Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “İnturist”
otelinin açılışında iştirak edib
Mayın 5-də Bakıda “İnturist” otelinin açılışı
olub.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva “İnturist” otelinin açılışında iştirak
ediblər.
Dövlətimizin başçısı otelin
rəmzi açılışını
bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, beşulduzlu bu otel “Absheron
Hotel Group”a aiddir. Yeni otel vaxtilə
Bakıdakı “İnturist”
mehmanxanasının arxitektura
üslubunda inşa edilib. Bu mehmanxana
nəinki Azərbaycanda,
eləcə də keçmiş SSRİ-də
çox məşhur
idi. 1934-cü ildə
istifadəyə verilən
keçmiş “İnturist”
mehmanxanası fəaliyyət
göstərdiyi 70 il ərazində Bakının ən sevilən məkanı olub. Yeni otel köhnə
“İnturist” barədə
xatirələri yaşatmaqla
bərabər, nadir memarlıq
quruluşu ilə diqqəti cəlb edir. Beşmərtəbəli binada 150 standart
və suit nömrə
var. Otaqların hamısı
müasirliyi və rahatlığı ilə
seçilir. Otelin özəlliyini
artıran cəhətlərdən
biri də otaqların eyvanlarından
Xəzər dənizinə
və sahilboyu Bakı bulvarına açılan mənzərədir.
Otaqların hamısı sürətli
internet, havalandırma və
digər zəruri sistemlərlə təchiz
olunub.
Oteldə
SPA, kitabxana, iclas zalı, restoran da var. Terrasından dənizə gözəl mənzərə açılan
restoranda dünya mətbəxinin təamları
təqdim ediləcək.
Buradakı şərait Bakının
keçmiş əfsanəvi
“İnturist” mehmanxanasının
ab-havasını xatirələrdə
canlandırır. Yeni “İnturist”
fərqli və nadir mühiti ilə Bakının otel biznesində özünə
layiqli yer tutacaq.
Qeyd edək
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata
keçirilən məqsədyönlü
siyasət nəticəsində
son illər digər sahələrdə olduğu
kimi, turizmin, o cümlədən müasir
otel sisteminin inkişafı istiqamətində
mühüm nailiyyətlər
əldə edilib. Təsadüfi deyil ki, Azərbaycanda
yaradılan müasir otel idarəçiliyi və bu sahənin
inkişafı ölkəmizdə
beynəlxalq səviyyəli
bir çox mehmanxana brendlərinin açılması ilə
nəticələnib. Son
illərdə ölkənin
sosial-iqtisadi inkişafı
sayəsində yaradılan
müasir turizm infrastrukturunda yeni “İnturist” otelinin də xüsusi rolu olacaq. Azərbaycandakı sabitlik, ölkəmizin
qədim tarixi, zəngin mədəniyyəti,
incəsənəti, mətbəxi
və ən əsası qonaqpərvərliyimiz
dünyada böyük
maraqla qarşılanır.
Bunu son illərdə ölkəmizə
gələn turistlərin
sayındakı artım
da göstərir.
Ölkəyə turistlərin cəlb
olunmasında, əlbəttə
ki, müasir otellərin yaradılmasının
rolu böyükdür.
Belə müasir otelin bütün dünyanın diqqət mərkəzində olan
“Bakı-2015” ilk Avropa Oyunları
ərəfəsində istifadəyə
verilməsi bu Oyunlarla bağlı ölkəmizə gələn
turistlərin rahatlığını
təmin etmək baxımından da müstəsna əhəmiyyətə
malikdir. Bu cür
infrastruktur layihələrinin
icrası Bakının
turizm potensialını
artırmaqla yanaşı,
paytaxtın müasir simasının yaradılması
işinə də öz töhfəsini verir.
Otellə tanışlıqdan sonra dövlətimizin başçısı
kollektivlə görüşdü.
Mehmanxananın kollektivini salamlayan
Prezident İlham
ƏLİYEV dedi:
- Sabahınız xeyr. Bu gün şəhərimizin
həyatında çox
əlamətdar bir gündür. Yeni gözəl
mehmanxana açılır.
Bu hadisə münasibətilə
sizi ürəkdən
təbrik edirəm.
“İnturist” mehmanxanasının
açılışı, doğrudan da tarixi hadisədir. Bildiyiniz kimi, vaxtilə Azərbaycanda, Bakıda “İnturist” mehmanxanası olub. Səksən il bundan
əvvəl tikilmişdi.
Əfsuslar olsun ki, sonra söküldü və onun yerində
indi başqa bina tikilib.
Ancaq “İnturist”
mehmanxanası yaşlı nəslin xatirəsində həmişə
yaşayırdı. Ona görə, çox şadam ki, belə bir qərar qəbul
olundu və bu tarixi ədalət bərpa edildi.
Gözəl yer seçilib.
Əvvəlki “İnturist”
mehmanxanasının yeri də buradan bir o
qədər də uzaqda deyil.
Amma bu yer
də çox gözəldir. Çox gözəl mənzərə
açılır. Bir daha demək istəyirəm ki, “İnturist” bundan sonra da
yaşayacaqdır. Bu, doğrudan da təqdirəlayiq hadisədir.
Biz öz tariximizə
çox bağlıyıq,
tarixi irsimizə sadiqik və çalışırıq ki,
həmişə tarixi
ədaləti bərpa
edək.
Eyni zamanda, onu da deməliyəm
ki, bu mehmanxana
ən yüksək standartlara cavab verir. Çox gözəl şərait
yaradılıb. Adam burada
özünü sanki öz evindəki kimi hiss edir. Xüsusilə burada gözəl
ab-hava var. Əminəm
ki, yüksək xidmət də göstəriləcək və
qonaqlar burada özlərini çox rahat hiss edəcəklər.
Son vaxtlar Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Kadr hazırlığı da lazımi səviyyədədir. Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda çoxsaylı otellər tikilmişdir. Bu gün bütün müasir və ən qabaqcıl otellərin brendləri Bakıda vardır. Son 2-3 il ərzində görün nə qədər gözəl otellər tikilib. “Four Seasons”, “Fairmont”, “Mariott”, “Kempinski”, “Jumeirah”, “Hilton”, “Sheraton”, - bunlardan əvvəl “Hyatt” var idi, - indi də “İnturist” oteli. “İnturist” mehmanxanasının da bu otellər sırasında öz yeri var. Əminəm ki, gələcəkdə bu proses davam edəcək. Çünki yaxın gələcəkdə yeni “Ağ şəhər” bulvarında “Bulvar” oteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb. “Ağ şəhər” bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək. Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə qədər sürətlə inkişaf edir. Bakıya gələn bütün qonaqlar bunu görür və qeyd edirlər.
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və mənim üçün ən gözəl şəhərdir. Çünki Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir. Son vaxtlar o qədər ictimai yerlər açılıb ki, indi bu ictimai yerlərdə istirahət edə biləcək insanların sayı bəlkə də milyonlarla ölçülür. Bakı bulvarının dünyada analoqu yoxdur. Uzunluğu 16 kilometr olan bu bulvarda rahat, geniş gəzinti və velosiped zolaqları var. Digər ictimai yerlər də gözəldir. Yəqin, siz də izləyirsiniz, vaxtilə zəbt edilmiş bəzi torpaq sahələrini biz indi gözəl parklara çeviririk. Yəni, ictimai yer insanlar üçündür. Bu gün Bakıda istirahət etmək, rahat dincəlmək üçün kifayət qədər geniş imkanlar var. Bu proses davam etdirilir. Bax bu otellə üzbəüz yerlər vaxtilə sənaye zonası idi və dəniz görünmürdü. Burada gəmi təmiri zavodu, ondan sonra hərbi dəniz qüvvələrinə məxsus zavodlar yerləşirdi. Onların hamısı köçürüldü və bu gözəl yerlər artıq insanların sərəncamına verildi. Eyni mənzərəni biz “Ağ şəhər” bulvarında görürük. Orada da bütün o yerlər ya zəbt edilmişdi, ya da vaxtilə sovet dövründə tikilmiş zövqsüz binalar yerləşirdi. Bu gün o ərazi insanlar üçün açıqdır. Ona görə, Azərbaycana investisiyalar da qoyulur. Bax, budur bugünkü ölkəmiz. Azərbaycana gələn hər bir qonaq bax, bunu qeyd edir.
Dünən Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı keçirildi. Tədbirə minlərlə qonaq gəlmişdi və mənimlə söhbətlər əsnasında onların hamısı Bakı haqqında, Azərbaycan haqqında çox müsbət sözlər dedilər. Dedilər ki, Azərbaycanın bu qədər inkişaf etmiş ölkə olduğunu təsəvvür edə bilmirdilər. Bu, həqiqətən belədir və gələn ay ölkəmizə gələcək Avropa idmançıları da bunu görəcəklər. Mənə verilən məlumata görə, artıq otelin bütün otaqları sifariş edilib və siz qonaqlara yaxşı xidmət göstərəcəksiniz.
Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-2015.- 6 may.- S. 1-2.