Azərbaycan-Serbiya əlaqələri strateji müttəfiqlik səviyyəsindədir
Mayın 4-də Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini Azərbaycan ilə Serbiya arasındakı münasibətlərin sürətlə inkişaf etdiyini bildirib. Bahar Muradova deyib ki, bizim istər ticari, iqtisadi, istər humanitar əlaqələrimiz, istərsə də beynəlxalq miqyasdakı münasibətlərimiz iki dost, strateji müttəfiq ola biləcək ölkələr arasındakı münasibətlərdir və bu, özünü konkret əməllərdə göstərir. Azərbaycan və Serbiya rəsmiləri arasında olan münasibətlər bugünkü günün tələblərinə və çağırışlarına cavab verən səviyyədədir. Bu gün Serbiya ATƏT-ə rəhbərlik edən bir ölkə kimi ATƏT regionundakı ümumi münasibətlər, bizi birləşdirən dəyərlər vasitəsilə bu bölgədəki sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verməkdədir. Biz bunu yüksək qiymətləndiririk.
Parlamentlərarası əlaqələrdən danışan Bahar Muradova vurğulayıb ki, parlament diplomatiyası, dostluq qrupları və qanunverici orqanların münasibətlərinin ortaya qoyduğu müsbət nəticələr ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdıran bir amil kimi çıxış etməkdədir. İstər Azərbaycan, istər Serbiya tərəfindən dostluq qrupları yüksək səviyyədə fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, bu gün Yeni Azərbaycan Partiyası ilə Serbiya Tərəqqipərvər Partiyası arasında gələcək əməkdaşlığa dair imzalanan memorandum tərəflərin üzərinə çox böyük öhdəliklər qoyur və biz rəsmi siyasətin əldə etdiyi nailiyyətləri partiyalar səviyyəsində daha da genişləndirməliyik. Bahar Muradova bildirib ki, nümayəndə heyətinin Azərbaycana səfəri əlaqələrimizin daha da genişlənməsinə töhfəsini verəcək.
Milli Məclis sədrinin müavini qonaqlara Azərbaycanda son illər bütün sahələrdə əldə edilən uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, parlamentin tərkibi, gördüyü işlərdən danışıb.
Azərbaycana səfərindən məmnun olduğunu bildirən nümayəndə heyətinin
rəhbəri xanım Yadranka Yoksimoviç parlamentlərarası əlaqələrin
genişləndirilməsinin vacibliyini diqqətə
çatdırıb. “Serbiya və Azərbaycan
dost ölkələrdir”, - deyən qonaq bu cür
görüşlərin keçirilməsinin əməkdaşlığın
inkişaf etdirilməsinə töhfə
verəcəyini söyləyib. O, Serbiyanın Azərbaycanın
ərazi bütövlüyünü dəstəklədiyini
vurğulayıb. Yadranka Yoksimoviç
təmsil etdiyi partiyanın fəaliyyəti
barədə də məlumat verib.
Azərbaycan.-2015.- 5 may.- S.5.