Azərbaycan və Serbiyanın hakim partiyaları arasında əməkdaşlığa
dair memorandum
imzalanıb
Mayın
4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında
Azərbaycan Baş nazirinin müavini, YAP-ın sədr
müavini, icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə
olan Serbiya Tərəqqipərvər Partiyasının
nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Əli Əhmədov iki ölkə arasındakı əlaqələrdən danışıb. O bildirib ki, Azərbaycan-Serbiya münasibətləri inkişaf etməkdədir. Ötən ay Serbiyanın Tərəqqipərvər Partiyasının sədri, bu ölkənin baş naziri Aleksandr Vuçiçin Azərbaycana səfərini xatırladan Əli Əhmədov qarşılıqlı səfərlərin əməkdaşlığın daha da inkişaf etdirilməsində böyük rolunu vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, Serbiya Tərəqqipərvər Partiyasının nümayəndələrinin ölkəmizə səfəri iki partiya arasındakı dostluq münasibətlərinin etibarlı təməlini yaradacaq. Eyni zamanda, bu səfər qonaqların Azərbaycanla daha yaxından tanış olmasına imkan verəcək.
Serbiya Tərəqqipərvər Partiyasının beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə portfelsiz nazir xanım Yadranka Yoksimoviç Azərbaycanda olmaqdan məmnunluğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu səfər ikitərəfli münasibətlərimizin yüksək səviyyəsinin bariz nümunəsidir. Qonaq partiyalar arasında dostluq əlaqələrinin yaradılmasının vacibliyindən danışıb.
Daha sonra YAP ilə Serbiya Tərəqqipərvər Partiyası arasında gələcək əməkdaşlığa dair memorandum imzalanıb.
Əli Əhmədov qeyd edib ki, YAP-ın
dostlarının coğrafiyası getdikcə genişlənməkdədir.
İki ölkənin hakim
partiyaları arasında imzalan sənəd
ölkələrimizin münasibətlərinə müsbət
təsirini göstərəcək. Baş
nazirin müavini Azərbaycanın
ərazi bütövlüyünün
tanınması ilə əlaqədar dəfələrlə bəyanat
vermiş Serbiyanın bundan
sonra da bu mövqedə qalacağına əminliyini bildirib.
Azərbaycan.-2015.- 5 may.- S. 5.