Məşəl Neftçaladan keçdi

 

 

I Avropa Oyunlarının məşəli Kürlə Xəzərin qovşağında yerləşən bərəkətli Neftçala rayonuna gəlmişdi. Ölkəmizin cənubunda məskunlaşan bu rayon özünün geniş ərazisi, münbit torpaqları, təbii sərvətlərilə tanınır. Ötən əsrin əvvəllərindən başlayaraq burada neftin, yodbromun istehsalına başlanması Neftçalanın inkişafında çox mühüm rol oynamışdır. Xəzərdə və Kür çayında ovlanan qiymətli balıqlar, istehsal olunan qara kürü bu yerlərə diqqəti cəlb etmiş, Neftçalanı, Bankə qəsəbəsini nəinki Avropaya, hətta Amerika, AfrikaAsiya ölkələrinə tanıtmışdır.

Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü nəticəsində müstəqil rayon kimi yenidən fəaliyyətə başlayan Neftçala özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, illəri uğurlu göstəricilərlə yola salmağa başlamışdır. Son illər isə bu inkişaf xüsusilə dinamikdir. Azərbaycanda başlanan genişmiqyaslı quruculuq işləri Neftçalanın da inkişafına, müasirləşməsinə öz müsbət təsirini göstərir. Burada inşa olunan Heydər Əliyev Mərkəzi, icra hakimiyyətinin yeni inzibati binası, Kür çayının sahilində salınan bulvar, Bayraq Meydanı, tamamilə yenidən qurulan Heydər Əliyev prospekti, çəkilən yollar, tikilən, yenidən qurulan məktəblər, xəstəxanalar, uşaq tərbiyə müəssisələri, salınan yeni parklar, yaşıllıqlar və digər abadlıq işləri rayonun görkəmini günbəgün dəyişir.

Regionların sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramına uyğun olaraq, rayonun qazlaşdırılmasının sürətlə davam etdirilməsi, burada sənaye məhəlləsinin yaradılması, çoxlu sayda yaşayış məntəqələrini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı, Neftçala-Salyan yollarının tikintiləri ilə bağlı hazırlanan layihələr və nəzərdə tutulan digər işlər Neftçalanın daha xoş sabahından xəbər verir.

Neftçalada idmanın inkişafı da diqqət mərkəzindədir. Yerli gənclər təkcə respublika birinciliklərində deyil, Avropadünya miqyaslı yarışlarda da uğurla çıxış edərək qələbələr qazanırlar. Boks üzrə iki dəfə dünya sempionu Mirəli Mirələkbərov, Avropa çempionu Elnar Şəfiyev Azərbaycanın idman tarixində layiqli yer tuturlar. Son vaxtlar Neftçala şəhərində, Bankə qəsəbəsində və digər yaşayış məntəqələrində yeni qurğuların istifadəyə verilməsi idmanın kütləviləşməsinə müsbət təsir edir. Tikilməkdə olan Olimpiya İdman Kompleksinin inşası başa çatdıqdan sonra isə inkişaf daha da sürətlənəcək.

Ayrı-ayrı şəhərlərdən keçərək mayın 4-də Salyandan Neftçalaya daxil olan məşəl özü ilə bir dünya sevinc gətirmişdi. Bunun üçün rayonda böyük hazırlıq işləri görülmüşdü. Genişmiqyaslı təşkilati tədbirlər görülmüş, hər tərəfdə təmizlik, səliqə-sahman yaradılmışdır. İnsanlar bu tədbirlərdə böyük fəallıqla, sevgi ilə iştirak etmişlər.

Günəşli bir yaz günündə minlərlə neftçalalı bu böyük sevinci yaşamaq, proqrama daxil olan tədbirləri izləmək üçün Heydər Əliyev prospekti boyunca düzülmüşdü. Çöhrələrdə böyük fərəh hissi vardı. Hamı intizarla məşəlin rayona daxil olacağı dəqiqələri gözləyirdi.

Nəhayət, səbirsizliklə gözlənilən an gəlib çatdı. “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlini gətirən avtomobil Neftçala şəhərinin giriş qapısına yaxınlaşdı. Burada, sözün əsl mənasında, bayram əhvali-ruhiyyəsi vardı. Prospekt boyunca düzülən minlərlə insanın “Ura” sədaları ətrafa yayıldı. Onların alqışları altında məşəli qəbul edən Qarabağ əlili, mədəniyyət işçisi Ceyhun Mehdiyev yoldaşları ilə birlikdə prospekt istiqamətində irəliləməyə başladı. Prospektin hər iki tərəfi insan selinə bürünmüşdü.

Tədbir iştirakçılarının sevinci yerə-göyə sığmırdı. Yaşından, peşəsindən, tutduğu mövqeyindən asılı olmayaraq hamı bu gözəl tədbirlə bağlı öz ürək sözlərini bildirmək, fərəhini minlərin, milyonların fərəhinə qatmaq istəyirdi. Böyük Vətən müharibəsinin odundan-alovundan keçmiş 92 yaşlı Əlixan Əliyev sevincini belə ifadə etdi:

- Faşizm üzərində Qələbənin 70 illik yubileyi ərəfəsində belə möhtəşəm tədbirin iştirakçısı olmaq biz veteranlar üçün xüsusilə xoşdur. Ölkəmizin bugünkü uğurları, növrağı qəlbimizi dağa döndərir. Doğma Neftçalamız da xeyli dərəcədə dəyişərək gözəlləşib. Son illər burada çox işlər görülüb. Möhtərəm Prezident İlham Əliyevin qayğı və diqqəti olmasaydı, yəqin ki, belə genişmiqyaslı quruculuq işlərinin şahidi ola bilməzdik. Çox təəssüf ki, uğurlarımıza qara yaxanlar da var. Amma nahaq yerə. Böyük çətinliklərdən uğurla çıxan Azərbaycan belələrinə də layiqli dərsini verəcək. Başlanğıcını təntənə ilə, şadyanalıqla qeyd etdiyimiz Birinci Avropa Oyunları elə təntənə ilə, layiqli qələbələrlə başa çatacaq, ölkəmizin gücü, qüdrəti bir daha əyani şəkildə bütün dünyaya nümayiş olunacaq. Biz buna əminik.

Prospekt boyunca hərəkət edən idmançılar məşəli bir-birilərinə ötürməklə nəzərdə tutulmuş 4 min metrlik məsafəni başa vuraraq Kür çayının sahilindəki Bayraq Meydanına çatdılar. Bu böyük ərazidə insanlar xüsusilə çox idi. 10 mini ötən izdiham dəniz kimi dalğalanırdı. Veteran idmançı Dilavər Yaqubov ilk Avropa Oyunları boyunca Neftçalada alovlanacaq məşəli və çırağı yandırdı. Alqış sədaları yenidən ətrafı bürüdü.

Tədbir yeni-yeni proqramlarla, məqamlarla daha da zənginləşir, şirinləşirdi. Musiqi sədaları pərdə-pərdə ətrafa yayılırdı. Vətəni, xalqı, ulu öndəri tərənnüm edən nəğmələr bir-birini əvəz etdikcə çöhrələrdəki sevinc də artırdı. Bu, qələbədən doğan sevinc idi, müstəqil ölkəmizin növbəti zəfərinin sevinci, fərəhi idi.

Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də çoxlu sayda qonağın iştirakı ilə “Atəşgah” məbədində I Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxın nümayişi tamaşaçılara yenidən aprelin 26-nın böyük sevincini yaşatdı, ürəkləri qürur hissi ilə doldurdu. Neftçalalılar rayonun tarixinə qızıl hərflərlə yazılan bu əlamətdar günü yəqin ki, heç vaxt unutmayacaqlar.

 

Rizvan HİLALOĞLU,

Seyran CAVADOV,

Azərbaycan.-2015.- 5 may.- S.13.