Aniş Kapurun əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş olunur

 

Böyük Britaniyada yaşayıb fəaliyyət göstərən məşhur heykəltəraş Aniş Kapurun əsəri mayın 4-dən Bakıda, Heydər Əliyev Mərkəzində sərgilənir. Müəllifin 2013-cü ildə yaratdığı “Parabolik bükülmə” (Parabolic Twist) Mərkəzin daimi ekspozisiyasında yer alıb.

Əsər güzgü effekti ilə ətraf aləmi özündə cəmləşdirir. “Mənim bir çox əsərlərim izləyici nəzərə alınaraq yaradılıb və bu əsərlər onlara qarşı laqeyd deyil. İzləyici mənim əsərlərimin ayrılmaz tərkib hissəsidir”, - deyə Aniş Kapur bildirir. Bu əsər öz konsepsiya və fəlsəfəsi - şəffaf rəngi, insanlara yaxın olması ilə Heydər Əliyev Mərkəzi ilə həm də bir vəhdət təşkil edir.

“Parabolik bükülmə” əsəri 2013-cü ildə ABŞ-ın “Complex” jurnalının “Selfie üçün ən gözəl incəsənət əsərləri” siyahısında 15 incəsənət nümunəsi sırasında 6-cı yerdə qərarlaşıb. Bu siyahıda birinci yeri də Aniş Kapurun Çikaqoda açıq səma altında sərgilənən “Bulud qapı” əsəri tutub.

1954-cü ildə Hindistanda doğulan Aniş Kapur 1972-ci ildən Böyük Britaniyaya köçüb və 43 ildir burada fəaliyyət göstərir. 1980-ci illərdə o, “Britaniyanın yeni heykəltəraşları” qrupunun üzvü kimi tanınıb. Aniş Kapurun əsərləri sadəliyi, əyri xətləri və parlaq rəngləri ilə seçilir. Hazırda onun əksər əsərlərində ətrafdakıları və izləyicini özündə əks etdirən güzgü effekti var.

Heykəltəraş 35 metrlik “Taratantara” əsəri, Çikaqoda “Millenium” parkında nümayiş olunan 110 tonluq “Bulud qapı” (Cloud Gate) əsəri, Nottinqem şəhərində (Böyük Britaniya) və Nyu-Yorkda Rokfeller Mərkəzində təqdim edilən “Səmanın güzgüsü”, Britaniya monumental incəsənətində öz izini qoyan və London Olimpiya oyunlarında ən məşhur attraksionlardan biri hesab olunan 115 metrlik qüllə və başqa əsərləri ilə tanınır. Kapurun əsərləri dünyanın bir sıra muzey və sərgi zallarında, o cümlədən Nyu-Yorkun Müasir İncəsənət Muzeyində, İtaliya, Fransa, Almaniya, Yaponiya, Niderland, Türkiyə və digər ölkələrdə nümayiş olunub.

Aniş Kapur 1990-cı ildə Böyük Britaniyanı Venesiya Biennalesində təmsil edib. Müasir incəsənət sahəsində mötəbər Törner mükafatının (The Turner Prize) laureatı olan Aniş Kapur Böyük Britaniya Kral Akademiyasının üzvüdür.

 

Azərbaycan.-2015.- 5 may.- S.16.