Mübarizlər yurdunda
şölələnən alov
Məşəl
Biləsuvarda alovlandı
Ölkəmizin kənd və qəsəbələrini, rayon mərkəzlərini dolaşan Birinci Avropa Oyunlarının məşəli mayın 3-də Biləsuvar rayonundan keçdi. Bu məşəllə alovlandırılan və Avropa Oyunlarının sona çatmasına qədər sönməyəcək çıraq Biləsuvar rayonunun Heydər Əliyev Mərkəzinə təntənəli surətdə təqdim edildi.
Ölkə Prezidenti cənab İlham Əliyevin qədim od məbədi Atəşgahda alovlandırdığı məşəl təkcə paytaxt və böyük şəhərlərimizə deyil, ən ucqar kəndlərimizə belə daşınır. Bu, Azərbaycanın dünyaya təqdimatı, təkcə paytaxt Bakının deyil, bütün kənd və qəsəbələrimizin, rayonlarımızın həmahəng şəkildə iqtisadi və sosial inkişafının beynəlxalq aləmə göstərilməsinə, inkişafın Azərbaycan modelinin dünyaya əyani şəkildə tanıdılmasına xidmət edir.
Prezident cənab İlham Əliyevin məşəlin ilk alovlandırma mərasimində söylədiyi sözlər məşəlin qonaq olduğu hər bir bölgəmizdə öz əyani təsdiqini tapır: “Şəxsən mən hesab edirəm ki, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərar bir neçə amillə bağlıdır. İlk növbədə, bunu idmançılarımızın uğurlu çıxışı mümkün etmişdir. Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz 15-ci yerə yüksəlmişik. Eyni zamanda Azərbaycanda gözəl gənc nəsil yetişir. Gənc idmançılarımız da bizi sevindirir. Keçən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ bilmişdir. Bu, tarixi nailiyyətdir.” Təbii ki, bu tarixi nailiyyətlərin əldə olunmasına Biləsuvar rayonundan olan idmançılar da az rol oynamamışdır.
Elə Biləsuvar rayonundakı məşəlçilər sırasında rayon sakinləri - peşəkarlar arasında kinqboks üzrə Avropa kəmərinin sahibi, beşqat dünya çempionu, Heydər Əliyev mükafatçısı, “Azərbaycan Bayrağı” ordenli Ehram Məcidov, boks üzrə ikiqat dünya çempionu Emil Məhərrəmov, karate üzrə üçqat dünya və ikiqat Avropa çempionu Azər Əhmədov, boks üzrə Azərbaycan çempionu Emil Məmmədov, rayonun və respublikanın ictimai-mədəni həyatında fəal iştirak edən Daşqın Qəmbərov, Ləman Yüzbaşova, Sərraf Hüseynov, Səbinə Hüseynzadə, Aygün Novruzova və Nuranə Əliyevanın adlarını görmək və onların bu şərəfli missiyanı həyata keçirməsinə şahidlik etmək özü böyük qürur və fəxarətdir.
Əslində öz firavan həyatı, sosial-iqtisadi inkişafı və dünyadakı nüfuzu ilə Azərbaycan və onun bütün bölgələri belə bir möhtəşəm tədbirə ev sahibliyi etmək haqqını çoxdan qazanmışdır. Ulu öndərin müəyyənləşdirdiyi düzgün strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davamı və zamanın tələbinə uyğun şəkildə inkişafı, siyasət, mədəniyyət, elm, təhsil, incəsənət, idman sahəsində qazanılan nailiyyətlər Azərbaycanı dünyanı sülhə səsləyən idman bayramına ev sahibi olmaq şərəfinə ucaltdı. Bundan öncə də ölkəmizdə keçirilən böyük idman və incəsənət müsabiqələri, dünya liderlərinin toplandığı forumlar ən yüksək səviyyədə təşkil olundu.
Azərbaycanda baş tutan hər bir beynəlxalq tədbir ölkəmizin dünyadakı nüfuzunu durmadan artırmaqdadır. Ölkəmiz təkcə enerji ehtiyatlarına görə deyil, həm də insan resursuna, intellektual potensialına görə dünyanın diqqət mərkəzinə düşə bilmişdir.
Prezident İlham Əliyevin məşəlin alovlandırma mərasimində söylədiyi “...önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan əhalisi bu qərarı böyük sevinclə və qürur hissi ilə qarşılamışdır” sözlərinin əsl həqiqət olduğuna məşəlin keçdiyi Biləsuvar rayonunun hər bir yerində şahid olmaq mümkün idi. Məşəl keçən yollarda əllərində ay-ulduzlu üçrəngli bayraqlarla dayanmış sakinlər - gənclər, uşaqlar, ahıl insanlar ölkəmizin yaşadığı bu şərəfli günlərin sevincini hər addımda büruzə verirdilər. Məşəli alqışlarla və “Azərbaycan, Azərbaycan!” deməklə qarşılayan və yola salan insanlar məşəllə bərabər uzun məsafələri qaçaraq keçirdilər. Təkcə idman deyil, həm də insanlıq, sülh və həmrəylik bayramına çevrilmiş Avropa Oyunlarının mayasına Azərbaycan insanı bu addımı və bu münasibətilə ülvi bir gözəllik qatdı və xoş bir ənənənin əsasını qoymuş oldu.
Biləsuvar rayonunda 10 məşəlçi Avropa Oyunlarının rəmzi qapısından başlayaraq 4 kilometr məsafədə yürüş etdi. Məşəli bir-birinə ötürən idmançılar və rayonun ictimai-mədəni həyatında fəal iştirak edən gənc məşəlçilər rayon sakinlərinin alqışları ilə Nizami Gəncəvi, Tofiq İsmayılov, Mübariz İbrahimov və Səməd Vurğun küçələrindən keçərək şəhərin mərkəzi meydanına gəldilər.
Kikboksinq üzrə dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, respublika Kikboksinq Federasiyasının baş məşqçisi Ehram Məcidov məşəli Heydər Əliyev meydanında qurulmuş səhnəyə qaldırdı. Burada məşəli alovlandıran Ehram Məcidov Birinci Avropa Oyunlarının çırağını yandıraraq sərbəst güləş üzrə respublika çempionu İqbal Aslanova təqdim etdi. İqbal Aslanov çırağı yarışlar başa çatana qədər rayonda saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.
İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın bu idman yarışını əsl bayrama çevirməsi və bu idman yarışı vasitəsilə dünya insanını sülhə və həmrəyliyə, humanizmə və qarşılıqlı hörmətə səsləməsi bu proqram çərçivəsində atılan hər bir addımda qabarıq şəkildə duyulmaqdadır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin yüksək təşkilatçılığı ilə keçən tədbirdə balacasından-böyüyüyünə kimi bütün rayon sakinləri sevinclə və yüksək əhvalla iştirak etdi.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim kişinin məşəlçilərə dəstəyi isə biz məşəlçilər üçün unudulmaz oldu. Ağakərim kşinin bizlərə yaxınlaşaraq sözylədiyi “Sizlər də öz nailiyyətləriniz, vətən, millət, xalq adına gənc yaşlarınızdan gördüyünüz şərəfli işlərlə daima qürur duya bilərsiniz. Mən sizin hər birinizlə, vətənimizin bu inkişafı, tərəqqisi ilə fəxr edirəm. Bu torpaq bundan əvvəl də Mübarizlər yetirib, bundan sonra da hələ çox Mübarizlər yetirəcəkdir. Azərbaycan sizinlə mötəbərdir, Azərbaycan öz Prezidenti İlham Əliyevlə mötəbərdir. Uca Allah bu ehtişamı əbədi etsin!” sözləri hər birimizin qəlbini qürurla doldurdu.
Mən bir gənc kimi dövlətimizin bu gün qazandığı uğurları, əldə etdiyi iqtisadi və hərbi gücü görəndə illər öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin söylədiyi bu sözlər yadıma düşür: “Azərbaycan dünyaya günəş kimi doğacaq!”
Bu sözlərin bu gün həqiqətə çevrildiyinə şahidlik etmək bizim kimi minlərlə gənc üçün fəxarətdir. Birinci Avropa Oyunlarının məşəli ölkəmizi kənd-kənd, şəhər-şəhər gəzərək Azərbaycanın inkişafını dünyaya göstərəcək.
Bu məşəlin təkcə Avropa Oyunlarında bizləri təmsil edəcək idmançılara deyil, bu gün düşmənlə üz-üzə dayanan əsgərlərimizə və onların dayağı olan xalqımıza, biz gənclərə daima qələbə qazandıracağına inanırıq.
Sərraf
HÜSEYNOV,
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm
və
dini məsələlər üzrə Dövlət
müşaviri xidmətinin əməkdaşı, məşəlçi
Azərbaycan.-2015.- 5 may.- S. 11.