Alov estafeti Kür sahilində
Məşəl Cəlilabad və
Səlyanda alovlandı
Ölkəmizin hər yerində olduğu kimi, Muğan şəhəri olan Salyanda da Birinci Avropa Oyunlarına hazırlıq dövründə xeyli quruculuq, abadlıq işləri görülüb. Hər tərəfdə təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Bunu şəhərin giriş qapısı sayılan Kür çayı üzərindəki körpüyə çatan kimi hiss edirsən. Hər tərəf yaşıllığa, gül-çiçəyə qərq olub. Körpünün sağ və sol kənarında quraşdırılmış elektrik dirəklərindən bayraqlar asılıb. Körpüyə qalxan yolun kənarları isə son iki ildə görkəmini tamam dəyişib. Əkilən müxtəlif növ gül kolları, dekorativ ağaclar böyüdükcə bura daha cazibədar olur. Körpünün hər iki tərəfində qoyulmuş aslan heykəlləri isə ona xüsusi görkəm verir, əzəmət gətirir.
Körpünü keçəndən sonra magistral yolun sol tərəfində geniş bir ərazidə ucaldılmış müasir, yaraşıqlı tikili görünür. Bu, Salyan Olimpiya İdman Kompleksidir. Bu müasir idman qurğusu rayon sakinlərinin, xüsusilə gənclərin ən sevimli məkanıdır. Onlar asudə vaxtlarını səmərəli və mənalı keçirmək, fiziki hazırlıqlarını möhkəmlətmək, onu sabit saxlamaq üçün bura gəlirlər. Gənc valideynlərin əksəriyyəti kiçik yaşlı uşaqlarını da özləri ilə kompleksə gətirərək onlarda idmana maraq oyadırlar. Kür sahilində yerləşən şəhərin azyaşlı, yeniyetmə sakinləri ilk növbədə buradakı hovuzda üzməyi öyrənirlər. 2008-ci ildə istifadəyə verilən idman kompleksində futbol, voleybol, üzgüçülük, güləş, ağırlıqqaldırma, boks, kikboks, cüdo, stolüstü tennis və digər bölmələr də fəaliyyət göstərir. Burada vaxtaşırı olaraq rayon və bölgələr üzrə idman yarışları keçirilir. Müxtəlif yerlərdən kompleksə gələn idmançıların gecələməsi üçün hər cür şəraiti olan mehmanxana vardır.
Olimpiya kompleksindən Salyan şəhəri istiqamətinə gedərkən yol boyu inşa edilən yeni tikililər sıralanıb. Vüqar, qürur mənbəyimiz olan bayrağımızın dalğalandığı meydan da onların sırasındadır. Meydan axşamlar daha füsunkar olur. İnsanların istirahəti üçün hər cür şəraiti olan ərazi sanki işıq selində üzür.
Salyanın idman tarixi zəngindir. 1966-cı ildə “Neftçi” futbol komandası SSRİ çempionatının bürünc medallarını qazanarkən baş məşqçi olmuş Əhməd Ələsgərov bu torpağın yetirməsidir. O, Azərbaycanın, Ukraynanın, Moldovanın və Tacikistanın əməkdar məşqçisi adına layiq görülmüş nadir mütəxəssislərdəndir. Ağırlıqqaldırma üzrə idman ustaları Rövşən Səlimov, Təvəkkül Hüseynov və onlarca başqaları rayonun idman salnaməsini zənginləşdirənlərdəndir. Keçən əsrin 60-cı illərində Salyanın voleybol komandası respublikamızın ən güclü komandalarından olmuşdur. Həmin komandanın üzvlərindən biri, uzun müddət bədən tərbiyəsi müəllimi işləyən Məzahim İsmayılov bu gün də qıvraqdır və lazım gələndə gənclərə öz tövsiyələrini verir. Salyanın futbol üzrə “Plastik” komandası isə 1970-1980-ci illərdə respublika yarışlarında fəal iştirak etmişdir.
Hazırda rayonda 197 idman qurğusu var və onlardan 4312 gənc faydalanır. Rayon idmançıları cari ilin 4 ayı ərzində Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş 20 respublika səviyyəli yarışda iştirak edərək müxtəlif idman növləri üzrə uğurlu nəticələr əldə etmiş, 5 qızıl, 8 gümüş və 11 bürünc medal qazanmışlar.
Boksçu Cavid Quliyev gənclər arasında Avropa birincisi olmuş, Aidə Baxışova cüdo üzrə gənclər arasında Azərbaycan çempionatında birinci yerə layiq görülmüş, Xudakərim Hacıyev və Mahir Babayev karate-do idman növü üzrə Azərbaycan çempionatının qalibi adını qazanmışlar. Kikboksçu İlqar Zeynallı ölkə çempionatında yeniyetmələr arasında birinci yerə çıxmışdır. Bunlardan əlavə, Uşaq Gənclər Məktəbinin yeniyetmə voleybolçulardan ibarət komandası respublika birinciliyinin, 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Salyan komandası “Sevinc” kuboku uğrunda Azərbaycan çempionatının zona yarışlarının qalibi olmuşdur.
Rayonun tanınmış idman müəllimi, veteran güləşçi Fəxrəddin İmanovun gənc idmançıların yetişməsində xüsusi rolu var. Onun yetirmələrindən 11 nəfəri sərbəst güləş və əlbəyaxa döyüş üzrə idman ustasıdır. Onların arasında dünya və Avropa birinciliyinin, digər beynəlxalq yarışların qalibləri və mükafatçıları var. Salyanlılar həm də voleybolçular Seyfulla İsmayılov və Əllan Əliyev, veteran futbolçular Kamal Şıxəliyev və Xalid Muradov, stolüstü tennis üzrə ölkə çempionu Bəhruz Səmədov, habelə digər tanınmış idmançılarla fəxr edirlər.
Artıq saat 13 radələridir.
Şəhərin girəcəyindəki meydan
qələbəlikdir. İnsan selinin arasında qoca da, qadın da, uşaq da
var. Hamı Birinci Avropa
Oyunlarının məşəlini
gözləyir. Sevinc içində
olan yerli sakinlərdən birinə
yaxınlaşırıq. Yaqut Ələsgərova Təhsil İşçiləri
Həmkarlar İttifaqı
rayon təşkilatının sədridir: “Hər bir Azərbaycan vətəndaşı kimi,
mən də bu günlər sonsuz sevinc hissi
keçirirəm. Çünki bütün Avropanın, dünyanın gözü
bizim Odlar diyarımıza dikilmişdir.
Bütün ölkələrin idman həvəskarları
Birinci Avropa Oyunlarını seyr edəcəklər. Olimpiya məşəlinin
ölkəmizdə diyarbadiyar
gəzdirilərək alovlandırılması
isə hər birimizin xatirində silinməz izlər buraxır. Xoşbəxt nəsilik ki,
bu tarixi, möhtəşəm hadisənin
şahidiyik. Bütün bunlar
respublikamızın tərəqqisinin
nəticəsidir. Ulu öndər
həmişə Salyana
böyük diqqət
yetirərdi. Bu diqqət və qayğı indi də davam edir.
Prezident İlham Əliyev keçən il Salyanın
2800 illiyi və türk xalqının görkəmli şəxsiyyəti
Əlibəy Hüseynzadənin
anadan olmasının
150 illiyi barədə
sərəncamlar imzaladı
və həmin tədbirlər böyük
təntənə ilə
qeyd edildi. Salyan son illər daha da abadlaşır, gözəlləşir, əsl
şəhər görkəmi
alır”.
Çox çəkmir, yol polisinin müşayiəti
ilə məşəli
gətirən avtomobil
karvanı görünür. Karvan orijinal
geyimdə sıraya düzülmüş idmançıların
yanında dayanır.
Açığı, bu mənzərəni
sözlə təsvir
etmək çətindir.
Gənc idmançıların hər
birinin sinəsi qürurdan qabarmışdır.
“Ura”, “Xoş
gəlmisiniz” sədaları
eşidilir. Cəlilabaddan gələnlər məşəli
veteran idmançı Rahil
İsgəndərova təqdim
edərək uğurlar
arzulayırlar. Sonra
estafet iştirakçıları
Vasif Əliyev, Məhərrəm Abuşov,
Fikrət Məlikov, Heydər Ağayev, İlqar Ağabəyov, Murad Hüseynov, Aidə Baxışova və Anar Sadıqov
məşəli şəhərin
bəzədilmiş, insan
selinə qərq olmuş küçələri
boyu daşıyaraq Heydər Əliyev meydanına gətirirlər.
Bura daha izdihamlıdır.
Nəhayət, məşəl gənclər arasında Avropa çempionu, boksçu Cavid Quliyevə təhvil verilir və o, xüsusi kasanı alovlandırır. Havaya
göyərçinlər və
şarlar buraxılır...
Salyan
Rayon Ziyalılar Birliyinin
sədri, əməkdar
müəllim Allahverdi
Piriyev sevinc və qürur hisslərini gizlədə
bilmir:
- Odlar yurdu Azərbaycan
möhtəşəm bir
tədbirə - ilk Avropa
Oyunlarına ev
sahibliyi etmək üçün cidd hazırlaşmışdır. Zəngin milli, maddi və
mənəvi dəyərlərə,
tarixi keçmişə
malik olan Azərbaycan öz müstəqilliyini bərpa
etdikdən sonra əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş dövlətçilik
siyasəti bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bizdə dövlət siyasətinin
prioritet istiqaməti olan idmana qayğı
böyükdür. Ötən ayın
26-da cənab İlham
Əliyevin Olimpiya məşəlinin “Atəşgah”dan
alovlandırması və
xüsusi proqramla onun bütün bölgələrə aparılması
və qarşılanması
mərasimləri hamıda
qürur hissi doğurur. Birinci Avropa Oyunlarının
keçirilməsi ilə
əlaqədar ölkəmiz
xarici qonaqları qarşılamaq ərəfəsindədir.
Bununla əlaqədar bütün
sahələrdə məsuliyyətli
olmalıyıq. İnanıram ki, xalqımızın qonaqpərvərliyi, Bakının
füsunkar gözəlliyi,
tarixi keçmişlə
müasirliyin vəhdəti
qonaqları valeh edəcək. Arzu edirəm
ki, tədbir uğurla başa çatsın və idmançılarımız yarışlarda
bayrağımızı yüksəklərə
qaldırsınlar”.
Birinci Avropa Oyunlarının rəmzi olan xüsusi çıraq yarışlar
bitənədək saxlanmaq
üçün əlaçı
şagird Zərxanım
Ağabəyovaya təqdim
edildi. Sonra Bakıdan gəlmiş
tanınmış incəsənət
ustalarının, rayon mədəniyyət
evinin musiqi kollektivlərinin iştirakı
ilə başlanan konsertin xoş avazı baharın ətirli havasına qatılıb ətrafa yayıldı.
Azərbaycan.-2015.-
5 may.- S.12-13.