamaşaçı
tərəfindən izlənilməsi
gözlənilir. Film müharibənin ağrı-acısını
yaşayan hər kəsin, həmçinin ön cəbhədə döyüşənlərin, arxa
cəbhədə gərgin
əməyi ilə böyük qələbədə
payı olan insanların xatirəsinə
ithaf edilir.
Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin süjet xətti xalqımızın
faşizm üzərində
Qələbədəki rolundan,
eləcə də Azərbaycan neftinin müharibə illərində
strateji əhəmiyyətindən
bəhs edir.
Qeyd edək
ki, filmin çəkilişi Bakı
Media Mərkəzi və
Fransanın sənədli
film istehsalı sahəsində
tanınmış “Clarke Costelle&Co”
(CC&C) şirkəti tərəfindən
aparılıb. Bu şirkətin
İkinci Dünya müharibəsindən bəhs
edən digər filmini – “Apokalipsis: II Dünya müharibəsi” adlı ekran əsərini 171 ölkədə
1 milyarddan çox tamaşaçı izləyib.
Çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli
filminin üzərində
iş zamanı Azərbaycan, Almaniya,
ABŞ, Böyük Britaniya,
Fransa və Rusiya arxivlərində 200
saatlıq videomaterial,
habelə çoxsaylı
fotolar və digər sənədlər
araşdırılıb.
Filmdə İkinci Dünya müharibəsinin tarixinə
tamamilə yeni baxış bucağından
– neft uğrunda savaş prizmasından baxılır. Müharibənin ayrı-ayrı döyüş
səhnələrini əks
etdirən, bu günədək nümayiş
olunmamış videokadrlar
bərpa olunmuş rəngli formatda təqdim edilir.
Ekran əsəri
Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız,
alman, italyan və digər dillərə də tərcümə olunub.
“Hədəf Bakıdır. Hitler neft
uğrunda döyüşü
necə uduzdu” filmi mayın 8, 9 və 10-da “National Geographic” kanalında,
o cümlədən Fransa,
İngiltərə, Almaniya,
İtaliya, Polşa, Macarıstan, Danimarka, Türkiyə, İspaniya,
Sloveniya, Balkan ölkələri,
Afrika ölkələri,
Yunanıstan, Çexiya
və digər yerlərdə nümayiş
etdiriləcək.
X X X
Sonda xatirə
şəkli çəkdirildi.
Azərbaycan.-2015.-
5 may.- S. 4-5.