Azərbaycanın inkişaf strategiyası Heydər Əliyev irsinə əsaslanır

 

Bu deyim hər zaman diqqətimi çəkib: siyasət mümkün görünməyənin reallaşdırılmasıdır. Hər bir subyektiv fikir mütləq həqiqət olmadığı kimi, bu qənaətin də müəyyən mənada nisbi səciyyə daşıması mümkündür. Amma müstəqil Azərbaycanın son illər keçdiyi heyrətamiz inkişaf yoluna nəzər saldıqda, bu deyimdə həqiqət payının necə böyük olduğu aydın görünür. Azərbaycanın cəmi 10-15 il müddətində əsrə bərabər uğurlu inkişaf yolu keçdiyini, qısa müddətdə necə böyük nailiyyətlərə imza atdığını söyləyərkən, bu mənada, tamamilə haqlıyıq.

İctimai inam qazanmaq istəyən hər bir siyasi qüvvə konkret hədəflərini, məqsədlərini bəyan edir, insanların qarşısına müxtəlif vədlərlə çıxır. Etiraf edək ki, bir çox hallarda irəli sürülən məqsədlər, ideyalar nə qədər cəlbedici görünsə də, bütün bunların real icra mexanizminə əsaslanmaması bəzən bu ideyaların, məqsədlərin kağız üzərində qalması, olsa-olsa, müxtəlif təqdimatlar, müzakirələr səviyyəsindən kənara çıxmaması ilə nəticələnir. Bu mənada, ən əhəmiyyətli ideyaları da sadəcə müzakirələr səviyyəsində saxlamaqla qısa müddətdə gözdən salmaq olar. Çünki insanları populist söz yox, real, konkret iş, konkret nəticələr daha çox maraqlandırır.

Ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi cənab İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərinə “Əsl siyasət real iş görməkdən ibarətdir” devizi ilə qatılmışdı. Bu deviz, əslində, həmin dövrə qədərki fəaliyyəti ilə də insanların nəzərində zirvələrə ucalmış cənab İlham Əliyevin xalq üçün çalışmaq, onun arzu və istəklərini real, əməli fəaliyyət müstəvisində, konkret platforma əsasında gerçəkləşdirmək məramından irəli gəlirdi. “Hər bir azərbaycanlının layiqli Prezidenti olmaq” istəyinin yığcam, lakin son dərəcə dərin, ümumiləşdirilmiş fəlsəfi məzmununu özündə ehtiva edirdi.

İlham Əliyev hələ 2003-cü ilin prezident seçkilərində xalq qarşısına Heydər Əliyevin idarəçilik sistemində formalaşan, ona rəhbərlik missiyasını məharətlə davam etdirməyə qadir olan alternativsiz lider, eyni zamanda, dövlətin tərəqqisinə böyük töhfələr vermiş nüfuzlu siyasi lider kimi çıxmışdı. Ulu öndər Heydər Əliyevin 2003-cü il 1 oktyabr tarixli müraciətində “Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyərək cəmiyyətə özünün layiqli siyasi varisi kimi təqdim etdiyi İlham Əliyev ötən illərdəki fəaliyyəti ilə həm də böyük strateqin nə qədər uzaqgörən, müdrik və xalqının gələcəyini düşünən şəxsiyyət olduğunu bir daha təsdiqlədi.

Ötən 12 il əhatəli fikir, bitkin rəy bildirmək üçün yetərlidir. Bu baxımdan tam əminliklə demək olar ki, Prezident İlham Əliyev ötən illərdə xalq qarşısına hər zaman inkişafyönümlü proqram və ideyalarla çıxıb. Əslində, hakimiyyət komandasının novator və çevik idarəetmə qabiliyyəti də dövlət başçısının yüksək şəxsi keyfiyyətlərindən, sosial məsuliyyət prinsipinə həssas yanaşmasından irəli gəlir. Bu məqamda cənab İlham Əliyevin 2015-ci il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda söylədiyi fikirləri xatırlatmaq yerinə düşər. Həmin toplantıda bölgələrin inkişafı sahəsində qarşıda duran vacib hədəflərlə yanaşı, məmur məsuliyyəti məsələsini də özünəməxsus prinsipiallıqla önə çəkən cənab İlham Əliyev hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu bir daha təsdiqlədi: “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz - bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir”.

Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin ən ali məziyyətlərindən soraq verən bu fikirləri məni xəyalən ötən əsrin 70-80-ci illərinə apardı. Həmin dövrün insanları yaxşı xatırlayırlar ki, 60-cı illərin sonuna doğru respublikada vəziyyət heç də ürəkaçan deyildi: sosial-iqtisadi, mənəvi böhran dərinləşir, istehsal potensialı aşağı düşür, Azərbaycan digər respublikalarla müqayisədə iqtisadi baxımdan geriləyir, üstəlik, dövlət idarəçiliyi aparatında rüşvətxorluq, korrupsiya, mənimsəmə halları baş alıb gedirdi. Mərkəz respublikada mühüm dövlət postlarına qeyri-azərbaycanlıları gətirir, açıq-aşkar ruslaşdırma siyasəti aparır, milli özünəməxsusluğu şərtləndirən dəyərləri aşınmaya məruz qoyurdu. Ümumilikdə, milli ruhun, azərbaycançılıq təfəkkürünün sıxışdırıldığı bir zamanda - 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi xalqımızın böyük tarixi şansı idi.

Bəli, biz bu gün Heydər Əliyevə dünyanın ən böyük azərbaycanlısı deməkdə yanılmırıq. Ulu öndər SSRİ kimi böyük imperiyada ən yüksək vəzifələri tutub, ən ali məqamlara yüksəlmiş yeganə azərbaycanlı kimi xalqına ləyaqətlə, vicdanla xidmət edib.

Yaxşı yadımdadır, 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin hakimiyyətinin ilk günlərindən respublikada böyük inqilab başlanmışdı. Gənc, milli ruhlu, enerjili, qətiyyətli bir şəxsin respublika rəhbərliyinə irəli çəkilməsi insanlarda daxilən razılıq və xoş hisslər doğursa da, iqtisadi böhran, tənəzzül içində yaşayan, keçmiş SSRİ-nin geridə qalmış respublikalarından sayılan Azərbaycanda vəziyyətin tezliklə dəyişəcəyinə inanmayanlar da var idi. Lakin Heydər Əliyev çevik təşkilatçı, zamanın nəbzini tutan rəhbər kimi sübut etdi ki, istək, iradə, vətənpərvərlik və milli təəssübkeşlik hissi olan zaman az müddətdə çox şeyə nail olmaq olar.

Respublikanın qarşısında duran vəzifələri düzgün müəyyənləşdirən Heydər Əliyev müdrik lider kimi onu da yaxşı bilirdi ki, millətin siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Yeni rəhbərin ilk addımları məhz respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət idi. Ümummilli lider qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail oldu. Azərbaycan xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye ölkəsinə çevrildi. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

Ulu öndər Heydər Əliyevin həmin illərdə vəzifəyə təyin etdiyi kadrlardan yalnız bir istəyi, tələbi var idi - insanlara layiqli xidmət! 1978-ci ildə yüksək etimad göstərək Naxçıvan MSSR-in Ordubad rayonuna birinci katib təyin edərkən ulu öndər başqa rəhbər işçilər kimi mənim də qarşıma məhz insanlarla daim ünsiyyətdə olmaq, onların problemlərinə, qayğılarına həssaslıqla yanaşmaq vəzifəsini qoymuşdu. Ulu öndərin verdiyi hər bir tapşırığı ciddi nəzarətdə saxlaması, tələbkarlığı hələ o illərdə məmurları daim səylə işləməyə sövq edir, onların məsuliyyətini artırırdı.

Azərbaycan dövlətinin ideoloji-siyasi və iqtisadi əsaslarını yaratmış ulu öndər 1982-ci ildən sonra fəaliyyətini SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə davam etdirməli olsa da, qanı, bütün qəlbi ilə bağlı olduğu respublikanı unutmadı. 1982-1987-ci illərdə respublikamızın sosial-iqtisadi, mədəni inkişafı üçün əlindən gələni əsirgəmədi. Milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq, yüksək siyasi iradə nümayiş etdirdi, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini ortaya qoydu.

1990-cı ilin qanlı yanvarı göstərdi ki, Heydər Əliyevin məkrli hücumlar üçün hədəf seçilməsinin əsas səbəbi nəticə etibarilə Azərbaycanı sarsıtmaq, xalqımızın başına faciələr gətirməkdir. İmperiyanın bu qanlı əməlinə etiraz bildirmək üçün ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev daxilən milli ideallara bağlı şəxsiyyət olduğunu təsdiqlədi. Bu faciədən sonra Heydər Əliyevin Vətənə qayıtmasına imkan vermir, onun müdafiəsinə qalxanları dərhal təqib və təzyiqlərlə üz-üzə qoyurdular. Lakin onu heç nə qorxutmadı, bütün maneələri dəf edərək, Vətənə, Azərbaycana döndü, dünyaya göz açdığı məkana, qədim Naxçıvan torpağına qayıtdı.

Məhz həmin dövrdə Azərbaycanın başqa bölgələrindən fərqli olaraq Naxçıvan Muxtar Respublikası daha çətin, ağır və acınacaqlı vəziyyətdə yaşayırdı. Muxtar respublika demək olar ki, Azərbaycan rəhbərliyi tərəfindən tamamilə unudulmuş, hər an itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu tarixi şəxsiyyətin Naxçıvana gəlişi blokada şəraitində yaşayan, dözülməz problemləri ilə yalqız qalan naxçıvanlılara ilahi bir ruh gətirdi. Ümidsizliyə qapılmış insanların ürəyində ümid çırağı yanmağa başladı. 1990-cı ildə keçirilən seçkilər zamanı naxçıvanlılar Heydər Əliyevi Azərbaycan Ali Sovetinə, həmçinin muxtar respublikanın Ali Məclisinə deputat seçdilər. Ulu öndərin səyi nəticəsində hələ 1991-ci il noyabrın 17-də Naxçıvan Ali Məclisinin yekdil qərarına əsasən müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ilk dəfə muxtar respublikanın rəsmi bayrağı kimi qəbul edildi. Naxçıvan Muxtar Respublikası İttifaqın qalıb-qalmaması barədə səsvermə prosesində iştirakdan imtina edən yeganə diyar oldu. Naxçıvan Muxtar Respublikası referendumda “Yeni İttifaq müqaviləsi”nə cəsarət və qətiyyətlə “Yox!” - dedi. Sovet qoşun hissələrinin muxtar respublikadan çıxarılması, 20 Yanvar faciəsinə həqiqi-siyasi qiymətin verilməsi də Heydər Əliyevin xidmətləri idi.

Heydər Əliyevin tərcümeyi-halı hər zaman Azərbaycan tarixi ilə eyniyyət təşkil edib. Onlar ayrılmaz bir bütövdür. Bu gün tam əminliklə - birmənalı olaraq demək olar ki, vətənimiz Azərbaycanı çox vaxt məhz Heydər Əliyevin sayəsində də tanıyıblar. Bu barədə danışarkən, heç də 1969-1987, yaxud 1993-cü ildən sonrakı dövrləri xatırlatmıram. Bu proses hətta Heydər Əliyev böyük repressiyalara məruz qalarkən, təqaüdçü statusunda olarkən də belə idi. Bu fikri əsaslandırmaq üçün saysız-hesabsız fakt söyləmək mümkündür. Sadəcə, ikisini xatırladıram.

1990-cı ilin 30 mart-16 aprel tarixlərində Türkiyənin mədəniyyət naziri Namiq Kamal Zeybəkin dəvəti ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri kimi qardaş ölkədə səfərdə oldum. 9 vilayətdə görüşlər keçirdik, iki nazir istisna olmaqla bütün hökumət üzvlərinin qəbulunda olduq. Səfərin nəticəsi kimi imzaladığımız müqavilə isə yalnız Türkiyə ilə muxtar respublika arasında deyil, həm də bütünlüklə Azərbaycanı əhatə edən və mədəniyyətdən təhsilə, elmdən səhiyyəyə qədər bir çox sahəni əks etdirirdi. Bu müqavilənin məntiqi davamı kimi 1991-ci ilin may ayında Türkiyənin Ağ dəniz sahillərini əhatə edən vilayətlərdə mədəniyyət kollektivimizlə səfərdə olduq. Səfərdən öncə Heydər Əliyevlə görüşdüm (hələ müxtar respublika Ali Məclisinin sədri deyildi) və ona səfər barədə məlumat verdim. Söhbət əsnasında Heydər Əliyev dedi: “Fəttah, Türkiyədəki siyasi prosesləri diqqətlə izləyirəm. Orada indi ən fəal Süleyman Dəmirəldir. Onu yaxşı tanıyıram, özü də 60-70-ci illərdən. Bakıda səfərdə də olub. Yaxşı da münasibət qurmuşduq. Dəyərli adamdır”.

Beləliklə, Türkiyəyə səfərə getdik. 16-17 may tarixlərində Dənizli şəhərində olduq. Bu vaxt Türkiyədə parlament seçkiləri kampaniyasının qızğın vaxtı idi. Eşitdik ki, Doğru Yol Partiyasının sədri Süleyman Dəmirəl şəhərdə təbliğat mitinqi keçirdir, mən də ora getdim. Mitinqdən sonra Süleyman Dəmirəllə görüşdüm. Ayaqüstü söhbət əsnasında, “Süleyman bəy, Heydər Əliyevin Sizə salamları var” - dedim. Üzünə sevinc gəldi: “Heydər bəy Naxçıvandadır? O çox böyük kişidir, dəyərli insandır, qiymətli insandır. Ondan xalq olaraq müğayat olun, onun qayğısına qalın, onun qədrini bilin. Ona böyük salamlarımı çatdırın, inşallah onunla görüşmək istərdim”.

Bir müddət keçdi, parlament seçkilərində Süleyman Dəmirəlin partiyası qalib gəldi və o, Türkiyənin baş naziri seçildi. İl yarım sonra isə Türkiyənin Prezidenti oldu. O dövrdə Naxçıvana hərtərəfli dəstəyini göstərdi və Heydər Əliyevi şəxsi dəvəti ilə Türkiyəyə çağırdı, böyük qəbul təşkil etdi. Bu görüşün nəticəsi kimi, ümumiyyətlə Azərbaycan-Türkiyə münasibətlərinin sağlam təməli qoyuldu, “Bir millət-iki dövlət” məramının gekrçəkləşməsi üçün zəmin yaradıldı. Bu səmimi bünövrə üzərində bu gün də Azərbaycan-Türkiyə münasibətləri inkişaf edir, daim möhkəmlənir.

1992-ci ildə İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani şəxsi təyyarəsini Naxçıvana göndərərək, Heydər Əliyevi Tehrana rəsmi səfərə dəvət etdi. Olduqca məhsuldar, səmərəli danışıqlar oldu. Bu gün tam əminliklə deyə bilərik ki, məhz o görüş nəticəsində də Azərbaycan-İran münasibətləri ümumiyyətlə quruldu, gərginlik aradan qaldırıldı və bu sağlam əməkdaşlıq indi də qətiyyətlə davam etdirilir, iki dövlətin əlaqələri gündən-günə inkişafdadır.

Həmin görüşün hafizəmdə qalan ən duyğulu məqamı isə İranın ali dini rəhbəri Seyid Əli Xamneyi ilə Heydər Əliyevin görüşü oldu. Xamneyi dünyanın ən böyük azərbaycanlısına xitabən dedi: “Heydər bəy, Siz elə-belə, adi adam, siyasətçi deyilsiz. Biz Sizi çoxdan tanyırıq. Siz hələ Moskvada işləyəndə fəaliyyətinizi bilirdik, daim izləyirdik. Fəxr edirdik ki, bir müsəlman övladı, bir türk oğlu o qüdrətli dövlətin rəhbərliyindədir, orda böyük nüfuz sahibidir. Siz böyük adamsız, böyük siyasətçisiz və bunu hamı bilir”.

Bəli, Heydər Əliyev dünyanın hər yerində yüksək qiymətləndirlilən böyük insan idi!

Və nə yaxşı ki, bu gün Heydər Əliyev siyasətini layiqincə davam etdirən, Azərbaycan tarixinin ən möhtəşəm dövrünün yaradıcısı olan möhtərəm İlham Əliyev də dünyanın hər yerindən görünən liderdir, dövlət başçısıdır!

1993-cü ilin əvvəllərində AXC-Müsavat hakimiyyətinin apardığı siyasət Azərbaycanı böyük uçurumla üzləşdirmişdi. Bu cür “münbit” şəraitdən istifadə edən bəzi separatçı qüvvələr ölkəni parçalamaq üçün çirkin oyunlara qoşularaq xarici düşmən qüvvələrin səyləri ilə antidövlət siyasəti həyata keçirirdilər. Cənubda “Talış Muğan respublikası”, şimalda Sadval təşkilatı, Gəncədə Sürət Hüseynovun pozucu qüvvələrinin açıq-aşkar dövlətlə hesablaşmaması - bunlar hamısı ölkəni fəlakətə sürükləyirdi. Vətəndaş müharibəsinin qığılcımları alova çevrilirdi. Nəticədə 1993-cü ilin iyun ayında Azərbaycanda dövlət idarəolunmaz vəziyyətə gəlib çıxdı. Gəncə hadisələri respublikanın həyatında gedən dağıdıcı proseslərin kulminasiya nöqtəsi oldu. Respublikanın “olum və ya ölüm” dilemması qarşısında qaldığı bir şəraitdə çıxılmaz vəziyyətdə olan o vaxtkı “rəhbərlər” Naxçıvana üz tutdular. Naxçıvan MR-in Ali Məclisinin Sədri Heydər Əliyevə Bakıya gəlməsi üçün dəfələrlə müraciət edərək, Naxçıvana təyyarə göndərdilər. Ulu öndərin Bakıya gəlişini bütün respublika həyəcanla gözləyirdi. Nəhayət, iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Xalqın iradəsinin qələbəsi olan bu hadisə 15 iyun - Milli Qurtuluş Günü kimi yaddaşlara həkk olundu. Beləliklə, Azərbaycan xalqı öz taleyini təcrübəli, vətənini və xalqını sevən, onun arzu və istəkləri ilə yaşayan bir liderə - Heydər Əliyevə etibar etdi.

Ulu öndər Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri - torpaq islahatı, xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçildi. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanırdı. Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi də ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.

Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlərdə - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan vermədi.

Ulu öndər çıxışlarında xüsusi vurğulayırdı ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini aktual problemlərdən birinə çevirib. Heydər Əliyevin Vətənə, xalqa, milli irs və ənənələrə bağlılığı bu təhdidlərin önündə əzəmətli sipərə çevrildi, bütövlükdə xalqın milli özünəməxsusluğunu qorudu. Bu dahi insan Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmaqla yanaşı, onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəmədi.

Ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı böyük xidmətlərindən biri də onun özündən sonra layiqli siyasi davamçı yetişdirməsidir. Bu mənada, Azərbaycanın taleyində yeni epoxanın başlanğıcına çevrilmiş 2003-cü ilin 15 oktyabr seçkiləri cəmiyyətin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşdiyinin təsdiqi oldu. Respublikanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsinin əsasını qoymuş bu seçkilər, eyni zamanda, xalqın strateji seçiminin alternativsizliyini və dəyişməzliyini sübuta yetirdi. Xalqımız təkamülə əsaslanan demokratik inkişaf tərəfdarı olduğunu, konkret planlara malik çevik, işlək və monolit komandaya güvəndiyini bir daha nümayiş etdirdi.

Siyasi liderin fəaliyyətinin istər daxildə, istərsə də ölkə hüdudlarından kənarda qiymətləndirilməsi zamanı ən obyektiv istinad yeri onun gördüyü işlərdir. İlham Əliyevin bəyan etdiyi kimi, son illərdə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən illər, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqlarının kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin artıq yekunlaşması, Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində TANAP, TAP kimi layihələrin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Ötən dövrün uğurlarını təmin edən mühüm amillər sırasında konkret dövr üçün həyata keçiriləcək tədbirləri özündə ehtiva edən regional inkişaf proqramlarının hazırlanmasını və icrasını da xüsusi qeyd etmək istərdik. Elə Milli Məclisdə təmsil etdiyim Qəbələ rayonunun timsalında bu proqramların necə uğurla reallaşdırıldığını əminliklə deyə bilərəm. Tarixi şəhər indi qədimliklə müasirliyin ən parlaq cizgilərini özündə dolğun təcəssüm etdirir, ikinci gənclik dövrünü, möhtəşəm inkişaf mərhələsini yaşayır. Qəbələ qələbənin rəmzinə çevrilib. Möhtərəm Prezident İlham Əliyevin bildirdiyi kimi, “Qədim yaşayış yurdu olan Qəbələnin tarixi şöhrəti bu gün özünə qaytarılıb”.

Yüksək zövq və müasir arxitektura əsasında inşa edilən bir-birindən gözəl binalar, hotellər, istirahət və turizm mərkəzləri, iri istehsal müəssisələri Qəbələni nəinki regionun, bütövlükdə Avropanın perspektivli, böyük gələcəyi olan şəhərlərindən birinə çevirib. Rayondakı tərəqqi və yüksəlişi sözün qüdrəti ilə tam canlandırmaq çətindir. Rayon son illərdə tanınmaz dərəcədə müasirləşərək paytaxt Bakı ilə ayaqlaşmağı bacarıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı ilə rayonda abadlıq-quruculuq işləri müasir tələblər əsasında, yüksək səviyyədə aparılır. Qədim diyarın son illərdə Azərbaycanın heyrətamiz inkişaf və müasirliyinin simvoluna çevrildiyini aydın görmək olur.

İstər iqtisadi, istərsə siyasi, istərsə də demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı sahəsində əldə olunan uğurlar Azərbaycanın xarici siyasətdə də mühüm diplomatik uğurlara imza atmasına imkan yaradır. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yürüdən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanır, habelə beynəlxalq təşkilatlarda layiqli təmsil olunur. Yalnız bir neçə faktı sadalamaqla Azərbaycan diplomatiyasının son illərdəki uğurları barədə dolğun mənzərə yaratmaq istərdik: Azərbaycan son illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, bu quruma rəhbərlik edib; AŞ PA Nazirlər Komitəsinə sədrlik edib; Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının - Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılıb; türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub...

Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun “diplomatik paytaxtı”na çevrilib. Təkcə deputatı olduğum Qəbələ rayonunda keçirilən beynəlxalq sammitlərin, toplantıların, konfransların sayı isə bəzi qonşu dövlətlərdə keçirilən analoji tədbirlərdən çoxdur.

Son vaxtlar Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə bir səviyyəyə çatmışdır ki, biz artıq Şərq və Qərb sivilizasiyası arasında körpü rolunu oynamırıq. Biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla, multikulturalizm məkanına çevrilmişik. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyil. Ölkə rəhbərinin qeyd etdiyi kimi, bu mənəvi dəyərlər artıq dünya birliyində açıq etiraf edilir və “Bakı prosesi” adı ilə tanınır. “Bakı prosesi” Avropa Şurası mədəniyyət nazirlərinin toplantısının İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin iştirakı ilə başlanması nəticəsində meydana çıxıb. Beynəlxalq Bakı Forumu Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş mükəmməl təcrübəni əks etdirməklə yanaşı, həm də ölkəmizi Qərblə Şərqin uğurlu harmoniyası kimi təsbit edir.

Başqa sözlə desək, Azərbaycan müstəqillik illərindəki yüksək iqtisadi, siyasi, hüquqi və mədəni inkişafı ilə ona “geridə qalmış Şərq ölkəsi” yarlığını yapışdırmaq istəyən qüvvələrin məkrli niyyətlərini hər zaman puça çıxarıb, sivil Avropa dəyərlərinə sadiqliyini sübuta yetirib. Fəqət, respublikamızın regionda müstəqil siyasət yeritməsi, əsas söz sahiblərindən birinə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində aparıcı ölkələrdən olması, qlobal böhrana sinə gərməsi bu geosiyasi məkanda müəyyən dairələri, o cümlədən bəzi dövlətləri bərk narahat edir. Onlar ərazi və əhali baxımından nisbətən kiçik olan Azərbaycanın Avropa məkanında yeni iqtisadi və siyasi gücə çevrilməsini, inkişaf etmiş ölkələrlə bir cərgədə dayanmaq iddiasını “həzm edə” bilmirlər.

Doğrudur, respublikamızın uğurları ilə barışmayan qüvvələr hər zaman olub. Hələ ötən əsrin 70-ci illərində biz erməni şovinistlərinin təsiri altında olan “antiazərbaycançı” şəbəkənin respublikamıza qarşı hücumlarını müşahidə edirdik. Heydər Əliyevin və onun simasında Azərbaycanın yüksəlişini həzm edə bilməyən həmin qüvvələr Kreml dəhlizlərindən Bakının intriqa və xəbislik kluarlarına qədər uzanırdı. Yəni, respublika xaricindəki düşmənlərimizin buyuruqçuları öz “həmvətənlərimiz” - donosbazlar, yalançı şahidlər, avantüristlər olurdular.

Aradan uzun illər keçsə də, biz eyni prosesin şahidləriyik. Bu dəfə “antiazərbaycançı şəbəkə”nin əhatə dairəsi daha geniş olsa da, onların “buyuruq qulları” yenə də “sapı özümüzdən olan baltalardır”. Əgər “antiazərbaycançı şəbəkə”nin məqsədi Azərbaycanı müstəmləkəyə çevirib, onun təbii sərvətlərinə sahib çıxmaq, ölkəmizi “for-post”a çevirməkdirsə, dünya ermənilərinin məqsədi Qarabağı Ermənistana birləşdirmək, “böyük Ermənistan” avantüralarını gersəkləşdirməkdir. Regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq imkanlarını itirmələri ilə barışa bilməyən müəyyən əcnəbi qurum və təşkilatlar “demokratiya bayrağı” altında ənənəvi spekulyasiyalarından əl çəkmək istəmirlər. Müstəqil Azərbaycan dövləti müəyyən ədalətsiz təsirləri, təzyiq cəhdlərini daim öz üzərində hiss etsə də, onları əzmlə neytrallaşdırıb, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində, təkamül nəticəsində mümkünlüyünü öz təcrübəsində sübuta yetirib.

Bu gün həmin inkarçı, qərəzli xarici dairələrin, habelə daxildəki antimilli qüvvələrin qarşısında güclü və müstəqil Azərbaycan dövləti, qətiyyətli İlham Əliyev şəxsiyyəti dayanır!

Prezident İlham Əliyevin bu fikirləri isə müstəqil Azərbaycanın manifestidir: “Heç kim bizimlə diktat dili ilə danışa bilməz... Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik”.

Dövlət başçısının bu inamlı mövqeyi, ilk növbədə, xalqın səmimi dəstəyinə, “xalq-iqtidar birliyi”nə əsaslanır. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin qətiyyətli və müdrik siyasətini bütün sahələrdə uğurla davam etdirərək Azərbaycanın dinamik inkişafı, xalqın maddi rifahının yaxşılaşması, ölkəmizin milli maraq və mənafeyinin beynəlxalq miqyasda layiqincə qorunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir.

Bir sözlə, Heydər Əliyev ideyalarından güc alan bu siyasətin əsasında hər bir azərbaycanlının mənafeyi, rifahı, mənəvi yüksəlişi və firavanlığı dayanır.

Biz hələ bundan sonra da mümkünsüz və xəyal hesab etdiyimiz çox uğurların şahidi olacağıq!

 

Fəttah HEYDƏROV,

Milli Məclisin deputatı,

 Respublika Ağsaqqallar Şurasının sədri

Azərbaycan.-2015.- 5 may.- S. 6.